Mərhəmət və nicat
ünvanı
Heydər Əliyev Fondu
ulu öndərin adına layiq
fəaliyyəti ilə könülləri fəth edir
Ümummilli liderin ruhuna sonsuz ehtiramı ifadə etmək, onun zəngin mənəvi irsini yaşatmaq, azərbaycançılıq fəlsəfəsini şaxələndirmək məramı ilə yaradılmış Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi, elmi, mədəni və mənəvi həyatında öncüllük missiyasını layiqincə yerinə yetirir. Təşəkkül tapıb formalaşdığı və fəaliyyət dairəsini genişləndirdiyi 17 il ərzində bu fond milli dövlətçilik ideyalarına örnək sadiqliyi, xalqın maddi rifahının yaxşılaşması naminə yorulmaz səyləri, ən müxtəlif sahələrə aid tərəqqi layihələrini ardıcıl şəkildə həyata keçirməsi sayəsində dünyada böyük nüfuz qazanmışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun loqosu dünyada tanınan bir nişandır. Səkkizguşəli ulduzun içərisində Heydər Əliyev inisiallarının (“H.Ə.”) əmələ gətirdiyi çarpaz konfiqurasiya ilk baxışdan diqqət çəkir. Loqo Azərbaycan xalqının Heydər Əliyev ideyaları ətrafında birləşməsi məramını ifadə edir. Harada bu parlaq nişan varsa, orada işıqlı məqsəd, xoş niyyət və xeyirxahlıq var. Loqo iki rəngdə görüntülənib: göy və qızılı. Göy rəng səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi, milliliyi göstərir. Qızılı rəng isə Günəş, sülh, inkişaf, işıqlı gələcək simvoludur. Hər iki rəng Heydər Əliyevin istək və arzularını, ideyalarını əks etdirir.
Fondun fəaliyyət istiqamətləri əsasən elm və təhsil, səhiyyə, mədəniyyət sahələrini və xeyriyyəçiliyi əhatə edir. Beynəlxalq konfrans və simpoziumlar, çeşidli mədəniyyət layihələri, sosial və ekoloji proqramlar, idman tədbirləri, şəfqət aksiyaları bu sıradandır.
Ötən illər ərzində Heydər Əliyev Fondunun reallaşdırdığı bir çox layihələr yaddaşlarda dərin iz buraxmışdır. “Təhsilə dəstək”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və digər layihələr, ilbəil genişlənən "Hərəmiz bir ağac əkək!" aksiyası, dünyaya səs salan “Qız qalası”, “Muğam aləmi” festivalları və muğam müsabiqələri, Qəbələdə keçirilən, həmçinin Rostropoviç adına ənənəvi Beynəlxalq musiqi festivalları buna misal ola bilər. Azərbaycandan kənarda – London, Paris, Moskva, Berlin, Roma kimi şəhərlərdə keçirilmiş tədbirləri də fərəhlə xatırlayırıq.
Böyüyən nəslin yüksək səviyyəli təhsillə əhatə olunması dövlətimizin də, Heydər Əliyev Fondunun da prioritetlərindəndir. Təhsil işıqlı sabah deməkdir. Buna görə də strateji sahənin inkişafına güclü dəstək sərgilənir. Təkcə ötən tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.
Tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu illərdir ki, "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur. Mərdəkandakı XVI əsrə aid Pir Həsən ziyarətgahı, ölkədəki bir sıra cümə məscidləri, Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri, Strasburq kafedralının pəncərələri, Həştərxanda müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi, Luvr muzeyi, Versal sarayı və digər dini-mənəvi, mədəni ocaqlarda Heydər Əliyev Fondunun izləri aydın görünməkdədir.
Fondun dəstəyi ilə Vatikanda da tarixi-dini abidələr bərpa edilir. Bununla əlaqədar mart ayında Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərindən ibarət nümayəndə heyəti Vatikanda səfərdə olub. Səfər zamanı Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Məmnuniyyətlə qeyd edilib ki, bu əməkdaşlıq özünün mühüm mərhələləri ilə əlamətdardır. İlk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ictimaiyyət üçün açılış mərasimi keçirilib. İkinci mərhələ Müqəddəs Sebastian Bazilikasında yaradılmış muzey olub və sarkofaqların restavrasiya edilərək qorunan muzeyin təşkilində Mehriban Əliyeva yaxından dəstək göstərib. Hazırkı üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilla katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir.
Kardinal Canfranko Ravazi deyib ki, bu uğurlu əmkdaşlıq dinlərarası dialoqun inkişafına böyük töhfələr verir. Mərasimdə Mehriban Əliyevanın məktubu təqdim olunub. Məktubda bildirilib ki, bu müqavilənin imzalanması dünya mədəni irsinin qorunmasına möhkəm sadiqliyimizi bir daha təsdiqləyir. İki il ərzində həyata keçiriləcək layihənin tamamlanması katakombaların ziyarətçilər üçün açılmasına şərait yaradacaq. Həmçinin Ermənistanın Qarabağa otuz illik hərbi təcavüzü nəticəsində Azərbaycanın misilsiz mədəni irsinə çox böyük ziyan dəydiyi nəzərə çatdırılıb.
Bundan bir neçə il əvvəl fondun təşəbbüsü ilə Sarayevoda Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı hər kəsə unudulmaz təsir bağışlayıb. "Xocalıya ədalət!" Beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər keçirilir. Prezidenti İlham Əliyevin Quba şəhərində "Soyqırımı Memorial Kompleksi”nin yaradılması ilə bağlı imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondu orada möhtəşəm abidə-muzey inşa etdirib.
Yeri gəlmişkən, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, soyqırımı siyasətinin ifşası və dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun əsas hədəflərindən biridir. Bu məqsədlə xarici ölkələrdə tədbirlər keçirilir, sərgilər təşkil olunur, müxtəlif dillərdə buklet və kitablar nəşr edilir. 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımını tarixi faktlarla əks etdirən 16 adda üç dildə buklet, 4 adda üç dildə kitab çap olunub. Fondun "Qarabağ həqiqətləri" bukletlər toplusu, bu silsilənin davamı olaraq "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı ingilis dilində nəşr edilib. "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.
...Ötən ilin payızında, Zəfərdən bir gün sonra cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdülər. Möhtərəm Prezidentimiz bütün yaralıların tezliklə sağalıb sıraya qayıtması üçün nə lazımdırsa, ediləcəyini bildirərək dedi ki, müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. Qazilər o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Əməli işlərdə ifadə olunan “Sözümüz imzamızdır” məramı sonrakı dövrdə bir daha təsdiqini tapdı. Bu gün artıq neçə-neçə igid Vətən oğlu Heydər Əliyev Fondunun köməkliyi ilə ayağa qalxmış və cəmiyyətə fəal inteqrasiya etmişdir.
Ümumiyyətlə, Heydər Əliyev Fondu illərdir ki, Qarabağ müharibəsi əlillərinə dəstək layihələrini icra edir. Elə şanlı Aprel döyüşlərində və Vətən müharibəsində yaralanan əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin olunması, onların məişət şəraitinin yaxşılaşmasına, digər sosial problemlərinin həlli fondun daimi qayğıları sırasında olub.
Bu ilin may ayında, müzəffər Silahlı Qüvvələrimizin işğaldan azad etdiyi Qarabağ torpağında – Şuşanın məşhur Cıdır düzündə neçə illərdən sonra yenidən keçirilmiş “Xarıbülbül” musiqi festivalının əsas təşkilatçısı da Heydər Əliyev Fondu olub. Bu çərçivədə beynəlxalq incəsənət festivalı təşkil edilib və 13 ölkəni təmsil edən 32 rəssam işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini, digər unikal əsərləri ərsəyə gətirib.
Fond tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusu festivalda ictimaiyyətə təqdim edilib. Bu nəşr Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasına Mehriban xanım Əliyevanın hədiyyəsi kimi dəyərləndirilib.
Heydər Əliyev Fondu Şuşada “Qarabağın mədəni irsi” toplusunu da təqdim edib. Bu topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir. İştirakçılar həmçinin “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyaya baxıblar. Festivalın ilk günündə Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ertəsi gün, yekun qala konserti olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda çıxış edən incəsənət xadimləri ilə görüşüblər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söyləyib. Dünya bir daha şahidi olub ki, mənfur qonşular Qarabağdakı evləri, abidələri dağıtsalar da, ölməz Azərbaycan ruhunu silə bilməyiblər.
Elə buradaca xatırladaq ki, “Xarıbülbül” festivalından iki ay öncə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində olarkən Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksinə gəliblər. Heydər Əliyev Fondu bu kompleksə də ikinci həyat verəcək. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcək. Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq...
Heydər Əliyev Fondu dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə, klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin isə xarici dillərə tərcümə edilərək nəşr olunmasına, ölkəmizin tarixi həqiqətlərini, milli mədəniyyət və incəsənətimizi əks etdirən nəfis tərtibatlı çap məhsullarının hazırlanmasına xüsusi önəm verir. 2004-cü ildən başlayaraq, fondun dəstəyi ilə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar nəşr edilib. Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti, incəsənəti və kulinariyasından bəhs edən çoxsaylı açıqcalar, bukletlər toplusu və kitablar müxtəlif dillərdə işıq üzü görüb. Fond dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verir. "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri", "Muğam ensiklopediyası", "Azərbaycan muğamı", "Muğam aləmi" adlı nəşrlər reallaşıb, 24 virtuoz ifaçının səsləndirdiyi muğam parçalarından ibarət "Qarabağ xanəndələri" albomunun Parisdə, UNESCO-nun mənzil-qərargahında təqdimat mərasimi keçirilib.
Əhalinin sağlamlığının möhkəmkləndirilməsi Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Ötən il COVID-19 pandemiyasının cövlan etdiyi vaxtlarda fond müvafiq laboratoriyaların fəaliyyətinin qısa müddətdə təşkilinə, eyni zamanda ölkəmizin yüksək keyfiyyətli testlərlə təmin olunmasına yaxından dəstək göstərib. Fond tərəfindən xüsusi rejimli xəstəxanalar üçün bir sıra tibbi avadanlıq və ləvazimat – həm qoruyucu vasitələr, tibbi geyimlər, həm də xəstələrin müalicəsi üçün müxtəlif dərman preparatları xaricdən alınaraq Azərbaycana gətirilib. Pandemiya ilə mübarizədə iştirak edən tibbi personal üçün təlim kursları təşkil edilib. Həmin personala dəstək məqsədilə Çin, İtaliya və Rusiyadan yüksək ixtisaslı həkimlər dəvət edilib, onların azərbaycanlı tibb heyəti ilə birgə çalışmaları üçün şərait yaradılıb.
Daha bir nəciblik nümunəsi isə bu olub ki, COVID–19 üzündən talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı üçün Mehriban Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyası təşkil edilib. Bu aksiyaya Heydər Əliyev Fondunun əməkdaşları, onlarla dövlət və özəl müəssisəsi fəal qoşulub. Virusa yoluxmuş bir sıra tanınmış şəxslərə də Mehriban xanımın tapşırığına əsasən, yaxından dəstək göstərilib və onlar zəruri müalicə alaraq sağalıblar.
Bu kimi tədbirlər hərtərəfli şəkildə davam edir. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq “Evdə qal!” şüarı geniş yayılan zaman Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük!” layihəsi çərçivəsində ardıcıl surətdə vətəndaşları ərzaq bağlamaları ilə təmin edib. Aztəminatlı və digər həssas qruplardan olan 100 minədək ailəyə dəfələrlə bayram sovqatları çatdırılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi təşəbbüsləri və fondun yaxından iştirakı ilə yerli, sosial əhəmiyyətli infrastruktur layihələrin icrası, xüsusi qayğıya ehtiyac duyan insanlara fərdi qaydada kömək göstərilməsi bu təşkilata əsl ümumxalq rəğbəti qazandırmışdır. Əksər ərazilərdə çəkilən yollar, tikilən sığınacaqlar, himayəyə ehtiyac duyan uşaqlar üçün təşkil olunan bayram tədbirləri, yardım və hədiyyələrin paylanması daimi xarakterlidir.
Həyata keçirilən tədbirlərə fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti xüsusi rəng qatır. O, eyni zamanda, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatorudur. 2015-ci ildə aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülüb. Onun rəhbərlik etdiyi IDEA İctimai Birliyi Heydər Əliyev Fondu ilə bərabər “Ağacların kəsilməsinə yox!” proqramını həyata keçirib, gənc könüllülər ölkənin rayonlarında milyonlarcla yeni ağac əkiblər. “Meyvə ağaclarının əkilməsi” layihəsi çərçivəsində bölgələrdə bağlar salınaraq, aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilib. "Bizim həyət", "Yaşıllıqları bərpa edək" layihələri də uğurla icra edilir. Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə Maltada “Yer kürəsi uşaqların gözü ilə” sərgisi açılıb, Bakıda Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsi reallaşdırılıb.
Leyla xanımın mötəbər tədbirlərdə iştirakı, vətənpərvərlik təşəbbüsləri, xeyriyyəçiliyi ilə bağlı digər çoxsaylı tədbirlərin də şahidiyik. Təkcə bu ilin ötən aylarında işğaldan azad olunmuş ərazilərdə IDEA xətti ilə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlərə başlanıb, Moskvada uşaq evində xeyriyyə aksiyası keçirilib, Volqoqradda Rusiya Azərbaycanlıları Gənclər Birliyi (RAGB) regionlararası forum keçirib, nərə balıqlarının suya buraxılması mərasimi reallaşdırılıb, MDU-nin Nəbatat bağına xarıbülbül gülü qələmləri verilib və sair. Onun vaxtaşırı olaraq həvəslə yollandığı ünvanlar psixonevroloji sosial xidmət müəssisəsi, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi internat məktəbi, uşaq evləri, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Talassemiya, Daun Mərkəzi və bu kimi onlarca digər müəssisələrdir. O, hər ziyarəti ilə həmin ünvanlardakı uşaqlara bir dünya sevinc bəxş edir və onların sağalmaları, fərəhli həyata qovuşmaları üçün əlindən gələni əsirgəmir.
Bəli, Heydər Əliyev Fondunun bütün fəaliyyətində xeyirxahlıq aparıcı istiqamətdir. Bu ünvana hər gün yüzlərlə məktub göndərilir, müraciətlər edilir. İnsanlar ümidlərinin mütləq doğrulacağına, müşküllərinin həllini tapacağına inanırlar. Elə də olur. Mərhəmət və nicat qapısı sayılan fond vətəndaşların hər bir müraciətinə həssas münasibət göstərir. Xalqın rifahının yüksəldilməsinə yönəlmiş bu xoşməramlı fəaliyyət elə xalq tərəfindən də yüksək qiymətləndirilir, görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.
Beləcə, sabit əsaslara söykənməklə irəli gedən ölkəmizdə ulu öndərin adını daşıyan fond tərəfindən insanların yaşayış imkanlarının artmasına və maddi vəziyyəti aşağı olan cəmiyyət üzvlərinə əl tutulmasına total təkanverici şərait yaradılması qürur doğurur. Fondun sayəsində məmləkətdə xeyriyyəçilik institutu daha geniş anlam kəsb edib.
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2021.- 14 avqust.- S.5.