Erməni lobbisinin təxribatları
davam edir
ABŞ Prezidenti Co Baydenin heç bir real tarixə və hüquqa əsaslanmadan 1915-ci il olaylarını “erməni soyqırımı” adlandırması qəbuledilməzdir. Saxta bir tarixə yanlış yanaşmanın heç bir hüquqi nəticəsi ola bilməz və olmayacaqdır. 1915- ci il olaylarını “erməni soyqırımı” adlandırmaq ABŞ-ın dövlət siyasətində erməni lobbisinin təsiri olmasına şübhələr yaradır. ABŞ Prezidenti unutmamalıdır ki, tarixi saxtakarlıq üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb.
Saxta “erməni soyqırımı” həmin təxribatlardan biridir. Demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi, erməni soyqırımı barədə uydurma cəfəngiyat da ABŞ və digər ermənipərəst ölkələrin əlində başqa dövlətlər üçün təzyiq və təhdid alətidir. Bu saxta soyqırımını tanıyan ölkələr öz tarixlərinə yaxşı-yaxşı baxsınlar və keçmişlərini unutmasınlar.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ABŞ Prezidentinin bu yanaşmasını tarixi səhv adlandırması bəzi ölkələrin riyakar yanaşmasına tutarlı cavab olmaqla, həm də Azərbaycan – Türkiyə dostluğunun və qardaşlığının ifadəsidir. Türkiyə rəsmilərinin, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın dəfələrlə dünyaya, hətta Ermənistana müraciət edərək, arxivləri açmağı və ortaq tarix komissiyası yaradılmağı təklifini etməsinə baxmayaraq, bu vaxta qədər heç bir ölkədən cavab olmamışdır.
Uzun illərdir ki, erməni təbliğat maşını havadarları vasitəsilə Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini “sübut etmək” üçün” dəridən – qabıqdan çıxırlar. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən çox türklər həlak olub. 29 il bundan əvvəl baş vermiş və ABŞ-ın da bəzi ştatlarının soyqırımı kimi tanıdığı Xocalı faciəsinə qiymət verməyərək, 106 il bundan öncə erməni faşistlərinin uydurduqları saxta olaylara qərəzli münasibət bildirmək yanlış hərəkətdir.
Heç bir qüvvə Azərbaycan–Türkiyə dostluğunu və qardaşlığını sarsıda bilməz. Bu birliyin gücü keçən il 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə dünyaya nümayiş olundu.
Biz birlikdə güclüyük!
Məlahət İBRAHİMQIZI, Milli
Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının
sədri
Xalq qəzeti
2021.- 27 aprel.- S.3.