Vədə sadiq Prezident
Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsi şərəfinə ötən il dekabr ayının 10-da paytaxtımızda keçirilən Zəfər paradı təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızın azad olunmasını, ordumuzun gücünü, xalqımızın mübarizə əzmini, yumruq kimi bir olmağını ifadə edən təntənənin nümayişi idi. Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrin qazandığı qələbəyə həsr olunan həmin paraddakı çıxışında dedi: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Dövlətimizin başçısı bu sözlərlə bir çox həqiqətləri ifadə edirdi. Belə ki, Azərbaycan uzun illər ərzində misilsiz bir inkişaf yolu keçsə də, beynəlxalq aləmdə sülh, barış, əməkdaşlıq ça ğırışları ilə böyük nüfuz qazansa da, bu uğurlar yarımçıq sayılırdı. Çünki torpaqlarımızın 20 faizi erməni faşizminin əsarətində idi. Ərazilərimizin işğaldan azad edilməsi yönündə aparılan mübarizə heç bir nəticə vermirdi. Düşmən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, eləcə də digər beynəlxalq təşkilatların bu yöndə qəbul etdikləri sənədlərə məhəl qoymayaraq, havadarlarına arxalanıb müxtəlif vasitələrlə qəsbkarlığını davam etdirir, təmas xəttində daim təxribatlar törədir, yeni torpaqlarımızı ələ keçirəcəyi iddia sını səsləndirməkdən belə çəkinmirdi. Düzdür, bu illər ərzində ordumuz işğalçıya təxribatlarına görə layiqli dərs vermişdi: 2016-cı ilin aprelin 2-də, bundan iki il sonra – 2018-ci ilin mayında, nəhayət, ötən il iyul ayının 12-16-da düşmənin təcavüzkar hərəkətinin qarşısı mərdliklə alınmışdı. Lakin erməni xisləti ona Azərbaycanın səbir kasasının nə vaxtsa daşacağını, ordusunu tamamilə darmadağın edəcəyini anlamağa imkan vermirdi.
Belə bir gün gəldi: Ermənistan hərbi birləşmələri 2020-ci il sentyabrın 27-də növbəti təxribat törədərək, ölkəmizə hücuma keçdi, yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi müxtəlif istiqamətlərdən atəşə tutdu. Bu cinayətin qarşılığında isə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı, “güclü, məğlubedilməz erməni ordusunu” darmadağın etdi.
İkinci Qarabağ müharibəsində xalqımızın birliyi, ölkə rəhbərinin mövqeyini dəstəkləməsi də qələbəmizi şərtlədirən əsas amillərdən biri oldu. Etiraf edək ki, düşmən bunu gözləmirdi. İşğalçı savaş günlərində dinc əhalini atəş altında saxlamaqla, cəbhə bölgəsindən kənar şəhər və rayonlarımıza raket zərbələri endirməklə daxildə təfriqə yarada biləcəyini düşünürdü. Lakin bu istəyinə nail ola, xalqımızı ruhdan sala, mübarizə əzmini qıra, zəiflədə bilmədi.
Müharibədə hər bir əsgər və zabitimiz qəhrəmanlıq, cəsarət, şücaət nümayiş etdirdi, Şuşanı bıçaq, süngü ilə aldı, o müqəddəs şəhəri qayalıqları dırmaşaraq, ölümün gözünə dik baxaraq, qanı-canı bahasına azadlığa qovuşdurdu. Bir nəfər olsun belə fərari qeydə alınmadı. Amma “məğlubedilməz” erməni ordusu çətin məqamda döyüşə girməkdən çəkindi, düşmənin 10 mindən çox hərbçisi fərariyə çevrildi.
Tarixi hadisəyə çevrilən bu qələbə, zəfər paradının dövlətimizin başçısının həmin gün etdiyi çıxışda vurğuladığı kimi, misli-bərabəri yox idi, əvvəlki hərbi paradlardan fərqlənirdi. Bəli, bu parad dünyanın heyrətlə izlədiyi, tədqiq etdiyi, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin, misilsiz uğurun məntiqi sonluğu idi. Bu parad Azərbaycan xalqının 200 illik tarixinin bəlkə də ən şərəfli, ən fərəhli-sevincli bir gününün nümayişi idi. Bu parad xalqımızın böyüklüyünün, dövlətimizin qətiyyətinin, ordumuzun şücaətinin, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin təsdiqi idi.
Zəfər paradı Azərbaycan Prezidentinin, necə deyərlər, sözünün ağası olduğunu, verdiyi vədə sadiq qaldığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu fikri əsaslandırmaq üçün çox sayda nümunələr gətirə bilərik. Ancaq bu məqamda bir hadisəni xatırlatmağı zəruri bilirik. Belə ki, dövlətimizin başçısının 2018-ci ilin iyununda iştirak etdiyi Azadlıq meydanındakı hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində düşməndən təmizlənən Lələtəpə yüksəkliyində qaldırılan bayraq dalğalandırılmışdı. O zaman Prezident, Ali Baş Komandan İlham Əliyev paradın tribunasından çıxış edərək, Şuşada və digər torpaqlarımızda qaldırılmış bayrağımızın da nə vaxtsa Azadlıq meydanına gətiriləcəyini əminliklə vurğulamışdı. Bəli, cənab İlham Əliyev iki il əvvəl dediyi sözlərə əməl etdi. Bununla Prezidentimiz verdiyi vədə sadiqliyini, uzaqgörənliyini, müdrik siyasətini bir daha sübuta yetirdi: 28 illik işğaldan sonra müzəffər ordumuz tərəfindən azad edilən Azərbaycanın incisi, mədəniyyət paytaxtı Şuşa şəhərinin üzərində qaldırılan Zəfər bayrağı Zəfər paradında dalğalandırıldı. Bundan böyük xoşbəxtlik, bəxtəvərlik necə ola bilər?!.
Otuz ilə yaxın bir zaman ərzində Azərbaycan haqlı olmasına, torpaqlarının işğal edilməsinə, milyonla hesablanan əhalisinin yurd-yuvasından didərgin salınmasına baxmayaraq, dünya birliyi, nüfuzlu beynəlxalq qurumlar bu ədalətsizlik önündə susdu, qəsbkarı yerində oturtmağa belə cəhd göstərmədi. Ancaq bir neçə dövlət, xüsusilə qardaş Türkiyə bu məsələdə hər zaman xalqımıza siyasi-mənəvi dəstək verdi, siyasi tribunalardan ədalətli mübarizəmizə qoşuldu. Vətən müharibəsinin getdiyi günlərdə də bu, təkrarlandı. İkinci Qarabağ savaşında möhtəşəm zəfərimizin sevinci də birgə bölüşüldü.
Zəfər paradında da 3 min Azərbaycan əsgəri və zabiti ilə bərabər, qardaş Türkiyənin də hərbçiləri iştirak edirdilər. Tarix boyu çətin, ağır anlarda, sevinc, fərəh yaşanan günlərdə bir yerdə olan iki qardaş xalqın övladları, iki qardaş ölkənin rəhbərləri yenə də bir yerdə cəmləşdi, bir yerdə bu tarixi hadisəyə şahidlik etdi.
***
Prezident İlham Əliyev Zəfər paradındakı çıxışında dediyi “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq...”,- sözləri savaşdan ötən bir il ərzində öz təsdiqini tapıb. Məhz bu məqam da dövlətimizin başçısının sözü ilə əməlinin vəhdət təşkil etdiyini, vədinə sadiqliyini göstərir. Zəfər paradından sonra həyata keçirilən işlərin miqyasını təsəvvürümüzə gətirəndə bu, açıq-aşkar nəzərə çarpır. Qarabağ və Şərqi Zəngəzurda bu müddətdə bəlkə də on illər ərzində görülə biləcək tədbirlər reallaşdırılıb, layihələr icra olunub. Şuşaya Zəfər yolu çəkilib, Zəngilanda “ağıllı kənd”lərin salınmasına başlanıb, erməni vandallarının Xirosimaya çevirdikləri Ağdamın yenidən tikilməsi istiqamətində xeyli iş görülüb, Qarabağın hava qapısı – Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bölgə elektrikləşdirilib, suyu qurudulan bulaqların gözü açılıb, yolların bərpası, kommunikasiyaların qurulması diqqətdə saxlanıb.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir yerdə Zəngəzur dəhlizinin təməlini qoymaları isə tarixi hadisəyə çevrilib. Dövlətimizin başçısının vurğuladığı kimi, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Ermənistanın hazırda İranla, Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Belə bir əlverişli əlaqə Naxçıvan vasitəsilə təmin edilə bilər. Azərbaycan Türkiyə ilə, Orta Asiya isə Avropa ilə birləşər.
Zəfər paradında Azərbaycanın hərbi gücünün bir hissəsi–150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Bu, Prezident İlham Əliyevin uzun illər ərzində apardığı uğurlu xarici və daxili siyasətlə bərabər, ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin parlaq göstəricisi idi. Azərbaycan məhz belə bir müasir texnika ilə XXI əsrin müharibəsini apararaq qalib gəldi.
Paradda Ermənistan ordusunun döyüşlərdə qənimət olaraq ələ keçirilmiş hərbi texnikasının bir hissəsinin nümayişi isə faşizmin hansı sonluqla nəticələndiyindən xəbər verirdi...
Vaqif BAYRAMOV
Xalq qəzeti
.- 2021.- 11 dekabr.- S.5.