Xalq İlham Əliyevi ona görə sevir
ki...
(əvvəli qəzetin
24 dekabr 2021-ci tarixli sayında)
Məsələyə bu xüsusda
yanaşdıqda ABŞ-ın kifayət qədər
nüfuzlu “İrs” Fondunun 2020-ci ilin mart ayında təqdim
etdiyi dünyanın 180 ölkəsi üzrə “İqtisadi
azadlıq indeksi”ndə Azərbaycan mövqeyini 16 pillə
yaxşılaşdıraraq 44-cü yerə sahib olmuşdur. Azərbaycan dünyada “iqtisadi azadlıq” indeksini ən
çox təkmilləşdirən 11 ölkə
sırasındadır. Azərbaycan bu
uğuru, ilk növbədə, biznes azadlığı,
investisiya azadlığı və fiskal sağlamlıq
göstəricilərinə görə əldə etdiyi nailiyətlərə
görə qazanmışdır. Onu da xüsusi olaraq
qeyd edək ki, Azərbaycan “iqtisadi azadlıq” indeksinə
görə, hətta Avropanın Polşa, Portuqaliya,
İspaniya, Fransa və Belçika kimi ölkərini belə
arxada qoyaraq,” köhnə qitə”nin 45 ölkəsi
arasında 24-cü yerdə qərarlaşmışdır.
Ölkəmizin
qazandığı bütün bu tarixi uğurlar fonunda 2019-ci
ilin dekabr ayından başlayaraq dünyanın bütün
ölkərinə yayılan koronavirus pandemiyası dünya
iqtisadiyyatında yeni və daha ağır böhran təhlükəsi
yaratdığı kimi, Azərbaycana da təsirsiz
qalmamışdır. Xüsusilə bu infeksiyanın məlum təsirləri
fonunda dünya neft bazarında qiymətlərin 2 dəfədən
artıq enməsi, heç şübhəsiz, ölkəmizin
də sosial-iqtisadi həyatına, diplomatik və beynəlxalq
iqtisadi əlaqələrinə mənfi təsir göstərməkdədir.
Prezident İlham Əliyevin və
ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın Azərbaycan dövlətinin koronavirus
infeksiyasına qarşı mübarizədə həmrəylik,
birlik və məsuliyyətimizi daha da möhkəmləndirməlkə
bağlı çağırışları yalnız bir məqsədə
xidmət edir.
Bu məqsəd
xalqımızı və dövlətimizi bu qorxulu
infeksiyanın fəlakətli nəticələrindən hifz
etmək və qorumaqdan ibarətdir. Elə bu niyyətlə
də dövlətimizin rəhbəri koronavirus pandemiyasına
qarşı mübarizədə preventiv, profilaktik,
ardıcıl və sistemli addımların
atılmasını təmin etməklə bu qorxulu xəstəliyin
təsirlərinin minimuma endirilməsinə nail olmaq
üçün gecə-gündüz çalışır.
Prezident İlham Əliyevin COVID-19
pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı
və sağlamlığının qorunmsı; əhalinin
sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın
inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə
strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın
doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər
siyahısındadır.
Bu həqiqət
Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi
səviyyəsində bir neçə dəfə etiraf
olunmuş və Azərbaycan bu baxımdan nümunəvi
dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın
pandemiyaya qarşı mübarizə tədbirləri bir
çox dövlətlər tərəfindən model olaraq
seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə
də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə 2020-ci ilin 10 aprel tarixində Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası, həmin il mayın 4-də
isə Qoşulmama Hərəkatının Təmas qrupu
çərçivəsində COVID-19 pandemiyasına
qarşı milli, regional və qlobal səviyyədə
mübarizəyə həsr olunmuş zirvə görüşlərinin
(video formatda) təşkil edilməsi Azərbaycanın
fors-major vəziyyətlərdə də yüksək idarəçilik
mədəniyyətinə malik olduğunu və ümumi bəla
olan pandemiyaya qarşı mübarizəyə böyük
töhfə verdiyini təsdiqləyir.
Qoşulmama Hərəkatının
qeyd edilən zirvə görüşündə Prezident
İlham Əliyevin COVID-19 pandemiyasına qarşı
mübarizədə beynəlxalq səylərin birləşdirilməsi
məqsədilə BMT Baş Məclisinin xüsusi
sessiyasının keçirilməsi təşəbbüsü
üzv dövlətlər tərəfindən yüksək
qiymətləndirilmişdir. Nəticədə
dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının
koronavirus xəstəliyi–COVID-19 ilə mübarizəyə həsr
edilən xüsusi sessiyası keçirilmişdir. BMT
Baş Məclisinin sayca 31-ci xüsusi sessiyasında həm
milli səviyyədə, həm də Qoşulmama Hərəkatı
adından çıxış edən Prezident İlham
Əliyev Azərbaycanın pandemiyaya qarşı mübarizə
prosesinə müxtəlif səviyyələrdə töhvə
verdiyinə diqqət cəlb edərək onu da xüsusi olaraq
vurğulamışdır ki, məlum təşəbbüsə
qarşı çıxış edən yeganə dövlət
yenə də destruktiv davranışı ilə
özü-özünü artıq dünyada biabır
etmiş Ermənistan olmuşdur. Bütün
dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin
vacibliyini vurğuladığı halda, Ermənistan bəşəri
xarakter daşıyan bu təşəbbüsə
qarşı çıxış etməklə BMT sistemində
və dünya dövlətləri arasında özünü
rüsvay etmişdir.
Eyni zamanda, Azərbaycan beynəlxalq
müstəvidə “peyvənd millətçiliyi”nə
qarşı prinsipial mövqe ortaya qoyur. Bu ilin müvafiq olaraq mart və
noyabr aylarında Qoşulmama Hərəkatının sədri
qismində Azərbaycanın təşəbbüsü ilə
BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş
Assambleyasında bütün ölkələr
üçün peyvəndlərdən istifadə məqsədilə
bərabər imkanların təmin olunmasına dair qətnamələr
qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan
koronavirusla mübarizəni dəstəkləmək məqsədilə
bir çox ölkəyə birbaşa və Ümumdünya Səhiyyə
Təşkilatının xətti ilə maliyyə və
humanitar yardımlar göstərmişdir.
Ötən il
müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında torpaqlarımızı
Ermənistanın işğalçı silahlı qüvvələrindən
azad etmək kimi müqəddəs vəzifəni şərəflə
yerinə yetirmişdir. Noyabr ayının 8-də
qədim Azərbaycan şəhəri, Qarabağın incisi
Şuşanın müasir hərb elminin ən nadir və
unikal əməliyyatlarından birinin həyata keçirilməsi
nəticəsində azad olunması düşmənin
müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da prezidentlər
İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol
Paşiyanın imzaladığı üçtərəfli bəyanat
regionda uzunmüddətli münaqişənin hərbi
fazazasını başa çatdırdı və faktiki olaraq
işğalçı Ermənistan dövlətinin kapitulyasiyası
aktı oldu. Noyabr ayının 20-də
Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr
ayının 1-də isə Laçın rayonu bir güllə
belə atılmadan, bir nəfər şəhid belə vermədən
işğaldan azad olundu.
8 Noyabr–Zəfər
Günü xalqımızın qürur mənbəyinə
çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı
vardır: müzəffər Ali baş Komandan, onun
formalaşdırdığı yenilməz ordu və “dəmir
yumruğa” çevrilmiş xalq. Bu reallıqda
Prezident+ordu+ xalq sözləri sinonimləşmiş, tarixi zəfərin
simvollarına çevrilmişdir.
Bu tarixi zəfəri ilə
Prezident İlham Əliyev öz adını müzəffər
sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin
deyil, əslində dünyanın hərb tarixinə əbədi
olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində
ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi
sözdə deyil, qanlı döyüş meydanlarında
sübuta yetirildi. Xalq olaraq qəddimiz
düz, başımız uca oldu. Birləşdik,
bütövləşdik. Ən qatı əleyhdarlarımız
belə bu həqiqəti etiraf etmək məcburiyyətində
qaldılar.
Tarixi zəfər nəticəsində
təkcə ərazi bütövlüyümüz və
suverenliyimiz təmin olunmadı, həm də erməni
faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın
və dünya ermənilərinin “miatsum” ideologiyası –
İrəvan və Qarabağ ermənilərini vahid dövlət
tərkibində görməyi hədəfləyən, bu
prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq
zonası kimi yanaşan irticaçı ideya iflasa
uğradı. Bu gün Ermənistan dövləti
və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur.
O, tarixin zibilliyinə atılmışdır. Eyni
məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer
almışdır.
Artıq bir ildən artıqdır
ki, müzəffər Azərbaycan ordusu xilaskar Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında
torpaqlarımızı Ermənistanın
işğalçı silahlı qüvvələrindən
azad etmək kimi müqəddəs vəzifəni şərəflə
yerinə yetirmişdir. Təsadüfi deyildir ki, bəzi Qərb mətbu
orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə
Kollecinin (National War College) və Seton Hall Universitetinin
Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin
analitik nəşrlərində Azərbaycan ordusunun hərbi
taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri
Azərbaycan Ordusunun hərbi əməliyyatlarının
öyrənilməsi zərurətini qeyd edirlər. O hərbi
əməliyyatlar ki, düşmənin üzləşdiyi hərbi
texnika və sursat baxımından ziyanı 4 milyard ABŞ
dollarına bərabərdir. Dövlət
büdcəsi cüzi olan təcavüzkar Ermənistanın
belə iri həcmdə silah-sursat almaq imkanına malik
olmaması bəlli həqiqətdir. Deməli,
təcavüzkarın şirnikləndirilməsi siyasəti
onda “arxayınçılıq sindromu”
formalaşdırmış və cəzasız
qalacağına inam yaratmışdı. Bu
baxımdan, beynəlxalq ictimaiyyətin də üzərinə
məsuliyyət payı düşür. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
şanlı Azərbaycan Ordusu həmin
“arxayınçılıq sindromu”nu və “cəzasızlıq
rejimi”ni darmadağın etdi.
Azərbaycan 30 illik
münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi
bütövlüyünü və tarixi ədaləti bərpa
etdi. Dağlıq Qarabağ münaqişəsi
keçmişdə qaldı. Azərbaycanda
artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi
yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli fərmanı
ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi
zonaları yaradıldı. Böyük fəxr və qürur
hissi ilə onu da qeyd edək ki, müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyev cari ilin 12 noyabr tarixində
Türkdilli Ölkələrin Əməldaşlıq
Şurasının (Türk Şurası) İstanbulda
keçirilən VIII Zirvə Göruşündə Türk
Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu təşəbbüsün müəllifi
qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğan olmuşdur və Ali mükafatı da
özü təqdim etmişdir.
Türk Şurasının
tam hüquqlu üzvü olan dörd dövlətin – Türkiyə,
Qazaxıstan, Özbəkistan və Qırğızıstan
prezidentlərinin məlum seçimini şərtləndirən
amilləri şərti olaraq üç qrupa bölmək
olar.
Birincisi, Azərbaycan
Respublikasının ərazilərinin işğaldan azad edilməsini
və ərazi bütövlüyünün bərpasını
təmin edən tarixi zəfər.
İkincisi, bu tarixi zəfərə
imza atmaqla türk birliyinin formalaşması prosesinə
mühüm töhfə.
Üçüncüsü,
tarixi qələbə nəticəsində bölgədə
davamlı sülh və sabitliyin əldə olunamasına yolun
açılması.
Həqiqətən də, müzəffər
Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik
məharəti, güclü iradəsi və qətiyyəti,
yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə
olan birmənalı dəstəyi və onun ətrafında
monolit birliyi sayəsində əldə olunan qələbə
öz miqyası və əhəmiyyəti baxımından
bölgəmizin sərhədlərini aşır, Türk
dünyası kimi daha geniş coğrafi arealı əhətə
edir. Cənab Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat
mərasimində səsləndirdiyi fikirlər bu baxımdan
olduqca böyük məna kəsb edir :”Azərbaycanın
ərazi bütövlüyünü yenidən təmin etməsi
türk dünyasının birliyini və bərabərliyini
genişləndirmişdir. Qarabağın
azadlığının rəmzi olan “Xarıbülbül”
türk dünyası üçün zəfərin müjdəçisi
olmuşdur.”
Onu da qeyd edək ki, tarixi qələbənin
əldə edilməsi ilə bölgədə davamlı
sülh, sabitlik və təhlükəszilik mühitinin
formalaşması üçün geniş imkanlar
açılmışdır. Azərbaycan Prezidenti
İlham Əliyev postmüharibə dövrünün problemlərini
həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi
ilə danışıqlar aparmağa hazır olduğunu bəyan
etmişdir. Danışıqlarda, ilk növbədə,
iki dövlət arasında sərhədlərin delimitasiya və
demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat
kommunikasiyalarının bərpası, o cümlədən, Zəngəzur
dəhlizinin işə salınması, miinalanmış ərazilərin
dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi
və ümumən tarixi sülh müqaviləsinin
imzalanması üçün şərait yaradılması ətrafında
məsələlərin müzakirə edilməsi
mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə
edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə
bilər. Bu isə, öz növbəsində,
bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq
mühitini formalaşdırar.
Təəssüf ki, qeyd edilən
məsələlərin həlli istiqamətində Ermənistandan
müsbət siqnallar gəlmir. Azərbaycan xalqı 8
Noyabr Zəfər Gününün bir illiyini böyük atəşfəşanlıqla,
qalibə uyğun səviyyədə keçirdiyi reallıqda
Ermənsitanda revanşizm mövqeyindən bəyanatlar səslənir,
təxribatçı addımlara əl atırlar. Ermənistan
tərəfi Azərbaycan Prezidenti İlham Əliyev və
hökumət nümayəndələrinin Şuşa
şəhərində keçirdiyi Zəfər Günü mərasimlərinə
qarşı diversiya, terror hərəkətlərinə yol
vermişdir. Bu hərəkətlərin
qarşısı hərbçilərimiz tərəfindən
dərhal alınmış və cavab tədbirləri
görülmüşdür. Kəlbəcər
istiqamətində mövqelərimiz Ermənistan tərəfdən
atəşə məruz qalmışdır.
Noyabrın 13-də isə erməni
terrorçusu Şuşa şəhəri
yaxınlığında Azərbaycan hərbçilərinin
postuna qumbara atmış və 3 hərbçimiz
yaralanmışdır. Rusiyalı hərbçilərin
postu da sözügedən ərazidə olmuşdur. Cinayətkar Azərbaycana yox, Ermənistana təhvil
verilmişdir. Bu təxribatçı
addım həm də Rusiya hərbçilərinə
qarşı bir təhdid və
çağırışdır. Rusiya tərəfi
bu terror əməlinə görə icraçı və təşkilatçıların
cəzalandırılması istiqamətində qəti və
təxirəsalınmaz tədbirlər görməldir. Ermənistanda getdikcə artan anti-Rusiya meyillər
fonunda Rusiya siyasi-hərbi rəhbərliyinin Ermənistan siyasətində
adekvat addımların atmasının zamanı çoxdan
çatmışdır. Həm də belə
təxribatçı addımlar Qarabağda Azərbaycan hərbçiləri
və Rusiya sülhməramlıları arasında etimadsızlıq
mühitinin yaradılmasına xidmət göstərir.
Ermənistan dövləti 44
günlük ikinci Qarabağ müharibəsində
biabırçı məğlubiyyətə məruz
qalmış və kapitulyasiya aktı imzalamışdır. Ermənistanda
hərbi canilər Köçəryan və Sarkisyan “milli
müqavimət hərəkatı” yaratdıqlarını bəyan
ediblər. Hədəfləri Paşinyan
hökumətini devirmək və Azərbaycana və Türkiyəyə
qarşı ərazi iddialarını yenidən gündəmə
gətirməkdən ibarətdir. Bu yerdə məşhur
bir Azərbaycan zərb-məsəlini xatırlamamaq
mümkün deyil: “Ac toyuq yuxusunda darı görər”. Belə
revanşist və xəstə düşüncənin
daşıyıcıları papaqlarını
qarşılarına qoyub (əgər papaqları varsa)
düşünsünlər və müzəffər Ali
Baş Komandan İlham Əliyevin Türk Şurasının
İstanbul Zirvə Görüşündə səsləndirdiyi
xəbərdarlığı yaddan çıxarmasınlar:
“Ümid edirəm, öz işğalçılıq siyasətinə
görə məğlub vəziyyətdə olan Ermənistan
da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi
iddiası onlara xeyir və şərəf gətirməyəcək.
Ümid edirəm ki, yaxın gələcəkdə
Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana
ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə,
onlar daha da pis duruma düşə bilərlər”. Başqa sözlə, tarixi zəfərimizin simvolu
olan “dəmir yumruq” yerindədir.
Son hadisələr, xüsusilə də
Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq
Tərəfdaşlığı Proqramı çərçivəsində
Brüsselə səfəri və orada keçirdiyi
görüşlər, mətbuat konfransında səsləndirdiyi
fikirlər bu qənaətə gəlməyə əsas verir
ki, Ermənistanın siyasi rəhbərliyi getdikcə
postmüharibə dövrünün reallıqlarını
daha düzgün qiymətləndirməyə başlayır. Ermənistan Azərbaycanın irəli
sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətindədir.
Bu səfər zamanı Prezident İlham Əliyev Avropa
İttifaqı Şurasının prezidenti Şarl Mişel və
Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli,
daha sonra isə Ermənistan siyasi lideri ilə ikitərəfli
görüş keçirdi. Bu, postmüharibə
dönəmində ikitərəfli formatda keçilirən
ilk görüş idi.
Bu təmaslar çərçivəsində
müharibədən sonrakı dövrlə bağlı
geniş müzakirələr aparıldı və həllini
gözləyən iki mühüm məsələ ilə
bağlı razılaşma əldə olundu. Birincisi, Ermənistanla
Azərbaycan arasında sərhədin delimitasiyası və
demarkasiyası üçün ekspert qrupunun yaradılması
ilə bağlı razılaşma. İkincisi
isə Azərbaycanla Naxçıvanı birləşdirəcək
kommunikasiya dəhlizlərinin açılması. Bu
baxımdan, Brüssel görüşü, əslində, 10 noyabr
2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il
razılaşmalarına sadiqliyi nümayiş etdirən
mühüm addım kimi qiymətləndirilməlidir.
Brüssel Sammitinin yekun sənədi
olaraq qəbul edilmiş bəyanat da Azərbaycanın milli
maraqlarına cavab verir. Burada, ilk növbədə, üzv
dövlətlərin ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin
toxunulmazlığı prinsiplərinə hörmət, onlar
arasında nəqliyyat-kommunikasiya əlaqələrinin
inkişafına dəstək ifadə olunmuşdur. Heç bir halda, status məsələsi və
“Dağlıq Qarabağ” ifadəsi danışıqların
predmeti olmamış və yekun sənədə bu haqda
heç bir bənd salınmamışdır.
Bir sözlə, Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
diplomatiyası Moskvada və Soçidə olduğu kimi,
Brüsseldə də postmüharibə dövrünün həllini
gözləyən məsələlərinin tənzimlənməsi
isqtiqamətində milli maraqları ləyaqətlə
müdafə etmişdir.
Beləliklə, müharibəni
qalibiyyətlə başa vuran Ali Baş Komandanın
sülhü qazanacağı da zaman məsələsidir.
Yaşasın xilaskar Ali Baş
Komandanımız! Yaşasın müzəffər ordumuz!
Yaşasın qalib xalqımız!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Elman NƏSIROV,
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
Dövlət İdarəçilik
Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər
doktoru, professor
Xalq qəzeti 2021.- 25
dekabr.- S.11.