Əmioğlular – biri şəhid, biri qazi

 

... Onlar əmioğlu idillər. Biri Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, o birisi isə zabiti. Qax şəhərinin Əsgəruşağı məhəlləsinin Balacayevlər nəslinin bu övladları torpaqlarımızı erməni işğalından azad etmək üçün 44 günlük Vətən müharibəsində vuruşublar. Cəsarətlə, mərdliklə düşməndən intiqam alıblar...

 

Onların yaş fərqi də çox deyildi, İzzət Elgündən dörd yaş böyük idi. Elgün ailənin yeganə oğlu, İzzət isə evin sonbeşiyi idi. Elgün həmişə əmioğlanları ilə fəxr edər, öyünərdi. Tanıyan-bilənlər onların bir-birinə mehribanlığına heyran qalardılar. Bu gün isə onların haqqında danışanda qürurla deyirlər: İki əmioğlu–biri şəhid, biri qazi.

 

“Vətən çağırırsa, getməliyəm”

 

... Yaxşı deyiblər ki, oğul evin işığı, qız yaraşığıdır. Elə Elgün də, sözün həqiqi mənasında, evinin işığı olub. O, uşaqlığını, gəncliyini yaşıdları kimi yaşaya bilmədi. Ailəsinin duru­mu, anasının xəstəliyi onu uşaqlıq illərindən erkən ayırmışdı. Deyirlər ki, hər kəs öz alın yazısını, qədərini ya­şamağa məhkumdur. Elgün də qədər - qismətini yaşamalı oldu. Özündən iki yaş böyük bacısı Gülçin onun sirdaşı, həmdəmi idi. Bacı-qardaş baş-başa verib atasına arxa-dayaq ol­mağı bacardılar. Onları bir-birinə bağ­layan təkcə bacı-qardaş mehribanlığı deyil, həm də həyatın acıları olub.

 

Elgün İzzətzadə 1997-ci ilin martın 15-də dünyaya göz açmışdı. İlk təhsilini şəhər 2 nömrəli məktəb-liseydə almışdı. Futbol oynamağı çox sevirdi. Ona görə də 6-cı sinifdən Respublika İdman liseyinin Qax filialında oxumağa başlayır. Elə o vaxtdan hiss edir ki, gözləri zəif görür. Ancaq bunu evdəkilərdən gizlədir. 18 yaşı tamam olanda onu da hərbi xidmətə çağırırlar. 2015-ci ilin may ayından Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi. Əyninə əsgər paltarını geyindiyi gün özünü dünya­nın ən xoşbəxti sanıb.

 

2016-cı ilin Aprel döyüşləri onun Vətən sevgisinin sanki çiçək aç­dığı tarixi günlərdən idi. O da bu döyüşlərdə xidməti borcunu şərəflə yerinə yetirən əsgərlərimizdən biri olub. Ancaq döyüşdə iştirak etdiyini evdəkilərə deməmişdi. Vətənə borcu­nu ləyaqətlə yerinə yetirib doğmala­rının yanına qayıdır. Gözləri isə get-gedə daha da zəifləyirdi. Məcburən eynək taxmalı olur.

 

2020-ci ilin sentyabrında Vətən müharibəsinin başlanması ilə əlaqədar qismən səfərbərlik elan olunanda Elgünə də çağırış vərəqəsi gəlir. O, tərəddüd etmədən SHXÇDX-nin rayon bölməsinə gedir, lakin eynəyini gizlədir. Bibiləri nə qədər desələr də, Elgün eynəyini taxma­mışdı: ”Mən qorxaq deyiləm. Eynəklə getsəm, deyərlər qorxaqdır. Vətən çağırırsa, hökmən getməliyəm!”

 

Cəbhəyə könüllü gedir. Həqiqi xidmətdə qumbaraatan olur. Vətən müharibəsində də qumbaraatan silahı ilə döyüşür. Sentyabrın 29-dan döyüşlərə qatılan Elgünün ən bö­yük arzusu Qarabağın tacı Şuşanın alınmasında iştirak etmək idi. Onun döyüş yolu Goranboydan başlanmış, Suqovuşan, Xudafərin istiqamətində vuruşmuşdu. Oktyabrın 7-də Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid oldu.

 

Şəhidin atası Bəhram Balaca­yev belə deyir: “Elgün ata-anasın­dan çox Vətənini sevərdi. Hər dəfə Xocalıdan, Şuşadan söz düşəndə bədəni əsirdi. Düşməndən qisas alınacaq günü səbirsizliklə gözləyirdi. Həmişə də deyərdi ki, indi görərsiniz, ermənilərdən bu vəhşiliklərin qisasını necə alacam. Axırıncı dəfə telefonla danışanda suallarıma çox qısa cavab verdi: “Ata, hər şey yaxşıdır. Arxayın ol. Sən anamdan, Gülçindən muğayat ol”... Üç gün sonra –oktyabrın 7-də isə şəhid xəbərini aldıq.”

 

Həmin döyüşdə şəhid olan hərbçilərimizin meyitləri iki həftədən çox bitərəf zonada qalmışdı. Ona görə igid şəhidimiz Elgün İzzətzadə də çox gec – oktyabrın 23-də doğma şəhərində – Qaxda torpağa tapşırıldı.

 

Əzizləri, dost-tanışları 2021-ci il oktyabrın 23-də Elgünün ilinə toplaş­mışdı. Hamı onun hələ uşaq yaşla­rından ailənin yükünü çəkməsindən, bacısına bağlılığından, qohumcanlı olmasından danışırdı. Elgün həqiqi hərbi xidmətdən qayıdanda bacısı nişanlıymış. Bacısının bütün cehizini Elgün almışdı. Sevinci yerə-göyə sığmırdı. Tez-tez bacısını qucaqla­yıb deyərmiş: “Dünyanın ən gözəl gəlini sən olacaqsan.” Qardaşının anım günü Gülçin ailəsi ilə görüntülü bağlantı qurur: “Canım, qardaşımın bu gününə gələ bilmədiyim üçün Elgünün ruhu məni bağışlasın. Bu, bir ildə hər dəqiqəm onunla bağlı olub. O, mənim üçün hər şey idi: dostum, qardaşım, həyatım. Bir çox şeyləri atamdan-anamdan gizlədərdik. Elə əsgərlikdən qayıdanda təkcə mənə demişdi ki, Aprel döyüşlərində olub. Bərk-bərk də tapşırmışdı ki, bunu evdəkilərə deməyim. Acılı-şirinli günlərimizi birgə yaşamışdıq. Qardaşı şəhid olan bacı necə ola bilər? Özü də Elgün kimi qardaşın bacısı.”

 

...Vətən müharibəsində Elgünün iki əmioğlusu və bir xalaoğlusu da döyüşüblər. Əmi oğlanları hərbçi ol­duğundan tez-tez əmisinə zəng vuran Elgün ona təskinlik verərmiş “Qorx­mayın, mənim igid əmioğlanlarım var. Erməninin canını alacaqlar.”

 

Elgünün bibisi Nəzakət göz yaşları ilə bunu söylədi: “Çox dedim, getmə! Sənin gözlərin yaxşı görmür. Ancaq o, “Getməliyəm. Kişiyə yaraşmaz bəhanə gətirmək,” – dedi.

 

Ölümündən sonra Elgün İzzətzadə Azərbaycan Respublika­sının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.

 

Baş leytenant İzzət Balacayev əmisi oğlu Elgünün şəhid olması xəbərini alanda sarsılsa da, onun ru­huna and içir ki, bütün şəhid oğulların intiqamını almaq üçün son damla qanınadək döyüşəcək! Elgünün şəhid olmasından cəmi 20 gün sonra, okt­yabrın 28-də İzzət də ölümlə üz-üzə dayanır, ağır yaralanır.

 

“Bu görüş adi görüş deyildi”

 

Bir ilə yaxın idi onunla görüşmək, cəbhə xatirələrini bölüşmək arzu­sundaydım. Axı, bu görüş adi görüş olmayacaqdı. Vətən Müharibəsi Qəhrəmanı ilə görüşmək, həmsöhbət olmaq, məncə, hər bir jurnalistin yad­daşından silinməyəcək tarixi anlardan biri kimi dəyərlidi. Bir də ki, qocaman həmkarım, respublikanın Əməkdar jurnalisti Vaqif Musayev xahiş etmişdi Zakirin qəhrəman oğlu haqqında bir yazı yazmağımı.

 

Bəlkə də, hər ay bibilərindən xəbər alırdım ki, İzzət rayona gəlib, ya yox. Və nəhayət, öyrəndim ki, o, şəhid əmisi oğlu Elgün İzzətzadənin anım mərasiminə gələcək. Oktyab­rın 23-də Elgünün baba ocağına yığışmışdı yaxınları, rayonun rəhbər işçiləri, gəncləri.

 

Elgünlə bağlı qeydlərimi götürüb, Vətən Müharibəsi Qəhrəmanı İzzət Balacayevi xəbər aldım. Dedilər ki, buradadır, qapıda dayanıb. Xahiş etdim ki, onunla görüşmək istədiyimi İzzətə desinlər. Bir qədər sonra anası Güləsər çəkinə-çəkinə bildirdi ki, İzzət müsahibə vermək istəmir. Xoşla­mır televiziyalara, qəzetlərə çıxsın. Güləsər xanım məndən dönə-dönə üzr istədi. Onu sakitləşdirib dedim, eybi yoxdur, mən igid balamızı yaxşı başa düşürəm. Hərbçi anası olduğum üçün bilirəm ki, 44 günlük müharibənin nəticəsi kimi xalqımızın tarixinə yazılmış Zəfər əsgər və zabitlərimizin hünəri ilə, canı-qanı bahasına qazanı­lıb. Oğullarımız müharibənin dəhşətini yaşamışlar. Sözsüz ki, onlar bu müharibənin ağrı-acılarını hələ uzun illər unutmayacaqlar.

 

...Ertəsi gün işim yenə gərgin idi – qəzetin növbəti nömrəsinin material­larını hazırlayırdım. Qapı döyüldü. Bir gənc oğlan içəri girdi.

 

– Salam, mən dünən sizinlə görüşmək istəməmişdim. Eşidəndə ki, siz polkovnik-leytenant Sadiq Əfəndiyevin anasısınız, özümə yer tapa bilmədim. Çox xahiş edirəm, məni bağışlayasınız, – deyən qazimi­zin kim olduğunu tez anladım.

 

Ayağa qalxıb ona əyləşmək üçün yer göstərdim:

 

– Oğlum, narahat olma, mən səndən əsla inciməmişəm. Çox sağ ol ki, zəhmət çəkib gəlmisən. Bilirsənmi biz səninlə, ordumuzun bütün əsgər və zabitləri ilə necə fəxr edirik! Sənin valideynlərinə halal olsun ki, belə cəsur, igid oğul böyüdüblər.

 

Zakir Balacayevin ailəsində 3 oğul övladı böyüyüb. İzzət ailənin sonbeşiyidir . Ailənin böyük oğlu Bəhruz 16 ildir ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Ortancıl qardaş Təbriz isə mühəndisdir.

 

...Hələ kiçik yaşlarından İzzət hərbçi olmaq arzusunda idi. Bilirdi ki, ermənilər xalqımızın əzəli düşmənidir. Onu da yaxşı bilirdi ki, işğal altındakı torpaqlarımızı yağı düşməndən azad etmək Vətən oğullarının ən ümdə və müqəddəs borcu, vəzifəsidir. Ona görə də qəti qərara gəlmişdi ki, hərbçi olsun.

 

Qəhrəmanımız İzzət Balaca­yev 1993-cü il dekabrın 14-də Qax şəhərində dünyaya göz açıb. Böyü­yüb, şəhərdəki 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 9-cu sinifdən isə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Liseydən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsilini davam etdi­rib. 2017-ci ildə leytenant rütbəsində xüsusi təyinatlı hərbi hissədə xidmətə başlayıb. Gənc zabit kimi bir il sonra Türkiyədə 4 aylıq təkmilləşdirmə kursu keçib. 2019-cu ildə İ.Balacayev baş leytenant rütbəsini alıb. Eyni zamanda, o, həmin il dost Pakistan Respublikasında “Səhrada döyüş” hərbi təlim kursunun iştirakçısı olub.

 

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən ön cəbhədə olan igid həmyerlimiz Cəbrayıl, Xocavənd, Füzuli, Kəlbəcər və Şuşa istiqamətində gedən döyüşlərin ön xəttində vuruşub. Xüsu­si təyinatlı hissənin bölük komandiri, baş leytenant İzzət Balacayevin hələ müharibənin ilk günlərində göstərdiyi igidliyə görə təltif edilməsi barədə komandanlığın təqdimatı olub.

 

...Şuşa istiqamətində ağır döyüşlər gedirdi. Xüsusi təyinatlılar, həmişəki kimi, yenə öndə idilər. Hər tərəf minalanmışdı, ani diqqətsizlik faciə ilə sonlanırdı. Müharibənin ən ağır günlərindən biri idi. Şuşaya yaxınlaşırdılar. Baş leytenant İzzət Balacayevin bölüyü Şuşaya kimi 5 ki­lometr məsafəni qət etməli idi. Hücum əmrini alan bölük oktyabrın 28-də hərəkətə keçdi və az sonra güclü partlayış oldu...

 

Həmin partlayış neçə igidimizin həyatına son qoyur, bölük komandiri, igid həmyerlimiz İzzət Balacayev isə ağır yaralanır, sağ ayağının üçdə bi­rini itirir. Hospitala göndərilir. Üç dəfə ağır cərrahi əməliyyat edilir. O, həmin günləri xatırlayaraq deyir:

 

– Birinci əməliyyatdan çıxan­dan sonra zabit dostlarım zəng vurub məni təbrik etdilər. Dedilər ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüsən... Sevinə bilmədim. Qəhər məni boğurdu. İtirdiyim dostlarım gözlərim önünə gəldi: Əsl qəhrəmanlar onlardır!

 

Daha sonra döyüş əməliyyatları zamanı torpaqlarımızın işğaldan azad edilməsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölkə Prezi­dentinin sərəncamları ilə baş leyte­nant İ.Balacayev “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif olunub.

 

İzzət əsl hərbçi ciddiyyəti ilə sual­larımı qısa və dəqiq cavablandırır:

 

... Biz döyüş zamanı heç nə, heç kim haqqında düşünmürdük. Sevdiklərimizi də, gələcək arzularımı­zı da unudurduq. Yalnız Vətən üçün döyünürdü ürəyimiz. Kimsədən heç bir təmənnamız yox idi. Biz Vətənə borclu idik və bu borcumuzu şərəflə yerinə yetirmək üçün canımızdan keçməyə belə hazır idik. Necə ki, üç min Vətən oğlu borcu üçün keçdi canından. Elə şəhid oğullarımız var ki, onların igidliyini ifadə etməkdə söz belə acizdir. Bir həmyerlimizin adını çəkəcəm. 2014-cü ildə şəhid olan Elçin Əhmədovun. Eyni hərbi hissədə xidmət edirdik. Yalnız onunla çiyin-çiyinə xidmət edənlər bilirdilər ki, Elçin necə igid, necə cəsur idi. Bax, belə oğulların döyüş yolu, şücaəti öyrənilsin, gənc nəsillərə çatdırılsın gərək. Hər bir şəhidimiz üçün çox heyifsilənirəm. Onlar Vətən, xalq üçün hələ çox işlər görə bilərdilər. Heç bir təmənna gözləmədən Vətən uğrunda şəhid oldular. Heyif, o oğul­lardan. Vətən sağ olsun! Şəhid qar­daşlarımın ailələrinə səbir diləyirəm.

 

Özü haqqında bir kəlmə də demədi İzzət. Bircə onu dedi: “Dövlətimiz hər zaman öz əsgərinin yanındadır. Mən bunu dəfələrlə hiss etdim. Müalicə olunduğum müddətdə Ali Baş Komandan üç dəfə bizə baş çəkib. Hər bir əsgər və zabitin sağlamlığının bərpası üçün lazım olan nə varsa, dövlətimiz onu edib. Mənim ayağıma da ən müasir protez qoyulub, rahat gəzirəm. Dövlət məni də mənzillə təmin edib. Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin şərəfli zabiti adını bu gün də daşı­yıram. Nə qədər yaşasam, o qədər borcluyam Vətənimə, dövlətimə.”

 

Onun evlənmə çağıdır. Ailə qurmaq, özü kimi igid oğul böyütmək Vətən Müharibəsi Qəhrəmanı İzzət Balacayevin də haqqıdır. Qəhrəmanımıza gələcək ailə həyatında səadət, işlərində uğurlar diləyirik. Kim bilir, bəlkə bir gün onun doğma balası da bu yolu seçəcək, Atası kimi zabit adını şərəflə daşıya­caq.

 

Xavər ƏFƏNDİYEVA,

 

“Şəlalə” qəzetinin redaktoru

 

Qax rayonu

 

Xalq qəzeti .-  2021.- 2 dekabr.- S.10.