Azad olunmuş ərazilərin
bərpası bizim orada
əbədi varlığımızı təmin edəcək
Gürcü yazıçısı Nodar Dumbadzeyə məxsus belə bir deyim var:
“Kimlərəsə qarşı haqsızlıq
edən kəsi əvvəl-axır təkcə haqqı pozulanlar yox, Tanrı da cəzalandırır.” Biz
bu müdrik kəlamın
həyatdakı təsdiqini otuz ilə
yaxın müddətdə böyük bir xalqa qarşı vəhşicəsinə
haqsızlıq etmiş, bir
milyona yaxın
soydaşımızın bütün
hüquqlarını tapdalamış, Xocalı
soyqırımını törətmiş, ərazilərimizin
iyirmi faizini xarabazara çevirmiş, bütün tarixi, mədəni
və dini abidələrimizi yerlə-yeksan
eləmiş ermənilərin timsalında gördük.
Ötən ilin payızında səbr kasası dolub-daşmış Azərbaycan tərəfindən rüsvayçı məğlubiyyətə uğradılmış Ermənistan dövləti kapitulyasiyadan ötən doqquz ayın bir gününü belə sakit, rahat yaşaya bilmir. Həm Koçaryan – Sarkisyan xunta rəhbərlərinin əli ilə zəlil günə salınmış, həm də Azərbaycan Ordusunun qətiyyətli addımları altında əzilmiş erməni xalqı ölkə rəhbərliyindən bütün bu bədbəxtliklərin səbəblərini soruşur. Təbii ki, İrəvan rəhbərliyi ermənilərin həmin suallarını cavablandıra bilməyəcək. Çünki bu xalqın indiki vəziyyətinin səbəbləri Ermənistan dövlətinin qonşu ölkələrə ərazi iddiaları, işğalçılıq siyasəti, terrorçuluq əməlləri, nəhayət, günahsız insanlara qarşı törədilmiş soyqırımı aktlarıdır.
Bu gün Ermənistanda aclıq, işsizlik, xaos, anarxiya, fərarilik, özbaşınalıq, qarşılıqlı ittihamlar, inamsızlıq, dövlətin xalqın taleyinə biganəliyi elə bir səvəyyəyə çatmışdır ki, artıq bu ölkədə heç bir tədbiri dava-dalaşsız başa çatdırmaq mümkün deyil. Təbii ki, istənilən tədbir yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün müzakirələr aparmaq məqsədilə təşkil edilir. Ancaq bu gün istənilən erməni elə əsəbi, emosional, narazı və küskündür ki, onunla müzakirə aparmaq mümkün deyil. Bu isə ölkəni daha ağır nəticələrə doğru aparır.
Bəs bu gün Azərbaycanda vəziyyət necədir? Bu sualın cavabını Prezident İlham Əliyev Kəlbəcərdə dilə gətirmişdir: “Biz isə indi genişmiqyaslı bərpa işlərinə start verdik. O cümlədən, Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda. Artıq bu işlərin bir hissəsi bu gün qeyd olundu – yarımstansiya fəaliyyətə başladı, su elektrik stansiyasının tikintisi ilə tanış oldum, Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyuldu, iki tunelin təməli qoyuldu və digər infrastruktur layihələri artıq icra edilməkdədir. Eyni zamanda, biz pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndərdik, ezam etdik, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verildi”.
Tanrı işğalçı dövlətin siyasətçilərinin və bədnam “ermənilik” xəstəliyinə tutulmuş sadə ermənilərin ağlını elə aldı ki, bu insanlar öz havadarlarının köməyi ilə işğal etdikləri Azərbaycan ərazilərində daşı daş üstündə qoymadıqdan sonra bütün infrastruktur qurğularını da məhv etdilər, meşələri qırıb yandırdılar və ya satdılar. İndi Azərbaycan rəhbərliyi həmin ərazilərdə ən müasir yollar çəkir, su elektrik stansiyaları tikir və məhv edilmiş ekologiyanın bərpası üçün müvafiq layihələr işləyib hazırlayır. Dövlət başçımızın dediyi kimi, bizim meşələrimiz ermənilər tərəfindən məhv edilib: “İndi bizim “Azərkosmos”un fotoları var – işğaldan əvvəl neçə min hektar meşə altında idi və indi nə qədərdir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar ... Kəsiblər, talayıblar, aparıblar. Eşitdiyimə görə orada parket işləri, bu biznes çox sürətlə gedirdi. Bu da talançılıqdır. Bu talançılığa görə də cavab verəcəklər. Bizim çaylarımızı zəhərləyiblər. Oxçuçay nə gündədir? Oxçuçay təbii fəlakətdir və onu zəhərləyən yenə də xarici şirkətdir. O şirkət də cavab verməlidir və verəcəkdir. Dəymiş hər bir ziyan hesablanır”.
Artıq dünyada hamı görür ki, azad edilmiş bütün torpaqlarda, şəhərlərdə, kəndlərdə indi monitorinq aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik.
Dünya, o cümlədən, ermənilər də görürlər ki, Azərbaycan Ordusunun işğalçı, talançı və qarətçi qonşularımızın əsarətindən azad etdiyi ərazilərdə daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək. Əlbəttə ki, Azərbaycan- Ermənistan sərhədində biz söz sahibiyik, qalib tərəfik. Təbii ki, bundan sonra da söz sahibi biz olacağıq.
Bu zaman xüsusilə qabardılmalı məsələlərdən biri də dövlət başçımızın sərəncamı ilə respublika üzrə 14 iqtisadi rayonun yaradılmasıdır. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi. Yəni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Prezident hesab edir ki, bu, çox düzgün addımdır: “Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq”.
Daha bir xüsusi məqam isə Füzuli rayonunun artıq yaddan çıxartmalı olduğumuz işğal günündə buradakı müasir səviyyəli beynəlxalq hava limanına Azərbaycan döyüş təyyarəsinin enməsi oldu. Ölkə mətbuatı yazır ki, “F 16”-lar üçün ideal imkanların yaradıldığı bu hava limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometr, eni 60 metrdir. Burada 8 hava gəmisinin dayanması mümkündür. Hərbçi ekspertlərin fikrincə, ora təkcə “F-16”-lar deyil, ağır tonnajlı hərbi yük təyyarələri də enə biləcək.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin yaydığı məlumata görə, 20-25 avqust tarixlərində Füzuli Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşlar həyata keçirilib. Həmkarlarımızın yazdığı kimi, xüsusi hərbi təyyarənin sınaq uçuşlarını uğurla həyata keçirərək, Füzuli Hava Limanının uçuş-enmə zolağına enməsi səhnəsi çox qürurverici idi: “Özü də sınaq uçuşlarının məhz bu ərəfədə, Füzulinin işğal olunduğu tarixdə həyata keçirilməsinin də rəmzi mənası var, bu faktın özü erməni işğalına, vandalizminə növbəti mükəmməl cavabdır!”
Yeri gəlmişkən, Prezident İlham Əliyev Laçında olarkən bildirdi ki, Füzuli, Zəngilan və Laçın aeroportları daha çox hərbi təyinatlı olacaq. Bu isə o deməkdir ki, Vətən müharibəsində Azərbaycanda olması ilə düşmən üçün göz dağına çevrilən qardaş Türkiyənin “F-16” tipli müasir qırıcıları vaxtaşırı yeni inşa olunaraq istifadəyə veriləcək bu aeroportlara enib-qalxmaq imkanı qazanacaq. Deməli, Azərbaycanın hər hansı hərbi müdaxiləyə dərhal və tutarlı cavab verməsi üçün lazımi şərait yaradılır.
Yəni, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bizim həmin şəhər, rayon və kəndlərimizdə əbədi yaşamağımız üçün mükəmməl bir zəmin formalaşdırır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti
2021.- 28 avqust.- S.3.