Qarabağ inam və
qətiyyətlə bərpa edilir
Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış və milli qürurumuzun təntənəsinə çevrilmiş tarixi zəfərlə Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf dövrü başlanıb. Erməni faşizminin bu ərazilərdə yerlə bir etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, bura qayıdışın tezliklə təmin edilməsi üçün həyata keçirilən tədbirlərin miqyası və sürəti İkinci Qarabağ savaşında olduğu kimi, inam və qətiyyətin təntənəsinə çevrilib.
Müharibədən ötən müddətdə düşməndən təmizlənən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılıb. Şuşada bir sıra mədəniyyət abidələrinin bərpası başa çatdırılıb, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Artıq Zəngilan Hava Limanının da uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işlərinə başlanılıb. Laçın aeroportunun isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və tikinti işlərinin aparılması üçün baza yaradılmasına start verilib.
Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin Baş planları Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında hazırlanaraq, təqdim edilib. Dövlətimizin başçısının iştirakı ilə artıq həmin rayonların ərazilərində salınacaq yaşayış binalarının təməli də qoyulub. Bütün bunlarla Azərbaycan dövləti gücünün nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirib.
İşğaldan azad edilmiş bu ərazilər urbisidə (şəhər və kəndlərin məhv edilməsi), kultosidə (mədəniyyət abidələrinin məhv edilməsi) və ekosidə (təbiətin və ekologiyanın məhv edilməsi) məruz qalıb. Barbarlığın bu dəhşətlərini aradan qaldırmaq üçün Azərbaycan dövləti, ilk növbədə, yol infrastrukturunun qurulmasına mühüm önəm verib. Ötən il noyabrın 16-da təməli qoyulan “Zəfər Yolu”nun tikintisi müvəffəqiyyətlə başa çatdırılıb və cari il noyabrın 7-də açılışı olub.
Hazırda düşməndən təmizlənən sahələrdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların inşası, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər sürətlə icra olunur. Əhmədbəyli–Füzul–Şuşa, Toğanalı–Kəlbəcər–İstisu, Kəlbəcər–Laçın, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Xudafərin–Qubadlı–Laçın, Qubadlı–Eyvazlı, Şükürbəyli–Cəbrayıl–Hadrut və Füzuli–Hadrut avtomobil yollarının çəkilişi yüksək keyfiyyətlə aparılır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə–Ağdam avtomobil yolunun tikintisi də uğurla həyata keçirilir.
Başlanğıcını Bərdə şəhərindən götürən bu yolun uzunluğu 45 kilometr təşkil edəcək. Dövlət başçısının tapşırığına əsasən, yol Qarabağın inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.
Hazırda Bərdə–Ağdam avtomobil yolunun 6-45-ci kilometrlik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri aparılır.
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Burada asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Qeyd edək ki, Bərdə–Ağdam avtomobil yolu düşməndən təmizlənən Ağdam şəhərinə qədər inşa edilir. Yolun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yolun Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə etməsi nəzərdə tutulur.
Otuz ilə yaxın davam edən işğal müddətində Azərbaycan təbiətinə, ətraf mühitə və təbii sərvətlərə vurulan zərərin aradan qaldırılması, bölgənin təbii ekosisteminin, bioloji müxtəlifliyinin bərpası, qorunması və yaşıl enerji məkanlarının artırılması istiqamətində də layihələrin yerinə yetirilməsinə başlanılıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamından irəli gələn tapşırıqlar üzrə Zəngilan rayonu ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpası istiqamətində artıq müəyyən işlər görülüb.
Bu günlərdə işğaldan azad olunan ərazilərdə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası, habelə inkişafı proqramı üzrə tədbirlər planı da ictimaiyyətə açıqlanıb. Qeyd edilib ki, 1976-cı ildə istismara verilmiş, ümumi sututumu 5,86 milyon kubmetr olan Suqovuşan su anbarının və ondan su götürən suburaxma qabiliyyəti saniyədə 70 kubmetrə, uzunluğu 5,25 kilometrə çatan əsas magistral kanalın təmir-bərpasının yaxın vaxtlarda həyata keçiriləcəyi nəzərdə tutulub.
Tədbirlər planına daxil edilmiş Tərtərçay Sol Sahil (sərfi saniyədə 20 kubmetr) kanalının yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 36 min hektar əkin sahələrinin su təminatında da xeyli irəliləyiş əldə olunacaq.
Yaxın gələcəkdə Suqovuşan hidroqovşağından su götürən magistral kanaldan ayrılan sərfi 50 kubmetr/saniyə və uzunluğu 70 kilometr olan beton üzlüklü Tərtərçay Sağ Sahil kanalının təmir-bərpası ilə Tərtər, Ağdam və Ağcabədi rayonlarının əkin sahələrinin su təminatı daha da yaxşılaşacaq.
Qarabağ və Şərqi Zəngəzurun ekoloji vəziyyətinin yaxşılaşdırılması da prioritet vəzfə kimi qarşıya qoyulub. “2022-2026-cı illərdə Azərbaycanın meşə fondunun bərpası proqramı” hazırlanıb. Proqramda işğaldan azad edilmiş ərazilərdə və Qarabağın digər yerlərində meşələrin bərpa olunması tədbirləri nəzərdə tutulub. Artıq bu işlər çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birlikdə Cəbrayıl şəhərinin ətrafında 20 hektar ərazidə “Dostluq meşəsi” salınmağa başlanıb.
Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinin layihələndirilməsi və planlaşdırılması üçün topoqrafik xəritə hazırlanır, bərpa işlərində istifadə oluna biləcək yerli tikinti materiallarının ehtiyatı hesablanır.
“Yaşıl enerji” konsepsiyası çərçivəsində bərpa edilən enerji mənbələrinin maksimum potensialının hesablanması üçün ssenari isə artıq hazırdır.
Qarabağ və Şərqi Zəngəzurda sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb. Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub, bura potensial rezident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılıb. Bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə indiyədək 10-dək layihə təqdim edilib.
Hazırda Ağdam Sənaye Parkına ayrılmış 190 hektar ərazinin 74 hektarı minalardan təmizlənib. Ərazidə tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Burada 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb.
Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin bərpası və turizm infrastrukturunun yenidən qurulması istiqamətində də mühüm işlər görülüb. Tarix-mədəniyyət abidələrinə sistemli baxış keçirilməsi, onların qeydiyyatının aparılması istiqamətində görülən tədbirlər artıq yekunlaşıb. Şuşa şəhərində “Xarıbülbül” və “Qarabağ” otelləri istifadəyə verilib. Azərbaycan Prezidentinin tapşırığı ilə Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşaya gətirilib. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi, büstü, Natəvan bulağı, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər ağa məscidi qısa müddətdə bərpa olunub.
Şuşada hazırda Aşağı Gövhər ağa və Saatlı məscidlərinin, Mehmandarovların evinin bərpası işləri davam etdirilir.
Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi də bərpa olunur. Qarabağ Mərkəzinin məlumatına görə, artıq bu ibadət ocağının ətrafı dəmir torlarla hasara alınıb, inşaat işlərinin aparılması üçün dəmir ayaqaltı konstruksiyalar quraşdırılıb.
Qeyd edək ki, 30 ilə yaxın ermənilərin işğalı altında qalan Ağdam şəhəri tamamilə dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan tikili Cümə məscidi olub. İşğal dövründə məscidin minarələri erməni hərbçilərin ətraf ərazilərə nəzarət etmələri məqsədilə müşahidə qülləsi kimi, ibadət ocağının özü isə donuz və mal-qara saxlanılması üçün istifadə olunub.
Bölgədə elektrik enerjisinin təminatı ilə bağlı ötən müddətdə lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli iş görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti
.- 2021.- 2 dekabr.- S.1;3.