Tarixi reallıq gerçəkləşir: Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə davam edir

 

Artıq bir ildir ki, Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri aparılır, bütün torpaqlarda həyat bərpa olunur. Həmin ərazilərdə, ilk növbədə, infrastrukturun yaradılması, vaxtilə mövcud olmuş magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm daşıyır. Çünki bu məsələlər şəhər və kəndlərin salınmasını, məskunlaşmanın reallaşmasını şərtləndirir.

 

Vətən müharibəsində əldə edilən tarixi qələbəmizin yaratdığı reallığın nəticəsi olan “Zəfər yolu” hazırda düşməndən təmizlənən ərazilərdəki ən mühüm layihələrdən biri kimi Füzuli rayonundan Şuşa şəhərinə kimi uzanır. Bundan başqa, Əhmədbəyli–Füzuli–Şuşa, FüzuliAğdam, Bərdə–Ağdam, Toğanalı–Kəlbəcər–İstisu, Xudafərin–Qubadlı–Laçın, Şükürbəyli–Cəbrayıl–Hadrut, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolları, Füzuli–Cəbrayıl–Zəngilan–Ağbənd, Horadiz–Zəngilan–Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İş­ğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağ­dam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanır.

 

Qarabağ və Şərqi Zəngəzurda aeroportların tikilməsi istiqamətində müvafiq layihələrin icra olunması, avtomobil və dəmir yollarının inşa edilməsi ilə Azərbaycan müasir infrastruktura malik nəqliyyat qovşağına çevrilir. Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmiryolunda bu gün sürətli tikinti işləri aparılır. Prezident İlham Əliyev tərəfindən 2021-ci il fev­ralın 14-də təməli qoyulan Horadiz–Ağbənd dəmiryolu xəttinin qurulması uğurla davam etdirilir.

 

Uzunluğu 110,4 kilometrə çata­caq bu birxətli dəmiryolu 8 stansiya­dan ibarət olacaq, həmçinin layihə çərçivəsində, ümumilikdə, 300-dən artıq süni mühəndis qurğusu tikiləcək. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd stansiyaları da tamamilə yenidən inşa olunacaq.

 

Dəmiryolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınaraq, konseptual şəkildə tərtib olunub. Artıq 21 kilometrlik hissədə torpaq yatağı hazırlanıb, sahəyə daş və çınqıl ma­terialları tökülüb. Üç kilometr hissədə relslər quraşdırılıb.

 

Yolda, eyni zamanda, süni qurğu­ların, o cümlədən, körpü və dəmir-beton boruların tikintisi də aparılır. Horadiz–Ağbənd dəmiryolu xəttinin yenidən qurulması işlərinin 2022-ci ilin sonunadək yekunlaşması nəzərdə tutulur. Böyük strateji əhəmiyyəti olan bu yolun işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialına böyük töhfə verəcəyi gözlənilir.

 

Zəngəzur dəhlizinin tərkib hissəsi olan və ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik sözügedən dəmiryolu layihəsinin icrası nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respub­likası və Türkiyə arasında birbaşa nəqliyyat əlaqələri yaranacaq, res­publikamızın geoiqtisadi əhəmiyyəti daha da artacaq. Dəmiryolu işğal­dan azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması baxımından mühüm önəm daşıyacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Bu dəhlizinin açıl­ması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıracaq.

 

Xatırladaq ki, Horadiz–Ağbənd dəmiryolu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən torpaq­larımızın işğal edilməsindən sonra tamamilə dağıdılaraq, fəaliyyəti da­yandırılıb. İyirmi yeddi ildir ki, qatarla­rın son dayanacağı Füzuli rayonunun Horadiz stansiyasıdır. Lakin düşmən üzərində qazandığımız qələbə ilə bu yol da azadlığa çıxıb.

 

Qarabağ və Şərqi Zəngəzurda icra edilən bərpa layihələri sırasında Laçına çəkilən yeni yol da xüsusi əhəmiyyətə malik olacaq. İqtisadçı ekspert Amal Həsənlinin mətbuata açıqlamasına görə, bu yol nəqliyyat axınlarının diversifikasiyasına əlverişli şərait yaradacaqregionda həyata keçirilməsi planlaşdırılan quruluculuq işlərini daha da sürətləndirəcək.

 

A.Həsənlinin sözlərinə görə, yeni yol Laçın dəhlizinə alternativ olmaqdan daha çox iqtisadi ehti­yacdan irəli gələn bir zərurətdir. Hərçənd ki, rəsmilər özləri də dəfələrlə həmin yolun bir hissəsinin elə Laçın dəhlizindən keçdiyi üçün ona alternativ olmadığını deyiblər. İndiki halda isə Laçına yeni yolun çəkilməsinin böyük iqtisadi əsası var. Çünki hazırda regionda misli görünməyən tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi planlaş­dırılır və bəziləri isə artıq realaşdırıl­maqdadır. Belə olan halda dayanıqlı təchizat zəncirinin formalaşdırılması mühüm önəm daşıyır. Bunun əsas komponentlərindən biri isə nəqliyyat axınlarının intensivliyini reallaşdıra­caq yol infrastrukturudur.

 

İqtisadçı ekspert, eyni zamanda, bildirib ki, sözügedən yeni yol şəhərə daxil olmadan rahat və sürətli hərəkəti təmin etməyə imkan verəcək. Bu yolun nisbətən daha müasir standartlara cavab verəcək səviyyədə tikilməsi isə nəqliyyat axınının sürətinə müsbət təsir edəcək ki, bu da magistralın ötürücülük qabiliyyətini xeyli artıracaq.

 

İndiki halda Laçın şəhəri sülhməramlıların nəzarəti altındadır. Lakin zamanla bizim yurisdiksiya­mıza keçməsi nəzərdə tutulur. Bu zaman yeni yol sayəsində nəqliyyat axınının tonnaj üzrə diversifikasi­yası imkanı yaranacaq. Yəni ağır tonnajlı nəqliyyat vasitələrini əlavə yola yönləndirmək mümkün olacaq. Bu da şəhərdaxili yolların yüklülüyü­nü azaltmaqla onların amortizasiya müddətini artıracaq. Digər tərəfdən, hər hansı fors-major halların olacağı təqdirdə hərəkətin intensivliyinə xələl gətirmədən nəqliyyat axınlarını dərhal digər yola istiqamətləndirmək müm­kün olacaq.

 

Ekspert hesab edir ki, ümumiyyətlə, torpaqlarımızın işğal altında olan müddətdə yol infrastruk­turunun böyük əksəriyyəti sıradan çıxarılıb: “Bu da ərazilərin bərpası prosesini ciddi şəkildə ləngidir. Bu mənada mövcud yolların bərpası və yol infrastrukturunun şaxələndirilməsi düşməndən təmizlənən torpaqların dirçəlməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

 

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiya­sı, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Prezidentinin 28 may tarixli fərmanı ilə yaradılan Ağdam Sənaye Par­kı isə bölgənin ölkəmizin sənaye mərkəzlərindən birinə çevrilməsində və bu ərazilərdə əhalinin məşğulluq səviyyəsinin artırılmasında mühüm rol oynayacaq.

 

Bu gün parkda sahibkarlar üçün əlverişli investisiya mühitinin yara­dılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq burada sosial zonanın təşkili yekunlaşıb. Parka ayrılan 190 hektar ərazinin 74 hektarı minalardan təmizlənib, elektrik enerjisisu təchizatı sistemi qurulub.

 

Sənaye parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kV-luq elektrik xətti çəkilib və 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb.

 

İqtisadiyyat Nazirliyinə məxsus bu parkda rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Eyni zamanda, parkın ərazisində “Kapital BankASC-nin bankomatı quraşdırılıb, yaxın günlərdə isə ödəniş terminallarının qoyulması nəzərdə tutulub.

 

Hazırda parka sahibkarlar tərəfindən böyük maraq göstərilir. Bu məqsədlə müxtəlif çeşidli sinte­tik xalça, uniforma, xüsusi və fərdi geyimlərin, polimer məhsulların, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi 5 potensial layihəyə baxılır ki, bu layihələr üzrə 1 100 nəfərdən çox yeni yerinin yaradılması nəzərdə tutulur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti .- 2021.- 4 dekabr.- S.1;2.