Zamanın
çağırışlarına cavab
verən xarici siyasət
Ümid edirik ki, çoxdan gözlənilən sülh,
təhlükəsizlik və sabitlik, nəhayət,
Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional
sülhə və inkişafa töhfə
verən, onun gücləndirilməsinə
xidmət edən ardıcıl səylərini davam
etdirəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş
Assambleyasının 76-cı sessiyasının dövlət və
hökumət başçıları səviyyəsində
keçirilən illik ümumi
müzakirələrindəki çıxışından
23 sentyabr 2021-ci il
“Zaman ən böyük hakimdir”, “zaman ən yaxşı həkimdir”, “zaman hər şeyi öyrədə bilən müəllimdir” kəlamları son zamanlar tez-tez yada düşür. Çünki elə proseslərlə üzləşirik ki, onların sıralanmasını ancaq zaman reallaşdıra bilərdi və sıralayır. Elə ölkəmizin xarici siyasətindəki yeniliklər də məhz zamanın çağırışlarına verdiyimiz cavabdır. Burada dərhal vurğulayaq ki, Azərbaycan dövlətinin ənənəvi xarici siyasəti ulu öndər Heydər Əliyevin işləyib hazırladığı konsepsiya üzrə davam etdirilir. Yəni ənənəvilik qorunsa da, yeni çalarlar, istiqamətlər müəyyənləşdirilir.
Fakt ondan ibarətdir ki, Azərbaycan dövlətinin son zamanlar imza atdığı yeni reallıqlar – qeyd edək ki, buraya təkcə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin yaratdığı reallıqlar deyil, eləcə də, müharibədən əvvəlki dövrdə əldə etdiyimiz siyasi-diplomatik, sosial-iqtisadi, hərbi-texniki, elmi-mədəni sahələrdəki nailiyyətlərimiz də daxildır – xarici siyasətimizdə də yeni istiqamətlərin və hədəflərin ortaya çıxması ilə nəticələnir.
Bu arqumentlərimizi əsaslandırmaq üçün dövlət başçımızın iki çıxışındakı məqamları müqayisə etmək kifayətdir. Belə ki, ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxış edən Prezident İlham Əliyev dünya ictimaiyyətini məlumatlandırırdı ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir:
“Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.
Dövlət başçımızın bu il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrindəki çıxışında isə Azərbaycanın xarici siyasəti tamamilə yeni ampluada, başqa bir istiqamətdə təqdim olunur: “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada, müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.
Yəni biz ötən sentyabrda dünya ictimaiyyətindən ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində kömək gözləyirdik. İndi isə regiona sülh gətirilməsi, ölkələrarası əməkdaşığın yaradılması, iqtisadi inkişafa və insanların rifahına xidmət edəcək layihələrin icra olunması üçün Ermənistana təsir göstərilməsini istəyirik.
Daha bir məqamı yada salaq. Bu il noyabrın 26-da Soçidə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin və Ermənistan
Respublikasının baş
naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli
görüş Azərbaycan
rəhbərliyinin siyasi-diplomatik
uğuru kimi qiymətləndirilir. Bu həqiqətdir. Ancaq geridə
qalan illərdə Soçidə bu tərkibdə görüş
keçiriləcəyini, bu
məzmunda razılaşmalar
əldə ediləcəyini
heç kəs proqnozlaşdıra bilməzdi.
Xatırladaq ki, həmin gün Soçidə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Ermənistanın
baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin bəyanat
imzalayıblar. Dövlət başçılarının imzaladığı sənəddə
deyilir: “Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və
iqtisadi inkişafın
təmin edilməsi naminə 2020-ci il
9 noyabr və 2021-ci il 11 yanvar tarixli
bəyanatların bütün
müddəalarının bundan
sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət
olunmasına tərəfdar
olduğumuzu təsdiq
etdik. 2020-ci il
9 noyabr və 2021-ci il 11 yanvar tarixli
bəyanatlardan irəli
gələn, həllini
gözləyən məsələlərin
tezliklə həllinə
yönəlmiş birgə
səyləri fəallaşdırmaq
barədə razılığa
gəldik”.
Halbuki, həmin görüşdən
iki-üç ay əvvəl
Ermənistan hakimiyyəti
tamamilə fərqli “bayatılar” oxuyurdu. Guya Zəngəzur
dəhlizinin açılmasına
imkan verməyəcəklər,
indiki halda sərhədlərin delimitasiya
və demarkasiyası
mümkün deyil və sairə. Ancaq Azərbaycan dövlətinin
yeritdiyi uğurlu xarici siyasət hər şeyi mümkün etdi.
Son günlər
Prezident İlham Əliyevin daha bir diplomatik məharətinin də şahidi olduq. Belə ki,
ekspertlərin fikrincə,
İqtisadi Əməkdaşlıq
Təşkilatının 15-ci Zirvə görüşü
və toplantıda qəbul edilən Aşqabad Bəyannaməsi
Azərbaycan üçün
mühüm tarixi-siyasi
qələbədir. Çünki bu təşkilatın Aşqabadda formalaşan yekun qənaətinin Azərbaycanın davamlı
olaraq müdafiə etdiyi tezislərlə tam üst-üstə düşməsinin
şahidi olduq. Sənəddə Azərbaycanın zəfəri və hərbi-siyasi yolla 30 illik işğala son qoyması Cənubi Qafqazda sülh, sabitlik və tərəqqi üçün
yeni başlanğıc
kimi qiymətləndirilir.
Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 6 üzvündən 3-nün sənədə imza atmaqla Azərbaycana açıq dəstək verməsi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının köməyinə etdiyi gümanları puç etdi. Aşqabaddan gələn ən mühüm xəbərlərdən biri isə heç şübhəsiz ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərinə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində başlanan quruculuq prosesində iştirak etməyə, həmin ərazilərə investisiya qoymağa çağırışın əksini tapmasıdır. Bu, sözsüz ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın yaratdığı reallığa və haqq işimizə verilən ən ali siyasi dəstək kimi qəbul olunmalıdır.
Yəni Azərbaycan dövləti öz xarici siyasətini dünyada və regionda yaranmış yeni reallıqlara, zamanın çağırışlarına cavab olaraq müvafiq istiqamətlərlə zənginləşdirir və daha böyük uğurlara imza atır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti
2021.- 2 dekabr.- S.3.