Azad edilmiş ərazilərdə
bərpa işləri uğurla davam etdirilir
Bu gün düşməndən azad olunan torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel şəkildə infrastruktur layihələri də reallaşdırılır. Ərazilərin elektrik təchizatı istiqamətində geniş miqyası tədbirlər həyata keçirilir, həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir. Füzuli rayonundakı Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də yerinə yetirilməsi nəzərdə tutulur. Artıq aeorovağzal binasının tikintisində beton işləri demək olar ki, 80 faiz yekunlaşıb. Liman kompleksinin bu ilin sonuna kimi tam istifadəyə verilməsi proqnozlaşdırılır. Hazırda hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş zolağında üst qat zolağı vurulur. Bəzi hissələrdə isə konstruksiyanın alt qat layı vurulur.
Liman kompleksinin sükan yolunun asfalt qatı vurulması üçün konstruskiya işləri tamamlanıb, yaxın zamanlarda asfalt örtüyün çəkilməsinə start veriləcək. Həmçinin sahəsi 60 min kvadratmetr olan, 8 hava gəmisini saxlaya biləcək peronda tamamlanma işləri görülür. Bina və qurğularda da işlər davam edir. Terminal hissədə ümumi olaraq işlər 70 faiz yerinə yetirilib, metal konstruksiyası işləri 100 faiz tamamlanıb, dam örtüyündə üzlənmə işləri aparılır.
Uçuşların enməsinin təmin olunması üçün aeronaviqasiya avadanlıqları alınaraq quraşdırılıb, gecə uçuşlarının idarə olunması üçün işıq siqnalları quraşdırılır. Ümumiyyətlə, işıq sisteminin 90 faizə qədəri yerinə yetirilib. Uçuş-enmə zolaqları sentyabrın 5-də tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək.
Bundan başqa asfalt örtüyünün vurulması üçün yaxınlıqda iki asfalt zavodu da inşa olunub. Limanın elektrik təminatı üçün elektrik xətti çəkilərək transformator yarımstansiyası quraşdırılıb. Bundan başqa, iki ədəd artezian quyusu qazılıb və suyun analizləri aparılıb. Aerovağzal 400 tona qədər ağırlığı olan hava gəmilərini qəbul edə biləcək.
Düşməndən təmizlənən torpaqlarda nəqliyyat sektoru üzrə ərazilərin minalardan təmizlənməsi də diqqət mərkəzində saxlanılır. Təmizləmə işləri üç üsulla–əl ilə, mexaniki və xüsusi təlim keçmiş itlər vasitəsilə aparılır. Ümumilikdə indiyədək kimi 3500 hektar ərazidən 20 minə yaxın mina və silah-sursat aşkar edilərək zərərsizləşdirilib.
Zəfər yolunda da işlər sürətlə aparılır. Yolun sentyabr ayında istifadəyə verilməsi planlaşdırılıb. Hazırda yolun əsas tikintisi ilə yanaşı, digər inşaat işləri aparılır. Belə ki, 2-ci texniki dərəcəyə uyğun olan yolun hərəkət hissəsi 7 metr, torpaq yatağı isə 11-12 metr təşkil edir. Yol üzərində 168 ədəd müxtəlif diametrli borular quraşdırılıb və yeraltı keçidlər inşa olunub. Ümumi uzunluğu 351 metr olan 4 ədəd körpünün inşası davam edir. Yol yatağı demək olar ki yekunlaşmaq üzrədir. Yolun 0-20-ci kilometr və 40-45-ci kilometrində asfalt işləri görülüb. Yol üzərində 11 yerdə uzunluğu 1423 metr olan istinad divarları tikilib.
Ümumiyyətlə, azad edilən ərazilərdə 10-dan çox avtomobil yolunda işlər aparılır. Xüsusilə vurğulamaq lazımdır ki, Horadiz-Ağbənd və Ağdam-Bərdə dəmir yolu xəttində də işlər davam edir. Həmçinin rabitə infrastrukturunda da böyük işlər görülüb. 1400 kilometrdən çox optik kabel çəkilib.
Ölkə rəhbərinin müvafiq sərəncamına uyğun olaraq yaradılan Əlaqələndirmə Qərargahı çərçivəsində işçi qrupları uğurla fəaliyyət göstərirlər. Qərargahın nəzdində 11 işçi qrup var, 72 dövlət qurumunun 150-dən çox nümayəndəsi təmsil olunur. Əvvəllər bu qruplar öz fəaliyyətlərini Bakı şəhərində yerinə yetirirdilərsə, qəbul olunan qərara əsasən artıq iclaslar işğaldan azad olunan ərazilərdə reallaşdırılır.
Düşməndən təmizlənən ərazilərdə enerji sisteminin bərpasına da mühüm önəm verilir. İndiyədək gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında təmir-bərpa işləri başa çatdırılaraq istifadəyə verilib.
Bu stansiyalar Suqovuşan və Talış kəndlərinin enerji tələbatını ödəyəcək, eyni zamanda, “Azərişıq” ASC-nin 35/10 kilovoltluq yarımstansiyası vasitəsilə elektrik enerjisi şəbəkəsinə qoşulacaq və gələcəkdə ümumi elektrik enerjisi təminatına töhfə verəcək.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq “Azərenerji” ASC tərəfindən işğaldan azad edilmiş bütün ərazilərdə elektroenergetika infrastrukturunun yaradılmasına başlanılıb və respublika enerjisinə inteqrasiya istiqamətində Qarabağ Enerji Strategiyası hazırlanıb. Bu strategiyada hər bir rayonda 110 kilovoltluq yarımstansiyanın tikintisi və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyası nəzərdə tutulub. Qarabağda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq, artıq “Azərenerji” ASC Ağdam rayonunda 110 kilovoltluq iki yarımstansiyanın tikintisinə başlayıb.
Hazırda bu yarımstansiyaların elektrik təchizat şəbəkəsinə qoşulması üçün “Xındırıstan” yarımstansiyasından 110 kilovoltluq, 40 kilometr uzunluğunda xətt çəkilir. Qarabağ Enerji Strategiyasına əsasən, işğaldan azad olunan bütün rayonlarda bu ilin sonuna kimi yarımstansiyaların fəaliyyət göstərəcəyi gözlənilir.
Yeri gəlmişkən, Füzulidə ölkə başçısının iştirakı ilə yarımstansiya açılıb, daha əvvəl Şuşada 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı həyata keçirilib.
Qeyd edək ki, “Azərenerji” ASC tərəfindən kiçik su elektrik stansiyalarının bərpası istiqamətində də işlər davam edir. Dövlətimizin başçısının iştirakı ilə istismara verilən ilk infrastruktur layihəsi kimi Laçın rayonu ərazisində “Güləbird” Su Elektrik Stansiyası bunun bariz ifadəsidir. Eyni zamanda, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərdə yeni yarımstansiyaların tikintisi davam edir. Kəlbəcərə Daşkəsəndən yeni 110 kilovoltluq xətt çəkilir.
Qarabağda energetika sisteminin bərpasından söz düşmüşkən, ölkə Prezidentinin Daşkəsəndə “AzerGold" QSC-nin Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olduqdan sonra Azərbaycan Televiziyasına müsahibəsindən bir məqamı da xatırlatmaq istərdik. Dövlətimizin başçısı həmin müsahibədə deyib: “Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları. Ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyasını ki, Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət verəndən sonra onları yandırıb dağıtmışdılar. Beləliklə, bu, əsas məsələdir. Çünki bu olmasa, heç bir inkişafdan söhbət gedə bilməz”.
Müsahibəsində bundan sonra yaşıl enerji layihəsinin icra ediləcəyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, artıq bir xarici şirkət tərəfindən maraq göstərilib. “200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır”, - deyə Prezident vurğulayıb.
İndi dünyanın müxtəlif enerji şirkətlərinin öz prioriteti üçün bərpaolunan enerjini təsbit etdiklərini deyən ölkə rəhbəri bildirib: “Biz onları da dəvət edirik, gəlsinlər, investisiya qoysunlar. Bizim şaxələndirilmiş enerji şəbəkəmiz var, bizim bütün qonşu ölkələrlə Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətlərimiz var. Biz istənilən yerə enerjini ötürə bilərik. Məsələn, biz İrana indi ixrac edirik, Rusiyaya həm ixrac edirik, həm idxal edirik, amma daha çox ixrac edirik. Eyni zamanda, Gürcüstana, Türkiyəyə ixrac edirik”.
Onu da qeyd edək ki, düşməndən təmizlənən ərazilərin bərpası dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi ilə reallaşdırılır. Qarabağda “ağıllı kənd” layihəsi icra olunur. Bu konsepsiyanın həyata keçirilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Cari il aprelin 19-da isə dövlətimizin başçısı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Birinci Ağalı və İkinci Ağalı kəndlərinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və hazırda tikinti işləri davam etdirilir.
Xatırladaq ki, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının əsas ideyası yaşayış məntəqəsinin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Həmin ərazidə göstərilən xidmət və yerləşən obyektlərin fəaliyyəti nəticəsində formalaşan və müvafiq qərarların real vaxt rejimində qəbul olunması üçün lazım olan məlumatlar informasiya-kommunikasiya və Əşyaların İnterneti (İoT) texnologiyalarından istifadə edilməklə toplanaraq istifadə olunur.
Ümumiyyətlə, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının mahiyyəti informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə daha yüksək dövlət xidməti, operativliyin artırılması, məlumatların ictimaiyyətlə bölüşdürülməsi, eyni zamanda, “ağıllı” texnologiyalardan və məlumat təhlilindən istifadə edərək vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdır.
“Ağıllı kənd” çərçivəsində görülən işlər barədə onu deyə bilərik ki, Zəngilanda icra edilən adıçəkilən pilot layihə əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, “ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də “ağıllı” texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.
Yeri gəlmişkən, aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub. Bununla da ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.
Qarabağda reallaşan infrastruktur layihələri beynəlxalq yükdaşımalar baxımından da mühüm önəm daşıyır. Hazırda Füzulidə Horadiz şəhəri ilə Zəngilan rayonunu birləşdirən dəmiryol xəttinin inşası davam etdirilir. Bu dəmiryol xətti də Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Başqa sözlə, Qarabağda formalaşan nəqliyyat infrastrukturunun, o cümlədən Azərbaycanda reallaşmış nəqliyyat sisteminin işğaldan azad olunan ərazilər vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası mümkün olacaq.
Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə qovuşacaq. Nəticədə Füzuli rayonunda formalaşan infrastruktur beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmaqla daha çox yük və sərnişindaşımalar imkanı əldə edəcək.
V.BAYRAMOV
Xalq qəzeti
2021.- 4 avqust.- S.5.