Azərbaycan sosial rifah dövlətinə çevrilir

 

Azərbaycan dövlətinin sosial siyasətinin məqsədi əhalinin maddi rifahını durmadan yüksəltməkdir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyilə son illər ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi işlər görülüb. Bütün bunlar ölkə sakinləri tərəfindən dərin məmnunluq hissilə qarşılanır.

 

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı yeni fərman və sərəncamlar bu istiqamətdə xüsusilə son illərdə ardıcıl və geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə start verib. Xatırladaq ki, yeni islahatlar mərhələsi dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır.

 

Milli Məclisin deputatı Tahir Rzayev bu barədə fikirlərini bizimlə bölüşərkən dedi ki, Azərbaycan dövləti iqtisadi cəhətdən gücləndikcə, əhalinin maddi durumunun daha da yaxşılaşdırılması üçün konkret addımlar atır. Ölkə vətəndaşları dövlətin qayğısını daim hiss edərək bundan razı qalırlar.

 

Azərbaycanda aparılan sosial islahatların miqyası çox böyükdür. Qeyd etmək lazımdır ki, yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Dünyanın heç yerində Azərbaycanda olduğu qədər geniş miqyasda sosial islahatlar həyata keçirilmir.

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, ölkəmizdə minimum əməkhaqqının artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçini əhatə edəcək. Nazir sonra vurğulayıb ki, dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Belə ki, son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.

 

İqtisadçı ekspertlər hesab edirlər ki, ölkədə minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdırır. Bu, eyni zamanda sahibkarlar arasında sağlam rəqabət mühitini gücləndirir.

 

Azərbacaynın vətəndaş cəmiyyəti fəalları ölkəmizdə uğurla həyata keçirilən sosial siyasəti birmənalı olaraq dəstəkləyirlər. Məsələn, “Ailələrə sosial dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova bildirdi ki, əhalinin real gəlirlərinin artması onların cəmiyyətin idarəolunmasına fəal surətdə qatılmaları üçün stimul yaradır.

 

Təcrübəli iqtisadçı Arif Məhidov isə dedi ki, gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Bununla da, həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.

 

Məlumat üçün bildirək ki, minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara – orta hesabla 20 faiz artıma imkan verəcək. Bu məqsədlə Nazirlər Kabineti həmin işçilərin tarif (vəzifə) maaşlarını minimum əməkhaqqı artımına uyğunlaşdırılmış şəkildə, əməyin ödənilməsinin dərəcələri üzrə artımlarla ifadə edən yeni cədvəli təsdiq edəcək. Cədvəldə işçilərin maaşları hər bir dərəcə üzrə artırılmış məbləğlərdə əksini tapacaq. Həmçinin, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq.

 

Məlumdur ki, Azərbaycan dövləti ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. Təhsil işçilərinin əmək haqları davamlı olaraq artırılır. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki sərəncam isə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğının növbəti təzahürüdür.

 

Həmin sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnos­tik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlı­ğı rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır.

 

Bu il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Quba rayonuna səfər çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

 

Məktəbin direktoru, Respub­likanın Əməkdar müəllimi Almaz Məmmədova dedi ki, Birinci Nügədi kəndindəki 1 nömrəli tam orta məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunmuşduson illər tam ya­rarsız vəziyyətdə idi. İndi isə şagirdlər Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş, hər cür şəraiti olan, olduq­ca gözəl yeni məktəbdə təhsillərini davam etdirəcəklər. Kənd sakinləri, valideynpedaqoqlar hörmətli Mehriban xanım Əliyevaya bu yüksək diqqət və qayğıya görə dərin minnətdarlıq edirlər.

 

Təcrübəli pedaqoq sonra dedi:

 

– Hər bir ölkənin inkişafı, tərəqqisi, ilk növbədə təhsildən asılıdır. Əminəm ki, yüksək müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir. Sizi əmin edə bilərəm ki, Birinci Nügədi kəndində inşa olunan yeni məktəbi dünyanın ən yüksək inkişaf etmiş ölkələrinin təhsil müəssisələri ilə müqayisə etmək olar.

 

Əməkdar müəllim Almaz Məmmədova həmçinin bildirdi ki, möhtərəm Prezidentin sərəncamı ilə təhsil işçilərinin əmək haqlarının artırılması ölkəmizin hər yerində olduğu kimi, onun rəhbərlik etdiyi kollektivdə də dərin razılıq hissi doğurub. Kollektivin hər bir üzvü dövlət başçısına bu böyük qayğıya sonsuz dərəcədə minnətdardır.

 

Azərbcaycan dövləti təqaüdçülərə diqqət və qayğısını əsirgəmir. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni sərəncam və fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir.

 

Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əlaçı tələbəsi Aydan Abdullayeva fəxrlə qeyd etdi ki, o, bütün tələbələr kimi, möhtərəm Prezidentin tələbələrə göstərdiyi qayğıdan çox məmnundur.

 

Gələn ildən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətlər artırılır. Yeni fərmanlarla əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən I dərəcə üzrə – 150 manatdan 220 manata, II dərəcə üzrə – 130 manatdan 180 manata, III dərəcə üzrə – 110 manatdan 120 manata çatdırılacaq. Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb.

 

Beləliklə, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcəkdir.

 

Göründüyü kimi, faktiki olaraq ölkə əhalisinin böyük hissəsi sosial islahatlar paketindən faydalana biləcək. Bu, bir daha sübut edir ki, Azərbacyan dövləti hər zaman öz vətəndaşının yanındadır.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti  2021.- 25 dekabr.- S.18.