O, rənglərlə möcüzələr yaradırdı

 

Böyükağa Mirzəzadə – 100

 

 

Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətlər var. Ən əsası odur ki, onlar gözlə görünməyən cizgiləri belə rənglərin sehrinə çevirə bilirlər. Azərbaycanda bu sənətin çox görkəmli nümayəndələri yetişmişdir. Rəssamlıq sənətinə misilsiz töhfələr vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov və digər klassiklərin yaratdıqları məktəb layiqli davamçılarını yetişdirir. Onların sırasında XX əsr Azərbaycan təsviri sənətinin parlaq nümayəndələrindən biri, Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Mirzəzadənin də öz yeri, mövqeyi var.

 

Bu günlər yüzillik yubileyini qeyd etdiyi­miz bu görkəmli sənətkar 1921-ci ildə Bakı­da dünyaya göz açmışdı. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olub. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyib, sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

 

Hələ gənclik illərində rəngkarlıq, qrafika və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olmuşdur .

 

Əmək fəaliyyətinə Azərbaycan Rəssamlıq Texnikumunun müəllimi kimi başlayan Böyükağa Mirzəzadə digər görkəmli sənətkarlarımızla birlikdə milli rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulmasında və müva­fiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak edib. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan rəssam Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb, zəngin təcrübəsini, bilik və bacarı­ğını gənc rəssamların hazırlanması işinə sərf edib.

 

Onun yaradıcılığına müxtəlif dövrlərin Avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərmişdir. Bu görkəmli fırça ustası klassik ənənələrlə müasir stan­dartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırmışdır.

 

Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal işti­rak etmişdir.1950-60-cı illəri Böyükağa Mirzəzadə yaradıcılığında təşəkkül dövrü kimi qiymətləndirmək olar. Artıq 1950- ci illərdə onun yaradıcılığının aparıcı janrı müəyyən olunur. Portret janrında işləməyə üstünlük verən rəssam əsərlərində ifadəli poza, jest vasitəsilə qəhrəmanların siması­nı, onların fərdi xüsusiyyətlərini, xarakter və əhval-ruhiyyəsini dəqiqliklə əks etdirməyə nail olub. Böyükağa Mirzəzadənin zəhmət adamlarının həyatına həsr olunmuş tematik rəsmləri həyat reallığını əks etdirir.

 

Böyükağa Mirzəzadə neft mövzusu­na müraciət edərək, industrial mənzərə nümunələri yaradır. Eyni zamanda, yadda­qalan natürmortlar müəllifi kimi də tanınır.

 

1950-ci illərdə rəssam cəmiyyətimizin intellektual həyatında xüsusi yer tu­tan mədəniyyət xadimlərinin portret obrazlarının qalereyasını yaratmışdır. Bu portretlərdə rəssam obrazlarının daxili aləmini açmaq üçün təsvir etdi­yi şəxsiyyətləri səciyyələndirən bir sıra cəhətləri də vurğulamışdır. Təsvir olunan obrazların peşə fəaliyyətinə uyğun detallar, əşyalar və sair elementlər dəqiqliklə təsvir olunmuşdur. Bu baxımdan “Dirijor Niya­ziportreti xüsusilə maraqlıdır. Əsərdə qəhvəyi, boz, qara rəng qammala­rından ustalıqla istifadə olunması əsərin ifadəliliyinin artırılmasına və obrazın daxili aləminin dəqiq əks olunmasına şərait yara­dır. O, öz obrazını yaradıcılıq anında təsvir edərək, onun hiss və həyəcanını tamaşa­çıya dəqiqliklə çatdırmağa nail olmuşdur. Bu portret Azərbaycan təsviri sənətinin qızıl fonduna daxil olan əsərlərdəndir.

 

Böyükağa Mirzəzadə 70-ci illərdə bir daha portret janrına müraciət edir. O, yarat­dığı portretlərdə təsvir etdiyi şəxslərin xa­rakterik cəhətini və psixoloji xüsusiyyətlərini dəqiq ifadə etməyi bacarırdı. O, bir çox Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin portretləri üzərində işləyib. Onun portretlər qalereyasında “Azərbaycan Xalq artisti Ş.Bədəlbəylinin portreti” (1975), “Lətif Kərimovun portreti” (1978), “Rəqqasələr” (1973) , “Liananın portreti” (1973) və s. əsərləri qeyd etmək olar.

 

80-ci illərdə onun yaradıcılığının yeni xüsusiyyətləri üzə çıxır. Yaratdığı portretlərdə personajların sosial xa­rakteristikası öz yerini təkrarsız fərdi xüsusiyyətlərə və emosional ahənglərə verir. Bu dövr rəssamın diqqətini cəlb edən əsas mövzu qadın gözəlliyi və gəncliyidir. Belə portret əsərlərində dahi rəssam qadının daxili məlahətini ifadə etməyə can atırdı. Bu əsərlər arasında rəssamın “Həyat yoldaşının portreti” (1980), “Müğənni xanımın portreti” (1980), “Çiçəklər ilə qadın portretini (1980) qeyd edə bilərik.

 

Mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş portret qalereyasında “Səttar Bəhlulzadənin portreti” (1981) xüsusi yer tutur. Portretdə xalq rəssamı Səttar Bəhlulzadə öz emalatxanasında, divanda sərbəst əyləşmiş vəziyyətdə təsvir olun­muşdur. Rəssamın obrazı kompozisiyanın əsas hissəsini əhatə edir. Rəssam həmişə şəxsiyyətin gözəlliyini onun fəaliyyət sahəsi ilə üzvi bir vəhdətdə təsvir etməyə can atmışdır. Buna görə də əyləşdiyi divanın üzərində rəssamlar haqqında kitabların təsvirini görürük. Bu portret rəssamın gözəl rəng duyumunu nümayiş etdirir. Rəssam rahat oturuş tərzi və iti baxış­ları ilə tamaşaçının diqqətini özünə cəlb edir. B.Mirzəzadə həmişə olduğu kimi bu portrtedə də modelin daxili aləminə yol tapmağaonu mümkün qədər düzgün əks etdirməyə can atmışdır.

 

Böyükağa Mirzəzadə təsviri sənətin bir çox sahələri ilə - rəngkarlıq, qrafika, monumental divar rəssamlığı, eləcə də heykəltəraşlıqla məşğul olaraq yüksək sənət nümunələri yaradıb. Rəssamın fırçasının məhsulu olan natürmort və mənzərə janrında o cümlədən tematik, tarixi, ədəbi-bədii mövzulu əsərlər çoxluq təşkil edir. Azərbaycan torpağının füsun­kar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyini təşkil edib. Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları nikbinlikmilli qürur hissi aşılayır.

 

Rəssam teatr-dekorasiya sənəti sahəsində də ciddi uğurlar əldə edib. Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, digər muzeylərin ekspozisiyalarında nümayiş etdirilir.

 

Böyükağa Mirzəzadə Çexoslovakiya, Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuşdur. Xaricdə və ölkəmizdə onun bir çox fərdi sərgiləri keçirilmiş, əsərləri ölkəmizlə yana­şı, bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

 

Rəssamın sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, yüksək fəxri adla­ra, mükafatlara layiq görülmüşdür.

 

Bu görkəmli sənətkar 2007-ci ildə dünyasını dəyişmişdir. Onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi yaşayacaq­dır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti 2021.- 11 avqust.- S.7.