Saxta erməni soyqırımı ilə
bağlı iddialar regionda
sülhə və sabitliyə təhdiddir
Türkiyə Azərbaycanın apardığı
mübarizəyə ilk günlərdən
bütün qurum və
təşkilatları ilə dəstək vermiş,
bütün imkanları ilə azərbaycanlı
qardaşlarının yanında olmuşdur.
Türkiyə olaraq Azərbaycan ilə
münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir
millət, iki dövlət”
şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal
Atatürkün dəqiq ifadəsi ilə
Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla
Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün
də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün
aranızdayıq.
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Cümhuriyyətinin Prezidenti
Bakı, Azadlıq meydanı, 10 dekabr
2020-ci il
Vətən müharibəsinin ilk
günlərindən, daha doğrusu,
ilk saatlarından biz
Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı
Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın
haqq işinə öz
dəstəyini verdi… Bu,
birliyimizin,
qardaşlığımızın təzahürüdür.
Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını
qürurlandırır, sevindirir. Bu gün biz
birlikdə Zəfər paradında iştirak
edərkən, bir daha
bizim birliyimizi həm
xalqlarımıza, eyni zamanda,
bütün dünyaya
göstəririk.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, Azadlıq meydanı, 10 dekabr
2020-ci il
Bəri başdan deyim ki, ABŞ
Prezidenti cənab Co Baydenin aprelin 24-də dilə gətirdiyi
yanlış və qəbuledilməz fikirlər bir ovuc erməninin
maraqlarına xidmət edir və tarixi həqiqəti əks
etdirmir.
… Dünya erməniliyinin və
güclü dövlətlərdəki erməni lobbisinin 105 il
çalışdığı “erməni
soyqırımının tanıdılması”
nağılı sülhə, əməkdaşlığa, gələcək
nəsillər üçün daha firavan həyatın təmin
olunmasına deyil, nifrətin körüklənməsinə,
qan-qadanın təşviq edilməsinə, xalqların
qarşıdurmaya təhrik olunmasına xidmət edir.
İndi sual olunur ki, son 106 ildə
Amerika Birləşmiş Ştatlarına rəhbərlik
etmiş siyasətçilər erməni fitnəkarlığına
uymurdularsa, savadsızmı idilər? Əsla yox! Onlar sadəcə,
erməni soyqırımının yalan və uydurma
olduğunu bilərək, onu tanımırdılar. Hətta
türk dünyasına, İslam ölkələrinə,
Şərq sivilizasiyasına qarşı kifayət qədər
radikal münasibəti olan ABŞ rəsmiləri də bir əsrdən
çox idi ki, ermənilərin gözünü yolda, ürəklərini
səksəkədə qoymuş, soyqırımı ifadəsini
dilə gətirməmişdilər.
Ermənilərin özlərinin də, Azərbaycan ərazisində qurduqları dövlətlərinin də ABŞ üçün elə bir dəyəri yoxdur. Amma indi ABŞ rəhbərliyinin ermənilərdən hansısa alət və ya vasitə kimi istifadə etməsinə zərurət yaranıb. Çünki bu gün Türkiyə iti sürətlə inkişaf edir. Bu reallıq isə ABŞ-da çoxlarını narahat edir. Çünki ABŞ-ın onsuz da, Avropa İttifaqı, Çin Xalq Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikası kimi “baş ağrısı”na çevrilmiş problemləri mövcuddur. Ona görə də bu sıranın genişlənməsi Ağ evə qətiyyən sərf etmir. Ağ evdə yaxşı bilirlər ki, artıq 200 ildən çoxdur ki, Avrasiyada ermənilərdən alət kimi istifadə edilir. Onda ABŞ nə üçün həmin aləti işlətməsin?
Yeri gəlmişkən, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar. Səksənüç milyonluq Türkiyə əhalisi Azərbaycan Prezidentinin cənab Ərdoğanla söhbət zamanı ABŞ Prezidentinin qərarını yanlış və tarixi səhv adlandırmasını sidq ürəklə alqışlayıb.
Azərbaycan Prezidenti xatırladıb ki, bu qəbuledilməz bəyanat regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vuracaq. Odur ki, Azərbaycan hər zaman Türkiyənin yanında olacaq. Elə Türkiyə Prezidenti də öz ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb və prezidentlər ölkələrarası qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.
Bundan başqa, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasındakı telefon danışığı zamanı ölkəmizin baş diplomatı bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib. O, ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, bir əsr əvvəlki hadisələr yanlış təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.
Bundan başqa, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov ABŞ Prezidentinin 1915-ci ildə Birinci Dünya müharibəsi dövründə baş verən dramatik hadisələrlə bağlı açıqlamasından narahatlığını ifadə edərək bu yanlış mövqeyini qınayıb: “XX əsrin tarixi hadisələri siyasi dividendlərlə diktə oluna bilməz, çünki belə bəyanatlar dünyada kövrək qarşılıqlı anlaşmanı və etimadı sarsıdır”.
TÜRKPA rəhbərinin fikrincə, tarixi aspektlər peşəkar tarixçilər tərəfindən araşdırılmalıdır. A.Mamayusupov beynəlxalq, xüsusilə elmi ictimaiyyəti bu tarixi insidentlərlə bağlı arxivlərin öyrənilməsi məqsədilə tarixçilər arasında Türkiyə tərəfindən dəfələrlə irəli sürülmüş birgə komissiyanın yaradılması təklifini təkidlə dəstəkləməyə çağırıb. Əgər belə bir addım atılarsa, ermənilərin soyqırımı iddialarının tamamilə yanlış olduğu ortaya çıxacaq.
Ermənilərin istənilən iddiası mərhələ-mərhələ ifşa edilir və puç olur. Türk dünyasının həqiqətləri isə günbəgün daha geniş miqyasda təsdiqini tapır, daha böyük arenada nüfuz qazanır. Türkiyə bu gün təkcə Anadoluda və Ön Asiyada deyil, eləcə də Yaxın Şərqdə, Orta Asiyada, Qafqazda sülhün və əmin-amanlığın qorunmasına, sözün həqiqi mənasında, xüsusi töhfələr verir.
Yadımdadır, bu il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev bu məzmunda kifayət qədər dəyərli olan fikirlər səsləndirmişdi və bu yazını da məhz oradan seçdiyimiz sitatla tamamlayırıq: “Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti 2021.- 27 aprel.- S.3.