Əbədiyaşar siyasətin təntənəsi
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımızın milli maraqlarını və dövlətçilik mənafelərini daim uca tutub, respublikamızın tərəqqisi naminə taleyüklü qərarlar qəbul edib, müdrik siyasəti ilə ölkəmizi ən çətin, ağır, böhranlı vəziyyətlərdən çıxarıb, bununla da böyük xalq sevgisi qazanaraq, ümummilli lider səviyyəsinə yüksəlib.
Ulu öndər 1969-1982-ci illərdə sosial-iqtisadi cəhətdən geridə qalan Azərbaycanı çiçəklənən, inkişaf edən bir diyara çevirib. Heydər Əliyev o dövrdə respublikada ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi-tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün mühüm ixtisaslara yiyələnmələri məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əzmkar fəaliyyət göstərib.
O illərdə Azərbaycanda reallaşdırılan institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrində, eləcə də neft sənayesində böyük inkişaf tempi əldə edilib. Nəticədə ölkəmiz keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Bununla bərabər, Bakının inkişafı, paytaxtda onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərin abadlaşdırılması kimi məsələlər Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib.
Ümummilli liderin müstəqil ölkəmizə rəhbərliyi dönəmində xalqımız üzləşdiyi bütün bəlalardan qorunub, respublikada ictimai-siyasi sabitlik təmin edilib, vətəndaş qarşıdurması aradan qaldırılıb, ölkənin parçalanmasının qarşısı alınmaqla milli qurtuluş reallaşdırılıb. Dahi şəxsiyyətin həyata keçirdiyi kompleks islahatlar nəticəsində Azərbaycanın iqtisadi inkişafına nail olunub, neft-qaz sənayesində inqilabi uğurlara imza atılıb.
Həyatının mənasını xalqına və dövlətinə fədakar xidmətdə görən ulu öndər müstəqil gənc respublikamıza rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri respublikamıza investisiya yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ümummilli liderin beynəlxalq arenadakı şəxsi nüfuzu ilə bu tərəddüdlərə son qoyuldu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası son 18 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən müddətdə dünyada baş verən qlobal iqtisadi böhranların, arası kəsilmədən davam edən, dərinləşən və əhatə dairəsi getdikcə genişlənən siyasi çaxnaşmaların təsirinin Azərbaycandan da yan keçmədiyi bir şəraitdə ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən dövrün tələbinə uyğunlaşdırılaraq mükəmməl səviyyədə davam etdirilməsi sayəsində mümkün olub. Bu müddətdə respublikamızın makroiqtisadi sabitliyi nəinki qorunub saxlanılıb, eyni zamanda, iqtisadi potensialı daha da gücləndirilib.
Dövlətimizin başçısı İlham Əliyev 18 il ərzində Azərbaycanı zamanın yeni çağırışlarına uyğun olaraq böyük qətiyyətlə, uğurla irəli aparıb, respublikamızı dünyanın sürətlə və hərtərəfli inkişaf edən ölkələrindən birinə çevirib.
Beynəlxalq aləmdə ən islahatçı dövlət başçısı kimi tanınan cənab İlham Əliyev prezidentlik fəaliyyətində qarşıya Azərbaycanın uğurlu tərəqqisini gerçəkləşdirməklə bərabər, respublikada mövcud olan sabitliyi qoruyub saxlamaq kimi mühüm vəzifə qoyub və bu istiqamətdə önəmli addımlar atıb, apardığı sistemli, hərtərəfli islahatlar sayəsində ölkəmizin ümumi inkişafına yeni dinamizm gətirib.
Dövlətimizin başçısının xalqın sosial rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi sosial-iqtisadi islahatların uğurlu nəticələrini bu gün hər bir vətəndaş öz həyatında hiss edir, davamlı struktur, kadr yeniləşdirmələri ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir.
Aparılan islahatlar nəticəsində əldə edilən uğurlu sosial-iqtisadi göstəricilər respublikada yaşanan sabitliyi möhkəmləndirib, xalqın hakimiyyətə etimadını daha da gücləndirib. Sabitliyin, xalqın hakimiyyətə, öz Prezidentinə olan etimadının getdikcə artması isə ölkənin inkişafını, tərəqqisini şərtləndirib.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi illərində qarşıya qoyduğu ən başlıca vəzifələrdən biri 30 ilə yaxın bir zaman ərzində düşmən əsarətində olan Qarabağın və ətraf rayonların yağı tapdağından xilas edilməsi idi. Bu müqəddəs istək həm də ümummilli liderimizin dövlətimizin başçısına bir ata vəsiyyəti idi. Prezident İlham Əliyev Azərbaycanın incisi sayılan mədəniyyət beşiyimiz Şuşa şəhəri düşməndən təmizləndikdən sonra xalqa müraciətində bu məqamı dilə gətirərək, həyatında bəlkə də ən xoşbəxt günlərindən birini yaşadığını bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Dövlətimizin başçısı prezidentlik fəaliyyəti illərində dahi şəxsiyyətin müdrik siyasətini uğurla davam etdirərək, işğalda olan ərazilərimizin azad olunması üçün böyük fədakarlıq göstərdi. Bütün beynəlxalq kürsülərdə Azərbaycanın öz ərazisinin bir hissəsində suverenliyinin qəsbinə, torpaqlarının quldurcasına zəbtinə və qoparılmasına heç zaman razı olmayacağını və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasını gerçəkləşdirəcəyini bəyan etdi. Ermənistan silahlı qüvvələrinin uzun zaman davam edən təxribatları, “yeni ərazilər uğrunda yeni müharibə” iddiası, nəhayət, Azərbaycanın səbir kasasını daşdırdı. Beləliklə, 2020-ci il sentyabrın 27-də növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan yararlanaraq, təcavüzkarı sülhə məcbur etmək, torpaqlarımızın işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün çəkən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı.
Vətən müharibəsində düşmən ordusuna ağır zərbələr endirildi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Ölkəmizin işğal altındakı ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad olundu. İkinci Qarabağ müharibəsinin ən şərəfli səhifələrindən biri isə ötən il noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi Şuşanın əsarətdən xilas edildiyi gün oldu.
Bununla da, Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilmədiyini, məhvə məhkum olduğunu anlayan işğalçı Ermənistan məğlubiyyətini etiraf etdi. Azərbaycan Ordusunun qazandığı hərbi zəfər siyasi müstəvidə nail olunan qələbə ilə tamamlandı. Bununla da 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla 30 ildən artıq davam edən münaqişəyə son qoyuldu.
Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları hazırda dünyanın ən güclü orduları sırasında qərarlaşan, ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilən ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu aydın şəkildə göstərdi.
Dövlətimizin başçısı hələ döyüşlərin qızğın vaxtında Azərbaycan Ordusunun güc-qüdrətinin belə yüksək səviyyəyə çatmasının təsadüfi olmadığını xüsusi vurğulayaraq deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir...”.
Vətən müharibəsindəki möhtəşəm qələbə ilə erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdikləri etnik təmizləmə və işğalçılıq siyasətinin qarşısının alınması ilə bağlı tarixi missiya uğurla yerinə yetirildi və tarixi ədalət bərpa olundu. Zəfər Günü kimi tarixə qızıl hərflərlə yazılan ötən ilin 8 noyabrı müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsinə çevrildi.
Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtardı və onu qalib, yenilməz xalq kimi bütün dünyaya tanıtdı. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirdi.
Qüdrətli və qalib Azərbaycanın hər bir vətəndaşı artıq qürur və sevinc hissi ilə yaşayır. Otuz il ərzində 20 faiz ərazisi tapdaq altında olan bir ölkənin övladı indi başını dik tutur, çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin bu ən şanlı qələbəsinin şahidi olduğu üçün özünü dünyanın ən bəxtəvəri sanır, bu xoşbəxtliyi ona bəxş edən Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevə sonsuz minnətdarlığını bildirir və Azərbaycanın daha da çiçəklənməsi yolunda inamlı addımlar atır.
Dövlətimizin başçısı bu gün ölkədə iqtisadi islahatların sürətləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizə böyük qayıdışın ən yüksək səviyyədə təmin edilməsi üçün bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırır. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmandakı yeni bölgüyə 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da adlarının salınması, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm addımlar atılması da düşməndən təmizlənən torpaqların tezliklə yeni görkəm alacağından xəbər verir.
Artıq bir ildir ki, Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri gedir, bütün torpaqlarda həyat bərpa olunur.
Hazırda bu ərazilərdə infrastrukturun yaradılması, vaxtilə mövcud olmuş magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm daşıyır. Çünki bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini şərtləndirir.
* * *
Bütün varlığı ilə Vətəninə dərindən bağlı olan Heydər Əliyev müdrik siyasəti ilə xalqımıza güclü, sarsılmaz, qüdrətli bir dövlət miras qoyub. Qədirbilən xalqımız isə beynəlxalq səviyyədə də hörmətlə anılan dahi şəxsiyyətin Azərbaycan üçün əvəzsiz xidmətlərindən, nəsillərə nümunə olan ömür yolundan daim qürur duyur və bu gün ümummilli liderin siyasi kursunu yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevə sonsuz inanır və onun ulu öndərimizin siyasi varisi kimi yürütdüyü siyasi, sosial-iqtisadi islahatları yekdilliklə dəstəkləyir.
Bütün bunlar isə bir daha sübut edir ki, dövlət başçımızın rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və xalqımızı davamlı inkişafa və tərəqqiyə aparır.
Eldar QULİYEV,
Milli Məclisin deputatı,
iqtisad elmləri
doktoru,
professor
Xalq qəzeti
.- 2021.- 11 dekabr.- S.1;4.