Yeni qanun milli mətbuatın inkişafına hüquqi təminat yaradacaq
Çağdaş dünyanın qloballaşması, sürətlə yayılan informasiyanın aparıcı trendlərdən birinə çevrilməsi ənənəvi medianın nəzəri xarakterini və praktik fəaliyyətini əsaslı surətdə dəyişdirib yeniləşdirmişdir. Sürət və modernləşmə epoxasının tələbləri ilə ayaqlaşmaq üçün azad medianın hüquqi təminatları da ciddi təkmilləşməyə məruz qalmışdır. Dəyişən gerçəklik özünün informasiya məkanında mükəmməl əksini də zəruriləşdirmişdir
Azərbaycanın dövlət müstəqiliyinin ölkəmizdə azad medianın formalaşıb inkişaf etməsi üçün yaratdığı konstitusiya əsasları üzərində ötən 30 ildə yeni tipli demokratik jurnalistika bərqərar olmuşdur. Kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi üçün yaradılan hüquqi-normativ baza da daim yeni müddəa və əlavələrlə təkmilləşdirilmişdir. Bircə faktı xatırlatmaq kifayətdir ki, 1999- cu ildə qəbul olunmuş və hazırda da fəaliyytdə olan “Kütləvi informasiya vasitələri haqqında “ Qanuna indiyədək 79 əlavə və dəyişiklik edilsə də, onun çağdaş dünya və ölkə tələbləri baxımından əsaslı yenilənməsi tələb olunurdu.
Çağdaş dünyada medianın texnoloji bazasının sürətlə müasirləşməsi, internetin geniş yayılması dünya mediasında olduğu kimi, Azərbaycan jurnalistikasında da yeni dövrün tələblərinin təxirəsalınmadan cavablandırılmasını tələb edirdi. Elektron medianın əhatə dairəsinin genişlənməsi, “sosial media” deyilən şəbəkənin yaratdığı problemlərin aradan qaldırılması, bütövlükdə, ölkənin media potensialının yeni dövrün tələblərinə uyğunlaşdırılması bu sahədə əsaslı islahat aparılması ilə nəticələnmişdir.
Ölkəmizdə qısa müddətdə bu zəruri yeniləşməni təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşməsi haqqında” 12 yanvar 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsinin yaradılması qərara alınmışdır. Son dövrdə ölkəmizdə aparılan hərtərəfli, dərin islahatların davamı olaraq atılan bu addım demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırmağa xidmət edir.
Azərbaycan jurnalistikasının tarixində yeni mərhələyə start verən bu tarixi fərmanda Azərbaycan dövlətinin media siyasətinin bu vaxtadək əldə edilmiş uğurlarına nəzər salınaraq bildirilir ki, müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə demokratik cəmiyyət quruculuğu prosesi çevrəsində müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaradılmışdır: “Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir: “Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”. Ölkə rəhbərliyinin həyata keçirdiyi zəruri tədbirlər, KİV-in davamlı inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ötən illərdə milli jurnalistikamız önəmli inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.
Bunlarla yanaşı, cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu çağdaş dövrdə ölkənin KİV sferasında da yeniləşmə və təkmilləşməyə tələbat yaranmışdır. Beynəlxalq informasiya mühitinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq, media sahəsində modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan jurnalistikasının qədərincə yararlanmasına ciddi ehtiyac duyulur.
Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, qeyd edilən fərmana əsasən, yaradılmış Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin qarşısında media islahatlarının uğurla davam etdirilməsi kimi önəmli bir məsələ dayanır. Bu fərmanın müddəalarının sürətlə gerçəkləşdirilməsi üçün dövlət media siyasətinin müasirləşdirilməsini və çevikləşdirilməsini, bu sahədə normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edən bir sıra layihələr hazırlanmış və həyata vəsiqə almaqdadır.
Bu sırada media haqında yeni qanunun layihəsinin hazırlanması mərkəzi yer tutur. Media layihələrinin uğurla gerçəkləşdirilməsi bir çox cəhətdən media qanunvericiliyinin baş sənədi sayılan mövcud qanundakı məhdudiyyətlərin aradan qaldırılmasından, KİV-in qarşıdakı dövrdə inkişafını təmin edəcək hüquqi müddəalara hüquqi status verilməsindən asılıdır. Azərbaycan Respublikası Media Agentliyinin müvafiq mütəxəssislərlə, çağdaş dünya infotmasiya-kommunikasiya şəbəkəsinin hüquqi təcrübəsini nəzərə almaqla hazırladığı yeni qanun layihəsi artıq bir neçə aydır ki, KİV kollektivlərində, müxtəlif formatlı toplantılarda geniş müzakirə edilmiş, yeni müddəa və təkliflərlə zənginləşdirilmişdir.
Bugünlərdə Media Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə keçirilən, media sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərin müzakirəsinə həsr olunan görüşdə bildirilmişdir ki, media haqqında yeni qanunun işçi qrupu tərəfindən tamamlanmış layihəsi Milli Məclisin müvafiq komissiyalarında müzakirəyə təqdim edilmək üçün hazırdır.
Yeni qanunun yaradılması zəruriliyi və onun məqsəd və prinsipləri barədə məlumat verən Azərbaycan Respublikası Media Agentlinin icraçı direktoru Əhməd İslmayılov bildirmişdir ki, “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin ölkədə deümokratik, azad medianın daha da inkişaf etdirilməsi ilə bağlı siyasi iradəsini təcəssüm etdirir. Bu layihə media sahəsində hüquqi–normativ bazanın yaradılması və jurnalistlərin peşəkarlığının artırılmasını, digər mühüm məqamları özündə ehtiva edir. Yeni hazırlanan “Media haqqında” Qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir.
İcraçı direktor “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğu vurğulamışdır. O qeyd etmişdir ki, bu fərmandan irəli gələn medianın hüquqi-normativ bazasının yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən islhat çoxşaxəli və kompleks tədbirləri əhatə edir.
Jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılması kimi məsələlər də “Media haqqında” qanun layihəsində öz əksini tapmışdır. Qanuna daxil edilmiş yeni müddəalar media və biznes strukturları arasında platformanın yaradılması və mediaya dəstək layihələrinin həyata keçirilməsi üçün geniş meydan açır.
Əhməd İsmayılov daha sonra bildirmişdir ki, agentlik media islahattları çərçivəsində buvaxtadək dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar-təlimlər təşkil etmiş, media savadlılığının artırılması, yeni nəsil jurnalist kadrlarının hazırlanması məqsədilə “New Media” proqramı və fərdi jurnalist müsabiqələri keçirmiş, o cümlədən, sahə jurnalistikasının inkişafı istiqamətində müvafiq işlər görmüşdür. Media haqqında qanun jurnalistikada keyfiyyət, peşəkarlıq, kommunikasiyanın təşkili, beynəlxalq əməkdaşlıq, strateji planlaşdırma kimi perspektiv planların gerçəkləşdirilməsi üçün də əlverişli şərait yaradacaq.
Nəhayət, dekabrın 10-da “Media haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında ilkin müzakirəyə çıxarılmışdır. Müzakirədə bildirilmişdir ki, Azərbaycanda “Media haqqında” qanun layihəsinin hazırlanmasının məqsədi informasiya təhlükəsizliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. Ölkəmizdə media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin media siyasətində yeni konseptual yanaşmanı təcəssüm etdirir.
Qeyd edilmişdir ki, “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar açılacaq və yeni mərhələnin uğurlarına əhatəli təminat yaradacaq. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun dövlət–media münasibətlərində əsas elementlərindən biri kimi azad, müstəqil jurnalistikamızın hüquqi təminatlarını genişləndirəcək və sabitləşdirəcək.
Daha sonra bildirilmişdir ki, qanun layihəsində Media Reyestrinin yaradılması da nəzərdə tutuur. Bu reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına geniş dəstəyə imkan verəcək. Reyestrdə media subyektinin adı, loqotipi, hüquqi və faktiki ünvanları, təsisçisi haqqında məlumatlar, onlayn media subyektinin domen adının sahibi haqqında məlumat, jurnalistlərin siyahısı, onların əmək və ya mülki hüquq müqaviləsi, qəzetlərin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında və sair statistik məlumatlar yer alacaq.
Media subyektlərinin fəaliyyəti davamlı olmalı, hüquqi şəxsdirsə dövlət reyestrində qeydiyyatda, fiziki şəxsdirsə mütləq fərdi sahibkar kimi vergi uçotunda olmalıdır. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçiriləcək və media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Media savadlılığının artırılması, müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəalar və media sahəsində çalışanlar üçün imtiyazların müəyyən edilməsi də qanun layihəsində yer alıb.
Azərbaycanda bu ilin əvvəlindən start götürmüş media islahatlarının mərkəzi həlqəsi olan media haqqında yeni qanun tezliklə Milli Məclisdə qanunveicilik aktı səviyyəsində qəbul edildikdən sonra milli jurnalistikanın müstəqil, sərbəst fəaliyyəti üçün yenilənmiş mühit bərqərar olacaq. Bununla, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi üçün yeni hüdudlar və imkanlar açılacaq.
Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq. Modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcək.
Qanunun yaratdığı hüquqi təminatlar əsasında Media Agentliyi qeyd edilən bu çoxşaxəli fəaliyyət istiqamətləri ilə yanaşı, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasına dəstək göstərilməsi istiqamətində tədbirlərin görülməsini nəzərdə tutur.
Bu gün dünyada media sərhədlərinin silinməsi, elektron informasiya cəmiyyətinə keçid nəticəsində kütləvi informasiyanın yayılma sürətinin kəskin artması, media məkanın dünyaya açılması yerli media subyektlərini aparıcı xarici media subyektləri ilə vahid informasiya mühitində rəqabət aparmaq reallığı ilə qarşı-qarşıya qoymuşdur. Bu vəziyyət beynəlxalq praktikanın dərindən öyrənilməsini, dünyanın qabaqcıl media subyektlərinin fəaliyyət prinsiplərinin araşdırılmasını, bu sahədə təcrübə mübadiləsinin aparılmasını tələb edir. Buna görə də xarici media subyektləri, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində zəruri addımların atılması planlaşdırılır.
Milli mediamızın şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, xalqın obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə zəruri və əsaslı islahatlar əsaslı surətdə sürətlənəcək. Ölkəmizdə dövlət media siyasətinin demokratik əsaslarla daha çevik və səmərəli qurulması sahəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilk əsaslı tədbirlərini hazırlayıb uğurla həyata keçirir.
Bütün bunlardan göründüyü kimi, indiki mərhələdə Azərbaycan jurnalistikası informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rolunu uğurla davam etdirəcək. Şübhəsiz, milli mediamız öz inkişafının yeni mərhələsində də yeniliklərə sürətlə uyğunlaşacaq, eyni çağdaş tərəqqinin önündə getmək üçün bütün potensialını hərəkət gətirəcək.
Tahir AYDINOĞLU
Xalq qəzeti
2021.- 11 dekabr.- S.6.