Həyata məna verən insanın əməlidir

(elegiya)

 

Bir müddət öncə aldığımız ağır bir xəbər hamımızı sarsıtdı: İlham Mazanlı vəfat edib. Bu acı xəbər bizim – İlhamı, haradasa yarım əsrlik bir müddətdə tanıyan və artıq ahıllıq dövrünü yaşayan tələbə yoldaşlarının, necə deyərlər, qəddini əydi.

 

İlhamla son görüşüm gözümün önünə gəldi. Ötən ilin əvvəlləri idi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində beynəlxalq jurnalistika kafedrasının dosenti işləyən İlham müəllim qabaqcadan zəng eləyib ya­nıma gəlmişdi. Hal-əhval tutduq. Mən soruşmasam da (hərçənd ki, bilirdim), neçə illər əvvəl keçirdiyi avtomobil qəzasından sonra səhhətində yaran­mış parkinson xəstəliyindən xilas ol­maq üçün edilən müalicələrin bir fayda vermədiyindən söz açdı. Əlavə etdi ki, artıq öyrəşmişəm, bu, həyatımın bir hissəsinə çevrilib, çox güman, öm­rümün sonunadək davam edəcək... Gəlişimin səbəbi isə başqadır, – dedi. – “Xalq qəzeti”ndə təcrübə keçəcək tələbələrimizin siyahısını gətirmişəm. Onlara qayğı göstərin, bəlkə bir şey alındı... “ Aralarında ümid verəni varmi?” – soruşdum. Mənalı-mənalı gülümsünərək: “Ümidsiz düşmənin olsun”, – dedi.

 

Çıxıb gedərkən İlham müəllim ayaq saxlayıb dedi:

 

– Hacı, üç ildən sonra tələbə kimi, ilk dəfə auditoriyaya qədəm basmağı­mızın 50 ili tamam olacaq. Xeyir-şər məclislərini çıxmaq şərti ilə indiyədək bir dəfə də olsun tələbə yoldaşlarımız bir yerə toplaşmamışıq. Ölüm-itim dünyasıdır, deyirəm, bəlkə yığışıb, heç olmasa, tanışlığımızın yarım əsrlik yubileyini qeyd edək. Buna indidən hazırlaşmaq lazımdır. Bundan əlavə, Sabirabadın Həşimxanlı kəndində balaca bir balıqçılıq təsərrüfatı yarat­mışam. Gölə bizim Göyçə balıqlarına oxşar xırda balıqlar tökmüşəm, artıb-çoxalıb. İnşallah, səninlə və ürəyimiz istəyən bir neçə dostla bərabər gələn payızda gedib baxarıq. O vaxtadək, yəqin ki, pandemiaya da qurtarar... “İnşallah” – dedim.

 

... Aldığım üzücü xəbərin doğurdu­ğu təəssüratı sosial şəbəkədə – Fa­cebook səhifəmdə aşağıdakı şəkildə paylaşdım:

 

“Yaxından tanıdığım, biliyinə-savadına, qanacağına-qabiliyyətinə, kübarlığına... və bunların hamısının cəmləşdiyi şəxsiyyətinə çox böyük hörmət bəslədiyim İlham Mazanlı da getdikcə seyrəkləşməkdə olan sırala­rımızı tərk etdi. O, Allahın dərgahına bizdən əvvəl qədəm basdı. Yeri behişt olsun! Mənim tanıdığım İlham Mazanlının müsbət keyfiyyətlərinin təməlində onun doğulub-böyüdüyü Abbas müəllimin ailəsindən aldığı tərbiyənin təsiri, mükəmməl bir kübar­lıq dayanırdı. Fikrimcə, bu dünyada olduğu kimi, haqq dünyasında da onu uca məqam gözləyir. Ona görə belə inamla deyirəm ki, bu dünyadakı heç bir hərəkətimiz – sözümüz, əməlimiz unudulmur, ən xırda detallarına qədər haqq-hesab dəftərimizə yazılır. İlham da bu dünyada nümunəvi ömür sür­müşdür. Yaxşını-yamanı, halalı-haramı nəzərə almış, xeyirxahlığı, əl tutmağı, ehtiyacı olana kömək etməyi yaşam tərzinə, həyat kredosuna çevirmişdi. Bu da ki, Rəbbimizin bəyəndiyi əməllər olduğundan İlhamın haqq dünyasında­kı son mənzili cənnət olar, inşallah!”

 

Çox keçmədi ki, statusum dost-tanışın diqqətini cəlb elədi: çox sayda bəyənənlər və rəy yazanlar oldu. Həmin rəylərdən yeri gəldikcə fakt kimi istifadə edərək, İlham Mazanlının keçdiyi həyat yoluna işıq salmağa çalışdım.

 

İlham Abbas oğlu Mazanlı 1956-cı il fevralın 11-də Qərbi Azərbaycanda – Göyçə mahalının Cil kəndində dünya­ya göz açıb. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Elə ilk günlərdən yüksək mədəniyyəti, nəcibliyi, qayğıkeşliyi və məsuliyyəti ilə diqqəti cəlb edən İlham tələbə yoldaşları arasında hörmət qazanıb və bu, müəllimlərin də diqqətindən yayınmayıb. Onu 630-cu qrupun “başqanı” seçiblər və universi­teti bitirənədək – 1978-ci ilədək həmin postda qalıb.

 

Haşiyə. Tələbə yoldaşı, Əməkdar mədəniyyət işçisi Bəyalı Rzayevin sosial şəbəkədəki qeydlərindən: “Bir dəfə elə nəcib hərəkət etdi ki, özümü saxlaya bilməyib dedim: “ İlham, sən bir qanadsız mələk kimi bizim aramıza düşmüsən. Yaxşı ki, qanadın yoxdur, yoxsa tez üçüb gedərdin.” İndi İlhamı itirərkən 45 il əvvəl dediklərimi xatırla­dım. Dostumuzutez itirdik. İnsan qanadsız da uçurmuş...”

 

1991-ci ildə Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyası­nın aspiranturasını bitirib. Elə həmin il “Mətbuat millətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimimöv­zusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi olub. Son illərdə “Söz azadlığı və informasiya hüququnun KİV-lə həyata keçirilməsinin sosial-siyasi aspektləri” mövzusunda doktorluq dissertasiyasi üzərində işləyirdi.

 

Əmək fəaliyyətinə Bakı Ali Par­tiya Məktəbində başlayıb. Sonralar “Azərbaycan kommunisti” jurnalında, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, Gənclər və İdman Nazir­liyinin Beynəlxalq Əlaqələr İdarəsində, Azərbaycan Respublikasının Nazirlər Kabinetində müxtəlif vəzifələrdə işləyib. 2001 – 2011-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyində Miqrasiya İnformasiya Mərkəzinin direktoru olub.

 

“...O vaxt mən “Xalq qəzeti”ndə Siyasət və Sosial Problemlər re­daksiyasının müdiri işləyirdim. Məni nümayəndəliyə çağırıb, miqrasiya təşkilatının Azərbaycandakı fəaliyyəti ilə bağlı bir layihənin qəzetdə işıq­landırılması ilə bağlı onlara kömək etməyimi məsləhət gördü. Bu, mənim üçün asan idi. Buna görə təşkilatdan hər ay ödənilən məbləğ isə az deyildi. Mən onu İlhamla bölmək istədim. Bərk incidi...”

 

İlham Mazanlı 2003-cü ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində pedaqoq kimi fəaliyyətə başlayıb. Tədris etdiyi fənlər “Jur­nalistikamüasir dövrün qlobal problemləri” və “Xarici ölkələrin müasir KİV sistemləri” idi.

 

İlham müəllimin sonradan təhsil aldığı Moskva mühiti, habelə dünya­nın qabaqcıl ölkələrində – ABŞ-da, Almaniyada, Belçikada, Danimarkada, İsveçrədə... iştirak etdiyi konfranslarda, treninqlərdə və kurslarda öyrəndikləri onun pedaqoq kimi fəaliyyətində özünü büruzə verir, mühazirə və seminarlara fərqli yanaşmaları ortaya qoyur, inno­vativ metodlardan istifadə edirdi.

 

Tələbəlik dostu və müəllim həmkarı, professor Qulu Məhərrəmli: “İlhamla tələbə yoldaşı ol­muşuq. Hələ o illərdə özünün nəcibliyi, yüksək mədəniyyəti, insanlara xeyir­xah münasibəti ilə fərqlənirdi. Tələbə kimi çox çalışqan idi, yaxşı oxuyurdu, müəllimlərimiz onu bizə nümunə göstərirdilər. Tale elə gətirdi ki, son­ralar biz İlham müəllimlə BDU-da öz fakültəmizdə birgə çalışmalı olduq. Çox yüksək intellektual səviyyəsi, elmi təfəkkürü və pedaqoji ustalığı ilə ha­mının rəğbətini qazanmışdı. Tələbələr onu xüsusilə çox sevirdilər. Tədqiqat mövzusu olan beynəlxalq informasiya sahəsində ən yaxşı mütəxəssislərdən idi. Bir neçə kitabında mənim haqqım­da da yazıb və həmişə zarafatla “səni tarixə salıb əbədiləşdirmişəm” deyirdi. Dostluqda, şəxsi münasibətdə çox səmimi və etibarlı idi”.

 

Qulu müəllim İlham Mazanlınin alim-pedaqoq kimi fəaliyyətindən – ki­tablarından söz açdı. İlham 11 kitabın, yüzdən artıq elmi-nəzəri məqalənin, çox sayda metodik göstəriş və proq­ramların müəllifidir. Onun qələminin məhsulu olan kitablar barədə ayrıca danışmaq lazım gəlir. İlham müəllimin jurnalistikamüasir dövrün ayrı-ay­rı sahələr üzrə qlobal problemlərinə həsr olunmuş elmi tədqiqatları, söz azadlığı və informasiya təhlükəsizliyi, KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsinin faktoru kimi... və sair mövzularda ki­tabları o qədər lakonik, sadə və aydın dildə, maraqlı forma və məzmun bağlı­lığı ilə qələmə alınmışdır ki, oxumadan yerə qoymaq istəmirsən. Onu da qeyd edək ki, bu əsərlərin əksəriyyəti son illərə – İlham müəllimin xəstəliyə tutul­duğu dövrə aiddir.

 

Təcrübə göstərir ki, uğursuzluğa düçar olan imanlı, mərd insan ruhdan düşmür, özünü itirmir. Həyatında baş verənləri Tanrının sınağı kimi qəbul edir. Hətta, hər cür təhlükəyə, ən ağır xəstəliyə belə cəsarətlə sinə gərir, əyilmir, sınmır, diz çökmür. İlham müəllim kimi...

 

İlham müəllim ömrünün 67-ci ilində dünyadan köçdü. Bu azdır, ya çoxdur – deyə bilmərik. İnsana verilən ömür payı Allahın qədər-qismətidir. Ondan da az yaşayan dost-tanışlarımız, tələbə yoldaşlarımız olub, çox yaşa­yanlar da var.

 

Digər tərəfdən, ömrün dəyəri, sadəcə, yaşanmış illərin sayı ilə ölçül­mür, ondan necə istifadə olunması ilə müəyyənləşir. Deməli, insanın ömrünü yaşanmış günlərin, ayların, illərin miq­darı yox, onun xeyirxah əməlləri, haq­qın tərəfini saxlaması, ədalətli olması, yaddaqalan, unudulmağa qoymayan hadisə və faktlarla zənginliyi bəzəyir. İlham Mazanlının ömür yolunda belə hadisə və faktlar kifayət qədərdir. BDU-nun jurnalistika fakültəsinin müəllimi Əli Hacıyev: “İlham müəllim Sabirabadın Həşimxanlı kəndi ca­maatının rahat gediş-gəlişi üçün öz vəsaiti hesabına kanalın üstündən bir körpü saldırdı. Həşimxanlılar, həmçinin yaxın kəndlərin sakinləri də indi həmin körpüdən keçərkən ona rəhmət oxu­yurlar”.

 

İnsanın şəxsiyyət kimi formalaşmasında, şübhəsiz ki, valideyn amili, ailə tərbiyəsi mühüm rol oynayır. Bu mənada statusumda İlham Mazanlının xarakterindəki dəyərlərin təməlində atası Abbas kişidən aldığı tərbiyənin təsiri barədə dediklərim bəzi rəylərdə müdafiə olunur. “Xalq qəzeti” redaksiyasında siyasi qrupun rəhbəri, Əməkdar jurnalist Hacı İttifaq Mirzəbəylinin sosial şəbəkədəki fikirləri də bu mənada maraqlıdır:

 

“Ötən əsrin doxsanıncı illərində İlham Mazanlının atası Abbas müəllimlə İranda on günlük səfərdə olmuşam. Dəyərli ziyalı, əsl el ağ­saqqalıdır. Mənim tanıdığım Abbas müəllimin oğlu, sizin tanıdığınız İlham Mazanlı kimi kübar olmalıdır. Başqa cür ola bilməz”.

 

Cümə axşamlarının birində İlham müəllimin Buzovnadakı evinə yas məclisinə getmişdik. Pandemiyaya görə tünlük olmasa da, gəlib-gedənlər az deyildi. İlham kimi oğulu itirmiş Abbas kişi özünü nə qədər toxtaq tutub yas məclisini yola verməyə çalışsa da, onun bu ağırlığın altında nələr çəkdiyini duymamaq mümkün deyildi. Onu neçə onilliklər əvvəldən mən də şən əhval-ruhiyyəli, maraqlı söhbətləri bitib-tükənməyən ağayana bir kişi kimi tanıyırdım. İndi isə mənə yanğından çıxmış meşənin ortasın­da rüzgarın od-alovundan qarsılmış, lakin müvazinətini itirməyib saxlamış nəhəng bir palıd ağacını xatırladırdı. O, başına gələnləri Uca Yaradanın qədər-qisməti kimi qəbul edirdi. Bilirdi ki, həyatın qanunudur: gələnlər gedir, doğulanlar bu fani dünyadan köç edir, axirət dünyasına qovuşur. Yəni, ölüb birdəfəlik sıradan çıxmır, əbədi yolçuluğa davam edir. Onun Haqqın dərgahında necə qarşılanacağını isə bu dünyada gördüyü işlər, etdiyi əməllər müəyyən edir. Bu sarıdan Abbas müəllimin ürəyi sakitdir.

 

Hacı Qüdrət PİRİYEV

 

Xalq qəzet  2021.- 4 avqust.- S.6.