Erməni
vandallar Ağdamı qara günə qoyublar...
Jurnalistlərin Qarabağ səfəri
İşğal zamanı şəhər
və kəndlər beşqat talan və dağıntıya məruz
qalıb
Bir ay əvvəl,
Novruz bayramı qabağı Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının təşkil etdiyi ölkənin
media və vətəndaş cəmiyyəti qurumları rəhbərlərinin
işğaldan azad edilmiş Ağdama səfəri o qədər
böyük maraqla qarşılandı ki, bir çox jurnalist belə
turların davamlı olması təşəbbüsü ilə
çıxış etdi. 33 ildən bəri
jurnalistikamızın davamlı və baş mövzusuna
çevrilmiş başıbəlalı Qarabağın azad
edilmiş ərazilərinə getmək, bu uzun müddətdə
üzünə həsrət qaldığımız yerləri
yenidən görməkdən üstün nə arzu ola bilər?!
Bu təşəbbüsü
həssaslıqla qarşılayıb, lazımi səviyyədə
cavablandıran Azərbaycan Respublikası Medianın
İnkişafı Agentliyi (MİA) bir ay sonra, aprelin 15-də
ölkənin aparıcı media qurumlarını əhatə
edən qəzet-jurnal, xəbər agentliyi və saytların
28, teleradio şirkətlərinin isə 8 əməkdaşından
ibarət jurnalist qrupunun işğaldan azad edilmiş Ağdama
birgünlük səfərini təşkil etdi. Bakıdan yola düşərkən MİA-nın
şöbə müdiri Rüstəm Əhmədov söylədi
ki, hər bir jurnalistin düşməndən azad edilmiş ərazilərə
səfər etmək arzusunu agentlik təbii hal sayır. Lakin həmin yerlərin başdan-başa
minalanması ora çox adamın aparılmasına mane olur.
Bildirildi ki, agentlik belə turları davamlı təşkil
etməklə Qarabağa getmək istəyən jurnalistlərimizə
yardımçı olacaq. İndiki səfərin
əsas tələbi xüsusi işarələnmiş
marşrutdan bir addım da kənara çıxmamaqdır.
İşğaldan azad edilmiş ərazilərdə
indiyədək 80-dən artıq hərbçi və dinc
sakin minaya düşüb. Onlardan 20-si həyatını
itirib, əksəriyyəti müxtəlif dərəcələrdə
yaralanıb və çoxu əlillik qazanıb. Ona görə də Qarabağın azad edilmiş
bölgələrinə gediş-gəliş sərt məhdudlaşdırılıb,
yalnız əvvəlcədən
razılaşdırılmış siyahılar əsasında
və ciddi yoxlanışdan sonra mümkündür.
Yolboyu həmkarlarımızın söhbətinin əsas
mövzusu Vətən müharibəsində
xalqımızın müstəsna birliyi, hədsiz qeyrəti
və misilsiz qəhrəmanlığı ilə
qazanılmış tarixi Qələbə, dünya
miqyasında imza atılan Zəfər oldu. O birlik ki,
işğalçı düşmənin yurdumuzun ortasında
bu başdan o başa yaratdığı qara yaranı–30 illik hərbi
təmas xəttini süpürüb atdı. O qeyrət ki, təcavüzkar
Ermənistanla və qonşu İranla sərhədlərimizi
tam bərpa etdi. O qəhrəmanlıq ki, Qarabağdakı
separatçı rejimin tör-töküntüsünü
üzük halqası kimi əhatəyə alıb. Nəhayət,
o Zəfər ki, 30 ildən bəri beynəlxalq qurumları
belə saya salmayan işğalçı Ermənistanı
artıq 5 aydan artıqdır ki, rinqdə nokauta
düşmüş məğlub boksçu kimi Azərbaycanın
ayaqları altına sərib. Nə qalxmağa
taqəti var, nə yenidən üstümüzə gəlməyə
hünəri. Sayıqlama və hədyanları
isə, görünür, aldıqları zərbənin
ağırlığını çəkə və həzm
edə bilməməklərindəndir.
Təxminən,
340 kilometrlik yolu bu öyünclü duyğu-düşüncələrlə
3 saat yarıma ötüb Qarabağın baş qapısı
sayılan Ağdam ərazisinə – 27 il ağrı ilə
yazıb-dilə gətirməyə məcbur olduğumuz
keçmiş təmas xəttinə çatdıq.
Ağdamda doğulub-böyümüş, 34 yaşınadək
vaxtaşırı ötüb keçdiyim bu yerdə tanış bir nişanə axtarsam da, heç
nə tapa bilmədim. İlk gözə dəyən
buraxılış məntəqəsi və minaaxtaranların
səyyar vaqonları, yolkənarı təhlükəli
zonanı göstərən xəbərdarlıq lentləri,
uzanıb gedən səngərlər və istehkamlar oldu.
Bu bomboz, ürəksıxan mənzərənin
yerində bir vaxtlar yolkənarı enli yaşıllıq
zolağı uzanıb gedirdi. Yaxın-uzaq
obaların göylərə boylanan çinar qatarları adama
əl eləyirmiş kimi, xəyalları
qanadlandırırdı. Bütün bunları yada
salıb özümü cəhənnəmin
qapısındakı kimi hiss edirəm...
Yox, nə qədər ağır olsa da, bura artıq cəhənnəm
deyil, cənnət qapısıdır. Bu keçid məntəqəsi
cənnət Qarabağın 27 illik işğaldan azad
edilmiş mərkəzi bölgəsi Ağdam şəhərinə
gedən, 27 il qədəm basmağa həsrət
qaldığımız Ağdam–Bərdə yolunun 15–20
kilometrliyidir. Burada bizi qarşılayan Yeni Azərbaycan
Partiyası Ağdam rayon təşkilatının aparat rəhbəri
Zülfü Qasımov qrup üzvlərini səfərin
marşrutu və gündəliyi ilə tanış
edir:
– bu yerdə minaaxtaranların işi ilə
tanışlıq və tapılmış hərbi
sursatın partladılmasına baxış;
–
Ağdam şəhərinin girəcəyindəki “Uzundərə”
deyilən ərazidəki III şəhidlər, Böyük Vətən
müharibəsi kompleksindəki II şəhidlər və
Əsgəranının yaxınlığında yerləşən
qədim “Qarağacı” qəbirstanlığındakı I
şəhidlər məzarlıqlarının
qalıqlarını ziyarət;
–
başdan-başa qarət edilib, dağıdılıb
xarabalığa çevrilmiş Ağdam şəhərinin
mərkəzi küçələrindən keçməklə
Qarabağ xanları ailəsinə məxsus tarixi “İmarət”
kompleksinin qalıqları, mərkəzi meydan və cümə
məscidi ilə tanışlıq;
– Ağdərə
istiqamətindəki “Şahbulaq” deyilən ərazidə
işğaldan əvvəl bərpa edilmiş, sonradan
düşmənin “qədim erməni qalası” adı ilə
turizm obyektinə, əslində isə, kefxanaya çevirdiyi Pənahəli
xan sarayını ziyarət.
Yeri gəlmişkən, bildirim ki, 40 ildən bəri
tanıdığım Zülfü Qasımov işğalaqədərki
Ağdam şəhərinin, indiki dillə desək, sonuncu meri
olub. Doğma yurda həddindən artıq bağlı
olan bu insan sonrakı dövrdə 25 ildən artıq Ağdam
Rayon İcra Hakimiyyəti başçısının
müavini kimi hər cəfanı hamıdan artıq çəkib.
Rayonun əvvəlki və sonrakı
dövrü barədə onun qədər məlumatlı
adamtapmaq çətindir. 35 il qəzetimizin Qarabağ
üzrə bölgə müxbiri olmuş, Ağdamın ən
ağır günlərini Zülfü müəllimlə bir
yerdə keçirmiş, çox təəssüf ki, rayonun işğaldan
azad olunmasından 3 ay əvvəl dünyasını dəyişmiş
“Qarabağın baş yazarı”
adlandırdığımız Əməkdar jurnalist Ziyəddin
Sultanov öz dostunu nəvazişlə “hər şeyi bilən
və hər işi bacaran insan” adlandırmışdı.
Zülfü Qasımovun əraziyə və baş verənlərə
dərin bələdliyi ilə saat 12-dən 19-dək göstərilən
marşrutdan keçdik. Ağdamlı həmkarlarım Salman
Alıoğlu və Elşən Əliyev bir çox yerlərdə
Zülfü müəllimə bələdçilikdə
böyük həvəslə kömək etdilər. Bir çox yerlərdə dayandıq. Qarabağ şəhidlərini və tarixi
ünvanları ziyarət etdik. Nə
gördük, hansı hisslər keçirdik, səfərin
ümumi təəssüratı nədən ibarətdir?
Əvvəla, bildirim ki, keçdiyimiz marşrutun əksər
mənzərələrini ötən aylarda telejurnalist həmkarlarımız
çəkib hamıya göstəriblər. Biz,
videokameranın bir obyektivinə düşənləri iki
gözün yaratdığı canlı təsvirdə daha
yaxından və ən kiçik təfərrüatları ilə
görüb dəyərləndirdik. Həmkarlarımın
əksəriyyəti dərin ağrı keçirirdilər.
Bəlkə də, Ağdamın itkisi ağrısını
27 il hamıdan artıq
yaşadığımızdan biz ağdamlı jurnalistlər
nisbətən toxtaq idik. Amma məni də sarsıdan
görüntülər az olmadı:
– Xan
qızı Natəvanın betonla örtülmüş qəbrinin
və əksər şəhid məzarlarının
dağıdılması, “İmarət”dəki məscid və
türbələrdə heyvan saxlanması;
–
“Qarağacı” qəbristanlığının yer
üzündən silinib əkinə çevrilməsi;
– şəhərin hətta su və kanalizasiya
borularının sökülüb qarət edilməsi;
– tövləyə çevrilmiş tarixi
Ağdam məscidinin minarəsindən görünən
“ruhlar şəhəri”nin indiki ümumi mənzərəsi;
– mənim yaşıdlarımın
uşaqlıq və gənclik illərinin böyük
dünyaya açılan qapısı, özü boyda ağ
göyərçinə bənzəyən
Ağdamımızın amansızlıqla xarabalığa
döndərilməsi;
– unudulmaz iş yoldaşım, əziz
qardaşım Ziyəddin Sultanov başda olmaqla bir çox
dostlarımın Ağdama bir də qədəm basa bilməyəcəyini
düşünməkdən doğan çəkilməz bir
ağrı və qəlbimə axan göz yaşları;
– ulu Tanrıya yerdəkindən 50 metr yaxın
olan məscidin minarə eyvanından Ağdam uğrunda
döyüşlərdə həlak olmuş və Qarabağ
torpaqlarında Vətənə qurban getmiş bütün
şəhidlərimizin ruhuna səsləndirdiyim Fatihə surəsi!
Tanrının qüdrəti və lütfü ilə
Qarabağımıza qovuşmağın
şükranlığı!
Ardını tarix və erməni vandallarını haqq məhkəməsində
ittiham üçün gərəkli olacaq ümumi və
yığcam təəssüratla davam etdirirəm. Düşmən
Qarabağın digər bölgələri ilə müqayisədə
Ağdama xüsusi amansızlıqla divan tutub. Bu, onunla bağlıdır ki, bu şəhər həmişə
erməni hiyləsinin və xəyanətinin daha çox
cavablandırıldığı bir mərkəz olub. Bundan əlavə, Ağdam quldur, yağmaçı
erməni mərkəzləri olan Əsgəran, Ağdərə
və Xankəndiyə daha yaxındır.
Ağdam
Ermənistan rəhbərliyi səviyyəsində beşqat
talan, istismar və dağıntıya məruz qalıb:
– işğaldan sonrakı dövrdə Ermənistan
rəhbərliyinə keçmiş Koçaryan–Sarkisyan hərbi-siyasi
mafiyası Ağdamı qarət etdirib öz sərvətlərini
artırmışlar;
– bundan sonra qarət və talanı digər
yüksək çinli hərbçilər davam etdirmişlər;
– sonrakı illərdə şəhərin
başdan-başa sökülən ev, çoxmərtəbəli
bina və inzibati obyektlərinin tikinti və kommunikasiya
materialları– mişar daşı, taxta, dəmir və s.
davamlı olaraq hətta qonşu dövlətdən gələn
işbazlara satılıb, yanacaq və zəruri mallara dəyişdirilib;
– dördüncü mərhələdə iri dəmir-beton
konstruksiyalar sökülərək səngər və
istehkamlar qurmağa sərf olunub;
– nəhayət, Arsax üçün göz
yaşı tökən və qanı axıdılan sıravi
ermənilər şəhərə və digər kəndlərə
buraxılıb, söküntülər, qalaqlanmış həyət
və məhəllələr “qalib ermənilərə”
mülk kimi paylanıb. Onların isə bu hədiyyədən
gələcəkdə faydalanmaq üçün yalnız onu
dəmir qırıntıları ilə hasarlamağa gücləri
çatıb.
Ermənistanın hərbi-siyasi rəhbərliyi səviyyəsində həyata keçirilmiş bu planlı, mütəşşəkkil, davamlı talançılıq və vandallıq aksiyalarından əlavə, işğal edilmiş bütün Qarabağ torpaqları kimi, Ağdamın yuxarı əraziləri, bağlar, otlaqlar, su mənbələri, elektrik avadanlığı, Şahbulaq daş karxanası istismara məruz qalıb.
Təmas xəttindən Ağdam şəhərinədək olan ən münbit torpaqlar, min hektarlarla üzümlüklər, bağlar məhv edilərək, bir neçə sıra səngər və istehkamlarla tanınmaz hala salınıb. Bu ərazidən keçən-- üzümlük dirəkləri ilə işarələnmiş 10–15 metr enində bədnam “Ohanyan səddi” tank və ağır texnika əleyhinə minalarla örtülüb. Bu səddin arxasında Bərdə–Ağdam yolunun hər iki tərəfi hündür istehkama çevrilib. Şose və dəmiryol xəttinin kənarları boyunca istehkamların qarşısı da başdan-başa minalanıb. Düşmən rayon ərazisini tərk etdiyi günlərdə isə hər yeri minalayıb.
Sonda bir məqama da qısaca toxunum. Ötən 28 il müddətində işğalçı
dövlət təkcə Ağdam rayonunda
talançılığa, dağıntılara və
müdafiə işlərinə sərf etdiyi qüvvə və
vəsaitlə öz ölkəsini xeyli inkişaf etdirə,
abadlaşdıra bilərdi. Düşmən bu
nəhəng vandallıq aksiyalarına illər boyu vaxt və
güc sərf etməklə, Ağdamda və digər bölgələrdə
həyat üçün zəruri hər şeyi məhv etməklə
ona çalışıb ki, bütün bunlardan sonra biz bir də
bu yerlərə qayıtmaq fikrinə düşməyək.
Biz isə
qayıtdıq! Qayıtdıq ki, xaraba
qoyulmuş Qarabağı yenidən cənnətə
çevirək. Qayıtdıq ki, qara günə
qoyulmuş Ağdamı yenidən ağ
günlərə qovuşduraq!
Tahir AYDINOĞLU
Xalq qəzeti 2021.- 18 aprel.- S.5.