Qarabağ işığının pərvanəsi

 

Yarım əsrə yaxın yazarlıq fəaliyyətinin 38 iliniXalq qəzeti”nin Qarabağ bölgəsində xüsusi müxbiri işləmiş tanınmış yazıçı-jurnalist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Ziyəddin Sultanovun ərazilərimizin təcavüzkar Ermənistanın 30 illik işğalından azad edilməsindən 3 ay əvvəl dünyasını dəyişməsi doğmalarının və dostlarının, həmkarlarının və çoxsaylı oxucularının qəlbində necə böyük kədər və acı təəssüf doğurmuşdusa, 2020-ci il noyabrın 8-də Şuşaya Qələbə bayrağı sancılması ilə azğın düşmənin məğlubiyyətini gerçəkləşdirən böyük Zəfərimiz də bu ağır itkidən 3 ay sonra ağrılı könüllərimizdə bir o qədər təsəlli yaratdı, nisgilimizi ovundurdu.

 

Həmin günü hamıdan artıq arzulamış, gözləmiş və bu yolda 33 il yorulmadan qələm çalmış mərhum dostumuzun Qarabağ sarıdan nigaran ruhu çox keçmədi ki, rahatlıq tapdı. Əslində, Ziyəddin müəllim 33 illik Qarabağ münaqişəsinin ilk günlərindən, hətta düşmən güclü havadarlarının hərtərfli himayəsi ilə Azərbaycan torpaqlarını kənd-kənd, şəhər-şəhər, rayon-rayon ələ keçirib yağmaladığı, oda qaladığı, qəlbimizi dağladığı günlərdə də xalqımızın haqq işinin bir gün qalib gələcəyinə ümid və inamını bir an da itirməmişdi.

 

Qarabağ məğlubiyyətinin sarsıdıcı acısından sonra xalqımızın yeganə xilas yolu olaraq, ümummilli lider Heydər Əliyevi batmaqda olan gəmiyə bənzəyən Azərbaycanın idrəetmə sükanı arxasna gətirməsi hamı kimi Ziyəddin Sultanovun da bu sarsılmaz ümid və inamını tamamilə doğrultmuş, ulu öndərin bu mürəkkəb münaqişənin həlli ilə bağlı gerçəkləşdirdiyi düşünülmüş, məqsədyönlü, kompleks tədbirlərin yaratdığı sabitlik, həmrəylik, hərtərəfli inkişaf siyasəti onun çoxsaylı yazılarının əsas mövzusu olmuşdu. Böyük siyasət qrossmeysteri Heydər Əliyevin ordu quruculuğu, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməsi isə qəzetimizin cəbhə bölgəsi müxbirində Qarabağ Zəfərinin qaçılmazlığına qəti inam yaratmışdı.

 

Ziyəddin müəllimin davamlı olaraq Qarabağdan, düşmənlə üzbəüz məntəqələrdən göndərdiyi müxtəlif janrlı yazıların əksəriyyəti bu inamla və bölgə əhalisinin Ali Baş Komandanın əmri ilə yurdu xilas savaşına hazır olması əminliyi ilə tamamlanırdı. İllər boyu cəbhə bölgəsi müxbiri kimi püxtələşmiş, həmkarları arasında “Qarabağın baş yazarı” adı qazanmış Ziyəddin Sultanov 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək qüdrətini peşəkar qələminin gücü ilə onun imzasının mötəbərliyinə inanan oxuculara yüksək səviyyədə çatdırmışdı.

 

Həyatının son ayında, amansız xəstəliklə çarpışdığı günlərdə–2020-ci ilin İyul döyüşlərində düşmənin Tovuzla sərhəddə təxribatçı hücumunun rüsvayçı geriçəkilmə ilə bitməsi isə cəbhə müxbirinin 30 il gözlədiyi qələbənin artıq bir addımlıqda olduğu qənaəti yaratmışdı və bu öyünclü təəssüratını son yazılarında məxsusi sevinclə ifadə etmişdi.

 

Lakin amansz ölümöz sözünü dedi. Avqustun 12-də 40 ildən artıq bir müddətdə Ziyəddin Sultanov imzasına sevgiehtiram bəsləmiş oxucularımıza “Qarabağ salnaməsinin fədakar yazarı əbədiyyətə qovuşdu” başlıqlı nekroloqda bildirdik: “Azərbaycan jurnalistikasına ağır itki üz vermişdir. Avqustun 11-də tanınmış qələm sahibi, Əməkdar jurnalist, “Xalq qəzeti”nin Qarabağ üzrə bölgə müxbiri Ziyəddin Kamal oğlu Sultanov uzun sürən xəstəlikdən sonra ömrünün və yaradıcılığının məhsuldar dövründə dünyasını dəyişmişdir”.

 

Kollektivimizin imzaladığı matəm yazısı bu sözlərlə bitirdi: “Qoy, Qarabağda qazanacağımız Böyük Qələbə Ziyəddin Sultanovun torpaqlarımızın itkisi ilə göynəyən nisgilli, nigaran ruhuna tezliklə təsəlli olsun”.

 

Qarabağ Ziyəddin Sultanovun yurd sevgisinin qibləsi idi. Özü isə Qarabağ işığının odlara tapınan pərvanəsi idi. Ömrünün sonunadək bu sevgidən qaynaqlanan Qarabağ ağrısını dərin həssaslıq üstün qeyrətlə çəkdi. Pərvanə taleyi ilə də yurd sevgisinin əbədiyyətinə qovuşdu.

 

Peşəkar jurnalist fəaliyyətinin ilk onilliyində özünü yetkin yazar kimi tanıtmış Ziyəddin Sultanov qəzetimizin Xankəndidəki müxbir məntəqəsinə burada millətçi-separatçı meyllər gizli şəkildə yayılanda göndərilmişdi. Uşaqlığı və gəncliyi Ağdərənin erməni kəndləri ilə qonşuluqda keçdiyindən bu toplumun “kirvəlik” pərdəsi arxasındakı hiylə və dönüklüyünə yaxşı bələd idi. Buna görə də “xatalı” bölgədə xüsusi müxbirlik missiyasını ayıq-sayıqlıqla yerinə yetirdi. Erməni xəyanətkarların ilk açıq çıxışlarını da Xankəndidə qarşıladı. Bölgədə hadisələr faciəli məcraya qədəm qoyanadək müxbir postu Xankəndidə yerləşən Qarabağ üzrə bölgə müxbirimiz 1989-cu ildən fəaliyyətini Ağdamda, 1993-cü ildən sonra isə Bərdədə davam etdirməyə məcbur oldu.

 

Bir qərinədən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin canlı, operativ xronikası Ziyəddin Sultanovun silaha çevrilmiş qələmi ilə mükəmməl bir salnamə təşkil edir. Cəbhə bölgəsi müxbiri adını bütün ölçüləri ilə doğruldan Ziyəddin Sultanov bugünümüz və gələcəyimiz üçün qiymətli bir Qarabağ salnaməsi yaratmaq missiyasını yorulmaq bilmədən davam etdirmişdir. Onun bu materiallar əsasında hazırladığı “Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr...”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin” kimi kitablarda Qarabağ müharibəsində xalqımızın üzləşdiyi faciə və itkilərin bitkin mənzərəsini yaratmışdır.

 

Ziyəddin Sultanovun cəbhə yaradıcılığını nəzərdən keçirdikcə, o dəhşətli günlərin ağrı-acılarının, qan-qadalarının miqyasını, çəkisini yenidən hiss edib-anladıqca gözümüz önündə bu xronikanı söz-söz, cümlə-cümlə öz tale yazısı kimi ərsəyə gətirmiş döyüşçü-yazarın mətin, yetkin obrazı da canlanır. Bir daha əmin olursan ki, bu alovsaçan, qan qoxuyan xronikanın müəllifi xalqımızı ayıq-sayıqlığa, birliyə çağıran, düşmənə zərbə vurmağa ruhlandıran əsl cəbhə müxbiri olmuşdur.

 

Ağır xəstəlik, amansız ölüm Azərbaycan milli jurnalistikasının ən yaxşı ənənələri ilə tərbiyələnmiş Ziyəddin Sultanovu ürəkdən sevdiyi, möhkəm bağlandığı, yarım əsrlik bir müddətdə pillə-pillə ucaldığı fəaliyyət sahəsindən, doğmalarından və dostlarından vaxtsız ayırdı. Qarabağın bəlalı xronikasının baş yazarı əbədiyyətə tez qovuşdu. Onun həyat və yaradıcılıq yolu isə ötən ilin 44 günlük Vətən savaşı günlərində nəinki kollektivimizin, eləcə də informasiya savaşına qoşulan bütün yazarlarımız üçün örnək və stimul oldu.

 

Mərhum Qarabağ yazarı Ziyəddin Sultanovun işıqlı və əziz xatirəsi onu tanıyıb-sevən, qədirbilən insanların qəlbində yaşayır, arzu və əməlləri isə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın nəhəng quruculuq işlərinin gur nəbzi ilə gerçəkləşir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti  2021.- 11 avqust.- S.6.