“Mədəniyyət naminə
sülh” kampaniyasına
start verilir
Mədəniyyət Nazirliyindən bildiriblər
ki, bu kampaniyanın
əsas məqsədi
Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində mövcud
vəziyyətin, dağıdılmış
infrastrukturun və mədəniyyətə qarşı
törədilmiş soyqırımının
dünyaya çatdırılmasıdır. Eyni zamanda, dünyanın siyasi, mədəni elitası tərəfindən
vəziyyətin tanınması,
müxtəlif beynəlxalq
münaqişə regionlarında
mədəni irsin qorunmasında, mədəni
həyatın canlanmasında
sülhün mühüm
rol oynadığının,
habelə ölkəmizin
işğaldan azad edilmiş ərazilərində
sülhün bərqərar
olması ilə mədəniyyətin və
həyatın dirçəldilməsinin
vacibliyinin diqqətə
çatdırılması əsas məqsədlərdəndir.
Kampaniya
çərçivəsində dünyanın müxtəlif
ölkələrindən və
beynəlxalq təşkilatlarından
Azərbaycana dəvət
ediləcək rəsmilər,
diplomatlar, ictimai-siyasi
xadimlər, görkəmli
mədəniyyət və
incəsənət adamlarının,
media nümayəndələri və elm xadimlərinin işğaldan azad edilmiş şəhərlərə
dəvət edilməsi
və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi
nəzərdə tutulur.
Dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin
və sadiq olduğu dəyərlərin
dünyaya düzgün
çatdırılması olduqca vacibdir. Bu kampaniya,
eyni zamanda, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə
irəli sürülmüş
“Bakı prosesi” və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu təşəbbüslərinin qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının
Baş katibi 2017, 2018 və 2019-cu illərdə
BMT Baş Assambleyasına
təqdim etdiyi məruzələrində “Bakı
prosesi”nin əhəmiyyətini
xüsusi vurğulayaraq,
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal
platformalarından biri
elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət
naminə sülh” kampaniyası mədəniyyəti
qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini
bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa
və onun təhlükəsizliyini vaxtında
təmin etməyə
çağırır.
“Mədəniyyət naminə
sülh” kampaniyası
beynəlxalq qurumların
və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının,
biznes qurumlarının
qoşulması üçün
açıqdır. Bu layihə çərçivəsində
mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə
çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial
media, foto və video,
film, musiqi və digər audiovizual layihələrin həyata
keçirilməsi nəzərdə
tutulur.
Bundan əlavə,
kampaniya çərçivəsində
ilk ictimai aksiya kimi Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Platforması (www.creative.az) “Sülh
üçün yarat”
(#create4peace) beynəlxalq aksiyasına
başlayır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti 2021.- 18 aprel.- S.6.