İrəvan və Zəngəzur Ermənistana necə verilmişdir?

 

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda məclis iştirakçıları ilə canlı dialoq apararkən xarici politoloqlardan ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz ölkəmizin rəhbərinə ünvanladığı sualda Cənubi Qafqazın tarixi gerçəklərindən olan Azərbaycan ərazilərin Ermənistana verilməsi məsələsini də gündəmə gətirdi. Amerikalı alim xatırlatdığı tarixonunla bağlı Azərbaycanın və Ermənistanın mövqelərini qısaca belə şərh etdi:

“Müharibə zamanı bəzi azərbaycanlılar İrəvanı və bugünkü Ermənistan Respublikasının digər bölgələrini tarixi Azərbaycan torpaqları adlandırmışlar. Tarixçi olaraq bilirəm ki, bu fikir tarixi həqiqətə əsaslanır. Bunu da anlayıram ki, münaqişə kontekstində bir tərəf – Ermənistan böyük ərazilərlə bağlı ağlasığmaz iddialar irəli sürəndə qarşı tərəfdə olan azərbaycanlılar da belə bir xatırlatmalar edir ki, bizim də deyəcəyimiz sözümüz var. Məsələyə Ermənistanın perspektivindən yanaşmaq istərdim. Qeyd edim ki, ölkə özü kiçikdir, əhalisi azdır və hətta öz ərazisini məskunlaşdırmaqda çətinliklə üzləşir. Bu fonda böyük ərazilərlə bağlı iddialar, əlbəttə ki, ciddi suallar doğurur. Onların tarixini və ölkədə hazırkı vəziyyəti nəzərə alaraq sual vermək istərdim. Rəsmi Bakı hazırkı Ermənistan ərazisinin bir hissəsinin tarixən Azərbaycana məxsus olması və həmin ərazilərin bir gün dövlətimiz tərəfindən geri qaytarıla biləcəyi ilə bağlı iddialardan çəkinəcəkmi?”.

Prezident İlham Əliyev özünün də dəfələrlə müxtəlif görüş və məclislərdə toxunduğu bu gerçəyə növbəti dəfə belə açıqlama verdi:

Sizin fikirlərinizi bölüşürəm, Türkiyə və qonşu dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi ilə bağlı, hesab edirəm ki, düzgün ifadə tapmısınız – ağılsızlıq. Yəni, XXI əsrdə olduqca məhdud imkanlara malik, əhalisinin normal yaşayış standartlarını güclə təmin edən bir ölkə özündən ərazi baxımından 10 dəfə böyük və özündən 100 dəfə qüdrətli ölkəyə qarşı ərazi iddiası irəli sürür. Ancaq bu, yenə də onların psixologiyası ilə bağlıdır. Onlar hesab edirlər ki, bütün dünya onlara hər şeyi borcludur. Həmin psixologiya isə onları hazırkı alçaldıcı vəziyyətə salmışdır. Lakin yenə də hesab edirlər ki, hər kəs onlara kömək etməlidir...

...Anlayıram ki, bəzi azərbaycanlıların Ermənistan ərazisinin bir hissəsinin qədim Azərbaycan torpağı olması fikrini səsləndirdiklərini çox diplomatik şəkildə təqdim etdiniz. Yəqin ki, siz burada məni nəzərdə tutursunuz... Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik”.

Artıq Azərbaycanın yeni tarixində öz yerini tutmuş həqiqət Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında aşağıdakı kimi təqdim olunmuşdur.

1918 ci il mayın son günlərində Cənubi Qafqazın 3 böyük xalqı– azərbaycanlılar, gürcülər və ermənilər müstəqiliklərini elan edəndə bu vaxtadək həmin coğrafiyada heç bir siyasi qurmları olmamış, buraya tarixən köç etmişköçürülmüş ermənilər öz dövlətlərini Azərbaycan türklərinin qədimdən qədim məskun olduqları ərazilərdə elan etmişlər. Hətta onların özlərinə paytaxt etməyə milli bir şəhərləri olmadığından Rusiya imperiyasının 1828-ci ildə işğal etdiyi qədim İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi dinc qonşuluq və azərbaycanlıların burada yaşaması şərti ilə həmin günlərdə elan edilmiş Ermənistana güzətə getmişdir.

1918-ci il mayın 28-də Tiflisdə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti səlahiyyətləri ilə fəaliyyətə başlayan Azərbaycan Milli Şurannın bir gün sonra H. Ağayevin sərliyi ilə keçirilmiş iclasında F.X.Xoyski, M.Cəfərov, M.Hacınski, A.Mahmudbəyov, F.Köçərlinski, Məlik Yeqanov, R.Vəkilov, H.Şahtaxtinski, A.Axundov, M.K.Məmmədbəyov, X.Məlik-Aslanov, C.Hacınski, C.A.Ağamalov, Şərifov iştirak etmişlər.

Fətəli Xan Xoyski iclasın açılışında Azərbaycan və Ermənistan sərhədləri haqda Ermənistan Milli Şurası ilə aparılan danışıqların nəticələrini elan etdikdən sonra bildirmişdir ki, Ermənistan dövlətinin yaradılması üçün siyasi mərkəz lazımdır. Gümrü (Aleksandropol) şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər. Buna görə də İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür.

Sonra X.Xasməmmədov, M.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov məsələ ilə bağlı çıxış edərək bildirmişlər ki, İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi zərurət olsa da, bizim üçün qaçılmaz, acı bir həqiqətdir. Məsələ ilə bağlı səsvermə Milli Şuranın 28 üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmış, digərləri səsverməyə qatılmamışdır. Bundan sonra isə ermənilərlə konfederasiya yaradılması məsələsi müzakirə olunmuş, qısa fikir mübadiləsindən sonra məsələ səsverməyə qoyulmuşbu təklif yekdilliklə qəbul olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazmışdır: “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”. Lakin Milli Şuranın iyunun 1-də keçirilən iclasında həmin məsələyə yenidən baxılmış, bu qərara protest elan edilmişdir. Onu Şuranın İrəvandan olan 3 üzvü imzalamışdır. Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara almışdır.

Çağdaş tarixçi və siyasətçilər İrəvanın ermənilərə güzəşt olunması haqqında həmin qərarın qəbul edilməsini, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım kimi qiymətləndirirlər.

Ermənistanın daşnak hökuməti Tiflisdən İrəvana köçdükdən sonra bu şəhərdə və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırımı törətmişdir. İrəvan azərbaycanlıları həm daşnak (1918–1920), həm də Sovet (1920–1991) hökumətlərinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qalmışdır. İrəvanda azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələri davamlı olaraq dağıdılmış, onlar erməniləşdirilmişdir. 1980-ci illərin sonlarından başlayaraq azərbaycanlılar İrəvan şəhərindən və soydaşlarımızın tarixən məskun olduqları bütün bölgələrdən vəhşicəsinə çıxarılmışlar.

Bu yerdə 1920-ci il noyabrın 29-da daşnak Ermənistanı silahlı müdaxilə yolu ilə sovetləşdirilərkən özünü Qafqazın mürləq hakimi kimi aparan bolşevik Rusiyasının milli işlər komissarı Iosif Stalinin Ermənistana göndərdiyi mükafatlandırıcı teleqramda, guya, sovet Azərbaycanının “qardaşlıq məramı ilə İrəvandan sonra Dağlıq Qarabağ, Naxçıvan və Zəngəzuru da ermənilərə peşkəş etməsi” barədə heç bir əsası olmayan bəyanatı da yada düşür. Bu xəyanətkar addımdan xəbər tutan Azərbaycan hökumətinin rəhbəri Nəriman Nərimanov İ.Stalinin bəyanatında ifadə olunan hökmə qarşı kəskin mübarizə aparsa da, nəticədə, Zəngəzurun siyasi zorakılıqla Ermənistana verilməsinin qarşısını ala bilməmişdir.

Həmin tarixçədən bu gün üçün çıxarılan önəmli nəticə odur ki, əgər o zaman Qarabağ, Zəngəzur və Naxçıvan erməni torpaqları idisə, niyə Azərbaycan onları Ermənistana bağışlamalı idi? Yox, əgər bu ərazilər Azərbaycanın idisə, onda Stalinhaqla onları ermənilərə bağışlayırdı?

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı Zəngəzurun Ermənistana necə verilməsinin tarixi-siyasi təfərrüatını belə açıqladı:

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı nitqi tarixi gerçəklikləri əks etdirir. Bu regionda aborigen olmayan ermənilər bizim tarixi torpaqlarımızda çarizm tərəfindən bəlli məqsədlər naminə yerləşdiriliblər, təşkilatlanıblar, varlanıblar və ardınca da qondarma dövlətlərini qurublar.

Zəngəzurun Ermənistana verilməsi tarixi qısa olaraq aşağıdakı kimidir: Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafbüronun üzvlərinin keçirilən birgə iclasında (protokol ¹4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə edildi. İclasın sədri Q.Kaminski, katibi isə Lozner idi. İclasda Nərimanov, HüseynovYeqorov, Stalin, Orconikdize, Stasova, Şeynman, Leqran, QabrielyanQarayev iştirak edirdilər. Məruzə ilə Leqran çıxış etdi. Məxfi qərarlar qəbul edildi.

Ermənistan ilə Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinin əks olunmasına dair məsələ barədə Siyasi Büro üzvləri belə bir fikir söylədilər ki, bu, siyasistrateji baxımdan faydalı deyildir və yalnız ən çıxılmaz halda edilə bilər.Yəni Azərbaycana məxsus olan bir ərazini onun iştirakı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilmədi. Bu zaman Ermənistan hələ sovetləşdirilməmişdi. Müvafiq təklifin Azərbaycandan gəlməsi daha uyğun görüldü. Siyasi Büronun Naxçıvan və Zəngəzur haqqında fikrinin motivlərini tərtib etmək Nərimanova tapşırıldı. Lakin biz bu yazıda Naxçıvanla deyil, sırf Zəngəzurla bağlı məsələyə diqqət yetiririk.

1920-ci il noyabrın 16-da İ.Stalin Vladiqafqazdan sovet Rusiyasının hökumət sədri V.Leninə göndərdiyi şifrəli teleqramda yazırdı:

“Təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə verilsə, indi İranda yeganə real hakimiyyət İngiltərədədir. Belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bilər. Əgər o, qoşunlarını bir qədər də şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaqdır. Belə təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər Ənzəli və Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar.

Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək, Ermənistanı sovetləşdirmək, erməni sovet pazını ilə Türkiyə və Azərbaycanın arasına vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir, yəni Antanta tərəfdəndir. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol arasında ərazi qərbdən olan hücumların qorunması üçün münasib deyildir. Elə ilk hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı qoşunlarımızın arxasında qərar tutar.

Burjua Gürcüstanı mövcud olduqca bu təhlükə bütün təhlükələrdən daha ciddi təhlükə olacaqdır. Ona görə də biz Gürcüstana qarşı daim ciddi qüvvələr saxlamalı olacağıq. Bu təhlükəni aradan qaldırmaq üçün indi Gürcüstanı sovetləşdirmək və öz qoşunlarımızı Tiflisə doğru hərəkət etdirmək lazımdır. Gürcüstanın sovetləşdirilməsi Şimali Qafqaz əksinqilabçılarının arxa cəhbəsini əllərindən alarŞimali Qafqaz donmuş olar”.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra, noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan ilə əlaqələrə dair məsələ müzakirə edildi. Müzakirə nəticəsində aşağıdakı qərarlar qəbul olundu:

Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur...Ermənistana keçir...bu qətnaməni tərtib etmək Nərimanova tapşırılsın.

Professor Musa Qasımlı daha sonra bildirdi ki, bu tapşırığı yerinə yetirən N. Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi:

Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanın bölünməz hissəsidir; ...Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.

O zaman daşnakların “Aşxatavor” (“Zəhmətkeş”) qəzeti bu bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyini yazırdı. Sovet mətbuat bürosunun müdiri Yerofeev N.Nərimanovun məlum bəyanatından bir neçə gün sonra, dekabrın 10-da Rusiyanın xarici işlər naziri G.Çiçerinə həmin qəzetdə dərc edilmiş bir yazı haqqında məlumat göndərdi. Qəzet yazırdı: “Moskvadan göndərilən əmrə uyğun olaraq Azərbaycanın Zəngəzurdan... imtina etməsini biz alqışlayırıq”.

Aşxatavor” qəzeti daha sonra yazırdı: “Zəngəzurdan...imtina edən Azərbaycan gücsüz Ermənistana kömək etmək istəyir. Azərbaycanın seçdiyi yol iki xalqın dinc yaşamasının fundamentinə xidmət edir”.

Ermənistan rəhbərləri N.Nərimanovun bu bəyanatından məmnun qalmışdılar. Onlar daşnak iddialarını gerçəkləşdirdiklərinə sevinirdilər. RK(b)P Qafqaz diyar komitəsinin katibi A.Nazaretyan 30 noyabr tarixindəki telefon danışığında S.Orconikidzeyə demişdi ki, əhsən azərbaycanlılar, mən sabahdan mətbuatda ucadan danışmağa başlayacağam.

Tarixçi alim sonda qeyd etdi ki, beləliklə, tarixi torpağımız olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Türkiyənin Azərbaycan və türk dünyası ilə quru əlaqəsi kəsildi.

 

Tahir AYDINOGLU

Xalq qəzeti  2021.- 17 aprel.- S.5.