Qalib liderin zəfər təntənəsi

 

Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ümummilli lider Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetirmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi məntiqin danılmaz sübutu olaraq, son iki onillikdə mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəldi, qəbul olundu.

 

Ulu öndər Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində sax­layan beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siya­si kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin yaxın məsləkdaşı və ən sadiq silahdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi İlham Əliyev gəlirdi.

 

Mükəmməl idarəetmə məktəbi keçmiş, dünya siyasətində bir sıra addımlarını uğurla sınaqdan çıxarmış İlham Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərlik es­tafetini qəbul edərək böyük siyasətə gəlişi ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranmış bir siyasi marafonun başlanğıcı idi. Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi. Bü­tün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə ola­caqdı. Modern düşüncəli və yüksək enerjili siyasi xadim olaraq İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix idi.

 

Belə bir tarixi şəraitdə ümum­milli lider 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşı­dan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçün­cü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini – yeni liderini seçəndə də o səviyyədə mübariz­lik və müdriklik göstərdi. Müstəqil dövlətin yenicə qurulmuş, nizamlan­mış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində İlham Əliyev xalqın böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi.

 

Bu taleyüklü hadisə bütün dünyaya göstərdi ki, əvvəla, Azərbaycan xalqı ümummilli liderin milli dövlət quruculuğu siyasətinin perspektivliliyinə dərindən inanır. İkincisi, İlham Əliyev ölkə daxilində və xarici aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. Nəhayət, yeni liderini tarixi məsuliyyət və qətiyyətlə müəyyənləşdirən xalq gələcəkdə milli dövlət quruculuğunun qarşısına çıxa biləcək qaçılmaz problemlərin həllində yeni ölkə rəhbərinin siyasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir.

 

Azərbaycan dövlətçiliyi ötən 18 ildə yeni tipli milli lider, müdrik və qətiyyətli dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qarşısı­alınmaz bir sürətlə inkişaf etmişdir. Ötən ilin payızında isə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan rəhbərliyi altında aparılan Vətən müharibəsində xalqın misilsiz birliyi şəraitində silahlı qüvvələrimiz 30 ildən bəri təcavüzkar Ertmənistanın işğalı altında olan Qarabağı əsarətdən xilas etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bununla Cənubi Qafqazda Azərbaycanın liderliyi ilə yeni geosiyasi gerçəklik bərqərar oldu. Artıq dünya da bu və ya digər dərəcədə etiraf etməyə məcbur olub ki, Yer üzündə, gerçəkdən, Azərbaycan adlı bir dövlət var. Bu dövlətin mövqeləri möhkəmləndikcə, mövcudluğu daimiləşdikcə onun yeritdiyi siyasətlə hesablaşmaq məcburiyyətində qalırlar. Bu həm də tarixdə nadir hallarda təzahür edən Xalq – Lider tandeminin qar­şısıalınmaz bir gücə çevrilməsinin göstəricisidir.

 

Mill dövlət başçısı kimi İlham Əliyevin öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır. Yeni tipli siyasətçi və yenilikçi dövlət xadimi olaraq İlham Əliyevin siyasi portre­tini onun fərdi obrazının əlamətdar ştirixləri tamamlayır. Və özəllik ondadır ki, həmin cizgilərin genetik qaynaqları Azərbaycan xalqının özünüdərkində əvəzsiz rolu olmuş bir dahinin həyat və mübarizə yolunun məntiqindən irəli gələrək formalaşmışdır.

 

Azərbaycan dövlətinin başçısı kimi İlham Əliyevin şəxsiyyəti modern cəmiyyətdə lider obrazı­nın ən mühüm cəhətlərini özündə birləşdirir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri, ilk növbədə, insanla­rı ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyası­nın əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir.

 

Türkçülük, islamçılıq və müa­sirlik triadası bu gün Azərbaycanda klassik formulunda və tipologiyasın­da tətbiq edilməklə qalmayıb dövrün tələblərinə uyğun olaraq yaradıcı­lıqla yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdı­rılmış, humanist və uzaqgörən, mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli siyasətin nəticəsidir. Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.

 

Qədim köklərini “Dədə Qorqud” eposundan alıb XIX əsrin sonu, XX əsrin əvvəllərində ciddi ictimai-siyasi hadisəyə çevrilən, sovet dövründə nə qədər məhrumiyyətlərə məruz qalsa da, XX əsrin sonlarına doğru ümummilli lider Heydər Əliyevin fəaliyyətində (və şəxsiyyətində!) tükənməz bir epos enerjisi ilə yenidən təzahür edərək özünün et­noqrafik layihə gücündə gerçəkləşən, məqsədi və məramı Azərbaycan xalqının müstəqil inkişaf yoluna qo­vuşmasından ibarət azərbaycançılıq ideologiyası XXI əsrin əvvəllərində Azərbaycan Prezidenti (və Dünya Azərbaycanlılarının lideri) İlham Əliyevin həm daxili, həm də xarici siyasətdəki böyük uğurları ilə öz tarixinin yeni dövrünə qədəm qoy­muşdur.

 

Müşahidələr və araşdırmalar göstərir ki, müasir dövrdə – milli dövlətçiliyimizin İlham Əliyev dövründə azərbaycançılıq ideologi­yasının təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir ki, onlardan bi­rincisi həmin ideologiyanın tarixinə, bu tarixin bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş bir şəkildə artmasıdır. Bu gün ölkədəki iqtisadi-sosial, ictimai-siyasi və intellektual-mədəni şərait imkan verir ki, azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında necə varsa elə də araşdırılıb öyrənilsin.

 

Xüsusilə, gənc nəslin Azərbaycan xalqını, Azərbaycan dövlətini müstəqilliyə gətirib çıxa­ran milli ideologiya, onun hansı müzakirələrdə, mübahisələrdə və münaqişələrdə formalaşdığı, eləcə də Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Mirzə İbrahimov kimi müxtəlif miqyaslı və mövqeli milli ideoloqların təfəkkür tərcümeyi-halları haqqında kifayət qədər aydın və mükəmməl təsəvvürləri olmalıdır. Belə bir imkan əvvəlki mərhələlərdə ya yox idi, ya da müxtəlif səbəblər üzündən bu və ya digər dərəcədə məhdud olmuşdu.

 

Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər azərbaycançılıq ide­ologiyası həm ölkə daxilində, həm də onun xaricində (mühacirətdə) biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideo­logiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulması üçün hər cür cəhdlər edilmiş, az-çox təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə amorflaşdırılmış və ya “simasızlaş­dırılmışdır”. Xaricdə (mühacirətdə) isə sosial bazası olmayan romantik xəyallara çevrilmişdir.

 

Bütün hallarda Azərbaycan xalqının milli ideallarının qarşısını həm adminstrativ (aqressiv!), həm diplomatik (aldatma!), həm də ekspressiv (şirnikləndirmə!) üsulları ilə, məhz sovet sosialist ideologiyası kəsmiş, lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdur­maq, yaddaşlardan silmək müm­kün olmamışdır. Odur ki, belə bir mürəkkəb yol keçmiş ideologiyanın tarixini öyrənmək, cəmiyyətə doğru- düzgün metodologiya (ümummilli tarix fəlsəfəsi!) əsasında çatdırmaq üçün yaradılmış şərait çox mühüm əhəmiyyət daşıyır.

 

Azərbaycançılıq ideologiya­sının təkamülündə İlham Əliyev dövrünün digər mühüm əlaməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla, intellektual-analitik həssaslıqla yanaşılmasıdır. Bu, ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq ideologi­yasının bir-birindən əsaslı şəkildə fərqli olan təkamül mərhələsinin lideri (müəllifi!) olmaqla yanaşı, bu gün davam edən perspektivlərini də müəyyənləşdirmişdir.

 

Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil (və təbliğ) olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir. Və heç də təsadüfi deyil ki, bugünkü siyasi leksikonda “heydərəliyevçilik” anlayışı “azərbaycançılıq” termininin yeni tarixi şəraitdəki məzmununu və mahiyyətini ifadə edir. İstər sovet dövründəki məlum və mürəkkəb şərtlər daxilində, istərsə də müstəqillik dövrünün ondan heç də az mürəkkəb və ziddiyyətli olmayan illərində ümummilli lider Azərbaycanı müstəqil və Azərbaycan xalqını azad edəcək bütün milli-mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi üçün hər cür tədbirləri görməklə azərbaycançılıq ideolo­giyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə və qürurla “bizim siyasətimiz – bizim işimizdir” deməsinə əsas verə bildi.

 

Bütün bunları nəzərə alaraq demək olr ki, azərbaycançılıq ide­ologiyasının elmi-nəzəri təfsirində istinad ediləcək yeganə etibarlı me­todoloji qaynaq heydərəliyevçilikdir.

 

Azərbaycançılıq ideologiyası­nın tərkib hissələri olan türkçülük, müsəlmançılıq və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata keçirilməsi ona görə çox əhəmiyyətlidir ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə– azərbaycançılıq ideologiyasının təşəkkül tapıb formalaşdığı XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq gah türkçülüyə, gah müsəlmanlığa, gah da müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olmuş­dur. Bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının, mütəşəkkilliyin süni olaraq pozul­masını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazmışdır.

 

İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqları­nın cəsarətlə müdafiəsinə qədər gedir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir.

 

Dünyanı bürümüş koronavirus pandemiyasının ən ağır günlərində türkdilli ölkələrin dövlət başçıla­rını bir araya gətirərək keçirdiyi videoməclis bunu bir daha sübut etdi. Xüsusilə o baxımdan ki, bu cür məclislər və təşəbbüslər yalnız türkdilli xalqların siyasi inteqrasiya­sına töhfə verməklə qalmır, həm də ümumən türk birliyinə beynəlxalq hörmət və nüfuz gətirir.

 

İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaq­lığı ilə təzahür edir. İlham Əliyevin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyala­ra dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur. Eyni zamanda, bugünkü Azərbaycan xalqı dünyaya açıq, xarici aləmin iqtisadi, sosial-siyasi və mədəni tex­nologiyalarını inamla mənimsəyən, onun qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır.

 

Müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multi­kulturalizm azərbaycançılıq ideolo­giyasının İlham Əliyevin timsalında gerçəkləşdirilən önəmli yönləridir. Azərbaycan xalqının milli ideolo­giyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində üç tamamilə humanist dəyər komponenti ifadə olunur: etnik mənsubiyyət; dini mənsubiyyət; dünyəvi mənsubiyyət.

 

Dövlət müstəqilliyi dövründə, xüsusən son illərdə Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılır ki, bunun müsbət nəticələrini görməmək mümkün deyil. Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respub­likasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz, hətta min illərlə necə olmuşdursa, bu gün də elə məskundur. Əsası ümum­milli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan dövlətçiliyi tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurətdir.

 

Azərbaycan xalqının dün­yanın inkişaf etmiş xalqları ilə müqayisədə, guya, kölgədə qalması kompleksinin sürətlə aradan qaldırıl­ması baxımından görülən işlərə və onun uğurlu nəticələrinə, fikrimizcə, Prezident İlham Əliyevin siyasi va­rislik missiyasının daha bir təntənəsi kimi baxmaq olar. Qazanılmış tarixi uğurların fonunda bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab et­mir. Və milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir.

 

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin lider­lik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional varislik modeli sayəsində mümkün olub.

 

Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı oldu­ğunu göstərməklə yanaşı, innova­siyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli ma­raqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.

 

Ölkədə abadlaşan, “yeni rəmzlər”ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik tex­nologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını ruhən yüksəldən, əgər belə demək mümkünsə, onun katarsi­sini təmin edən elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb Azərbaycan insanının gələcək tale­yini, xarakterini müəyyən edir. Və bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır.

 

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 18 ildə həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan– Dün­ya dialoqunun zəngin təcrübəsi qazanılmasıdır. Bu isə ilk növbədə, o deməkdir ki, Azərbaycan xalqının milli idealları, bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalmayıb, “özümüz deyib, özümüz eşidək” prinsipi ilə mövcud olmur, univer­sallaşır, hüdudlarını genişləndirir, ümumən insan və dünya təfəkkürü mövqeyindən görünüb etiraf olunur.

 

Beynəlxalq “dialoq”lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyala­rın həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir. Azərbaycan xalqının intellektual səviyyəsinin daha da yüksəldilməsi, müasir texnologiya­lara yiyələnməsinin sürətlənməsi, perspektivli özünüifadə və özünütəsdiq metodlarının, üsulla­rının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsi də İlham Əliyevin liderliyi altında uğurla gerçəkləşdirilmişdir.

 

Azərbaycanın regionda, ümumən, beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyunkturluluğu ilə tanınan dünyanın “haqqhesab”ından kənarda qalıb təcrid olunmaması da İlham Əliyevin siyasi varislik missiyasının təntənəsini göstərən ciddi tarixi nailiyyətdir. Bu uğurun özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli düşüncəsi çevik, elastik, diplomatik resurslara yiyələnmiş, hər hansı “gözlənilməz” ideoloji hücumlara qarşı müqavimət, hətta əks- hücum “immunitetlər”i qazanmışdır. Siyasi varisliyin bütün dünyada diqqətlə izlənilən İlham Əliyev nümunəsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.

 

Türk dünyasının İlham Əliyevindən və İlham Əliyevin türk dünyasından da bəhs etməmək mümkün deyil. Azərbaycan Res­publikasının Prezidenti seçildikdən sonra dəfələrlə türk respublikala­rına – Qazaxıstana, Özbəkistana, Qırğızıstana, Türkiyəyə səfərlərə gedən, Türkmənistanla əlaqələrdəki soyuqluğu aradan qaldıran, türk dövlətlərinin və xalqlarının birliyi üçün müasir mübarizə texnologiya­ları nümayiş etdirən və yeni təcrübə verən İlham Əliyev artıq Bakının sovet dövründə unutdurulmuş türk dünyasının mərkəzi şöhrətini özünə qaytarıb.

 

Azərbaycan rəhbəri İlham Əliyev bu gün Qafqaz regionunun da şəriksiz lideri sayılır, onun razılığı olmadan bu bölgədə heç bir ciddi layihəyə və addıma start verilə bilməz. Prezident İlham Əliyev Azərbaycan dövlətinin başına təkcə ümummilli liderin varisi, davamçı­sı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi – yeni za­manın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri var. Və dövlət quru­culuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdir.

 

Ümummilli liderin ən layiqli varisi olan İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Məhz o vaxtdan başlaya­raq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.

 

Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin son illərdə apardığı əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respub­likanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam sosial-siya­si, mənəvi- mədəni əhval-ruhiyyə yüksəlmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta ən dağıdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxspektrli uğurları görməmək, yaxud inkar etmək gücündə deyil.

 

Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqti­sadi- sosial tərəqqini fenomenal bir gerçəyə çevirib. Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi sayəsində 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir.

 

Erməni işğalçılarına qarşı Azərbaycan xalqının 44 günlük müzəffər hərbi, ictimai, siyasi, diplo­matik və informasiya mübarizəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin sözü – xalqa müraciətləri, dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr qələbə qaza­nılmasında son dərəcə önəmli və təsirli rol oynadı. Əlbəttə, qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının Qarabağ savaşının informasiya cəbhəsində ballistik raket rolu oynayan, strateji hədəfləri dağıdan sözü, ilk növbədə, onunla əlamətdardır ki, deyildiyi günlərdə hadisələrə, sadəcə, təsir göstərməklə deyil, bir xalqın taleyini həll edən prosesləri də yönəltməklə, milli ruhu mərkəzləşdirib, həqiqətən, dəmir bir yumruğa, sarsılmaz mənəvi qüvvəyə çevirməklə öz tarixi missiyasını uğurla həyata keçirdi.

 

Prezident İlham Əliyev işğaldan azad edilmiş hər bir şəhərimizin, qəsəbəmizin, kəndimizin adını elə bir şövqlə çəkirdi ki, tək onun yox, hər bir sözünə diqqət kəsilmiş dinləyicilərin də ruhu bədəndə oynayırdı: “adlarımızı dəyişdiriblər”, “biabırçı adlar qoyublar”, “mən bu adı dəyişdirdim”. Bu “mən” bir şəxsin yox, dövlət başçısının timsalında bir millətin “mən”i idi. Və bu “mən” heç bir maneəsiz “biz”ə çevrildi: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

 

Azərbaycan rəhbəri İlham Əliyevin diplomatik səviyyəsi, beynəlxalq məsələlər üzrə peşəkarlığı nə qədər aydın görünsə də, bundan az önəmli olmayan başqa bir üstünlüyü də var: o, lideri olduğu xalqın ərazi bütövlüyü uğ­runda apardığı mübarizənin heç bir şübhə doğurmayan həqiqətini bəyan etdi, yorulmadan və özünəməxsus Baş Komandan cəsarəti ilə bütün dünyaya çatdırdı ki, bu həqiqət hansısa subyektiv, yaxud separa­tist marağın ifadəsi yox, ümum­dünya və humanist tələblərdən, BMT-nin əsaslandığı birgəyaşayış prinsiplərindən irəli gələn obyek­tiv təzahürdür. Qarabağda tarixi qələbəmizi Azərbaycana heç kimin təsəvvür edə bilməyəcəyi hərbi-siyasi layihə gücündə həyata keçirən qalib lider – Ali Baş Komandanı olan Prezident İlham Əliyev qazandırdı. İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdi­yi sözü uğurla yerinə yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi. Ötən 18 ildə bir tərəfdən, mövcud ənənələr müdafiə olundu, digər tərəfdən isə dövlət idarəçiliyinə zəruri novatorluq gətirildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyaları­nın təzahürüdür.

 

Bu gün qədirbilən xalqımız, eləcə də dünyadakı dostlarımız müstəqil Azərbaycanın şəriksiz lideri, dünya miqyasında tanınmış siyasət və dövlət xadimi İlham Əliyevin anadan olmasının 60 illiyini öz ölkəsinin tərəqqisi uğrunda mübarizədə misilsiz uğurlar qazan­mış Prezidentin, rəhbərlik etdiyi dövlətinin ərazi bütövlüyünü təmin etmiş qalib Ali Baş Komandanın bayramı kimi qeyd edir. Bu, qalib liderin siyasi marafonunun Zəfər təntənəsidir.

 

Xalqımızın sevimli rəhbərinə– müdrik Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə həyatının bu əlamətdar və təntənəli məqamında uzun ömür, möhkəm cansağlığı, ölkəmizin daha da çiçəklənməsi və xalqı­mızın xoşbəxtliyi naminə liderlik fəaliyyətində yeni uğurlar arzulayırıq.

 

Nizami CƏFƏROV,

 

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri,

 

akademik, Əməkdar elm xadimi

 

Xalq qəzeti  2021.- 25 dekabr.- S.12.