Onun böyük ürəyi...

 

Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse–-prezidenti Mehriban xanım Əliyevanın ad günüdür. Sosial medianın Azərbaycan sektoru Mehriban xanımın Vətənə sədaqətlə xidmətini təcəssüm etdirən foto, video-materiallara, səmimiyyət dolu yazılara qərq olub. Dünya azərbaycanlılarının, ölkə vətəndaşlarının, vətəndaş cəmiyyəti institutlarının, ziyalıların, mədəniyyət, incəsənət xadimlərinin, ictimai-siyasi xadimlərin ürək sözləri, yazıları ilə tanış olduqca qürur hissi keçiririk. Bu paylaşımlarda, yazılarda səmimiyyət var, məhəbbət var, sayğı var. Çünki xalqımız qədirbiləndir.

 

Mehriban xanımın həyat və fəaliyyəti öz doğma xalqına, əziz Vətəninə, dövlətə xidmətin örnəyidir. Heç kəsə sirr deyil ki, gənc qızlar, Azərbaycan xanımları öz gərgin əməyi, istedadı, vətəncanlılığı, xeyirxahlı­ğı ilə həyatda uğur qazanan qadın obrazı olaraq məhz Mehriban Əliyevanı görür, onu özlərinə örnək hesab edirlər.

 

Mehriban xanımın beynəlxalq aləmdə qazandığı uğurlar, onun Azərbaycan qadınını, Azərbaycan ziyalısını yüksək səviyyədə təmsil etməsi isə xüsusilə qeyd olunmalıdır. Çox şadam ki, Birinci vitse-pre­zidentin həyat və fəaliyyəti təqdirlə tədqiq olunmaqla, artıq neçə-neçə kitaba mövzu olub, dəfələrlə mükafatlara layiq görülüb.

 

Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci xanımı institutu­nun uğurlu fəaliyyətində müstəsna rolu olduğu danılmazdır. Öz fəaliyyətini bu institutun dünyadakı qabaqcıl örnəklərinə uyğun şəkildə quran Mehriban xanımın nəcib və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyətinin, eləcə də beynəlxalq ictimaiyyətin diqqətini çəkmişdir. Heç təsadüfi deyil ki, Mehriban xanım Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri seçilmişdir. Bu, hələ 2004-cü ilin avqustunda olmuşdur.

 

2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə, qayğıya ehti­yacı olan uşaqların problemlərinin həllində böyük dəstəyinə görə Mehriban xanım Əliyeva ISESCO-nun xoşməramlı səfiri seçilmişdir.

 

Mehriban xanım bir cox xarici dövlətin nüfuzlu orden və medalları, çoxsaylı ictimai təsisatın mükafatları ilə təltif edilmişdir. Bunlar uğurlu fəaliyyətin beynəlxalq miq­yasda tanınması, öyrənilməsi, etirafı və dəyərləndirilməsinin ifadəsidir.

 

Əlbəttə, beynəlxalq dəyərləndirmə ilk növbədə ölkə daxilində həyata keçirilmiş bö­yük layihələr, bənzərsiz ideyalar və onların parlaq nəticələri ilə sıx bağlıdır.

 

Daxili siyasət sahəsində Mehriban xanımın əsas fəaliyyət istiqamətləri han­sılardır? Bunları ən yığcam şəkildə ifadə etməli olsaq, aşağıdakı istiqamətləri mütləq fərqləndirməliyik:

 

– Dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili;

 

– əhalinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı;

 

– əhalinin sağlamlığının qorunması;

 

sosial baxımdan daha həssas əhali qruplarının, o cümlədən məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən, digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və bu kimi insanların problemlərinin həlli;

 

– şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğının təmin olunması;

 

– xalqımızın yaratdığı milli mədəniyyət və incəsənət örnəklərinin, ənənələrin öyrənilməsi, onların bərpası, habelə yer­lidünya mədəni irsi kimi qorunması, beynəlxalq aləmdə tanıdılması;

 

idman hərəkatının davamlılığının təmin olunması;

 

ekoloji problemlərin həllinə dəstək göstərilməsi;

 

böhran zamanı təsirli idarəetmə, pandemiya dövründə əhalinin ehtiyacla­rının qarşılanması və tibbi, sosial dəstək layihələrinin gerçəkləşdirilməsi;

 

işğaldan azad olunan torpaqlarımızın bərpasında humanitar missiyanın həyata keçirilməsi, yasayış məntəqələrimizin yüksək zövlqlə abadlaşdırılması və s.

 

Əlbəttə, bunlar Mehriban xanım Əliyevanın xususi tohfələr verdiyi əməli fəaliyyət sahələrinin tam siyahısı deyil. Mehriban xanımın həyat və fəaliyyəti böyük kitabların, sanballı əsərlərin mövzusudur. Əvvəldə vurğuladığımız kimi, belə kitab­lar, əsərlər yazılıb, yazılır, gələcəkdə də yazılacaqdır. Bununla belə, Mehriban xanim Əliyevanın həyat və fəaliyyətinin hər hansı hissəsinə diqqət yetirdikdə də, onun Böyük ürəyini, vətəncanlılığını, xeyirxahlığını görməmək və ona vurulmamaq mümkün deyil!

 

Ölkəmizin çiçəklənməsi yolunda xidmətin özünəxas modelini yaratmış hörmətli Mehriban xanımı ad günü münasibəti ilə urəkdən təbrik edir, şərəfli və məsuliyyətli islərində yeni uğurlar diləyirik!

 

Uğur Mehriban xanıma çox yaraşır!

 

Qənirə PAŞAYEVA,

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

Xalq qəzeti  2021.- 27 avqust.- S.10.