Xalqın cəsur oğulları “Xalq qəzeti” redaksiyasında

 

 

 İndiyədək çox “dəyirmi masa”da iş­tirak etmişdik. Noyabrın son günlərində redaksiyamızda keçirilən növbəti belə tədbir isə bir neçə cəhətdən əlamətdar idi. Əvvəla, qonaqlarımı­zın sinəsi orden-medallarla dolu idi. Onların gənc ömrü parlaq səhifələrlə zəngin olduğu kimi, gənc sinələri də par-par işıq saçırdı. İkincisi, bu cəsur döyüşçülər elə özləri yaşda olan gənc müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası uğrunda gedən qanlı müharibənin canlı şahidləri, fəxr edilməli qəhrəmanları idilər.

 

Daha əlamətdar olan məqam isə o idi ki, qaziləri redaksiyamıza gətirən polkovnik Abdulla Qurbani redak­siyamızın kitabxanası üçün “Vətən müharibəsi şəhidləri” adlı möhtəşəm bir kitab da gətirmişdi. Yəni biz qazilərlə söhbətimizə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Prezident, Ali Baş Ko­mandan İlham Əliyevin həmin kitabın ön səhifəsində verilmiş cümlələri ilə başladıq.

 

“Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Bi­rinci Qarabağ müharibəsi şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən, günahsız insanların. Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meyda­nında aldıq. Biz döyüşərək, vuruşa­raq, qan tökərək, tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.

 

“Dəiyrmi masa” Prezident təqaüdçüsü, Əməkdar İncəsənət xadi­mi, ehtiyatda olan polkovnik Abdulla Qurbaninin 44 günlük müharibədə Ali Baş Komandanın, xalqımızın və ordu­muzun parlaq qələbəsi olduğu barədə söylədiyi fikirlərlə başlandı:

 

Abdulla Qurbani: – Mən belə bir tədbirin təşkil olunmasına görə, ilk növbədə, “Xalq qəzeti”nin rəhbərliyinə, kollektivinə təşəkkür edirəm. Çünki qazandığımız tarixi qələbədən sonra ilk dəfədir ki, rəşadətli ordumuzun göstərdiyi misilsiz qəhrəmanlığa həsr olunmuş “dəyirmi masa” keçirilir. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən söhbət açanda, qeyd olunmalıdır ki, bu, Azərbaycan xalqının birliyinin, həmrəyliyinin , dövlətimizin iqtisadi gücünün qələbəsidir. Bu qələbə rəşadətli ordumuzun əsgər və zabitlərinin, ulu öndər Heydər Əliyevdən miras qalmış azərbaycançılıq məfkurəsinin qələbəsidir. Çünki bu müharibədə milli mənsubiyyətindən asılı olmayaraq, hamı azərbaycanlı idi, qarabağlı idi və bir amal uğrunda mübarizə aparırdı: “Düşməni məhv edək, torpaqlarımızı işğaldan azad edək və ərazi bütövlüyümüz təmin olunsun!”.

 

Bu qələbə xüsusilə, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanın hücum diplomatiyasının, qətiyyətinin və hər şeydən öncə, “dəmir yumruğunun” qələbəsi idi. Təsəvvür edin ki, əgər 1941-1945-ci illərin müharibəsində əsgərə, döyüşçüyə ruh verən xalqın onların arxasında möhkəm dayanması idisə, bu dəfə, xalqla yanaşı, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əhaliyə müraciətləri, dünyanın aparıcı media orqanlarına, informasiya agentliklərinə – telekanallara müsahibələri, polad iradəsi hərbçilərimizə dayaq idi, onlara ruh verirdi.

 

Məşhur rus tarixçisi Platon Zubov deyib ki, Azərbaycan alaylarını döyüş meydanında görmək lazımdır. Onlar döyüş meydanında qəzəblənmiş Allahın düşmənlər üzərinə yağdırdığı oda, atəşə bənzəyirlər. Mən hələ müharibənin başlanmasına bir neçə gün qalmış bölgədə idim və bu qəhrəman oğullarımızın vətənsevərliyinin, təcrübəli hərbçi, od-alov olmasının şahidi idim. Bununla yanaşı, silahlı qüvvələrimizin ən müasir silah-sursatla, hərbi texnika ilə təminatı da hərbçilərimizi ruhlandırırdı.Ordumuzun bütün növ silahlarla təmin edilməsinə büdcəmizdən kifayət qədər vəsait ayrılır. İstər dənizdə, istər quruda, istərsə də havada müharibə aparmaq qabiliyyətindəyik. Xüsusilə qeyd etmək istərdim ki, bu müharibədə qazandığımız qələbədə əsas meyarlardan biri Azərbaycan hərbçisinin döyüş ruhu oldu. Bu, bizim ruhumuzun qələbəsi idi. Əgər o ruh olmasaydı, döyüş meydanındakı artilleriya qurğuları, müasir silah-sursat, hərbi texnika heç nəyə yaramayacaqdı. Bu gün bu tədbirdə iştirak edən hərbçilərimizin bir neçəsi Şuşa döyüşlərində iştirak edib. Həmin döyüşlərdə düşməni xəncər, bıçaqla məhv etdik.

 

Bizim hərbçilərimizin, bax, gördüyünüz bu oğulların Şuşa döyüşləri dünyanı valeh edib. Azərbaycan döyüşçülərinin hərbi taktikası bu gün dünyanın inkişaf etmiş dövlətlərinin hərbçiləri tərəfindən öyrənilir. Mən fürsətdən istifadə edib bugünkü “dəyrmi masa”da iştirak edən hərbçilərimizi təqdim etmək istərdim. Onlar xüsusi təyinatlılar, necə deyərlər, canavarlar, ölüm mələkləridir. Gizir Hüseyn Mirzəyev Kəlbəcər, Şuşa, Xocavənd, Cəbrayıl, Hadrut uğrunda döyüşlərdə iştirak edib. Müharibənin gedişatında düşmən bütün qüvvəsini Kəlbəcər istiqamətində cəmləşdirmişdi. Ancaq Ali Baş Komandanımız birdən döyüş taktikasını, əməliyyatı dəyişdi və istiqamət Arazboyuna yönəldildi. Amma, Kəlbəcər istiqamətində düşmənə ən böyük zərbəni vuranlar da bizim xüsusi təyinatlılarımız oldu. Gizir Hüseyn Mirzəyev “Şucaətə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Onu da qeyd edim ki, bu medal yeni təsis olunub və əsgərlər üçün ən dəyərli mükafatdır. Sonra Kəlbəcərin, Cəbrayılın, Şuşanın, Xocavəndin azad olunmasına görə medallarına layiq görülüb. O, bu gün də döyüşə hazırdır.

 

Vətən müharibəsindən hələ xeyli əvvəl Pakistan, Türkiyə və Azərbaycan hərbçiləri birgə təlim keçirən zaman xarici dostlarımız deyirdilər ki, biz Azərbaycanın əsgər və zabitlərini öyrətməkdən çox, onlardan öyrənirik. Bu, xüsusi təyinatlılarımıza verilən yüksək qiymətdir.

 

Növbəti iştirakçımız polkovnik-leytenant Ehtiram Məmmədovdur. Uzun müddət cəbhə bölgələrində xidmət edib. Briqada komandirinin müavinidir. Daşaltıya qədər döyüş yolu keçib. Füzulu və Xocavənd uğrunda gedən döyüşlərdə komandir müavini kimi böyük xidmətləri olub. “Qarabağ” ordeninə layiq görülüb. Füzulinin, Xocavəndin, Şuşanın, azad olunmasına görə medalları ilə təltif olunub.

 

Leytenant Taleh Quliyev gənc olmasına baxmayaraq, böyük şücaət göstərib. Qolunun birini itirib. Yaralıdır, müalicəsi davam etdirilir. Komandirin şəxsi heyət üzrə müavini olub. Füzulinin, Şuşanın, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Bu gün də müharibədən yadigar olaraq bədənində 4 qəlpə gəzdirir.

 

Gizir Rəcəb Rəcəbov ermənilər üçün qara kabusa çevrilmişdi. 8 ildir ki, Azərbaycan Ordusunda xidmət edir. Xüsusi təyinatlılar üçün bir çox kurslar­da, beynəlxalq miqyaslı tədbirlərdə olub. Noyabrın 3-də – müharibənin bitməsinə bir həftə qalmış ağır yaralanıb və tərxis olunub. Dövlət başçımızın sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" “Şücaətə görə”, Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin azad olunması­na görə medallarla təltif olunub. Bu gün burada iştirak edən hərbçilərimizin hər biri Vətən uğrunda canından keçməyə hazırdır.

 

Replika: Abdulla Qurbani Zəfər pa­radının aparıcısı kimi, adını tarixə əbədi həkk edib.

 

Həsən Həsənov, “Xalq qəzeti”nin baş redaktoru: -- Abdulla müəllim, baş­da siz olmaqla, hər birinizə dəvətimizi qəbul edib “dəyirmi masa”ya gəldiyinizə görə təşəkürümü bildirirəm. Vətən müharibəsi bizim üçün, sözün həqiqi mənasında, bir şərəf ünvanı oldu. Bu dünyada hələ indiyədək 44 gün ərzində qələbə ilə başa çatan Vətən müharibəsi olmayıb. Vətən müharibəsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanmış hərbçilərimiz əsl qəhrəmanlıq nümunəsi göstərmişlər.

 

44 gün ərzində bu igidlərimizin hesabına qazandığımız qələbənin necə böyük dəyərə malik olduğunu yaxşı bilirik. Bu qələbənin qədir-qiyməti misilsizdir. Siz bizim şərəfimizi, namusumuzu xilas etdiniz. Xalıqmıza Zəfər paradının sevincini yaşatdınız.

 

Təsəvvür edin, Qarabağ xanlığının ərazisi Araz çayından Göyçə mahalı­na kimi uzanırdı. “Göyçə mahalı indiki Ermənistan ərazisnin 60 faizini təşkil edirdi. Həmin ərazidə cəmi 15 erməni ailəsi var idi. Bu gün orada bir müsəlman ailəsi belə yoxdur. 1918- ci ildə təkcə Zəngəzurda 40 müsəlman kəndi da­ğıdılıb. Bütün bunlar arxada qaldı. Siz böyük cəsarət, qəhrəmanlıq nümayiş etdirərək, işğal altında olan ərazilərimizi düşməndən azad etdiniz, ərazi bütöv­lüyümüz təmin olundu. Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, işğal edilmiş ərazilərin azad olunması qüdrətli Azərbaycandan keçir. Həqiqətdir, biz qüdrətli ordu yaratdıq və torpaqlarımızı azad etdik.

 

Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi. Ermənistan ordusu çox yaxşı bilir ki, “dəmir yumruq” yerindədir və istənilən anda düşmənin başını əzməyə hazirdir. Ötən il noyabrın 10-da üçtərəfli bəyanat imzalandı və Ermənistan təslim olduğunu rəsmən təsdiqlədi. Dekabrın 10-da Zəfər Paradı keçirdik. Bu il yanvarın 11-də Moskvada üçtərəfli görüş keçirildi. Bu görüşdə kommunikasiyaların açılması ilə bağlı yeni bəyanat imzalandı. Artıq Zəngəzur dəhlizinin təməli qoyulub. Azərbaycan postmüharibə dövründə nəyə nail olmaq istəyirdisə, imzalanan bəyanatlarda öz əksini tapıb. Bu günlərdə baş tutan Soçi və Aşqabad görüşləri Azərbaycanın növbəti qələbəsidir. Siz hərbçilərin ən böyük xidməti təkcə torpaqların azad edilməsi deyil, həm də ölkəmizin qüdrətini, gücünü bütün dünyaya nümayiş etdirməyinizdir.

 

Siz XXI əsrin müharibəsinin nümunəsini ortaya qoydunuz. Bu gün xarici ölkələrin hərbi məktəblərində Azərbaycanın apardığı hərbi əməliyyatlar öyrənilir. Siz müasir tex­nologiyalar əsasında yeni bir müharibə apardınz. Siz, sözün həqiqi mənasında, böyük qəhrəmanlarsınız. Xalqımız sizinlə fəxr edir.

 

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Müharibə iştirakçılarının hamısına Allah bundan sonra xoşbəxtlik və səadət içərisində yaşamaq nəsib etsin!

 

Biz bu gənc hərbçilərimizin uğurları barədə çox danışmışıq, yazmışıq və yenə də yazacağıq. Ona görə də, indi sözü qəhrəmanların özlərinə verək.

 

Gizir Hüseyn Məzahir oğlu Mirzəyev:

 

– 2008-ci ildən hərbi xidmətə başlamışam. 2011-ci ildə gizirlik məktəbinə daxil olmuşam. Təhsilimi bitirdikdən sonra ön xətdəki hərbi hissələrimizin birinə təyinat almışam. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimlərindən keçərək, XTQ-də kəşfiyatçı-dalğıc olaraq hərbi xidmətimi davam etdirmişəm. 2014-cü il Avqust hadisələrinin iştirakçısıyam. 2016-cı il Aprel döyüşlərində iştirak etmişəm.

 

Əlavə məlumat: Qəhrəmanımızın xidməti təkcə Vətən müharibəsi ilə məhdudlaşmır. Hüseyn Mirzəyev dəfələrlə xarici ölkələrdə keçirilən hərbi təlimlərdə iştirak etmişdir.

 

Hüseyn Mirzəyev: – Sentyabrın 26-dan 27-nə keçən gecə Kəlbəcərdən döyüş fəaliyyətinə başladıq. Belə ki, həmin vaxt düşmən əsas qüvvəsini Kəlbəcər istiqamətində toplamışdı. Kəlbəcər əməliyyatı müharibənin gedişatı üçün xüsusi əhəmiyyət daşıyırdı. Ermənilər çətin relyef şəraitindən də istifadə edərək, həmin ərazidə “güclü” istehkamlar qurmuşdular. Belə bir şəraitdə ərazinin düşməndən təmizlənməsi, eləcə də, irəliləməyə nail olmaq üçün əvvəlcə XTQ bu əməliyyata cəlb edilmişdi. Həmin əməliyyat 3 gün davam etdi. Biz bir çox strateji yüksəkliyi, postları ələ keçirdik. Daha sonra döyüş taktikamız və istiqamətimiz dəyişdi.

 

Əlavə məlumat: XTQ 3 gün ərzində düşmənin illərdir möhkəmləndirdiyi istehkamları, postları keçərək, müharibənin gedişatını büsbütün dəyişdirib. Bu zaman düşmən xeyli sayda itki verib. Sızma əməliyyatı uğurla həyata keçirilib və düşmənin özünə olan güvəni elə Kəlbəcər əməliyyatı zamanı yerlə-yeksan olub.

 

Hüseyn Mirzəyev: – Daha sonra istiqamətimiz Hadruta doğru oldu. Bizim döyüş yolumuz Kəlbəcərdən başlasa da, Hadrut istiqamətində aparılan əməliyyatlar fəaliyyətimizin əsas hissəsini təşkil edirdi, – desəm, yanılmaram. Hadrut əməliyyatı 7 gün davam etdi. Bir həftə ərzində qəsəbə düşməndən tam təmizləndi. Xüsusən də ətraf yüksəkliklərə nəzarətin ələ keçirilməsi bizim üçün ən önəmli vəzifələrdən biri idi. Bildiyiniz kimi, Hadrut azad edildikdən sonra düşmənin sanki onurğa sütunu qırıldı. Bu, o qədər də asan başa gəlmədi. Çünki düşmən Hadrutu itirməyi qəbul edə bilmirdi. Əlbəttə, buna bir çox səbəb var idi.

 

Abdulla Qurbani:

 

– Bilirsiniz ki, Şuşaya gedən əsas yollar Hadrutdan keçir. Buna görə də qəsəbə düşmən üçün çox böyük əhəmiyyət kəsb edirdi. Biz bunu bilirdik. Qeyd edim ki, Hadrut qəsəbəsinin azad edilməsi bizim üçün də müharibənin gedişatında əsas hədəflərdən biri idi. Buna görə də, Hadrut ələ keçirildikdən sonra ermənilər ətraf kəndləri tərk etməyə başladılar. Bilirdilər ki, həmin yüksəkliklərə nəzarət edən, həm də əraziyə nəzarət edir.

 

Hüseyn Mirzəyev: – Hadrut əməliyyatı başa çatdıqdan sonra, Cəbrayılda olan bölmələrimizə yardım məqsədilə bizi oraya göndərdilər. Burada da verilən tapşırığı uğurla tamamladıq və Cəbrayıl düşmən işğalından azad edildi. Növbəti hədəfimiz Xocavəndin Tuğ kəndi idi. Tuğ kəndi də olduqca önəmli strateji nöqtə idi. Burada düşmənin böyük bir hərbi hissəsi var idi. Tuğ kəndi azad edilsə də, düşmən bəzi yüksəklikləri əldən verməmək üçün bura əlavə qüvvələr cəlb edirdi. Lakin bizim döyüş əzmimiz onların bu müqavimətini də qırdı və beləliklə, ərazi işğalçılardan təmizləndi.

 

Briqadamız kəndləri, yaşayış məntəqələrini və postları azad etdikdən sonra həmin nöqtələri təhvil verərək irəliləyirdi.

 

Daha sonra Tağlar, Sığınaq və Çanaqçı kəndlərini azad etdik. Artıq Şuşanın bir addımlığındaydıq. Biz irəlilədikcə düşmən silahını qoyub qaçırdı. Sığınaq kəndində kiçik bir atışmadan sonra düşmən qorxuya düşdü və mövqelərini tərk etməyə başladı. Burada müasir silahlar və döyüş texnikası ələ keçirdik. Sığınaq kəndində işimizi tamamlayıb Şuşa istiqamətində hərəkətə keçdik. Bizim taborun tapşırığı Laçın dəhlizini düşmən üçün qapamaq və dəstəyi kəsmək idi. Burada 23 nəfərlik heyətlə 103 nəfərlik dəstəni məhv etdik. Onların arasında polkovnik də var idi.

 

Xatırladaq ki, Hüseyn Mirzəyev “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə”, “Qüsursuz xidmətə görə”, “Cəsur döyüşçü” medalları ilə təhtif olunub.

 

Polkovnik-leytenant Ehtiram Məmmədov:

 

– Mən hərbi hissə komandirinin müavini vəzifəsində xidmət etmişəm. Bizim hərbi hissə sentyabrın 26-dan 27-nə keçən gecə düşmənin həm mövqelərimizə, həm də mülki yaşayış məntəqələrimizə ağır artilleriyadan atəş açması nəticəsində həyəcan siqnalı ilə qaldırıldı. İlk tapşırığı­mız düşmənin hücumunun qarşısını almaq idi. Sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə əks-hücum əməliyyatına başladıq. Biz bu əmri neçə il idi ki, gözləyirdik.

 

Füzuli istiqamətində döyüşə baş­ladıq. Bilirdik ki, burada düşmənin “Ohanyan səddi” var idi. Həmin sədd 30 il ərzində mifə çevrilmişdi. Burada düşmənin yeraltı bunkerləri, sığınacaq­ları var idi. “Ohanyan səddi”ni dağıtmaq üçün göndərilən texnikamız minaya düş­müşdü. Biz ora çatanda mən komanda verdim ki, bizim texnikaya ehtiyacımız yoxdur. 75 nəfər şəxsi heyətimiz var idi. Allaha şükür ki, cəmi 3 saat ərzində düşmənin atəşi altında igid oğullarımız 4 metrlik beton sədləri darmadağın etdi və hərbi texnikanın keçməsi üçün yol açdı­lar. Biz o vaxt Füzuli rayonunun Mah­mudlu və Qaraxanbəyli kəndlərinə qədər irəlilədik. Burada güclü müqavimətlə rastlaşdıq. Tapşırığın bir hissəsi də ondan ibarət idi ki, düşməni öz üzərimizə çəkək. Buna səbəb o idi ki, düşmənin diqqətini yayındıraq və qüvvələrimiz digər istiqamətlərdə irəliləsinlər. Qələbə xəbərlərini aldıqca şəxsi heyətin əzmi daha da artırdı.

 

Əlavə məlumat: Həmin şəxsi heyət düşmənin 18 otaqdan ibarət 6 bunker-sığınacağını ələ keçirib. Daha sonra polkovnik-leytenant Ehtiram Məmmədovgilin briqadası Füzulini Xüsusi Təyinatlı Qüvvələrdən təhvil alıb. Burada düşmənin 85 ədəd topu ələ keçirilib.

 

Ehtiram Məmmədov: – Biz düşmənin toplarından özlərinə qarşı istifadə edirdik. Sonra Füzulinin işğaldan hələ azad olunmamış digər kəndləri uğrunda döyüşlərə başladıq. Nəhayət, bizim hərbi hissəyə Daşaltı kəndini işğaldan azad etmək tapşırığı verildi. Bununla da, Laçından Şuşaya gedən yolu bağlamalı idik. Noyabrın 3-də ərazi kəşfiyyat keçirdikdən sonra bizim tabur sol cinahdan Daşaltı istiqamətində hücuma keçdi. Mən döyüşlərin ilk günü yaralanmışdım. Növbəti dəfə həmin gün – noyabrın 3-də düşmən snayperi­nin gülləsinə tuş gəldim…

 

Mən Ali Baş Komandanın sərəncamı ilə ən yüksək təltiflərdən biri olan “Qa­rabağ” ordeni, bundan əlavə, “Şuşanın azad edilməsinə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin iş­ğaldan azad olunmasına görə” medalları ilə təltif olundum.

 

XTQ zabiti Rəcəb Elxan oğlu Nəcəfov:

 

– 2013-cü ildən Xüsusi Təytinatlı Qüvvələrdə xidmət etmişəm. 2016-cı il Aprel döyüşlərinin iştirakçısıyam. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Kəbəcər istiqamətində döyüşlərə başlamışam.

 

Kəlbəcər istiqamətində “Canavar sağ”, “Canavar sol” postlarının azad edilməsində iştirak etmişəm. İlk dəfə məhz burada – “Canavar sol” postunda yaralanmışam. Yerində müalicə edildim və döyüşə davam etdim. Sonra döyüş istiqamətimiz Füzuli və Cəbrayıl rayon­larına yönəldi. Həmin vaxtlar düşmənin Kənd Horadiz istiqamətində böyük miqyaslı əks-hücum əməliyyatı oldu. O əməliyyatın da qarşısının alınmasında iştirak etmişəm.

 

Xatırladaq ki, Kənd Horadiz Cocuq Mərcanlıdan Cəbrayıl istiqamətində gedərkən sağda yerləşən, önəmli takti­ki əhəmiyyəti olan bir ərazidir.

 

Rəcəb Nəcəfov: – Döyüşün son 10-12 günündə həm kəşfiyyatçı, həm də rabitəçi olduğuma, eləcə də, ərazini yaxşı tanıdığıma görə mən təxliyə komandiri elan edildim. Bizim təxliyə qrupunun itkisi olmadı. 300-dən çox yaralının döyüş meydanından çıxarıl­masına rəhbərlik etmişəm.

 

Leytenant Taleh Quliyev:

 

– Mən 2019-cu ildən qəhrəman briqadalardan biri olan 702 saylı hərbi hissədə xidmətə başlamışam. Xidmət etdiyim dövrdə bir çox nailiyyətim olub. 2020-ci ildə müharibədən əvvəl “Silahlı Qüvvələr birincisi” adına layiq görülmüşəm. Müharibə başlanan gün bizim hərbi hissə komandiri mənə dedi ki, səndən burada da birincilik gözləyirəm. Bu mənim üçün çox böyük stimul oldu.

 

Füzuli istiqamətində döyüşlərə qoşulduq. Burada bir çox kəndi işğaldan azad etdik. Həmin ərazidə möhkəmləndikdən sonra Cəbrayıl istiqamətinə yönəldildik. Cəbrayılın bir çox kəndinin düşməndən təmizlənməsində iştirak etdik. Daha sonra Hadrutun və Xocavəndin kəndlərini işğaldan azad etdik. Həmin vaxt bizim hərbi hissə xeyli sayda itki verdi. Lakin döyüş tapşırığını uğurla yerinə yetirdik.

 

Mənim üçün ən yaddaqalan hadisələrdən biri Hadrutda pusquya düşməyimiz olub. Biz həmin istiqamətdə meşənin içi ilə 13 saat dayanmadan irəlilədik. Şəxsi heyətimiz iki zabit və 27 əsgərdən ibarət idi. Biz əsgərlərimizi qabağa vermədik. Əfsuslar olsun ki, həmin pusquda mayor Anar Məmmədov şəhid oldu. Mən də ağır yaralandım. Lakin biz əsgərlərimizi pusqudan çıxara bildik.

 

Əlavə məlumat: Saleh Qulyev Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Kapitan Famil Alim oğlu Məlikov:

 

– Mən 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşam. 2011-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişəm. 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində həmin ixtisas üzrə təlim kursunda olmuşam. 2012-ci ildə Murovdağ istiqamətində kəşfiyyat tağım komandi­ri olaraq xidmətə başlamışam. 2015-ci ildə öz istəyimlə Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə qatılmışam. Təlimləri müvəffəqiyyətlə tamamla­dıqdan sonra komandir müavini kimi fəaliyyətə başlamışam.

 

Bizim Vətən müharibəsində ilk istiqamətimiz Kəlbəcər idi. Burada 5 gün ərzində 120-dən çox düşməni məhv etmişik. Kəlbəcərdən sonra növbəti istiqamətimiz Cəbrayıl idi. Oktyabrın 2-də Lələtəpə postun­dan düşmən mövqelərinə sızma əməlliyyatlarına başladıq. Biz nəinki cavab verdik, hətta düşmənin böyük itkilər verərək qaçmasına nail olduq. Müharibə günlərində düşmənin məhv edilməsindən çox, onun silahı atıb qaçmasını görmək bizə daha xoş təsir bağışlayırdı.

 

Qələbəmizin əsas səbəblərindən söz açmalı olsaq, mükəmməl idarəetməni, maddi-texniki bazanı, hərbçilərin peşəkarlığını, xalqın Ali Baş Komandana və orduya dəstəyini, ən başlıcası isə hər bir fərdin qələbəyə inamını yada salmalıyıq. Biz inanırdıq ki, ərazilərimizi işğaldan azad edəcəyik. Etdik. Biz inanırdıq ki, 30 il düşmən tapdağında qalan torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanacaq. Ona da nail olduq.

 

Xatırladaq ki, Famil Məlikov Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bundan əlavə, o, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şücaətə görə” “Kəlbəcərin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” medallarına da layiq görülüb.

 

P.S. Əslində, redaksiya rəhbərliyinin bu cəsur oğullarımız, İkinci Qarabağ müharibəsinin qəhrəmanları ilə görüşüb, onların ürək sözlərini qələmə almaq təşəbbüsünü siyasi-analitik qrup – yəni bu sətirlərin sonunda adı görünən əməkdaşlar yerinə yetirməli idi. Ancaq “redaksiyamıza qazilər gəlir” xəbərini eşidəndən sonra kollektivin əksər üzvləri sinəsi orden-medallarla dolu olan ərənlərin məclisinə toplaşdı. Hamı onları görmək, səslərini eşitmək, müharibə təəssüratlarını dinləmək, onlarla şəkil çəkdirmək istəyirdi. Əməkdaşlarımızın həmin istəyi tamamilə təbii idi. Çünki biz indiyədək qəhrəmanlar haqqında rəvayətlərdə eşitmiş, kitablarda oxumuş, onları kinolarda görmüşdük. Noyabrın 29-da isə onların özlərini gördük. Allah köməkləri olsun!

 

Söhbəti qələmə aldılar: İttifaq MİRZƏBƏYLİ,

 

Əliqismət BƏDƏLOV,

 

 İmran ƏLİYEV,

 

Elşən AĞALAROV (foto),

 

Xalq qəzeti .-  2021.- 2 dekabr.- S.1;5;6.