Şuşanı adında yaşadan sənətkar

 

Azərbaycanda muğam ifaçılığı sənətimizin görkəmli nümayəndəsi, ustad xanəndə Xan Şuşinskinin anadan olma­sının 120 illik yubileyi keçirilir. Onun adını öz dilimizdə Şuşalı Xan, daha dəqiqi Şuşanın Xanı kimi ifadə etmək olar. Bu təxəllüsün ərdəbilli xanəndə Əbülhəsən xan İqbalın adının təsiri ilə yaranması haqqında rəvayət dildən-dilə dolaşsa da, doğrusu budur ki, həmin adla məşhurlaşmış İsfəndiyar Aslan oğlu Cavanşirov Qarabağ xanlı­ğının banisi, Şuşa qalasının binasını qoymuş Pənahəli xan Cavanşirin törəməsi, sözün həqiqi mənasında Şuşanın xanı idi.

 

Şuşa şəhəri işğaldan azad olunandan sonra dövlət başçımızın sərəncamı ilə ölkəmizin mədəniyyət paytaxtı elan edildi. Şuşanın milli tariximizə bəxş etdiyi görkəmli mədəniyyət xadımləri sırasında ilk yerlərdən birini ulu muğam sənətimizi böyük ustadı Xan Şuşinskidir. Şuşanı adında yaşadan, adı Şuşanın simvoluna çevrilmiş məşhur xanəndənin “Şuşanın başı dumanlı dağları”ndan Səməd Vurğun demiş, “səmalara havalanan səsi”, möhtəşəm, ifaçılıq məharəti onun adının Azərbaycan muğam ifaçılığı məktəbinin təşəkkülündə və inkişafında əvəzsiz rol oynamış boyük ustadların -- Hacı Hüsü, Keçəcioğlu Məhəmməd, Şəkili Ələsgər, Segah İslam, Məcid Behbudov, Məşədi Məmməd Fərzəliyev, Əbülhəsən xan İqbal, Cabbar QaryağdıoğluSeyid Şuşinskinin adlarını ilə bir sırada çəkilməsinə əsas verir. Şöhrəti doğma yurdumuzdan xeyli uzaqlarda yayılmış bu muğam korifeyləri arasında Xan Şuşinski ən yüksək, ən şərəfli yerlərdən birini tutur. Xoşbəxtlikdən Xan bu danılmaz həqiqəti hələ çox gənc ikən düzgün dərk etmiş, Ulu Yaradanın ona səxavətlə bəxş etdiyi böyük yaradıcılıq istedadından maksimum dərəcədə yararlanaraq, milli ifaçılıq sənətimizin ən uca zirvələrini fəth edə bilmişdir.

 

Məlumdur ki, məlahətli səs, yüksək ifaçılıq məharəti, iti musiqi hafizəsi, muğamların xarakterinə uyğun şeir-qəzəl seçmək bacarığı, xalq musiqisi nümunələrinin melodiyalarını düzgün ifadə etmək qabiliyyəti, bu sənət incilərinin gözəl təfsirini vermək istedadı və nəhayət, əla qaval vurmaq ustalığı xanəndəlik sənətinin əsas şərtlərindəndir. Bu şərtlərdən ən vacibi isə, şübhəsiz, zəngin ifadə keyfiyyətlərinə və geniş diapazona malik səsdir. Əgər xanəndənin belə bir səsi yoxdursa, o, nə qədər mahir ifaçı olursa-olsun, dinləyicilərə yüksək estetik zövq verə bilməz. Əlvan çalarlı muğamlarımızın, təsnifxalq mahnılarımızın bütün incəliklərini yalnız bu cür yüksək keyfiyyətlərə malik səs vasitəsilə həssas və tələbkar musiqi həvəskarlarına çatdırmaq olar.

 

Xalqımızın böyük hörmət və məhəbbətini qazanmış Xan Şuşinski hər bir xanəndə üçün zəruri olan həmin bədii xüsusiyyətləri öz ifasında üzvi şəkildə birləşdirmişdi. Bir vokalçı kimi, sözün əsl mənasında, qeyri-adi -- iki oktava yarımdan da bir qədər artıq diapazonlu səsə malik olan Xanın ifası dinləyiciləri heyran edirdi. Səsin təbii zənginliyinə, təmizliyinə, və qeyri-adi tembr gözəlliyinə görə heç kəsi onunla müqayisə etmək olmazdı. Müasirlərindən Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski istisna olunmaqla, heç kimin səsi Azərbaycan muğamlarının milli ruhunu, nikbinmübariz xarakterini, bu möhtəşəm sənət abidələrində öz əksini tapmış coşqun emosiyaların, çılğın ehtirasların dramatik mübarizəsini, nəcib, saf duyğuların incəliklərini, insanları yaşamağa, yaratmağa, xoşbəxt gələcək qurmağa çağıran əzəmətli ahəngini və əlvan musiqi çalarlarını bu cür fövqəladə qüdrətlə ifadə etmək iqtidarında deyildi. Çünki bu səsdə qeyri-adi gözəllik və nadir məlahət, heyrətamiz elastiklik və rəvan axıcılıq, coşqun dramatizm və həzin lirizm harmonik surətdə birləşmişdir.

 

Xanın səsi geniş diapazon çərçivəsindəki bütün registrlərdə hamar və səlis idi. Bu səs hətta ən yüksək notlarda belə qışqırığa çevrilməz, öz melodik ahəngini, təbii dolğunluğunutembr gözəlliyini saxlayardı. Xan ifası texniki cəhətdən çox çətin olan irihəcmli muğamların ən zil şöbələrini elə asanlıqla oxuyardı ki, nə səsində, nə də simasında bir gərginlik əlaməti duyulmazdı. Bütün bunlar Xanın səs imkanlarının hədsiz dərəcədə genişliyinə dəlalət edirdi. Onun hər ifasında vokal potensialının böyüklüyü əyani surətdə görünərdi.

 

Xanın səsində, sanki, sehrli bir qüvvə vardı. Bu səs dinləyicilərin şüurunda gözəllik aləminin bədii assosiasiyasını yaratmaq qüdrətinə malik idi. Məsələn, xanəndə “Rast”, “Şur”, “Segah” muğamlarını, xüsusən də “Qarabağ şikəstəsi”ni oxuyan zaman bu cəhət xüsusilə açıq-aydın duyulur. Gözəl səslə əla ifaçılıq məharətinin siqlətindən qol-qanad açan bu əvəzsiz vokal nümunələrinə qulaq asarkən, xəyalımızda doğma Azərbaycan təbiətinin təkrarolunmaz gözəl mənzərəsi bütün əzəmətilə canlanır. Bütün bunlar ona görədir ki, bu səsdə bir doğmalıq, dərin səmimiyyət var, çünki bu səsdə milli ruh, milli kolorit çox güclüdür.

 

Xan Şuşinski öz vokal potensialından tam gücü ilə istifadə etmək üçün yeni bədii üsullar, texniki priyomlar tapmış və onlardan ustalıqla yararlana bilmişdi. Sənətkar səsini məharətlə idarə etməyi, oxuduğu muğam, təsnif və xalq mahnılarına yeni nəfəs verməyi, yeni xallar vurmağı bacarırdı.

 

Xan “Mahur-hindi”,”Mirzə Hüseyn segahı” və “Qarabağ şikəstəsi”ni bütün həmkarlarından daha yüksək səviyyədə ifa etmişdir. Xanəndənin həmin muğamlarda işlətdiyi texniki priyomlar misilsizdir. Məsələn, onunRast” və “Mahur-hindi” muğamlarının ən zil dramatik şöbəsi olan “Əraq”da hissedilmədən “sinə” registrindən “baş” registrinə keçməsi, falset üsulu vasitəsilə tarın son dərəcə yüksək pərdələri üstündə heyrətamiz bir sərbəstliklə oxuması, ”Qarabağ şikəstəsi”nin sonunda möhtəşəm fermato (səsin müəyyən bir pərdə üstündə xeyli uzadılması) nümayiş etdirməsi və nəhayət, ”Mirzə Hüseyn segahının “Mübərriqə” şöbəsinin kulminasiya nöqtəsində olduqca yüksək tonlarda nəfəsinə ara vermədən bir neçə formada yeddi-səkkiz dəfə itişaqraq zəngulələr vurması, bu mürəkkəb, lakin effektli üsulla “Segah”ın “mayə”sinə qayıdıb onu məntiqi surətdə tamamlaması, şübhəsiz, ifaçılıq məharətinin parlaq nümunələridir.

 

Muğamları həmişə lakonik formada oxuyan, uzunçuluğu sevməyən Xan Şuşinski ifa zamanı forma çərçivəsindən əsla kənara çıxmaz, muğam şöbələrinin lad-məqamlarına uyğun gəlməyən qondarma əlavələrlə, gərəksiz təkrarlarla, süni “çənə” zəngulələri ilə dinləyicilərin zövqünü korlamazdı. Xanın bənzərsiz ifasında muğamlara qulaq asdıqda, dərhal bilmək olur ki, onlarda melodik fikir daha da təkmilləşmiş ölçü və ritmlər əsla pozulmamış, şöbələr arasında əlaqələr daha məntiqi şəkil almış, forma yığcamlaşmış və məntiqi qəlibə salınmışdır.

 

Xanın gözəl diksiyası vardı. O, muğamlarda oxuduğu qəzəl və qoşmaların sözlərini son dərəcə aydın tələffüz edərdi. Səsinə dinamik boyalar verməkdə Xan çox mahir idi. O, yalnız böyük vokal ustalarına xas olan bu xüsusitembr oyunlarının” köməyilə oxuduğu hər bir muğamın əsl mahiyyətini, daha dəqiq desək, lirikya dramatik xarakterini dinləyiciyə məharətlə çatdırardı. Cəsarətlə deyə bilərik ki, Xan öz səsinin gözəl tembrini ifa etdiyi muğamların xarakterinə uyğun surətdə dəyişdirməyi bacaran nadir musiqi sehrbazlarından biri olmuşdur. Ümumiyyətlə, o, hansı muğamı oxuyursa-oxusun bu faktor bütün ifa prosesi boyu özünü açıq-aşkar büruzə verir. Belə ki, Xanın səsi şən həyat tərzindən, xoşbəxt gələcəkdən və eşq-məhəbbətdən aramla, təmkinlə söhbət açan “Mayəyi-şur”da yüngül və şəffaf, həzin və ehtirazlı “Şur-Şahnazda, mülayim, axıcı və koloritli, ötən günlərin ağır olaylarından kədərlə danışan “Bayatı-Qacar”da, kövrək və yanıqlı, sevgi-məhəbbətin doğurduğu əzab-əziyyəti, şikayəti və ümidi vəsf edən “Şikəsteyi-fars”da, son dərəcə təsirli, incə və plastik, öz əlvan boyaları və işıqlı tonları ilə dinləyicilərdə sevinc, gümrahlıq və yüksək əhval-ruhiyyə oyadan “Simayi-Şəms”də, parlaq, dinamik, safgur, öz sevgilisinə heç cür qovuşa bilməyən, lakin ümidini hələ də itirməyən gənc aşiqin əzablarını və şikayətlərini təsirli boyalarla ifadə edən “Sarənc”də qəltanlı,dolğunemosional olardı.

 

XanRast”,”Mahur-hindi”,”Qatar” və”Heyratı”kimi dramatik səpkili muğamların da mahir ifaçısı idi. O, qəhrəmanlığı, mərdliyi və igidliyi ifadə edən bu gözəl musiqilərin dramatik mahiyyətini, mübariz ruhunu, milli koloritini və fəlsəfi-ideya qayəsini tələbkar dinləyicilərə daha yaxşı çatdırmaq üçün öz geniş diapazonlu səsinin bütün imkanlarından – ehtiyatında olan bədii-texniki üsullardanvokal priyomlarından maksimum istifadə etməyə çalışardı. Belə hallarda xanəndənin səsi son dərəcə parlaq, dolğun, güclüdinamik olardı.

 

Xan muğamlarla yanaşı, təsnif və xalq mahnılarımızın da gözəl ifaçısı idi. Xalq musiqisi xəzinəmizin bu nadir incilərinin milli ruhunu, estetik mahiyyətini və lad-məqam xüsusiyyətlərini bütün varlığı ilə duyan görkəmli muğam ustası onları sevə-sevə,böyük həvəslə oxuyardı. O, ifa etdiyi hər bir xalq mahnısına yeni nəfəs, ahəng verməyi, onların emosional təsir qüvvəsini məharətlə artırmağı bacarırdı. Odur ki, bu gün də məhəbbətlə dinlədiyimiz “Apardı sellər Saranı”, “Alma almaya bənzər”, “Yaxan düymələ”, “Bir busə ver”, “Qaçaq Nəbi”, “İrəvanda xal qalmadı”, “Nəhalətdir”, “Gülüm, naz ilə baxma” və digər mahnılar məhz Xanın əla təfsiri sayəsində əvvəllər olduğundan daha mükəmməl koloritli bədii məzmun baxımından zəngin və sanballıdır. Xan, həm də istedadlı bəstəçi idi. O, geniş populyarlıq və musiqi həvəskarlarının rəğbətni qazanmış bir sıra mahnıların müəllifidir. OnlardanCeyran bala”, “Ay qəşəng ceyran”, “Şuşanın dağları” və “Səni sevirəm” mahnıları öz yüksək bədii keyfiyyətlərinə görə əsl sənət nümunələridir.

 

Xan, sözün əsl mənasında, yaradıcı sənətkardır. Onun sənətinə Üzeyir Hacıbəyov, Cabbar Qaryağdıoğlu, Bülbül, Səməd Vurğun, Əliağa Vahid, Səid Rüstəmov, Niyazi, Süleyman Rüstəm və Tofiq Quliyev kimi görkəmli incəsənət xadimləri yüksək qiymət vermiş, ifaçılıq fəaliyyətini daim dəstəkləmişlər.

 

Xan Şuşinskinin anadan olmasının 120 ili tamam olur. O, bütün ömrü boyu ana yurdumuza, doğma xalqımıza sədaqətlə xidmət etmişdir. Qırx ildən artıqdir ki, bu gözəl insanın ürəyi döyünmür. Lakin onun sənəti bu gün yaşayır, müqəddəs Vətən torpağına, doğma xalqımıza sevinc gətirir,milyonlarla insana estetik zövq,mənəvi qida verir. Xan sənətinin qüdrəti, hər şeydən əvvəl, onun xəlqiliyində novatorluğundadır. Bu sənət Azərbaycan xalqının ali duyğularının, yüksək mənəviyyatının bədii ifadəsidir. Buna görə bizə son dərəcə doğma əzizdir. Həmişə belə olacaq. qədər ki, gözəl muğamlarımız, təsnif xalq mahnılarımız yaşayır, bu qüdrətli el nəğməkarı da yaşayacaqdır. Xan Şuşinskinin adı musiqi tariximizin salnaməsinə əbədi olaraq qızıl hərflərlə yazılmışdır.

 

Zahid QIYASBƏYLİ,

 

Musiqişünas

 

Xalq qəzeti  2021.- 1 avqust.- S.7.