“8 Noyabr – Zəfər Günü” münasibətilə qəbul edilən amnistiya aktı

 

humanizm və insanpərvərlik nümunəsidir

 

Amnistiya və əfvetmə Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş humanizm prinsipinin tətbiqi formalarındandır. Amnistiya aktı qüvvədə olan qanunu dəyişdirmədən, şəxsin törətmiş olduğu cinayət əməlini dekriminallaşdırmadan cinayət törətmiş şəxslərin vəziyyətini yüngülləşdirir və dövlət tərəfindən onlara mərhəmət göstərilməsini ifadə edir.

 

 

Cinayət əməlləri törətmiş şəxslərə onların islah olunma dərəcəsindən asılı olaraq müxtəlif təsir tədbirləri, o cümlədən amnis­tiya və əfvetmənin tətbiq edilməsi cəzanın məqsədlərinə (sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması) nail olmağa xidmət edir.

 

Amnistiya humanizm və mərhəmət aktı kimi Azərbaycan Respublikasının məhkəmə praktikasında geniş tətbiq edilir. Belə ki, 1991-ci ildən 2016-cı ilədək respublikada 14 amnistiya aktı və 44 əfvetmə fərmanı icra olunmuşdur. Bu aktlar 87 mindən artıq şəxsi əhatə etmişdir. Onların da 44 mindən çoxu cəzaçəkmə yerlərindən azad olunmuşdur.

 

Amnistiya haqqında qərar layihəsinin irəli sürülməsi təşəbbüsü ilə Azərbaycan Res­publikası Konstitusiyasının 96-cı maddəsinə əsasən, qanunve­ricilik təşəbbüsü hüququ olan Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respub­likasının prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çıxış edə bilər.

 

“8 Noyabr – Zəfər Günü” münasibətilə qəbul edilən am­nistiya aktı 45 maddəni özündə cəmləşdirən preambula, amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiya tətbiq qaydaları və am­nistiya tətbiqinə məhdudiyyətlər ilə bağlı hissələrdən ibarətdir.

 

“8 Noyabr – Zəfər Günü” münasibətilə qəbul edilən am­nistiya aktının 9 bəndi amnistiya tətbiq edilən şəxslərin dairəsini müəyyən edir. Belə ki, Zəfər Günü münasibətilə hazırlanan və qəbul olunan amnistiya aktı şamil edilən şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə ən böyük am­nistiya aktıdır. Amnistiya aktının şamil ediləcəyi şəxslərin dairəsi genişdir. Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunma­sı uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olanya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumları, Vətən müharibəsində, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyü­nün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə xüsusi xidmətlərə görə Azərbaycan Res­publikasının orden və medalları ilə təltif olunan şəxslərə də akt şamil olunur. Akta Vətən müharibəsi və digər döyüş əməliyyatları bəndi əlavə edilmişdir. Əvvəllər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə bağlı məsələ açıq qalırdı. Əvvəlki amnistiya aktlarında bu məqam qeyd olunmamışdır. Xocalı soyqırımında əlil olan şəxslər, həlak olanya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumları­na da amnistiya tətbiq ediləcək. Bu akt Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmişya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olanya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumlarına da tətbiq oluna­caq. Məlumdur ki, Azərbaycan müstəqillik əldə etdikdən son­ra Silahlı Qüvvələrimiz bir çox sülhməramlı əməliyyatlarda iştirak etmişdir. Bu kateqoriyanın da əlavə edilməsi çox önəmlidir. Amnistiya yalnız həbsdən azad etməni deyil, həm də cəzanın müddətinin azaldılmasını eh­tiva edir. Belə ki, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş şəxslərin cəzası 6 ay azaldılmışdır.

 

Bu akta əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə intizam xa­rakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzanın qanuni qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər cəzalardan azad edilmişdir.

 

2021-ci il noyabrın 5-də qəbul edilən Amnistiya aktının böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərə, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq ol­mayan şəxslərə də tətbiqi nəzərdə tutulmuşdur.

 

Qeyd edək ki, amnistiyanı icra edən orqanlar bu qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.

 

Hüquqi dövlət quruculuğu yo­lunu tutmuş Azərbaycan Respub­likasında konstitusion qaydaların möhkəmləndirilməsi və hüquq siyasətinin təkmilləşdirilməsi qarşı­da duran ən mühüm məsələlərdən biridir. Cinayətlərin sayının artdığı, onların törədilməsinin yeni forma və üsullarının meydana çıxdığı bir vaxtda cinayətkarlıqla uğurlu mübarizə aparmağa kömək edən konstitusion qaydalara riayət edilməsi, qanunların keyfiyyətinin artırılması və tətbiqinin səmərəliliyinin yüksəldilməsi hazırkı şəraitdə həmişə oldu­ğundan daha artıq dərəcədə vacibdir. Cinayət əməlləri törətmiş yüksək ictimai təhlükəliliyə malik şəxslərə qarşı sərt cəza tədbirləri ilə ehtiyatsızlıq üzündən cinayət törətmiş və islah olunma yolunu tutmuş şəxslərə qarşı məsuliyyəti yüngülləşdirmə tədbirlərini üzvi şəkildə əlaqələndirən cinayət qanunu müasir hüquq siyasətində inandırma və məcburetmədən istifadə edir. Törədilən cinayətə görə təkcə tənbeh tədbirlərinin tətbiqi deyil, həm də bütün cinayətkarlar kütləsi arasından öz davranışının cinayət olduğu­nu dərk edən və cəmiyyətdən təcrid edilməsinə ehtiyac qalma­yan şəxslərin seçilməsi hazırkı vaxtda da aktual olaraq qalır. Cinayət əməli törətmiş şəxslərə dövlət məcburetmə tədbirləri tətbiq edilərkən diferensiasiyalı münasibət bəslənilməsi və müm­kün olan hallarda məhkumların cəzasının azaldılması, hətta cəzadan tam azad edilməsi, bütövlükdə, cinayətkarlığın səviyyəsinin aşağı düşməsinə, o cümlədən residivin azalmasına kömək edir.

 

İkinci Qarabağ müharibəsində qazandığımız qələbə münasibəti ilə 5 noyabr 2021-ci il tarixdə qəbul edilmiş amnistiya aktı öz miqyasına və əhatə dairəsinə görə bu günə qədər qəbul edilmiş ən böyük amnistiya aktlarından biridir.

 

Belə ki, 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim olunmuşMilli Məclis tərəfindən qəbul edilmiş bu amnistiya aktı, ümumilikdə, on mindən çox şəxsə şamil olunmuş­dur. Bu amnistiya aktı on minlərlə azərbaycanlının “8 Noyabr – Zəfər Günü” sevincinə sevinc qatmışdır və Azərbaycanda həyata keçirilən humanizm siyasətinin bariz nümunəsidir.

 

Hüquqidemokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqla­rının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edən amnistiya institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyala­rının cəmiyyətdə geniş yayılması­na kömək göstərir.

 

Həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində əfv və amnistiya təsisatlarını bərpa edən ulu öndər Heydər Əliyevin layiq­li davamçısı olan Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Mil­li Məclisinin “8 Noyabr– Zəfər Günü” münasibətilə qəbul edilən amnistiya qərarı əsl humanizmin təzahürü olaraq böyük siyasi, hüquqi və mənəvi əhəmiyyətə malikdir. Amnistiya haqqında bu qərarın siyasi əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq aləmdə müstəqil Azərbaycan Respublika­sının demokratik imicinin daha da möhkəmlənməsinə xidmət edir, Azərbaycanda insan hüquqları­nın müdafiəsi sahəsində mühüm irəliləyişlərin olduğunu göstərir. Qərarın hüquqi əhəmiyyətinə gəldikdə, onu qeyd etmək la­zımdır ki, dövlət cinayət törətmiş vətəndaşları bağışlamaqla, yəni, barələrində amnistiya tətbiq etməklə, onlara, həqiqətən, islah olunmaları, cəmiyyətdə layiqli yer tutmaları üçün real zəmin yaradır. Qərarın mənəvi əhəmiyyəti isə ondan ibarətdir ki, bu şəxslərin çoxu tez bir zaman­da öz ailələrinə, qohumlarına və yaxınlarına qovuşmaq, ictimai faydalı əməklə məşğul olmaq və ən başlıcası azadlığa çıxmaq im­kanı əldə edirlər. Yüzlərlə ailənin sevinci, müsbət ictimai rezonans da qərarın mənəvi əhəmiyyətini şərtləndirən amildir.

 

Həsən HƏNİFƏYEV,

 

Bakı şəhəri,

 

Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri

 

Xalq qəzeti .- 2021.- 2 dekabr.- S.8.