Azərbaycan regionda sülhə və təhlükəsizliyə
töhfə verir
Bu gün Azərbaycan
öz fəaliyyəti ilə bölgənin gələcək
inkişafına töhfə verir, bölgədə sabitliyin
tam bərqərar olması üçün əməli-praktiki
addımlar atır.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərindən dərhal sonra işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı da bunun şahidi olduq. Düşmən tapdağından xilas edilən digər ərazilərimizdə olduğu kimi, artıq bu rayonlar da geniş tikinti-quruculuq meydanına çevrilib. Kəlbəcərdə Toğanalı-Kəlbəcər avtomobil yolu salınır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq, Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi nəzərdə tutulur. Rayonda Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur. Burada istifadəyə verilən 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyası artıq səmərəli fəaliyyət göstərir. Rayonun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib.
Laçın
rayonunda da bərpa-quruculuq işlərinə
başlanılıb. Burada hava limanının təməli qoyulub. Tikinti işlərinin
maksimum qısa müddətdə aparılması nəzərdə
tutulub.
Prezident İlham Əliyevin də
qeyd etdiyi kimi, qayıdış üçün bizə zaman
lazımdır. Otuz il ərzində ermənilərin
viran qoyduğu, xarabalığa çevirdiyi ərazilərin
bərpası təbii ki, vaxt tələb edən prosesdir. Müsbət məqam isə budur ki, həm
Qarabağın, həm də Şərqi Zəngəzurun bərpası
üçün Azərbaycan kifayət qədər maliyyə
vəsaiti toplayıb. Əsas məqsəd
qısa vaxtda vətəndaşlarımızın öz
doğma yurdlarına qayıtmasını təmin etməkdir.
Gələn ilin əvvəlində tamamlanacaq və
Zəngilan rayonunda 3 kəndi birləşdirən layihə
ilkin təcrübə olacaq.
Bərpa prosesi həm də
bölgədə dayanıqlı sülhə xidmət edir. Rəsmi
Bakı Ermənistanla sülh müqaviləsinin
imzalanmasının tərəfdarıdır. Hər iki tərəf bir-birilərinin ərazi
bütövlüyünü tanımalı, sərhədlərin
delimitasiyası prosesi də başlamalıdır. Ermənistan postmünaqişə dövründə
pozucu fəaliyyətindən əl çəkməlidir.
Çünki Azərbaycanın masa üzərində
olan konkret təklifləri bölgənin rifahına yönəlib.
Kommunikasiyaların paralel açılması, Zəngəzur
dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin
bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən
sonra sülhün təmin edilməsi bütün tərəflərin
maraqlarına cavab verir. Çünki Zəngəzur
dəhlizi, eyni zamanda, Ermənistanın dəmir yolu ilə həm
İran, həm də Rusiya ilə əlaqə yaratmasına
imkan verəcək. Bu, Ermənistan
üçün əlverişli bir fürsətdir.
Azərbaycan
üçün yaranan imkanlara gəlincə, Zəngəzur
dəhlizi Bakı–Tbilisi–Qars dəmiryolu xəttindən sonra
ölkəmizlə Türkiyəni birləşdirəcək
ikinci istiqamət olacaq. Azərbaycanın Naxçıvan Muxtar
Respublikası ilə dəmir yolu vasitəsilə birləşməsi
isə xüsusilə strateji əhəmiyyət kəsb edir.
Eyni zamanda, Ermənistanın nəzarəti
altında olan Qərbi Zəngəzurda avtomobil yolunun çəkilməsi
də Azərbaycanın haqlı tələblərindən
biridir. Dövlətimizin
başçısının da söylədiyi kimi, Zəngəzur
dəhlizinin tam fəaliyyəti üçün həm dəmir
yolu, həm də avtomobil yolu olmalıdır.
Ermənistan da dərk etməlidir
ki, yeni nəqliyyat qovşağı bölgə ölkələri
üçün də yeni fürsətdir. Bu baxımdan
Azərbaycanın təşəbbüsü ilə
Avrasiyanın yeni bir nəqliyyat layihəsinin reallaşması
mümkün olacaq.
Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanması nəinki
hər iki ölkənin xalqlarının maraqlarına cavab
verir, eyni zamanda, regionun gələcəyi üçün
yeni perspektivlər açır.
Azərbaycan Cənubi
Qafqazda yeni əməkdaşlıq formatı təklif edib. Bu təşəbbüsün
reallaşdırılması üçün bütün
imkanlardan istifadə etmək vacibdir. Ermənistanın
sülh sazişini imzalamaqdan imtina etməsi, kommunikasiyaların
açılmasını gecikdirmək cəhdləri zaman
itkisindən başqa bir şey deyil. İndiki
halda isə zaman daha çox Ermənistanın əleyhinə
işləyir. Çünki bu ölkənin
iqtisadi tənəzzüldən xilas olması
üçün kommunikasiyaların açılmasına, nəqliyyat
əlaqələrinin bərpasına başqa ölkələrdən
daha çox ehtiyacı var.
Burada onu da qeyd edək ki,
hazırda dünyada elə qüvvələr var ki, regionumuzda
sülh və təhlükəzisliyə maraqlı deyil. Onların atdıqları hər
bir addım, əslində, Ermənistanın Qarabağın
işğalı siyasətinə, necə deyərlər, haqq
qazandırır, 30 il qüvvədə
saxlanılan “nə sülh, nə müharibə”
formatının qüvvədə qalmasına rəvac verir. Həmin revanşist dairələr tərəfindən,
hətta bir qədər də irəli gedilərək
“Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən
bu müharibə heç vaxt bitməz”, – kimi absurd iddialar səsləndirilir.
Amma unudurlar ki, münaqişə məsələsi, başqa
sözlə, Azərbaycanın haqq mübarizəsi 44
gülük Vətən müharibəsində həllini
tapıb, Ermənistanın uzun bir dövr ərzində
işğal altında saxladığı ərazilər
güc yolu ilə azad edilib, ölkəmiz özünün
beynəlxalq səviyyədə tanınan ərazi
bütövlüyünü və suverenliyini gerçəkləşdirib,
eləcə də BMT Təhlükəsizlik
Şurasının qətnamələrini öz gücünə
yerinə yetirib.
Onu da qeyd edək ki, Prezident İlham
Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Ermənistana
və havadarlarına ciddi xəbərdarlıq idi: “Ermənistanın
30 il ərzində Azərbaycan torpaqlarını işğal
altında saxlaması sonda onun kapitulyasiyası ilə nəticələndi.
44 günlük Vətən müharibəsindən
sonra isə revanşizm niyyətləri 60-dan artıq erməni
terrorçusunun əsir götürülməsi ilə
başa çatdı. Yəni, Ermənistan
anlamalıdır ki, Azərbaycan hər nə qədər
sülh tərəfdarı olsa da, müharibəyə də,
təxribatların qarşısını almağa da
hazırdır. Prezident İlham
Əliyevin “CNN Türk”ə müsahibəsi zamanı Ermənistanın
təxribat xarakterli addımları, Qarabağda baş verən
proseslər barədə diqqətə
çatdırdığı məlumatlar da Azərbaycanın
bölgəyə nəzarətinin nə qədər yüksək
səviyyədə olduğunu təsdiqlədi. Ermənistan başa düşməlidir ki, Azərbaycan
bütün keçid və ərazilərə nəzarət
edir. Həm Ermənistanın, həm Rusiya sülhməramlılarının,
həm də İrandan gələn maşınların hərəkətlərini
izləyir, fəaliyyətləri barədə ətraflı məlumata
sahibdir. Ona görə də, Ermənistan təxribatlar
deyil, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi
haqqında düşünməlidir.
Mövcud olduğu
bütün dövr ərzində Ermənistan kimi bir dövlət
belə bir cəzasızlıq şəraitində təbii
ki, işğalçılıq siyasətini davam etdirirdi, Azərbaycanı
tapdaq altında saxladığı torpaqları ilə bərabər,
yeni ərazilərini də işğal edəcəyi ilə hədələyirdi,
davamlı şəkildə təxribatlar törədirdi. Ermənistanın
baş naziri “Qarabağ Ermənistandır və nöqtə”
məzmunlu bəyənatlar səsləndirirdi, bu
respublikanın digər rəsmiləri tərəfindən də
sərsəm iddialar irəli sürülürdü. Şübhəsiz ki, belə absurd, məntiqsiz
mülahizələr Ermənistanı faciəvi sonluğa
yaxınlaşdırır, Azərbaycan xalqının, necə
deyərlər, səbr kasasını
daşdırırdı.
Təəssüf ki,
dünya birliyi isə düşmənin bu bəyanatları, qəsbkarlığı
qarşısında susur, bir çox hallarda isə məsələyə
ikili standartlarla yanaşırdı, yuxarıda
vurğuladığımız kimi, “nə sülh, nə
müharibə” formatının qüvvədə qalmasına
çalışırdı. Əslində, belə
bir vəziyyət son nəticədə Ermənistanı beynəlxalq
hüquqa hörmətsiz münasibət göstərməsinə,
revanşist addımlar atmasına gətirib
çıxarırdı.
Hazırda Azərbaycanın
qarşısında duran əsas vəzifələrdən
biri ölkəmizin Vətən müharibəsində parlaq qələbə
nəticəsində işğaldan azad edilən ərazilərinin
respublikanın ümumi iqtisadiyyatına reinteqrasiyasına,
yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin
imkanlarından faydalanmasına nail olmaqdır. Bu isə
yaxın gələcəkdə regionda təhlükəsizliyin,
sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın
formalaşmasını, eləcə də Cənubi
Qafqazın lider dövləti olan Azərbaycanın bölgə
iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşdirilməsini
reallaşdırmaq deməkdir.
Yeri gəlmişkən, hərbi
əməliyyatların bitməsindən, Vətən
müharibəsində parlaq qələbəmizdən sonra
Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan
azad olunan rayonlara səfər etməsi dövlət
başçısının uzun illər düşmənin nəzarətində
qalan və xarabalığa çevrilən yaşayış
sahələrimizin bərpa-quruculuq işlərinə nə dərəcədə
həssas yanaşdığın göstərir.
Azərbaycanın regionda
sülh və təhlükəsizliyin təmin edilməsində
maraqlı olduğunu bir məqam da aydın göstərir. Belə ki,
respublikamız bu gün Avrasiyada enerji təhlükəsizliyini
reallaşdıran mühüm tərəfdaş ölkədir.
Bu məsələdə Cənub Qaz Dəhlizi
önəmli rol oyanayır. Yeddi ölkəni
birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi
dünyanın ən böyük enerji infrastrukturu layihələrindən
biridir.
Azərbaycan Şərq-Qərb,
Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri
kimi regional bağlantı layihələrində də fəal
iştirak edir və artıq ölkəmiz Avrasiyanın əsas
və etibarlı nəqliyyat və logistika mərkəzlərindən
biri kimi tanınır. Azərbaycanın Ermənistan üzərində
şanlı Qələbəsindən sonra isə bölgədə
sülh və sabitliyi təmin etmək üçün bir
çox ölkələri birləşdirən yeni nəqliyyat
layihəsinin icrası istiqamətində mühüm tədbirlər
gerçəkləşdirir.
Prezident İlham Əliyev dəfələrlə
çıxışlarında Azərbaycanın bölgədə
ölkələr arasında kommunikasiya xətlərinin üzərində
yerləşdiyini və bu istiqamətdə böyük
işlərin görüldüyünü xatırladaraq,
Qarabağın uzunmüddətli inkişafı, burada
sabitliyin möhkəmləndirilməsi və müharibə
risklərinin sıfra endirilməsi üçün nəqliyyat
layihələrinin xüsusi rolunu xatırladıb. Eyni zamanda, bu layihələrin
icrasına qoşulacaq bütün ölkələrin bundan
ancaq xeyir götürəcəyini, faydalanacağını
vurğulayıb: “Azərbaycan Naxçıvanla, Türkiyə
ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana
dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən
keçə bilər. Həmçinin
Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə
dəmir yolu bağlantısı olacaq. İran
ilə Ermənistan arasında dəmir yolu
bağlantısı olacaq. Türkiyə ilə
Rusiya arasında dəmir yolu bağlantısı olacaq.
Yəni, bütün bölgə ölkələri bundan ancaq
xeyir görəcəklər...”.
Azərbaycanın təşəbbüsü
ilə Cənubi Qafqaz artıq Şimal-Cənub, Şərq-Qərb,
Qərb-Cənub istiqamətində nəqliyyat dəhlizinə
və qovşağına çevrilib. Qarabağ
münaqişəsinin həlli isə, ilk növbədə,
region ölkələrinin bu sahədəki əməkdaşlığının
daha da dərinləşdirilməsi və şaxələndirilməsi
üçün yeni imkanlar yaradıb. Prezident
İlham Əliyevin dediyi kimi, Azərbaycan və Zəngəzurdan
keçməklə qərblə şərqi, cənubla
şimalı birləşdirəcək nəqliyyat dəhlizləri
nəticə etibarı ilə bölgə ölkələrinin
daha sıx iqtisadi əlaqələrinin yaranmasına və
inteqrasiyasına gətirib çıxarcaq. Azərbaycan
qarşıdakı iki il ərzində Zəngəzura
qədər olan dəmiryolunu istifadəyə vermək niyyətindədir.
Azərbaycan bölgədə davamlı
sülhün, sabitliyin, təhlükəsizliyin və dinamik
inkişafın təmin olunması məqsədi ilə hər
zaman olduğu kimi indi də bu prosesdə aktiv iştirak edib, təşəbbüskar
rolunda çıxış etməkdədir.
Bütün bunlar Azərbaycanın
dünyaya nə qədər sülhsevər bir ölkə
olduğu bir daha nümayiş etdirir. Beləliklə, Azərbaycan
bölgədə davamlı sülh və sabitliyin
yaranması üçün təkcə təşəbbüslə
çıxış etmir, eyni zamanda, bu məsələdə
öz əməli töhfəsini verir. Respublikamız
hazırda da bu istiqamətdə real addımlar atır və
bölgənin yeni əməkdaşlıq formatının
yaradılması məqsədilə infrastruktur layihələrinin
icrasını sürətləndirir.
Xalq qəzeti 2021.- 22
avqust.- S.3.