Tarixi həqiqətlərin təhrif
olunması təəssüf doğurur
1915- ci il hadisələrinin ildönümü ilə əlaqədar bu il aprelin 24- də ABŞ Prezidenti Co Baydenin çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsi tarixi təhrif etməkdən başqa bir şey deyil. Heç bir tarixi əsası olmayan, konkret faktlara əsaslanmayan qondarma “erməni soyqırımı”nı gündəmə gətirənlər ikili standartların və islamofobiyanın əsirinə çevriliblər. Görünür, son illər qardaş Türkiyənin dünya birliyindəki nüfuzunun artması, mövqeyinin möhkəmləməsi, iqtisadi və hərbi gücü dünya birliyinin diqqətindən yayınmayıb . Ona görə də Türkiyəyə təzyiq və təhdid etmək üçün qondarma “erməni soyqırımı” yalanını ortaya atıblar.
Yəni, doğrudanmı ABŞ Prezidenti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından bixəbərdir? 2015 – ci ildə qəbul olunmuş həmin qərarda bildirilir ki, erməni soyqırımını tanımamağa görə cinayət təqibi ola bilməz. Yəni buna görə məsuliyyət ola bilməz. Xatırlayırsınızsa, Fransada demişdilər ki, kim erməni soyqırımını tanımırsa, həmin şəxs cinayət məsuliyyəti daşıyacaq. İkincisi, qərarda bildirilirdi ki, Osmanlı dövründə baş verənləri araşdırmaq və təhqiqat aparmaq qeyri- mümkündür.
Tarixi faktlar aydın şəkildə göstərir ki, 1915- ci ildə Türkiyə ərazisində, həqiqətən soyqırımı olub. Ancaq onu türklər yox, ermənilər törətmişlər. Əslində, soyqırımına dinc türk əhalisi məruz qalmışdı. Həmin dövrdə Türkiyənin ağır vəziyyətindən istifadə edib onu daxildən parçalamaq üçün xaricdən çoxlu sayda silahlı erməni dəstələri gəlir və yerli ermənilərlə birləşərək dinc türk əhalisini qırırdılar.
ABŞ Prezidenti Co Baydenin aprelin 24- də “erməni soyqırımı” ifadəsini işlətməsi mənə möhtərəm Prezidentimiz İlham Əliyevin 2021-ci il aprelin 13- də Bakıda müstəqil ekspertlərin, alimlərin, müxtəlif beynəlxalq tədqiqat mərkəzlərinin və akademik qurumların nümayəndələrinin iştirakı ilə keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında bir məqamı xatırlatdı. Bu gün dünya miqyasında dost və qardaş dövlətin- Türkiyənin güc mərkəzi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev dedi ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi: “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik”.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, qardaş ölkənin dünyada güc mərkəzinə çevrilməsi Qərbin ciddi narahatlığına səbəb olub. Ona görə də qondarma “erməni soyqırımı” məsələsini ortalığa atmaqla qardaş ölkəyə təzyiq və təhdid göstərmək istəyirlər. Ancaq bu sevdaya düşənlər unutmasınlar ki, əsası olmayan yalanlarla – 106 il bundan əvvəl baş vermiş olaylarla Türkiyəyə təsir etmək və mövqeyindən döndərmək olmaz.
Xatırladım ki, Qərbin və Avropanın bir sıra dövlətləri, xüsusilə Türkiyə – Azərbaycan dostluq və qardaşlığını həzm edə bilməyənlər erməni kartından təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də həmin çirkin kampaniyadan yararlanmaq niyyətindədirlər. Uydurma “erməni soyqırımı” iddiası ilə bağlı təkcə Ermənistan tərəfi maraqlı deyil. Həm erməni lobbisi, həm də regionda maraqları olan güclər də bu qondarma soyqırımından alət kimi istifadə edirlər.
ABŞ Prezidenti Co Baydenin baş verməyən hadisədən istifadə etməsi təsadüfi deyil. O, çox yaxşı bilir ki, tarixdə belə bir hadisə baş verməyib. Əksinə, ermənilərin özləri dəhşətli soyqırımlarının təşkilatçısı olublar. Onların əsas hədəfləri isə daim türklər və azərbaycanlılar olub. Co Bayden 106 il əvvəlki hadisəni xatırlamaqdansa, niyə 29 il bundan əvvəl ermənilərin Azərbaycanın Xocalı rayonunda törətdikləri dəhşətli soyqırımını xatırlamır? İkinci Dünya müharibəsi zamanı Naqasaki və Xirosimaya atılan, 350 min insanın həyatına son qoyan, bu gün də acı fəsadlar törədən atom bombaları nə tez unuduldu? Co Bayden çox yaxşı bilir ki, qondarma “erməni soyqırımı” iddialarının heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur və bu,Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir. ABŞ Prezidentinin ikili standartlardan və islamofobiyadan əl çəkə bilməməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi narazılıq yaradıb. Bununla əlaqədar Xarici İşlər Nazirliyinin və 48 siyasi partiyanın qəbul etdiyi bəyanat başadüşüləndir. Siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bəyan edir və xəstə erməniçilik ideyalarını qətiyyətlə pisləyirlər.
Ölkələr və xalqlar arasında dözümsüzlüyü təlqin edən, nifaq salan, qarşıdurma yaradan belə yanaşmalar ayri- ayrı regionların, ümumilikdə, bəşəriyyətin sülhpərvər inkişafına təhdid törədir .
Çingiz QƏNİZADƏ, Demokratiya və İnsan
Hüquqları Komitəsinin sədri, hüquq
üzrə fəlsəfə doktoru
Xalq qəzeti 2021.- 27 aprel.-
S.3.