Tarixi dəyişdirən lider
Mən 2003-cü
ildə, prezident seçkiləri ərəfəsində xalqa
müraciət edərək demişdim ki, əgər mənə
xalq etimad göstərərsə, mən ulu öndər Heydər
Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam
etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə
inandı, məni dəstəklədi və mən də
öz növbəmdə sözlərimə əməl etdim.
Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin
yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün
yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani
sübutudur.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 18-də andiçmə
mərasimindəki nitqindən
Prezident İlham Əliyevin 18 aprel
tarixli andiçməsindən üç il keçir.
Son 18 ildə
ölkəmizdə il ildən uğurlu gəlir. Bu
baxımdan, cənab İlham Əliyevin 2018-ci ilin aprelində
növbəti dəfə Prezident seçilməsindən
sonrakı nailiyyətlərimizi xüsusilə
vurğulamalıyıq. Prezident İlham Əliyev həmin mərasimdə
də, əvvəllər olduğu kimi, son illərdə
ölkədə və regionda baş verən yeniliklərdən
bəhs etmiş və geridə qalan dövr ərzində Azərbaycanda
görülən işlərdən, ölkəmizin uğurlu
inkişaf yolundan danışmışdı. Həmçinin
gələcək planlardan da söz açan ölkə
başçısı xüsusilə xalqın vahid milli ideya ətrafında
birləşdiyini və bunun torpaqlarımızın
işğaldan azad edilməsində xüsusi rolu olacağını
qeyd emişdi:
“Azərbaycan
bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan
xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək
fəaliyyətimiz üçün milli ideologiyamız əsas
rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda
tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında
birləşib və ölkəmiz çox uğurla
inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası
münasibətlər nümunəvi xarakter daşıyır.
Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri
bir ailə kimi mehribanlıq şəraitində yaşayır
və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və
cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq
addımları da şərtləndirəcək...
Bizim Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən
dəstəklənir. Biz bu siyasətdən dönməyəcəyik,
bundan sonrakı illərdə də
işğalçını bütün işlərdən,
regional işlərdən təcrid edəcəyik, onları
ifşa edəcəyik. Gələcək illərdə isə
bizim gücümüz daha da artacaq. Çünki bu gün
reallaşan böyük təşəbbüslər, layihələr
bizim gücümüzü daha da artıracaqdır”.
2018-ci ildən
sonraki gələcəyə nəzər saldıqda qürur
hissi ilə qeyd edə bilərik ki, biz bu tarixi nitqin necə
gerçəyə çevrildiyinin canlı şahidi olduq.
Torpaqlarımız düşmən işğalından azad
edildi. Və bu gün Azərbaycan iqtisadi-siyasi cəhətdən
tam müstəqil, güclü dövlətdir.
Hərbi-diplomatik
uğurlarımız
2020-ci il
noyabrın 8-i isə tariximizə ən şanlı gün
kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni
və strateji əhəmiyyətə malik, Qarabağın
baş tacı olan Şuşa şəhərini
işğalçılardan azad etdi. Bu, 44 gün içərisində
aparılan uğurlu əks-hücum əməliyyatlarının
sırasında ən mühüm tarixi hadisə və
böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik
uğurları, xüsusilə strateji əhəmiyyətli
Şuşa şəhərinin azad edilməsi müharibənin
sonrakı gedişinə və taleyinə ciddi təsir
göstərdi.
Azərbaycanın
hərbi-diplomatik qələbəsi ilə nəticələnən
44 günlük Vətən müharibəsinin nəticəsində
noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin
işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış
üçtərəfli bəyanatın müvafiq maddəsinin
yerinə yetirilməsini, eləcə də münaqişənin
hərbi-siyasi həllini müəyyənləşdirdi.
Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin
qətiyyətli və prinsipial mövqeyi nəticəsində
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə
qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə
də işğalçı qüvvələrin Azərbaycan
Respublikasının Kəlbəcər və Ağdam
rayonlarından çıxmasını nəzərdə tutan
822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın
şərtləri ilə icra edildi. Bunun davamı olaraq
üçtərəfli bəyanatın müvafiq maddəsinə
əsasən, Ermənistan silahlı qüvvələrinin
2020-ci il dekabrın 1-dən Laçın rayonundan
çıxması Azərbaycanın hərbi-diplomatik
uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.
Xalqımızın
milli maraqlarına söykənən xarici siyasət kursu
Son vaxtlar
qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq
münasibətlər sistemində davam edən gərginlik, o
cümlədən, dövlətlərin suverenliyi və daxili
işlərinə müdaxilələr, beynəlxalq
hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin
beynəlxalq münaqişələr, birtərəfli iqtisadi
sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti
daha da kəskinləşdirib. Bütün dünyada və
bölgədə gedən müxtəlif mənfi proseslərə
baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik
şəkildə inkişafı, müstəqil,
çoxşaxəli və milli maraqlara söykənən
xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox
inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin
edib.
Bu gün
Azərbaycan regionun yeganə ölkəsidir ki,
düşünülmüş və milli maraqlara söykənən
xarici siyasəti ilə regional təhlükəsizliyin təmin
olunması istiqamətində ardıcıl və sistemli
addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata
keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət
edən əməkdaşlıq formatları Cənubi Qafqazda
sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma
prosesində fəal iştirak edir, səmərəli təklif
və təşəbbüslərlə çıxış
edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin
möhkəmlənməsinə dəyərli töhfələr
verir.
Qeyd etmək
lazımdır ki, 2020-ci ilin yanvar ayında 14-cü dəfə
Dünya İqtisadi Forumu çərçivəsində
“Strateji baxış: Avrasiya” mövzusunda keçirilən
panel iclasında iştirak edən Prezident İlham Əliyev
moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib,
bir tərəfdən Rusiya, o biri tərəfdən Çin.
Azərbaycanın Prezidenti kimi Siz, birinci növbədə, kimə
zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab
olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı
böyük önəm kəsb edir. Dövlət
başçısının bu cavabı Azərbaycanın
müstəqil, heç kimdən asılı olmayan, milli
maraqların hər zaman uca tutulduğu siyasət
yürütdüyünün bariz nümunəsidir. Prezident
İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə
münasibətləri dostluq, qarşılıqlı
faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə
əsaslanır. Eyni zamanda, dövlət
başçısı vurğuladı ki, Azərbaycan
üçün onun milli maraqları həmişə birinci
yerdədir və buna görə də müstəqillik illəri
ərzində qazandığımız bütün nailiyyətlər
xalqımızın müstəqilliyimizə sadiq olmasına,
siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata
keçirdiyimizə görə əldə olunub.
Azərbaycan
2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvlüyünə keçirilən seçkilərdə
BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi
ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın
diplomatiya tarixində əldə edilmiş ən böyük
nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər
dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutudur.
Bununla
yanaşı, 2019-cu il oktyabrın 15-də Bakıda
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının VII Zirvə görüşü
keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə
başladı. Bunun davamı olaraq, oktyabrın 25-26-da
Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət
başçılarının Bakıda keçirilən XVIII
Zirvə görüşündə 60-a yaxın ölkənin
dövlət və hökumət başçısı, həmçinin
beynəlxalq təşkilatların rəhbərləri,
ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq
təşkilatın nümayəndələri iştirak etdilər.
Zirvə görüşü iki gün ərzində beynəlxalq
münasibətlər sistemində ən mühüm hadisə
oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən
və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat
olan Qoşulmama Hərəkatının XVIII Zirvə
görüşünün Prezident İlham Əliyevin sədrliyi
ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər
üzrə sədrliyin Azərbaycana həvalə edilməsi
ölkəmizin böyük diplomatik uğurudur. Bununla
yanaşı, son iki ildə ölkəmizin ev sahibliyi etdiyi, eləcə
də, dövlət başçısının təşəbbüsü
ilə keçirilən bir sıra mühüm əhəmiyyət
kəsb edən tədbirlər son 17 ildə Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
Bu tarix əbədi
yaşayacaq
“Azərbaycanın
ərazi bütövlüyü istənilən digər
ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə
malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident
İlham Əliyev dəfələrlə bildirib ki, bizim
mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq
hüquqa əsaslanır. Heç vaxt Azərbaycan
torpağında ikinci erməni dövlətinin yaranmasına
icazə verilməyəcək, işğal edilmiş
bütün torpaqlar işğalçılardan azad
olunmalı, Azərbaycan vətəndaşları öz
doğma yurdlarına qayıtmalıdırlar.
Dövlət
başçısı İlham Əliyev Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni
Ermənistan işğal olunmuş Azərbaycan
torpaqlarından çıxmayınca bölgədə heç
bir müsbət irəliləyişin mümkün
olmayacağını vurğulamaqla yanaşı, ölkəmizin
öz milli maraqları uğrunda sona qədər mübarizə
aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə
ədalətin Azərbaycanın tərəfində
olduğunu söyləyən Prezident İlham Əliyev
dünyaya bəyan edib ki, biz bundan sonra da öz prinsipial
mövqeyimizdən dönməyəcəyik.
Azərbaycan
Prezidenti deyib: “Əgər beynəlxalq birlik Ermənistanı
törədilmiş cinayətlərə görə məsuliyyətə
cəlb etmək istəmirsə, – necə ki, Xocalı
soyqırımına görə heç kim onları məsuliyyətə
cəlb etməyib, – biz özümüz onları məsuliyyətə
cəlb edəcəyik. Biz özümüz onların cəzasını
verəcəyik, özümüz onları cəzalandıracağıq
və bizim cəzamız ədalətli cəza olacaqdır.
Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın
hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz
bu cinayətkarları cəzalandıracağıq”.
Ümummilli
lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək
Azərbaycanın milli və dövlətçilik
maraqlarını daim üstün tutan Prezident, Ali Baş
Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də
Şuşa şəhərinin azad olunması münasibətilə
xalqa müraciətində demişdir: “İyirmi səkkiz il
yarım işğal altında olan Şuşa azad edildi!
Şuşa indi azaddır! Biz Şuşaya
qayıtmışıq! Biz bu tarixi qələbəni
döyüş meydanında qazandıq. 2020-ci il noyabrın
8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi
yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin
günüdür!”
“Qarabağ
aranlı-dağlı
Azərbaycanın
ayrılmaz hissəsidir”
Qeyd etmək
vacibdir ki, 2016-cı ilin Aprel döyüşləri – Azərbaycanın
Vətən müharibəsindəki böyük hərbi qələbəsinin
başlanğıcı və Ermənistanın “qüdrətli
ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə
düşdü. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən
Ermənistanın hərbi təcavüzünə cavab olaraq,
işğal altında olan torpaqlarımızı azad etmək
üçün genişmiqyaslı əks-hücum əməliyyatları
həyata keçirilməklə yanaşı, düşmənin
bu illər ərzində yaratdığı “yenilməzlik”
mifologiyasını darmadağın etdi. Bununla yanaşı,
Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə
verdiyi çoxsaylı müsahibələri Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən
artıqdır ki, yürütdüyü
işğalçılıq siyasəti, xüsusilə
müharibə cinayətlərinin mahiyyətini açmaqla
bunun bütün region üçün yaratdığı
ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla
bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə
əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan
aydın, məntiqli fikirləri, ölkəmizin haqlı
mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə
çatdırılmasında müstəsna rol oynadı. Həmçinin
bu müsahibələr informasiya məkanında da düşmənin
yalan üzərində qurulmuş təbliğat
maşınına ağır zərbə vurdu və Ermənistanın
təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının
ifşa olunması ilə nəticələndi.
Azərbaycan
Prezidenti İlham Əliyev fevralın 26-da mətbuat
konfransında Dağlıq Qarabağın statusu məsələsinə
də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və
erməni xalqına yanlış vədlər vermək
lazım deyil, onları bu günə salan səbəblərdən
biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər
idi. Bu istəklərə rəvac verən bəzi xarici
ölkələrin siyasətçiləri də erməni
xalqının bu rəzil duruma salınmasında öz rolunu
oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm
ki, Ermənistan və erməni xalqı üçün bu məsələ
nə qədər az dilə gətirilərsə, o qədər
də yaxşı olar. Ona görə status məsələsi,
ümumiyyətlə, gündəlikdən
çıxmalıdır. Ona görə statusla bağlı
hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni
qaldırırsa, sülhə yox, qarşıdurmaya daha
çox xidmət göstərir”.
Hər zaman, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.
Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirmişdir ki, ikinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik.
Bununla yanaşı, Bakıda müstəqil ekspertlərin, alimlərin, müxtəlif beynəlxalq tədqiqat mərkəzlərinin və akademik qurumların nümayəndələrinin iştirak etdiyi “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq”.
Bu baxımdan, qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, müdrik dövlət xadimi Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qələbə qazandıq. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!
Elçin ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru
Xalq qəzeti 2021.- 18 aprel.- S.3.