Helikopter qəzasında həlak olanların xatirəsinə böyük ehtiram göstərilir

 

 

Noyabrın 30-da səhər saatlarında Azərbaycan aldığı acı xəbərdən sarsıldı. Artıq xəbər verdiyimiz kimi, həmin gün Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim zamanı ağır qəzaya uğrayıb. Helikopter təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuşa başlayıb və saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb. Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbçi həlak olub, 2 nəfər yaralanıb.

 

Faciədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həlak olanların ailələrinə başsağlığı verib: “2021-ci ilin noyab­rın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonun­da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”

 

Prezident, eyni zamanda, hadisənin səbəblərinin dəqiqliklə araşdırılması ilə bağlı müvafiq dövlət orqanlarına tapşırıqlarını verib.

 

Dünən Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla “Sərhədçi” İdman Olimpi­ya Mərkəzində vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid hərbi qulluqçuların nəşləri dəfn olunmaq üçün ailələrinə təhvil verilib.

 

Baş prokurorun birinci müavini Elçin Məmmədov Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı noyabrın 30-da təşkil olunmuş brifinqdə bildirib ki, hadisə ilə əlaqədar Baş Prokuror­luğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuşya uçuşa hazırlıq qaydalarını poz­ma, ehtiyatsızlıqdan ikiya daha çox şəxsin ölümünə səbəb olduq­da) və digər maddələri ilə cinayət işi başlanıb, əlaqədar qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

 

Helikopterin qəzaya uğraması ilə əlaqədar hazırda intensiv istintaq tədbirləri həyata keçirilir, zəruri istintaq hərəkətləri icra olunmaqdadır. Hazırda şahidlərin dindirilməsi, hadisə yerinə baxış keçirilməsi təmin olunub. Zəruri ekspertizalar təyin edilib, meyitlərin xarici, o cümlədən daxili müayinələri həyata keçirilib. Hazırda intensiv qay­dada zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Helikopter qəzası ilə bağlı ehtimal olunan ilkin səbəblər barədə sua­lı cavablandıran Elçin Məmmədov deyib ki, ilkin səbəblərlə bağlı hazır­da istintaq aparılır. İstintaqın hazırkı mərhələsində helikopterin qəzaya uğ­raması səbəbi kimi hər hansı müdaxilə inkar olunur. Yaradılmış istintaq qrupunun üzvləri hazırda bütün versi­yaları, o cümlədən hava şəraiti, pilotun ehtiyatsız davranması və bu kimi digər səbəbləri araşdırırlar.

 

E.Məmmədov qeyd edib ki, istintaq qrupuna peşəkar müstəntiqlər daxil edilib. Cinayət işi Azərbaycan Respub­likası Baş Prokurorluğunun İstintaq İdarəsinin icraatına verilib. İstintaq qrupunun rəhbəri idarənin rəis müavini Sənan Paşayevdir.

 

Brifinqdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda əlavə edib ki, hadisə nəticəsində yaralananların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar: “Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır. Onların sağ­lamlığının bərpası üçün həkimlərimiz tərəfindən zəruri tədbirlər görülməkdədir”.

 

Onun sözlərinə görə, helikopterin pilotu polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Helikopter, demək olar ki, yeni­dir və qısa müddət əvvəl onda təmir işləri aparılıb.

 

Elçin Quliyev deyib ki, hadisə ilə əlaqədar ilkin müayinə aparılıb: “Ha­zırda qara qutunun müvafiq hissələri Baş Prokurorluqdadır. Baş Prokurorluq tərəfindən dərin təhlil işləri aparıldıq­dan sonra hadisənin başvermə səbəbi daha da dəqiqləşdiriləcək. Hazırda hadisənin başvermə səbəbi haqqında dəqiq söz demək mümkün deyil. An­caq onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz”.

 

E.Quliyev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi hərbi təlimlərdə həlak olan hərbi qulluq­çulara şəhid statusunun verilməsini nəzərdə tutur.

 

Həlak olan hərbçilərin dəfn mərasimləri ilə bağlı məlumat verən DSX rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müvafiq tapşırıqlar verdiklərini vurğulayıb.

 

Hadisədən sonra Azərbaycanın kədərini bölüşən dost ölkələrdən çoxsaylı başsağlığı daxil olub. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezi­denti İlham Əliyevə telefonla zəng edərək helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

 

Türk Dövlətləri Təşkilatının adından da hərbi helikopterin Xızı rayonu ərazisində təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağ­lığı daxil olub.

 

Rusiyanın Azərbaycandakı səfirliyi, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, İsrailin Azərbaycandakı səfiri Corc Dik və digər ölkələrin səfirləri də Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildiriblər.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti  2021.- 2 dekabr.- S.4.