Yeni növrağın mübarək, əziz
Kəlbəcər!
Can qurban etməyin
vaxtı çatıbsa,
Səndən
hansı namərd əsirgəyər can?!
Qoyuram
başımı ayaqlarına,
Ey Ana
torpağım! Ey Azərbaycan!
Böyük Məhəmmədhüseyn
Şəhriyarın bu çağırışı
Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən
siyasəti və səriştəli rəhbərliyi, qəhrəman
Azərbaycan Ordusunun rəşadəti, xalqımızın
birliyi, həmrəyliyi sayəsində qalibiyyətlə
başa vurduğumuz Vətən müharibəsində hər
birimizin qəlbimizdən keçən, dilimizdən
düşməyən ən sevimli şüarlardan idi. Məhz
bu əzm, qətiyyət, Vətənə sonsuz sevgi bizə
bayram etdiyimiz zəfər günlərini yaşamaq haqqı verdi! Həm də təkcə biz sevinmirik, 30 il doğma insanlarına, dilinə, adət-ənənələrinə
həsrət qalan torpaqlar da sevinir. Biz o yerlərin həsrəti
ilə alışıb-yandığımız kimi, o müqəddəs
ocaqlar da vüsal anını hər zaman gözləyib...
25 noyabr 2020-ci il.
Prezident İlham Əliyevin hər
çıxışını səbirsizliklə gözləyən
Azərbaycan xalqı əsl qəhrəmana çevrilmiş
liderdən həmin gün daha bir şad xəbərin müjdəsini
aldı: “ Əziz həmvətənlər.
Bu gün Kəlbəcər rayonu işğaldan
azad olundu. Bu münasibətlə bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm! Əziz kəlbəcərlilər,
gözünüz aydın olsun! Doğma rayonunuz
işğaldan azad olundu!” Həm də cənab
Ali Baş Komandanın dediyi kimi, bir güllə atmadan, bir
şəhid vermədən. Çünki Azərbaycan
Ordusunun cəbhədəki qələbələri, uğurlu
döyüş əməliyyatları düşməni buna məcbur
etdi: “Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını,
Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun
böyük hissəsini və Şuşanı hərbi
yollarla azad etdik. Döyüş meydanında
düşmənin belini qırdıq. Şuşanın
azad olunmasından bir gün sonra 70-dən çox kəndin
azad edilməsi ilə düşmən diz çökdü,
kapitulyasiya aktına imza atdı”.
Bəli, daha bir həsrətimizə
son qoyuldu. 27
il düşmən tapdağı
altında qalan qədim oğuz yurdu Kəlbəcər
azadlığına, hürriyyətinə, doğma
insanlarına, dilinə, dininə qovuşdu!
Qədim türklərin ilk
yaşayış məskənlərindən olan,
dağların ağuşuna aldığı Kəlbəcər
Azərbaycanın ən böyük inzibati-ərazi vahidlərindən
biridir. Etimoloji araşdırmaların nəticələrinə
görə, türk mənşəli “Kəlbəcər”
sözünün mənası “çay üstündə
qala” deməkdir. Maraqlıdır ki, ərazinin
coğrafi quruluşu da bu ehtimalın doğruluğunu təsdiqləyir.
Kəlbəcərin hər
daşında, hər qayasında qədim türk
tayfalarının izləri yaşayır. Buradakı
bütün dağ, dərə, təpə, yarğan və
digər relyef müxtəlifliklərinin adları məhz əski
türk tayfalarının adları ilə bağlıdır.
Kəlbəcərin türk yurdu olduğunu
buradakı qəbiristanlıqlar da sübut edir. Alıbəyli, Zar və başqa kəndlərin ərazisində
ayrı-ayrı dövrlərdə salınmış türk
qəbiristanlıqlarındakı müxtəlif
ölçülü qəbirüstü heyvan fiqurları –
at, qoç və s. – qədim türklərin totem
inancından xəbər verir. Bu qiymətli
abidələr özündə sirli-sehrli keçmişin
müəmmalarına veriləcək cavabları gizləyən
qiymətli kitabələr kimi ilmə-ilmə, sətir-sətir
oxunaraq xalqın soykökünün gizlinlərini
çözən açar kimi Vətənin hər
oğlunun, hər qızının heç vaxt
unutmayacağı, itirməyəcəyi əmanətinə
çevrilmişdir.
Ey Vətən oğlu! Sənin
soykökünün ən etibarlı sənədi məhz
tarixin heç bir güzəşt bilməyən
damğası ilə möhürlənmiş elə bu
daşlardır: Vəng kəndi ərazisindəki Alban məbədi,
Çərəkdar kəndindəki Alban kilsəsi (Həsən
Camal kilsəsi), Qanlıkənd ərazisindəki Lök
qalası, Qaraçanlı kəndindəki Uluxan qalası, Tərtər
çayı ilə Bulanıq çayın
qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu
kəndindəki Qalaboynu qalası, Comərd kəndindəki
Comərd qalası, Camışlı kəndindəki
Keşikçi qalası, Kəlbəcər şəhərindəki,
Başlıbel və Otaqlı kəndlərindəki məscidlər,
Soyuqbulaq kəndində – Tərtər çayı üzərindəki
Tağlıdaş körpüsü, Kəlbəcər
Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir
adına mədəniyyət evi, Söyüdlü
yaylağındakı Seyid Əsədullanın ziyarətgahı...
Kəlbəcərdə
aparılan arxeoloji qazıntılar zamanı qədim
insanların yaşayış məskənlərində –
mağara və düşərgələrdə ibtidai
insanların daşdan ilk əmək alətlərinin
hazırladıqlarını sübut edən tapıntılar
da aşkar edilmişdir.
Kəlbəcərdəki
alban dövrünə aid xeyli tarixi abidə əsrlərin
keşməkeşlərinə sinə gərmiş,
günümüzədək gəlib
çıxmışdır. Bu abidələrdən
ən məşhuru Xudavəng məbəd kompleksidir. Təxminən, VI-VII əsrlərdə alban
knyazı tərəfindən tikilən bu abidə-kompleks
sonrakı yüzilliklərdə knyazlığın dini məbədi
olmuşdu. Kəlbəcərdə Vəng
kəndi ərazisində digər bir alban məbədi də
vardır. Daha sonra Laçınqaya, Lev,
Uluxan, Qalaboynu, Comərd kimi alban abidələrini də qeyd
etmək lazımdır.
Qədim albanların izlərini
daha sonra qayaüstü rəsmlər, küp qəbirlər
kimi antik dövr mədəniyyət nişanələrində
də görmək olar. XX əsrin ikinci yarısından, daha dəqiq desək,
1968-ci ildən tədqiq edilməyə başlayan Qaragöl və
Zalxa gölləri sahillərindəki,
Ayıçınqılı və Pəriçınqılı
dağlarındakı qayalarda qayaüstü təsvirlərlə
yanaşı, 1976-cı ildə burada qədim
yaşayış yerləri də aşkar edilmişdir. Alimlər Kəlbəcər ərazisindəki
qayaüstü təsvirləri Qobustandakı yazılı və
şəkilli daşların oxşarı –“əkiz”ləri
adlandırırlar. “Soltan Heydər”, “Qurbağalı
çay”, “Turşsu”, “Ayıçınqılı”, “Gəlinqayası”,
“Böyükdəvəgözü”, “Sərçəli” və
s. yerlərdəki qayaüstü təsvirlər təkcə
Kəlbəcərin deyil, bütövlükdə, Azərbaycan
torpağının qədim insan məskəni olduğunu
sübut edir.
Torpağının
üstü tariximizi yaşadan, minillərə şahidlik edən
maddi-mədəni sərvətlərlə zəngin olan bu qədim
yurdun təkinin dərinlikləri də faydalı
qazıntılarla, o cümlədən, qızıl, xrom
yataqları ilə, sənaye əhəmiyyətli civə
ehtiyatları (Şorbulaq və Ağyataq) ilə zəngindir. Tanrı bu
yurddan öz səxavətini əsirgəməmişdir.
Azərbaycanın ən
yüksək dağ rayonu olan Kəlbəcərin əsrarəngiz
təbiəti vardır. 30 min hektara yaxın meşə sahəsi, hüsnünə
şeirlər qoşulan, nəğmələr oxunan
Camışdağ (3724 m.) və Dəlidağ (3616 m.) zirvələrinin
füsunkar mənzərələri, Alagöllər,
Qaragöl, Zalxa gölü kimi büllur gözlü göllərinin
göz yaşı tək dumduru “ayna”sı bu türk yurdunu
tarixin yaddaşına silinməz izlərlə həkk
etmişdir.
Kəlbəcərin zəngin
flora və faunası vardır. Ulu yaradan təbiət
sarıdan bu yerlərdən üçün heç nəyi əsirgəməyib.
Kəlbəcəri “yaranmışın anası”
adlandıran Aşıq Şəmşir demiş:
Süsənin, sünbülün al-əlvan
rəngli,
Çiyələkli, yaşıl
meşə ətəkli,
Nərgiz kəlağaylı, lalə
gərdəkli,
Al bəzəkli, təzə
gəlindi dağlar.
Kəlbəcərdən
danışarkən, burada yaranan folklor nümunələrindən
bəhs etməmək günah olar. Xalqımızın
tarixi keçmişini, milli identikliyini, adət-ənənələrimizi
qoruyub-yaşadan Kəlbəcər folkloru özünün səciyyəvi
xüsusiyyətləri ilə həmişə fərqlənmişdir.
Bu nümunələrdə xalqımızın
etnoqrafiyası, ədəbi-bədii təfəkkürü
öz əksini tapmışdır.
Bəli, Kəlbəcər
belə bir “YURDDUR!”
Buruc yurdu, Çiçəkli
düz,
Daşbulağın suyu bumbuz,
Yad eylərəm gecə-gündüz.
O məskənlər şaha
layıq,
Gözləri yolda
qoymarıq.
(Qənbər Şəmşiroğlu)
Qədim əcdadlarımızın
yurd yeri, el-obası, 1936 kvadrat kilometr ərazisi olan, 63 il əvvəl
inzibati rayon statusu alan, 60 min əhalinin yaşadığı
(işğaldan əvvəlki statistikaya görə), 13 minədək
fərdi mənzil, 37.852 hektar meşə sahəsini əhatə
edən, böyük tarixi keçmişi, zəngin mədəniyyəti,
qədim tarixi abidələri ilə seçilən, Azərbaycanın
və postsovet məkanının ən gözəl
diyarlarından və istirahət guşələrindən biri
sayılan, barlı-bərəkətli, gözəl təbiətli,
min bir dərdin dərmanı olan nemətləri, qiymətli
yeraltı və yerüstü sərvətləri –
qızılı, civəsi, uranı, 3 milyard kubmetrlik mərmər
yataqları, 3000-dən çox dişgöynədən,
keyvir bulağı, 300-dən artıq narzan mənbəyi ilə
məşhurlaşan Kəlbəcər 1993-cü ilin aprel
ayının 3-də erməni işğalçıları tərəfindən
zəbt edilmişdi.
Əslində, Kəlbəcər
uğrunda döyüşlər Qarabağ müharibəsinin
ilk vaxtlarından başlamışdı. 1988-ci ildən erməni
daşnakları tərəfindən süni surətdə
alovlandırılan “Dağlıq Qarabağ münaqişəsinin”
lap başlanğıcından düşmən Kəlbəcərin
qala kimi strateji əhəmiyyətini dərk edərək,
özünün riyakar, xəbis niyyətlərini həyata
keçirmək üçün Ağdərə rayonu ərazisindən
yolları bağlamış və rayonu mühasirəyə
almışdı. Doğrudur, ilk vaxtlar Kəlbəcər–Laçın,
Kəlbəcər–Gəncə istiqamətində yolların
çəkilməsi ilə bu mühasirə
yarılmışdı, lakin sonradan hadisələrin
gedişi və gərginliyin artması, xüsusilə də
Kəlbəcərlə həmsərhəd olan və azərbaycanlıların
yaşadıqları Basarkeçər bölgəsindən
sakinlərin qovulması Kəlbəcər üçün təhlükəni
daha da artırmışdı.
Kəlbəcərin
işğalına gedən yolun faciələri nə sözə
sığar, nə dastana... Məmməd Aslan demiş: “Bəşərin
gizlədiyi Qiyaməti bəri başdan dirigözlü
görməyə məcbur edilmiş ağdabanlıların
bircə gündə gördüklərini ayrı-ayrı fərdlər
timsalında yazıb bir araya gətirməyə nə fiziki
imkanımız çatar, nə də o amansız sitəmləri
tələffüz eləyib qələmə almağa və mənəvi
sarsıntılara təkrar tablaşmağa ovqatım əl
verər”. Bu yolda ilk qurbanlar 1989-cu il iyulun
14-də xain düşmənin hiyləsinə tuş gələn
8 nəfər azyaşlı olmuşdu... Daha sonra–1992-ci il aprelin 8-dən 9-na keçən gecə
Ağdabandan başlayan hücum Kəlbəcərin
süqutunadək gəlib çıxmışdı...
...1993-cü il
martın 23-dən işğal gününədək isə
qanlı döyüşlər getmişdi. İşğala
siyasi qiymət verən tarixçilər “erməni
qoşunları ilk dəfə Dağlıq Qarabağ
anklavının hüdudlarından kənara
çıxmışdı”, – deyə qeyd edirdilər. Kəlbəcər uğrunda gərgin
döyüşlər 10 gündən çox davam etmişdi.
Qüvvələr açıq-aşkar qeyri-bərabər
idi. Təbii ki, Ermənistan tərəf
yalnız öz qüvvələri ilə
döyüşmürdü. Azərbaycan tərəfdən
isə 701-ci hissə və Kəlbəcər
könüllüləri döyüşürdülər.
Düşmən 15 qat üstün qüvvəyə
malik idi. Azərbaycan Kəlbəcər
döyüşündə 450 nəfərdən çox itki
vermişdi. Yerli camaatın qəhrəmanlığı
və fədakarlığı sayəsində mühasirədə
olan 60 min sakin təxliyə edilmişdi.
Sərin yaylaqlı Kəlbəcər
dağlarının ətəklərindəki qədim
yurd-yuvalarından didərgin düşmüş, cəlayi-vətən
olmuş kəlbəcərlilər işğaldan sonra Azərbaycanın
62 rayon və şəhərinin 707 yaşayış məntəqəsində
məcburi köçkün kimi yaşamağa məcbur
olmuşdular. Statistik məlumatlar göstərir
ki, 1993-cü ilin qiymətlərinə görə, Kəlbəcərin
xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan
vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən
53 min 340 nəfər adam qovulmuş, 511 nəfər dinc əhali
ağlasığmaz üsullarla qətlə yetirilmiş (o
cümlədən, 20 uşaq), 1231 nəfər isə
ağır işkəncələrə məruz qalaraq əsir
götürülmüş (onlardan 20-si azyaşlı körpə
olub, 17-si sonradan azad edilmişdir) və 3-ü qız olmaqla 10
uşaq itkin düşmüş, 2500 nəfər (onlardan
3-ü azyaşlı olub) əlil olmuş, 78 uşaq valideynlərdən
birini itirmişdir. Və işğalçı
düşmən BMT-nin və ATƏT-in prinsiplərinə zidd
olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində
erməniləri məskunlaşdırmışdı.
Kəlbəcərin
işğalı bütün Azərbaycanı
sarsıtmışdı. Çünki bu,
çox ciddi bir məğlubiyyət və fəlakət idi.
Vətən sanki bütün dünyaya
hayqıraraq etiraz səsini bildirmək istəyirdi.
İşıqlı zəkaların, düşüncə
adamlarının, siyasilərin, demək olar, gücü,
imkanı çatan, əli yetən, ünü yetişən
hər kəsin etirazı BMT Təhlükəsizlik
Şurasının 3205 saylı iclasının qəbul etdiyi
822 saylı qətnamə ilə – Azərbaycan ordusunun 44
günlük Vətən müharibəsindəki şanlı
qələbəsinədək kağız üzərində
qalan bir sənədlə nəticələnmişdi.
Azərbaycan xalqı həmişə
inanmışdır və 44 günlük Vətən
müharibəsi də bir daha göstərdi ki, Vətən
uğrunda canlarını qurban vermiş
oğullarımızın qanı yerdə qalmamış və
qalmayacaqdır! Ali Baş Komandan, Prezident İlham Əliyevin
rəhbərliyi ilə torpaqlarımız düşmən
işğalından azad olunduğu kimi, həmin
rayonlarımız dirçələcək, o yerlərdə həyat
bərpa olunacaq, kəndlərimiz daha da çiçəklənəcək
və xalqımız öz doğma yurd-yuvalarına
qayıdacaq!
Kəlbəcərin ürəkdolusu “oğul” deyə biləcəyi, tarixi keçmişi, zəngin sərvətləri, əsararəngiz təbiəti və s. ilə yanaşı, onu məşhurlaşdıran, qoynunda böyütdüyü ləyaqətli övladları da vardır. Bu şərəf, bu ləyaqət elə təkcə ondan bəlli olur ki, 1993-cü ilin aprel ayında Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra öz el-obasından ayrı düşən, respublikamızın 62-dən çox rayon və yüzlərlə kəndinə səpələnən kəlbəcərlilər min bir çətinliyə, əzab-əziyyətə qatlaşaraq öz adət-ənənələrini, özlərinə xas ədəbi-bədii irsi, mənəvi dəyərlərini qoruyub saxlaya bildilər.
Ölüncə mərd olmalıdır lütfü təmiz hər oğul,
Şən elər ata yurdunu qoçaq, hünərvər oğul.
Cəfa çəkər, say saxlayar,
sayseçilməz sər oğul
Şəmşir onun zəhmətində
yüz il, inan inciməz.
(Aşıq Şəmşir)
Murovdağ, Şərqi Göyçə,
Mıxtökən, Qarabağ silsilələrinin və
Qarabağ vulkanik yaylasının qoynunda yerləşən Kəlbəcər,
bəlkə də dağların vüqarından, əzəmətindən
ilham alıb saza-sözə sarılan elm və sənət
adamlarının vətənidir. Mərd insanlar, möcüzələr
diyarı olan Kəlbəcərin havasından, suyundan,
vüqarlı dağlarından ilham alan və
elə dağların özü kimi mərdlik simvolu olan
insanlarından çox danışmaq, çox yazmaq olar.
30 ildə Kəlbəcərin işğalından, dərdlərindən, həsrətindən yazan qələm sahiblərimiz artıq bu gün qalib ordumuzdan, dünyaya səs salan zəfərimizdən, doğma torpaqların azadlığından, hürriyyətindən bəhs edirlər. Bu gün Kəlbəcər xoşbəxtdir! Bu səadəti yurdumuza və yurddaşlarımıza yaşadan Prezident, Ali Baş Komandan və onun yenilməz əsgərlərinin xidmətləri, bu yolda şəhid olmuş qəhrəman oğullarımızın müqəddəs xatirəsi heç zaman bu millətin, bu xalqın qəlbindən, qan yaddaşından silinməyəcək!
Azadlığının bir yaşı mübarək, əziz Kəlbəcər! Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin uzagörən daxili və xarici siyasəti sayəsində sən tezliklə yenə də Azərbaycanın dilbər guşələrindən birinə çevriləcəksən.
Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri
komitəsi sədrinin müavini,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti
.- 2021.- 2 dekabr.- S.8.