Dövlət müstəqilliyimizi əbədi
və dönməz edən lider
Dövlətin
xilası üçün bir dahi insan kifayətdir.
Fransua VOLTER, XVIII əsr fransız
filosofu
Heç şübhəsiz
ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət
tarixində xilaskar insanlar olur. Bu dahilər öz qətiyyətləri
ilə mənsub olduqları xalqı öz arxasınca
aparıb, ən taleyüklü məqamlarda qalib rolu
oynayıblar. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə
parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,
qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi
kimi düşmüşdür.
Müstəsna xidmətləri
ilə əbədilik qazanan ümummilli lider Heydər
Əliyevin mənalı həyat yolu, zəngin və
çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən
illərə nəzər salarkən, Azərbaycan
xalqının öz müdrik liderinin rəhbərliyi ilə
qazandığı mühüm tarixi nailiyyətlərin bir
daha şahidi oluruq. İntibah və milli
şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə başlanmış, müstəqilliyimiz məhz
onun sayəsində əbədi və dönməz
olmuşdur. Ölkəmiz dünyada layiq
olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi,
müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin
dövlətçilik təcrübəsi sayəsində
yüksələ bilmişdir.
Heydər Əliyevin respublika
rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin
geridə qalmış subyektlərindən biri olan Azərbaycanda
həyat ritmini büsbütün dəyişdi. Respublikada
görünməmiş canlanma və yüksəliş,
tikinti-quruculuq işləri başlandı. Ulu öndərin
gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye
və kənd təsərrüfatında, mədəniyyət
və təhsil sahəsində böyük uğurlar əldə
edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət
və təhsil ocaqları, tibb müəssisələri
inşa edildi, yeni yaşayış massivləri
salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri
çəkildi. Azərbaycanın siyasi və mədəni
həyatında böyük əhəmiyyəti olan saraylar,
özünün görkəmi ilə şəhərə
gözəllik verən neçə-neçə
yaraşıqlı binalar, xalqımızın tarixində
mühüm rol oynamış şəxslərə, ədəbiyyat
və incəsənət xadimlərinə əzəmətli
abidələr ucaldıldı.
Ulu öndərin Azərbaycana rəhbərlik
etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin
möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq
məfkurəsi yüksəlməyə başladı, kadr
korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli
addımlar atıldı, hər il yüzlərlə gənc
müxtəlif mühüm, o cümlədən hərbi
ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən
qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar
mühüm dövlət vəzifələrinə irəli
çəkildilər.
1978-ci ildə Azərbaycan
SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan
dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli
lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin
hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin,
xüsusən dilinin qorunub saxlanması və inkişaf
etdirilməsi üçün hüquqi əsasların müəyyən
edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir.
Sovet milli siyasətinin tələbləri ilə
tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin
öhdəsindən məhz Heydər Əliyev gələ
bilmişdir. “Qoy ədalət zəfər
çalsın!” – o zaman Heydər
Əliyevin söylədiyi və bütün işlərinin
mahiyyətini təşkil edən bu sözlər xalqın
dilində şüara çevrildi.
Sonralar Heydər Əliyevin
SSRİ kimi nəhəng dövlətin rəhbərliyində
Siyasi Büronun üzvü, Nazirlər Soveti Sədrinin birinci
müavini kimi yüksək mövqe və vəzifə
tutması qürurverici hadisə oldu. Heydər Əliyevin
siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan
üçün xüsusilə böyük önəm kəsb
etdi. Heydər Əliyev artan nüfuzundan və
yüksək vəzifənin açdığı imkanlardan
istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana
daha çox vəsait ayrılmasına, ittifaqmiqyaslı bir
sıra layihələrin Bakıya yönəldilməsinə
nail oldu. Dahi şəxsiyyət Heydər
Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan
keçmiş İttifaqın qabaqcıl respublikalarından
birinə çevrildi.
Lakin sonralar baş verən məlum
hadisələr, Mixail Qorbaçovun siyasi hakimiyyətə gəldikdən
sonra Heydər Əliyevə qarşı həsəd və
qısqanclıq hisslərinin baş qaldırması, Azərbaycan
əleyhinə çirkin niyyətlərin həyata
keçirilməsi ulu öndərin vəzifədən
uzaqlaşdırılması ilə nəticələndi. Bundan istifadə
edən ermənilər ölkəmizə qarşı uydurma ərazi
iddiaları irəli sürərək, əzəli
torpağımız olan Dağlıq Qarabağ ətrafında
hərbi təcavüzə başladılar. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda və
ya sovet rəhbərliyində olsaydı, heç vaxt
Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı.
Heydər Əliyev amili, onun gücü, qüdrəti
erməni millətçilərini belə təxribatlardan
çəkindirirdi.
1990-cı ilin yanvarında
keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli
münasibətinin təzahürü olaraq, dinc
etirazçıları qanına qəltan etmək
üçün Bakıya sovet ordusunun yeridilməsi misli
görünməmiş qanlı faciə ilə nəticələndi. Əfsuslar
olsun ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi
bu qanlı cinayətin bilavasitə təşkilatçısı
və iştirakçısı olduğundan nəinki onun
açılması və cinayətkarların məsuliyyətə
cəlb olunmasından ötrü tədbirlər görmədi,
əksinə bu vəhşiliyi gizlətmək
üçün əlindən gələni etdi. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər
Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi
Nümayəndəliyinə gedərək xalqımızın
kədərini bölüşməsi və sovet hakimiyyətinin
ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı
ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli
oldu. Xalq o ağır günlərdə köməksiz
olmadığını hiss etdi.
Həmin dövrdə Azərbaycana
qayıdışına ciddi maneələr törədilməsinə
baxmayaraq, Vətənin ağır günlərinə biganə
qala bilməyən Heydər Əliyev ölkəyə
qayıtdı.
Xalqın böyük ümid və ruh yüksəkliyi
ilə gözlədiyi ulu öndər Bakıdan
Naxçıvana getdi və yekdilliklə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi.
1991-1993-cü illərdə
Naxçıvana rəhbərliyi dövründə Heydər
Əliyev tərəfindən respublikamızın müstəqilliyi
yolunda mühüm addımlar atıldı. Muxtar respublikanın
adından “sovet sosialist” sözləri
çıxarıldı, üçrəngli milli
bayrağımız ilk dəfə Naxçıvanda Dövlət
Bayrağı kimi qəbul olundu, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü müəyyən edildi, 20 Yanvar
faciəsinə siyasi qiymət verildi, SSRİ-nin
saxlanılması barədə referendumdan imtina edildi,
mühüm imperiya strukturlarının fəaliyyəti
dayandırıldı, ilk dəfə olaraq, sovet qoşun hissələri
muxtar respublikadan çıxarıldı.
Lakin 1991-ci ildə dövlət
müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz
onu itirmək təhlükəsi qarşısında
qalmışdı. Ölkədə müharibə gedirdi.
İdarəçilik isə yox dərəcəsində
idi. Respublikada xaos, anarxiya hökm
sürürdü. Yeganə nicat yolunu Heydər
Əliyevin qayıdışında görən Azərbaycan
xalqı onu təkidlə hakimiyyətə
çağırırdı. Xalqımız
inanırdı ki, Azərbaycanı düşdüyü bu
ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi
böhrandan yalnız Heydər Əliyev xilas edə bilər.
Burada məşhur fransız mütəfəkkiri
Volterin “dövlətin xilası üçün bir dahi insan
kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan
xalqının taleyinə bəxş etdiyi bir qismət,
zamanında millətinin xilaskarı olmaq üçün
göndərilən dahi bir şəxsiyyət idi.
Heydər Əliyevin Azərbaycan
xalqının yaddaşında qurucu və xilaskar dövlət
xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər
kimi əbədilik qazanması, heç də təsadüfi
deyil. Məhz
Azərbaycan xalqının azadlığının, müstəqil
dövlətçiliyinin müqəddəratının həll
edildiyi ağır günlərdə xalqının iradəsinə
tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə
qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan
xalqını, milli-azadlıq hərəkatında
qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan
xilas etmək kimi çox çətin və şərəfli
bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında,
“ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram” – deyib, meydana atılan böyük
ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni
qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını,
çoxillik idarəçilik səriştəsini əsirgəmədən
xalqının firavanlığı və dövlətinin
müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir
daha sübut etdi.
Ümummilli lider daxili və
xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd
və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı,
sağlamlığı bahasına gecəli-gündüzlü
fədakar əməyi hesabına müstəqil Azərbaycan
dövlətini qurdu və möhkəmlətdi. Heydər
Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü
islahatlar aparmaq üçün ilk növbədə ölkədə
ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə
hökm sürən hərc-mərcliyə və
özbaşınalığa birdəfəlik son qoydu.
Zəngin dövlətçilik
təcrübəsinə malik olan böyük strateq Heydər
Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli
Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi
olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə
qəbul olunmuş Azərbaycan Respublikasının
Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri
– qanunun aliliyi, insan hüquqlarının müdafiəsi,
hakimiyyət bölgüsü, konstitusiya nəzarəti
prinsipləri təsbit olundu, insan haqlarının təmini
dövlətin ali məqsədi kimi bəyan
edildi.
Eyni zamanda, ölkəmizdə siyasi
partiyaların, ictimai təşkilatların azad fəaliyyəti,
senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat
orqanının sərbəst nəşr olunması, özəl
radio və televiziya kanallarının yayımlanması siyasi
plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş
cəmiyyətinin inkişafına böyük təkan verdi.
İnsan haqlarının etibarlı
qorunması dövlətin prioriteti kimi müəyyən edilərək
respublikamız insan hüquq və azadlıqlarının təminatı
sahəsində bütün əsas beynəlxalq konvensiyalara
qoşuldu, 1993-cü ildən ölüm cəzasının
icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə
ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə
ləğv edildi, əfv və amnistiya institutları geniş
tətbiq edilməyə başlandı.
Ölkəmizdə insan
haqlarının müdafiəsinə dair mühüm normativ
aktlar qəbul olundu, bu sahədə xüsusi dövlət
proqramı hazırlanaraq həyata keçirilməyə
başlandı və İnsan hüquqları üzrə
müvəkkil (Ombudsman) institutu yaradıldı.
Müstəqilliyimizin on ili –
1993-2003-cü illər ərzində dahi Heydər Əliyev
“siyasət mümkün olanı etmək deyil,
mümkünsüzü bacarmaq sənətidir” məşhur
kəlamda söylənildiyi kimi,
düşünülmüş və uzaqgörən siyasəti
sayəsində Azərbaycan üçün, xalqımız
üçün mümkünsüz görünən hər
şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin
müstəqilliyini dönməz, əbədi və daimi etdi,
Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə
əzmlə irəlilədi və gələcək
inkişafın strateji hədəflərini müəyyən
etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın
daha da qüdrətlənməsi və tərəqqisi
üçün möhkəm təməl və potensial rolunu
oynadı.
Ümummilli lider, həm də
Azərbaycan tarixində ən görkəmli dövlət
xadimi kimi əbədi bir milli sərvət – Heydər
Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu öndərin 2003-cü
ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi
siyasəti davam etdirə biləcək dəqiq ünvanı
göstərdi: “İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm". Bəli,
onun başlatdığı, lakin ömrün vəfa etməməsi
ucbatından başa çatdıra bilmədiyi
taleyüklü məsələ – Dağlıq Qarabağ
münaqişəsi onun siyasi, mənəvi, fiziki
davamçısı, xilaskar Prezident, müzəffər Ali
Baş Komandan İlham Əliyevin siyasi iradəsi, “dəmir
yumruğ”u nəticəsində birdəfəlik həllini
tapdı. İşğal altındakı Vətən
torpaqlarımız azadlığına qovuşdu, Azərbaycanımızın
bütövlüyü təmin edildi.
Bəli, zaman Heydər
Əliyevin bu inamını təsdiq etdi. Ümummilli
liderin layiqli davamçısı möhtərəm
Prezidentimiz İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik
edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi
irəli aparır. Dövlətin
sükanının etibarlı əllərdə olduğunu
görən xalq öz Prezidentinə daim dəstək verir və
onun arxasınca gedir.
Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq, ulu öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrini layiqincə yerinə yetirir və daha əzmkarlıqla çalışır.
Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi irsidir. Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu dünyada qoşa səslənəcəkdir.
Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə,
qadın, uşaq məsələləri komitəsi sədrinin
müavini,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti
2021.- 11 dekabr.- S.3.