Milli-mənəvi dəyərlərimizə böyük ehtiram və sədaqət nümunəsi

 

Mehriban xanım Əliyeva 17 il bundan əvvəl, avqustun 13-də UNESCO-nun xoşməramlı səfiri seçilmişdir.

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. UNESCO və digər beynəlxalq qurumlarda milli mədəniyyəti bəşəriyyətə təqdim etmək və onun dünya mədəniyyəti xəzinəsinə töhfələrini sübut etmək çox çətindir. Bu, insandan dil bilgiləri ilə yanaşı, geniş dünyagörüşü və qaldırdığı məsələ haqqında ətraflı məlumata malik olmağı tələb edir. Mehriban xanımın 2004-cü il avqustun 13-dən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir.

 

Bu müddət ərzində Mehriban xanımın təşəbbüsü ilə ölkəmizin nadir mədəni irs nümunələrinin UNESCO tərəfindən qorunma altına alınması və tanınması istiqamətində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda müxtəlif səpkili tədbirlər həyata keçirilib, ay­rı-ayrı dillərdə nəşrlərin hazırlanaraq yayımlanmasına nail olub. 2010-cu ildə sədri olduğum “Azərbaycan xalçaçıları” İctimai Birliyinin 2010-cu ildə yaradılması bilavasitə Mehriban xanımın təşəbbüsü ilə baş vermişdir. Beləki, UNESCO-nun tələblərinə uyğun olaraq, qoruma altına alınan mədəni irs nümunəsini sənətkar icması təqdim etməli və bu nominasiya sənətin yaşadılmasına xidmət etməlidir. Bu nöqteyi-nəzərdən Azərbaycan xalçaçı­larını, dekorativ-tətbiqi sənət ustalarını öz ətrafında toplamış ictimai birlik Mehriban xanımın tapşırığı ilə Mədəniyyət Nazirliyi ilə birlikdə və Azərbaycan xalçaçılıq sənəti ənənəsinin UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısı”na daxil edilməsi üçün müvafiq sənədlər toplusunu tərtib etmiş və elə həmin il Mehriban xanımın səyi nəticəsində qəbul edilmişdir. Beləliklə, Azərbaycan xalçaçılıq sənəti qeyri-maddi mədəni irsin qorunması Beynəlxalq Konven­siyasının Hökumətlərarası Komitəsi yanında QHT forumunda “Azərbaycan xalçaçıları” İctimai Birliyi, aşıq sənəti isə “Aşıq Şəmşir mədəniyyət ocağı” İctimai Birliyi ilə uğurla təmsil olunur. Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyətinin milli mədəni irsimizin qorunub saxlanılması və təbliği istiqamətində birgə fəaliyyəti, Mehriban xanım Əliyevanın xoşməramlı səfir kimi gördüyü genişmiqyaslı işlərin bir hissəsidir.

 

Ölkəmizdə digər sahələr kimi, elm və mədəniyyətin inkişafında da ənənə ilə müasirliyin bir-birini tamamlaması, el sənətkarlarının təşviqi məqsədilə emalatxanaların yaradılması və varis­lik prinsipinin bərpa olunaraq tərəqqisi, bu yöndə icma əsaslı QHT-lərin ya­radılması Mehriban xanımın adı ilə bağlıdır. Belə ki, bu gün ölkə iqtisadiy­yatında qeyri-neft sektoruna daxil olan mədəniyyət sənayesinin təşəkkülü və genişləndirilməsi istiqamətində görülən işlər, innovativ həllərdə maddiqeyri-maddi mədəni irsimizə söykənərək atılan addımlar bunun bariz nümunəsidir.

 

Mehriban xanım Əliyevanın rəhbərliyi altında yerli və beynəlxalq ekspertlərin cəlb olunması ilə genişmiqyaslı araş­dırmaların aparılması, xüsusilə uzun müddət erməni işğalı altında qalmış abidələrimizin vəziyyəti haqqında müxtəlif təşviqat xarakterli materialların hazırlan­ması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük önəm kəsb edir.

 

Bütün bunlar isə milli mədəni və mənəvi dəyərlərə bağlılıqdan, Vətən sevgisindən, vətənpərvərlik duyğusun­dan və sərhədsiz mədəniyyətin kökündə duran xeyirxah məramlardan irəli gəlir. Biz bütün bunları Mehriban xanımın həm Azərbaycanda, həm də ölkəmizin hü­dudlarından kənarda mədəniyyətin, elm və təhsilin dəstəklənməsi, bərpası və inkişaf etdirilməsi istiqamətində işlərinə nəzər saldıqca tam aydın şəkildə gö­rürük. Mehriban xanımın bu sahədə fəaliyyəti dilindən, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edir, ən əsası isə onların hamısının kökündə inklüzivlik, əlçatanlıq dayanır. Bu isə onun xalqımızın ən gözəl keyfiyyətlərindən olan qayğıkeşlik, humanizm, xeyriyyəçilik və himayədarlıq nümunəsi yaratmasından və UNESCO ilə əməkdaşlıqda bu amalı önə çəkməsindən irəli gəlir.

 

UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura müsahibələrindən birində bildirib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq yaranmışdır. K.Matsuura diqqətə çatdırıb ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olun­masından bir qədər əvvəl qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu. Bu, eləcə də qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli töhfələr verdi: “Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir”.

 

Mehriban Əliyevanın UNESCO-nunISESCO-nun xoşməramlı səfiri olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev isə deyib: “Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda, səfiri olsun. Bu, eyni zaman­da, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasın­da sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə də çox önəmli töhfə verir”.

 

Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dia­loqun genişləndirilməsi yönündə böyük əhəmiyyətə malikdir. UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçı­lıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

2013-cü il 2-8 dekabr tarixlərində Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında isə tarixi­mizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan çövkən, yəni Azərbaycanda ənənəvi atüstü oyun UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bunun­la da dünya bu oyunu xalqımızın sahib olduğu mədəniyyətin vacib bir elementi kimi qəbul edib.

 

Öz növbəsində, UNESCO-nun baş direktoru İrina Bokova da Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında qənaətini belə ifadə edib: “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, UNESCO üçün şərəfdir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”.

 

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xalq rəssamı, Azərbaycan təsviri sənətini dünyada tanıtdıran mərhum Tahir Salahovun 90 illiyi münasibətilə onun əsərlərindən və bu əsərlər əsasında xalçaçı-rəssamların işlədikləri eskizlər üzrə toxunan xalçalardan ibarət sərgi açılıb. Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dəfələrlə nümayiş olunan sərgi böyük tamaşaçı marağı­na səbəb olub. Bakı Expo Mərkəzində sərginin açılışında Mehriban xanım Əliyeva şəxsən iştirak edib.

 

Mehriban xanım Azərbaycan xalça sənəti incilərinin Parisdə, UNESCO-nun mənzil-qərargahında dəfələrlə sərgilərinin təşkilinin təşəbbüskarı olub. Bu sərgilərdə xalça sənətindən bəhrələnən dekorativ-tətbiqi sənət nümunələrimiz, o cümlədən klassik ənənələrin yeni təqdimatları da öz əksini tapıb.

 

2019-cu il iyunun 30-da UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessi­yası Bakıda yüksək səviyyədə təşkil olu­nub, tədbirə dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndə qatılıb. Həmin il oktyabrın 31-də – Dünya Şəhərlər Günü münasibətilə UNESCO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Res­publikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhərinin adı şəbəkənin “dizayn” temati­kası üzrə siyahıya salınıb.

 

Ötən illər ərzində Azərbaycanın tarixi, maddi-mədəni irs nümunələri olan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siya­hısına, həmçinin Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçaçılıq sənəti, Azərbaycan tar ifaçılıq sənəti, Qarabağ atüstü oyun ənənəsi -- Çövkən, Azərbaycan kəlağayı sənəti, Lahıc misgərlik sənəti, Lavaş, Azərbaycan dolması, kamançanın Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsi, 2017-ci ildə isə Azərbaycanın Şəki şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siya­hısına salınması, UNESCO-nun nadir əsərləri sırasına Azərbaycanın maddiqeyri maddi-mədəni irsinin yer almasında Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

 

Azərbaycanın UNESCO üzrə Milli Komissiyası təşkilatın bütün prioritet istiqamətləri üzrə əməkdaşlıq etməklə, həm yerli dövlət qurumları və institutları, həm də digər dövlətlərin UNESCO üzrə milli komissiyaları ilə birlikdə çoxsaylı layihələr reallaşdırır.

 

Ölkəmizin UNESCO ilə ən vacib fəaliyyət istiqamətlərindən biri də erməni işğalçıları tərəfindən dağıdılmış nadir mədəniyyət inciləri haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması, eləcə də həmin abidələrin, mədəniyyət ocaqla­rının bərpası, qarət olunub respublikadan çıxarılmış sənət əsərlərinin qaytarılması məsələləridir.

 

Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizi ləyaqətlə qorumağı ba­caran, ölkəmizi həm də beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada nüfuz və hörmətə malik olan ictimai-siya­si xadimdir. Hörmətli Mehriban xanıma mədəniyyətimizin inkişafı və tanıdılması istiqamətində həyata keçirdiyi xeyirxah missiyasında yeni-yeni uğurlar arzulayırıq.

 

Röya TAĞIYEVA,

 

sənətşünaslıq elmləri doktoru, professor

 

Xalq qəzeti 2021.- 13 avqust.- S.3.