Şuşa və Bakı bəyannamələri
regionda sülh və sabitliyin qarantıdır
Azərbaycan qırx dörd günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar yaratdı. Azərbaycanın qalib dövlətə çevrilməsi, torpaqlarını işğaldan azad etməsi, hərb tarixində misli görünməmiş uğurlar qazanması ölkəmizin siyasi və hərbi qüdrətini bəlli etdi. Lakin bütün bu uğurları möhkəmləndirmək, regionda sülh və sabitliyin qarantı kimi mühafizə etmək postmüharibə dövrünün ən aktual məsələlərindən biri kimi önə çıxdı. Bu baxımdan, müharibədən bir neçə ay sonra Azərbaycan dövlətinin qardaş Türkiyə Cümhuriyyəti ilə və eyni zamanda, Pakistan İslam Respublikası ilə müttəfiqlik müqavilələrini imzalaması geosiyasi istiqamətdə qazandığımız önəmli uğur kimi xarakterizə edilməkdədir.
Şuşa Bəyannaməsi: tarixi fürsətin dəyərləndirilməsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri və orada müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə qaldırdı. Şuşa Bəyannaməsinin çox böyük siyasi və tarixi əhəmiyyəti var. İki ölkənin və xalqlarının dostluq və qardaşlığından çıxış edərək, Azərbaycanla Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran bəyannamə qarşılıqlı mənafelərə xidmət edir. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd strateji əhəmiyyət kəsb edir və ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir. Eyni zamanda, bu sənəd müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Bu, tarixi nailiyyətdir.
Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir. Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər və bu əməkdaşlıq ölkələrin hərbi qüdrətinin artmasına xidmət edəcəkdir. Ən əsası, mühüm məqamlarda hər iki ölkənin silahlı qüvvələrinin hərəkəti koordinasiya ediləcək.
Bəyannaməyə əsasən, tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək ikitərəfli əməkdaşlığı dərinləşdirəcək və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
Onu da qeyd etmək lazımdır ki, bu bəyannamə 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür və Azərbaycan üçün böyük bir şansdır. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.
İdeoloji amillər strateji əməkdaşlığın perspektivini təmin edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” deyimləri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır.
Şuşa Bəyannaməsinin imzalanması Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, regionun gələcək inkişafı baxımından da son dərəcə önəmlidir. Belə ki, Azərbaycanın qazandığı möhtəşəm qələbə sayəsində bölgədə davamlı sülh və sabitlik üçün böyük şans yaranmışdır. Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də, region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaqdır.
Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün də unikal imkan yaranıb. Əlverişli imkanı yaradan səbəblərdən biri Ermənistanda vəziyyətin sabit olmamasıdır. Ölkə əhalisi bütün problemlərini birbaşa və ya dolayı yolla Qarabağ erməniləri ilə bağlayır. Qarabağ ermənilərinin erməni cəmiyyəti içərisində marginallaşması artır. Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər (sabiq prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Bloger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgi Vanyan, Edqar Xaçatryan müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Bu ruhda olan çıxışlar sadə erməni xalqına daha yaxındır. Əgər nəzərə alsaq ki, mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır və Qarabağda miqrasiya problemi daha qabarıqdır, demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək, deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq.
Bakı Bəyannaməsi: müttəfiqliyin zirvə nöqtəsi
Şuşa Bəyannaməsindən bir müddət sonra imzalanan Bakı Bəyannaməsinin əhəmiyyətini də vurğulamağa ehtiyac duyulur. Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri arasında imzalanmış birgə Bakı Bəyannaməsi regional və beynəlxalq miqyasda yaranan yeni geosiyasi müstəvinin təməlində duran üç nəhəng sütundan biridir. Bu sütunlardan birincisi Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibə nəticəsində qalib gəlməsini özündə ehtiva edən 10 noyabr tarixli üçtərəfli razılaşmadır. Bu razılaşma ilə Azərbaycan postsovet məkanında ən qəliz münaqişələrdən biri olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoydu və Cənubi Qafqaz regionunda yeni siyasi düzən formalaşdırdı. İkinci sütun Türkiyə Prezidenti R.T.Ərdoğanın Şuşaya səfəri nəticəsində Türkiyə və Azərbaycan arasında birgə Şuşa Bəyannaməsinin imzalanması oldu. Azərbaycan və Türkiyə arasında mövcud ittifaqa Pakistanın da Bakı Bəyannaməsi ilə qoşulması yeni geosiyasi müstəvinin üçüncü sütununu təşkil edir.
İyulun 27-də Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin birinci üçtərəfli görüşü çərçivəsində Bakı Bəyannaməsinin imzalanması hər üç ölkənin parlamentarizm tarixində önəmli hadisələrdəndir. Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasındakı strateji əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək. Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi və həlli üçün yeni bir platforma yaranır. Eyni zamanda, parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji məsələləri özündə ehtiva edir. Şübhəsiz ki, atılan bu addım ölkələr arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yeni imkanlar yaradacaq.
Bəyannamənin mətninin təhlilinə keçməzdən öncə onu imzalayan aktorların kimliyinə diqqət yetirməyin zəruriliyini vurğulamaq istərdik. Azərbaycan – bir çox təbii və süni maneələrə rəğmən beynəlxalq güclərin himayəsi altında olan Ermənistana qalib gələn və Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyat və orduya malik olan ölkədir. Türkiyə NATO-da Birləşmiş Ştatlardan sonra ikinci güclü orduya malik, Qara dəniz, Mərmərə dənizi, Aralıq dənizinə çıxışa malik olan, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Mərkəzi Asiyada böyük nüfuza sahib olan, iki qitədə yerləşən regional gücdür. Pakistan – nüvə silahlı qüdrətli orduya, güclü kəşfiyyat sisteminə və böyük əhaliyə malik beynəlxalq oyunçudur. Bu üç oyunçunun birlikdə imzaladığı istənilən siyasi-hüquqi akt özlüyündə digərlərini də hesablaşmağa məcbur edən beynəlxalq əhəmiyyətli sənədə çevrilir.
Məhz bu üç ölkənin bir araya gəlməsi də təsadüfi bir hal deyil. Türkiyə və Pakistan Azərbaycanın müstəqilliyini tanıyan birinci və ikinci ölkələrdir, hər iki ölkə ilə Azərbaycanın münasibətləri daima yüksələn xəttlə inkişaf edib. Bu əməkdaşlıq Azərbaycan üçün II Qarabağ müharibəsi kimi çətin imtahanda digər bəzi ölkələrdən fərqli olaraq kağız üzərində qalmayıb, real mənəvi və diplomatik dəstəyə çevrilmişdi.
Bakı Bəyannaməsinin mətnində “xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı” əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb. Bəyannamənin bu hissəsi xüsusi diqqət tələb edir. Beləki, Türkiyə NATO üzvü kimi digər üzv ölkələri ilə birlikdə qarşılıqlı kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir. Pakistan “İnter-Services İntelligence” kəşfiyyat orqanı isə dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri hesab olunur. Nəhayət, Azərbaycan 30 ilə yaxın Ermənistan kimi terrorçu bir ölkə ilə mübarizə apardığına görə terrorla mübarizə istiqamətində böyük təcrübə əldə etmişdir. Nəticədə hər üç tərəfin bir-birini daha da gücləndirəcək vasitələri vardır. Azərbaycanın Ermənistanın terorçu fəaliyyəti haqqında topladığı məlumatlar Türkiyəyə Yaxın Şərqdə həyata keçirtdiyi anti-terror əməliyyatları zamanı xüsusilə faydalı ola bilər.
Bundan əlavə, dezinformasiya kampaniyalarına qarşı mübarizə hər üç ölkənin əziyyət çəkdiyi vacib məsələlərdən biridir. Hazırda Birləşmiş Ştatlarda erməni lobbisi tərəfindən Azərbaycan və Türkiyəyə qarşı həyata keçirilən fəaliyyət gerçəklikdə xristian həmrəyliyi ilə pərdələnmiş dezinformasiya kampaniyasıdır. Bu tip kampaniyalar dünya ölkələrində, adətən, islamofobiya ilə paralel olaraq aparılır. Bu qəbildən bəyannamədə “hibrid müharibələr və islamafobiyaya meyilli ölkələr” ifadəsinin işlədilməsi və onlara qarşı fəaliyyət lazımınca dəyərləndirilməlidir. İslamofobiya Pakistanın da üzləşdiyi əsas problemlərdən biridir. Ümumən İslam dininə qarşı aparılan əsassız ideoloji “səlib yürüşləri” digər xalqların gözündə İslamı və müsəlmanları gözdən salmağa istiqamətlənmişdir. Bunun isə Pakistan üçün geosiyasi anlamda nəticəsi ona qarşı potensial koalisiyaların çoxalması və nüvə silahının tərkisilah olunmasının tələb edilməsi ola bilər. Bir sözlə, Bakı Bəyannaməsi Azərbaycanın yaxın gələcək üçün hədəflədiyi geosiyasi məqsəd istiqamətində atdığı növbəti uğurlu addımdır.
Hər iki bəyannamənin təhlili göstərir ki, əvvəllər də mövcud olan yüksək əməkdaşlıq, tərəfdaşlıq münasibətləri bu sənədlər vasitəsilə ittifaqlıq zirvəsinə qalxaraq rəsmiləşdi. Bu isə regionda Azərbaycan üçün yeni inkişaf və möhkəmlənmə perspektivləri yaradır.
Tamam CƏFƏROVA,
Milli
Məclisin deputatı, tarix üzrə fəlsəfə
doktoru
Xalq qəzeti
2021.- 14 avqust.- S.4.