Azərbaycan Qoşulmama
Hərəkatının beynəlxalq nüfuzunun
daha da
artırılmasına fundamental töhfələr
verir
Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hər bir dövlətin dünya birliyindəki nüfuzu və mövqeyi, ilk növbədə, onun xarici siyasətdəki uğurları, həmçinin beynəlxalq və regional qurumlardakı fəaliyyəti, o cümlədən demokratik dəyərlərə verdiyi qiymətlə səciyyələnir. SSRİ –nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk gündən müstəqil xarici siyasət kursunu prioritet vəzifə kimi qarşıya qoydu. Söz yox ki, ilk illər buna nail ola bilmədi. Lakin 1993- cü ilin ikinci yarısından başlayaraq, ölkəmiz indiyədək müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu müstəqil dövlət kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət olan Azərbaycan bu gün Prezident İlham Əliyevin müəyyənləşdirdiyi çoxvektorlu xarici siyasət kursu nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda sülhün və təhlükəsizliyin təmin olunmasına fundamental töhfələr verir.
Qürurverici haldır ki, bu gün Azərbaycanın razılığı olmadan regionda hər hansı bir layihənin reallaşdırılması mümkün deyil. Ölkəmiz qlobal xarakterli məsələlərin həllində fəal iştirak edir. Buna zəmin yaradan əsas siyasi-strateji faktorlardan biri Azərbaycanın qlobal tribuna rolunu oynayan beynəlxalq qurumlarda uğurla təmsil olunmasıdır.
Azərbaycanın regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq əməkdaşlığı getdikcə genişlənir, mövqeyi möhkəmlənir. Hazırda ölkəmiz iki nüfuzlu beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Bu qurumlara uğurlu sədrlik beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Bununla yanaşı, bu gün respublikamızın müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM regional qrupu və digər təşkilatlarla fəal əməkdaşlığı ölkəmizin dünya birliyində getdikcə artan nüfuzunun göstəricisidir.
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul edilmişdir. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təşkilat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan yüksək etimad və inamının göstəricisidir, eyni zamanda, respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Bu yaxınlarda bu inam və etimadın daha bir nümunəsinin şahidi olduq. Məlum olduğu kimi ölkəmizin bu quruma 3 illik sədrliyi 2022- ci ildə başa çatacaqdı. Lakin quruma üzv dövlətlər Azərbaycana hərəkata əlavə 1 il də sədrlik etməsi barədə müraciət ünvanladılar. Ölkəmiz Qoşulmama Hərəkatına əlavə 1 il sədrlik etmək barədə QH-yə üzv dövlətlərin müraciətini müsbət cavablandırıb. Bu, Azərbaycan Prezidentinin dünya siyasi sistemində liderlik fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Çünki qurumun üzv ölkələrinə də məlumdur ki, belə böyük bir təşkilata sədrlik etmək o qədər də asan məsələ deyil. Bundan ötrü sədlik edən ölkə iqtisadi qüdrəti malik olmalı, orada iqtidar- xalq vəhdəti möhkəm təməllər üzərində qurulmalı, ictimai – siyasi sabitlik davamlı olmalı və heç bir dövlətdən asılı olmamalıdır.
Bu gün dünya ictimaiyyəti Azərbaycanı sabitlik adası kimi tanıyır. Məhz bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq qurumlar öz tədbirlərini Bakıda keçirməyə üstünlük verirlər. Təsadüfi deyildir ki, ölkəmiz mədəniyyətlər və sivilizasiyalararası dialoq mövzulu tədbirlərin keçirildiyi məkana çevrilib. Yəqin ki, unutmuş olmazsınız. Bir neçə il əvvəl ABŞ, NATO və Rusiyanın yüksək vəzifəli generalları bəzi məsələlərin müzakirəsi üçün görüş yerini məhz Bakını seçmişdilər.
Bundan əlavə, Azərbaycanın QH-yə sədrliyi dövründə hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, təşkilata üzv dövltlərin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün göstərdiyi səylər diqqətdən yayınmayıb. Dünyanın başı üzərini almış pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək sədrliyini müvəffəqiyyətlə həyata keçirməsinin nəticəsi kimi Ümumdünya Səhiyyyə Təşkilatına 10 milyon dollar ianə vermiş, bunun 5 milyon dolları pandemiyadan daha çox əziyyət çəkən QH-yə üzv dövlətlərə göndərilmişdir. Bundan başqa, respublikamız iqtisadi cəhətdən zəif olabn 30- dan çox ölkəyə humanitar yardım etmişdir.
Azərbaycanın QH-yə sədrliyi dövründə Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bu təşkiatın imicinin möhkəmləndirilməsinə böyük töhfə olub. Dövlət başçımızın COVID-19 -la mübarizə sahəsində irəli sürdüyü təşəbbüslər, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair 22 mart 2021-ci il tarixli qətnamənin qəbul edilməsi və digər amillər qlobal aləmdə böyük rəğbətlə qarşılanmışdır. Habelə, hərəkatın tarixində, ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə təşkil olunmuş QH modeli beynəlxalq simulyasiya təliminin üzv dövlətlər tərəfindən alqışlanması təqdirəlayidir.
Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyev QH-nin Xarici işlər nazirlərinin aralıq konfransındakı videoformatda çıxışında da bu məsələni diqqətə çatdırdı: “Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH –nin koronavirusa qarşı mübarizə üzrə təmas qrupunun videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsi diplomatik uğurumuzun növbəti nümunəsi idi. Azərbaycanın sədrliyi dövründə hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə töhfələr verməsi, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atılmışdır.
Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxışı QH-nin nufuzunu daha da artırdı. Habelə, BMT Baş Assambleyasının prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da videokonfransda çıxış etmişlər. Qeyd edək ki, QH-nin tarixində ilk dəfə olaraq Avropa İttifaqının yüksək rəsmiləri qurumun tədbirindən iştirak edirdilər. Bu da ölkəmizin sədrliyi dövründə baş vermişdir.
Qoşulmama Hərəkatı ölkələri beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini nümayiş etdirib. Bakı Zirvə görüşünün yekun sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.
Vətən müharibəsi zamanı baş vermiş konkret bir hadisəni xatırlatmaq yerinə düşərdi. BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirməyə cəhd göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinə istinad əlavə edilsin. QH-yə üzv ölkələrin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. B3ləliklə, anti – Azərbaycan məzmunlu daha bir sənədin qəbul edilməsinin qarşısı alındı.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.
Əliqilsmət BƏDƏLOV
Xalq qəzeti
2021.- 1 avqust.- S.3.