Xalqımıza möhtəşəm zəfəri
bəxş edən qəhrəmanlardan biri
Məcidzadə Teymur Tehran oğlu 1992-ci il oktyabrın 10-da Füzuli rayonu Gecəgözlü kəndində anadan olub. O, hələ körpə ikən – 8 aylıq olanda ailəsi ilə birlikdə doğma torpaqlarından çıxarılıb, məcburi köçkün taleyi yaşayıb.
Teymur 1999-cu ildə Xətai rayonundakı 25 saylı orta məktəbə qəbul olmuş, 2010-cu ildə buradakı təhsilini tamamlamışdır. Həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Teymur, xidməti başa vurduqdan sonra ikinci təhsil olaraq, Ali Hərbi məktəbi bitirib. Bundan sonra o, N saylı hərbi hissədə leytenant, tağım komandiri kimi fəaliyyətə başlayıb. Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və “təmas xətti”ndən uzaq olan yaşayış məntəqələrini atəşə tutmasına cavab olaraq başlanan əks-hücum əməliyyatlarında iştirak etmiş, ilk gündən ön cəbhədə olmuşdur.
Teymur döyüşlərə anadan olduğu, amma səfasını görə bilmədiyi Füzuli rayonunda başlayıb. Daha sonra Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşlərdə iştirak edib, sonra yenidən Füzuliyə qayıdıb. Burada demək olar ki, Füzulinin bütün kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənlə üz-üzə gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Füzulidən sonra xidmət etdiyi bölüklə birlikdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərə qoşulub. Oktyabrın 30-da Şuşa şəhəri uğrunda döyüşlərə yönləndirilib. Burada Daşaltı, Topxana və İsa bulağı istiqamətində gedən döyüşlərdə iştirak edən Teymur, noyabrın 8-də –Şuşanın azad olunduğu gün – səhər saat 7-8 radələrində ağır yaralanır və şəhidlik mərtəbəsinə yüksəlir. O, noyabrın 9-da II Fəxri xiyabanda dəfn edilib.
O, döyüşlərin ilk günündən Şuşanın azad olunduğu günə qədər qəhrəmancasına savaşmışdır. Teymur Tehran oğlu Məcidzadə Vətən müharibəsində qəhrəmancasına döyüşdüyünə görə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasın görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbidə fərqlənməyə görə” medalları ilə təltif edilib.
İmran ƏLİYEV
Xalq qəzeti
.- 2021.- 18 dekabr.- S.7.