Erməni terrorizminin anatomiyası
Ermənistan terrorçu
ölkədir. Birinci Qarabağ müharibəsi
dönəmində bizə qarşı onlarca terror aktı
törədilmişdir – metrolarda, avtobuslarda, gəmilərdə.
Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan
bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilməlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Çağdaş Azərbaycan
tarixinə qızıl hərflərlə yazılmış
2020-ci ilin və bütövlükdə, son 30 ilin əsas
yekunu Ermənistanın işğalı altındakı
rayonlarımızın azad olunmasıdır. Müzəffər Ali Baş
Komandanımızın rəhbərliyi ilə rəşadətli
Milli Ordumuz 44 gün ərzində böyük zəfər
salnaməsi yazdı. Qələbəmiz
eyni zamanda erməni terrorizminin qarşısına
güclü sipər çəkmək baxımından önəmlidir.
Özünün qatı terrorçu imici ilə məşhur
olan dünya erməniliyi beləcə ürəyindən
yaralandı.
Gizli deyil ki, istər 1-ci, istərsə də 2-ci Qarabağ
müharibələrində düşmən tərəfdə
Livandan, Suriyadan, ABŞ-dan və digər ölkələrdən
gəlmiş, dişinə-dırnağınacan müsəlmanlara,
o cümlədən türklərə qarşı nifrətlə
silahlanmış yüzlərlə monte melkonyanlar vuruşub,
dinc insanların qanını axıtmaqdan şizofrenik həzz
alıblar.
Dövlətimizin başçısı erməni
terrorunun əlamətləri sırasında tarixi abidələrimizin
dağıdılmasını, mülki əhaliyə
qarşı törədilən soyqırımını,
meşələrimizin qırılmasını,
çaylarımızın məcrasının dəyişdirilməsini
və digər faktları göstərib. Ötən ilin
yekunlarına həsr olunmuş müşavirədə mənfur
qonşuların nankor-yırtıcı
davranışlarını bir daha diqqətə
çatdırıb: “Ermənistana o rayonlardan çıxmaq
üçün vaxt verildiyi müddət ərzində onlar oranı
da dağıtmışlar, bütün dünyaya öz vəhşiliklərini
göstərmişlər. Bütün
dünyanın gözü qarşısında evləri
yandırıb, meşələri kəsib, qırıb,
yandırıb, vandalizm aktları törətmişlər.
Bütün dünya gördü ki, biz kiminlə
üz-üzə idik. Bu vəhşiliyin,
bu qəddarlığın bəlkə də tarixdə analoqu
yoxdur. Heç İkinci Dünya müharibəsində
işğalçı qüvvələr bu qədər qəddarlıq
törətməmişlər”.
Erməni terrorizmi ilə zaman-zaman başımıza
olmazın faciələr gətirilib. Hələ 1918-ci ilin yazında
Bakıda və Bakı quberniyasının müxtəlif
bölgələrində – Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan
və digər ərazilərdə Bakı Soveti və
“Daşnaksütyun”dan olan erməni silahlı dəstələri
azərbaycanlılara qarşı dəhşətli
qırğınlar törədiblər. Rəsmi
mənbələrə əsasən, o zaman
soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı
qətlə yetirilib, on minlərlə insan itkin
düşüb. Təsadüfi deyil ki, faciələrin
unudulmaması üçün ümummilli lider Heydər
Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı
ilə martın 31-i Azərbaycanlıların Soyqırımı
Günü kimi qeyd olunur.
Osmanlı dövləti ərazisində meydana gələn
erməni millətçi ekstremizmi XIX əsrin son
rübündən etibarən fəaliyyətini Rusiya
imperiyası ərazisində, daha dəqiq desək, Cənubi
Qafqazda genişləndirib. Ermənilər
Osmanlı ərazisində sınaqdan keçirdiyi terror və
zorakılıq metodlarından burada da istifadə ediblər.
Ötən əsrin 90-cı illərində ermənilərin
Azərbaycana qarşı müharibə cinayətləri nə
qədər məşum terror aktları ilə müşayiət
olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni-sovet hərbi qüvvələri Xocalı şəhərini
zəbt ediblər. Düşmən əhatəsində
olan şəhərdə qalmış təqribən 2500 nəfər
əhali Ağdam rayonuna çatmaq ümidi ilə oranı tərk
etməli olub. Ancaq bu istək baş
tutmayıb. Şəhəri yerlə-yeksan
etmiş erməni silahlıları və 366-cı
motoatıcı alayın hərbçiləri dinc əhaliyə
divan tutublar. Bu qırğın nəticəsində 613
nəfər həlak olub, onlardan 63 nəfəri uşaq, 106 nəfəri
qadın və 70 nəfəri qocalar idi. 8 ailə tamamilə qətlə
yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib, 487 nəfər yaralanıb ki, onlardan 76 nəfəri
uşaq idi. Faciə zamanı 1275 nəfər əsir
götürülüb, 150 nəfər itkin düşüb.
Xocalıdan əvvəl və sonra da əzəli
torpaqlarımızda ermənilər tərəfindən
neçə-neçə faciə törədilib. 1991-ci il
dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də
isə Malıbəyli kəndi işğal edilərək
yandırılıb. 1992-ci il yanvarın
25-də məlum “Daşaltı əməliyyatı” zamanı
həlak olduğu güman edilən 64
soydaşımızın meyiti tapılmayıb, əsirlər
qaytarılmayıb. Ondan 20 gün sonra erməni
quldurları xarici muzdluların, xüsusilə də
366-cı motoatıcı alayın köməyilə hər tərəfdən
əlaqəsi kəsilmiş Qaradağlı kəndinə
hücuma keçiblər. Kənddə
olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər
4 gün düşmənlə mübarizə aparıb. Biri qadın olmaqla, 14 nəfər həyatını
itirib. Silah-sursatı tükənən
soydaşlarımız sonda əsir götürülüblər
və onların növbəti məşəqqətləri
başlanıb. Kəndin Bəylik bağı adlanan
yerində 23 sakini erməni cəlladları güllələyib,
yaralılar diri-diri silos quyusuna tökülərək üstləri
torpaqlanıb. Əsirlərin bir hissəsi
Qaradağlı – Xankəndi yolu üzərində yerləşən
erməni kəndlərində maşınlardan
düşürülüb və nümayişkaranə şəkildə
güllələnib. Girovluqda olan 8 nəfər
kənd sakini işgəncələrlə qətlə
yetirilib. Ümumiyyətlə, kəndin 77
sakini ermənilərə qarşı qeyri-bərabər
döyüşlərdə şəhid olub. Xankəndi və Əsgəranda 2 aydan artıq
saxlanılan 54 nəfərdən 15-i əsirlikdən
qurtulduqdan sonra ermənilərin verdiyi hədsiz zülmlərin
nəticəsi olaraq vəfat edib.
Həmin
il Şuşanın işğalının təfərrüatlarını
kənara qoyaraq, bir amili nəzərə çatdıraq ki,
may ayının 6-da bütün erməni
komandanlığı, xarici qonaqlar və jurnalistlər
“Dağlarda toy”u izləmək üçün dəniz səviyyəsindən
1200 metr şimal yüksəkliyində yerləşən
Şuşakəndə toplaşmışdılar. Onların
sırasında Robert Koçaryan, Serj Sarkisyan, Leonid Martirosyan,
Oleq Esoyan, Zori Balayan, akademik Andrey Saxarovun ögey oğlu
Aleksey Semyonov, Yelena Bonner, Baronessa Koks, eləcə də
Ümumdünya xristian həmrəyliyi və
“Daşnaksütyun” terror təşkilatının rəhbərləri
xüsusi yer almışdılar. Fasiləsiz
raket zərbələrindən vahiməyə düşən
Şuşanın mülki əhalisi keçilməz meşələrlə
Laçın istiqamətində canlarını
götürüb qaçırdılar. Mayın 9-da ermənilər
Şuşa şəhəri üzərində
qələbələrini bayram etdilər. İntensiv
döyüşlərdə 1860 azərbaycanlı
yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz
yurdundan didərgin düşdü. Əsir
götürülmüş 68 soydaşımızın taleyi
barədə bu günə qədər məlumat yoxdur.
Şuşadan 9 gün sonra Laçın işğal
edilib. Burada 300-dən artıq hərbi və mülki şəxs
həlak olub və itkin düşüb. Qətliamlardan
biri də 1992-ci il avqustun 27-dən 28-nə
keçən gecə baş vermiş Ballıqaya faciəsidir.
Erməni quldurları Laçından
qaçqın düşən və Goranboyun Ballıqaya kəndində
müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı
mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri
yaralayıblar. Öldürülənlərin
arasında 6 azyaşlı uşaq, o cümlədən 6
aylıq körpə də olub, 3 azyaşlı uşaq hər
iki valideynini itirib. Öldürülmüş
dinc insanların bəzilərinin meyitləri
yandırılıb.
Kəlbəcərin işğalı zamanı rayonun 60
minlik əhalisi köməksiz şəkildə mühasirədə
qalmışdı. Yeganə qurtuluş yolu qarlı
Murovdağ silsiləsi idi. Rayon əhalisi
uşaqları, qoca və xəstələri necə xilas etmək
yolunu bilmirdi. Bu faciədə erməni
faşistləri bir neçə yüz nəfəri
öldürüblər, bir neçə yüzünü əsir
götürüblər. Rayonu talan edib,
yandırıblar. Faşistlərin törətdiyi
1992-ci ilin Ağdaban faciəsi də təcavüzün ən
qanlı səhifələrindəndir. Kəlbəcərin
işğalı zamanı ermənilər 2-ci dəfə
Ağdabanı oda qalayıb, viranəyə döndəriblər.
Qızlar əsir düşməmək
üçün özlərini qayadan atıblar. Erməni qəsbkarları bir gecədə bir kəndi
yer üzündən siliblər. Bu zaman
rayonun Başlıbel kəndində də misilsiz vəhşiliyə
rəvac verilib. Doğma torpaqlarını
tərk etməyən 62 nəfər dağlara
sığınıb. Lakin onlar cəmi 17
gün gizlində qala biliblər. Aprelin
18-də erməni quldurları qadın, uşaq və
yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini
qoruyan əsgərlərdə olan bir neçə avtomat
silahla düşmənə müqavimət göstəriblər.
Başlıbelin işğalı zamanı 27 nəfər
güllələnib.
Xocavənd,
Malıbəyli, Xocalı, Ballıqaya, Ağdaban,
Başlıbel faciələri törədilmə
spesifikasına və xarakterinə görə BMT Baş
Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş
“Soyqırımı cinayətinin qarşısının
alınması və ona görə cəzalandırma
haqqında" Konvensiyanın müddəalarına tam
uyğundur.
“Beynəlxalq
Terrorizm” jurnalının 1986-cı ildə
buraxılmış 3-cü nömrəsində M. Günterin
dərc etdirdiyi “Müasir erməni terroru” adlı məqaləsində
göstərilir ki, erməni terrorizminin təşkilatlanması
“erməni məsələsi” deyilən məsələnin
yaranması ilə bağlı olub. Osmanlı
imperiyasında həmin terrorizmin inkişafında əsasən,
başqa ölkələrdə yaşayan erməni tacirləri
ilə əlaqə və xarici kapitalın axını da məlum
rol oynayıb. Erməni terrorçuları
hələ də anlamırlar ki, onlar məlum güclərin
hakimiyyət və hökmranlıq uğrunda
apardığı mübarizənin girovuna çevriliblər.
Ensiklopedik məlumatlarda erməni terror təşkilatlarının
böyük bir siyahısı yer alıb. Bunlar Türkiyədə
silahlı toqquşmalar və terror aktları törədən,
İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda
olan Armenakan, həmçinin Hnçak, “Böyük Ermənistan”
ideyasını yayan “Daşnaksütyun”, Vyanada
yaradılmış Komandoslar, Fransadakı Oril qrupu, Gepaqon,
Apostol, eləcə də bir sıra ölkələrdəki
terrorçu partiya, cəbhə və müqavimət hərəkatlarıdır.
Bəziləri məhdud, amma sırf konkret
yöndə əməllər törətmək
üçündür. Məsələn,
Fransadakı Gənc Ermənilər İttifaqının yeganə
məramı yalnız diplomatların oğurlanması,
İsveçrədəki 9 iyun qrupunun qayəsi yalnız həbsdə
olan erməni terrorçularının azad olunmasıdır.
Mənfur düşmənlərimiz “qara yara” kimi
insanların həyatını məhv etmələri ilə
tanınırlar. Hnçak partiyasının proqramında açıq
göstərilir: "Qarşıya qoyulmuş məqsədə
çatmaq üçün təbliğat, təşviqat,
terrorizm və dağıdıcı təşkilat
yaradılması metodu seçilməlidir".
“Daşnaksütyun”un 1892-ci ildə Tiflisdə
keçirilən ilk qurultayında türklərə
qarşı sui-qəsdlərin təşkil olunması barədə
qəti qərar verilib. Məhz bu qurultaydan
sonra "Türkü, kürdü hər yerdə, hər bir
şəraitdə öldür, sözündən dönənləri,
erməni xainlərini öldür, intiqam al!" əmri
yayılıb.
Amansızlıq timsalı olan Erməni Gizli Azadlıq
Ordusu 1975-ci ildə Dəməşqdə yaradılıb. Fələstin hərbi
bazalarında hazırlıq keçən mindən artıq
döyüşçüsü var. Fəaliyyətinin ilk 6
ilində təşkilat dünyanın müxtəlif ölkələrində
19 türk diplomatının ölümünə səbəb
olan terror aktları həyata keçirib. Erməni
İnqilab Ordusu 1983-cü ildə Brüsseldə Türkiyə
səfirliyinin attaşesi Dursun Aksoyun qətlinin, Lissabonda
Türkiyə səfirliyinə hücumun və 1985-ci ildə
Ottavada Türkiyə səfirliyinə hücum aktının məsuliyyətini
öz üzərinə götürüb. 1988-ci ildə Moskvada yaradılmış Erməni
Birliyinin ASALA ilə sıx əlaqələri var,
keçmiş sovet məkanında terrorçuların fəaliyyəti
üçün onları saxta sənədlərlə təmin
edir. Qarabağa silah və muzdluların
ötürülməsində iştirakçı olub. ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət
göstərən Demokratik cəbhə təşkilatının
əsas məqsədi türk dövlətinin
parçalanmasıdır.
Erməni terrorizminin ən “populyar” bir qurumu ASALA-dır. İngilis
dilində "Ermənistanın Azadlığı uğrunda
Gizli Erməni Ordusu" adının baş hərflərindən
ibarət olan bu abbreviatura özündə saysız terror
aktlarını ehtiva edir. Təşkilat
müstəqil Ermənistan dövlətinin qurulması və
1915-ci ildə baş verdiyi iddia edilən “erməni
soyqırımının” dünya ölkələri tərəfindən
tanınması üçün 1975–1991-ci illərdə daha fəal
surətdə çalışıb. Qərargahı
Livanın paytaxtı Beyrutda, təlim bazaları isə Suriyada
yerləşir. ASALA-nın əsas məqsədi
Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın
Naxçıvan, Qarabağ bölgələrinin də daxil
olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti
qurmaqdır. ASALA əsasən Türkiyə
və Azərbaycan vətəndaşlarına qarşı
terror aktları həyata keçirir. Təşkilatın
"Əbu Nidal", "Qara Sentyabr" kimi terror qrupları
ilə əlaqələrinin yaradılmasında onun lideri Akop
Akopyanın böyük rolu olub. Afinada 1980-ci ildə qətlə
yetirilmiş Türkiyə səfirliyinin idarəetmə məsələləri
üzrə attaşesi Qalib Özman və onun 14 yaşlı
qızı Nəslihanın ölümünə görə
məsuliyyəti öz üzərinə
götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York
Tayms" qəzetinə verdiyi müsahibədə
bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO
və bizimlə əməkdaşlıq etməyən ermənilərdir".
Bir qədər də Monte Melkonyan haqqında. Kaliforniyada
doğulub, ixtisasca arxeoloq olan bu terrorçu 1978-ci ildə
Livanda gedən vətəndaş müharibəsində,
sağ xristian qüvvələrin tərəfində
döyüşüb. Sonra Türkiyə
ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda
iştirak edib. 1981-ci ilin sentyabrında
Parisdəki Türkiyə səfirliyinə hücum təşkil
edib. Həmin ilin noyabrında Fransa polisi tərəfindən
həbs olunub. Onun həbsinə cavab olaraq
ASALA bir neçə terror hadisəsi törədib və sonda
Fransa hökuməti Melkonyanı Livana deportasiya edib.
İki il sonra Parisdəki Orli Hava Limanında, Türk hava
yolları şirkətinin kassaları qarşısında
partlayış təşkil edib və nəticədə 8 nəfər
həlak olub, 55 nəfər müxtəlif dərəcəli
bədən xəsarəti alıb. Yenidən
tutulub, amma müəmmalı şəkildə həbs
müddəti azaldılıb. Sonra Yəmənə
deportasiya olunub. 1990-cı ildə Monte Ermənistana
gəlib və Qarabağa yollanaraq Xocavənd rayonunun
işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin
birinin komandiri olub. 1993-cü ildə
Ağdamın Mərzili kəndində Azərbaycan hərbçiləri
tərəfindən öldürülüb.
Qansız düşmənin əsl xislətini göstərməkdən
ötrü onun üçüncü terror dalğası
adlanan və 1970–80-ci illəri əhatə edən bəzi
canalma aktlarına ötəri nəzər salmaq kifayət edər.
...Türkiyənin
Fransadakı səfiri İsmail Erez və onun
sürücüsü Talip Yener qətlə yetirilir (14 oktyabr
1975), ESƏD məsuliyyəti öz boynuna götürür,
lakin sonra ASALA bu terror aktını onun təşkil etdiyini
bildirir. Mütəxəssislərin fikrincə,
bu aksiyanın təşkilində hər iki terror təşkilatı
iştirak edib.
...Vyanadakı Türkiyə səfirliyinə daxil olan
üç nəfər erməni terrorçu səfir
Danış Tunalıgili avtomatik silahla qətlə yetirir (22
oktyabr 1975).
... Beyrutda Türkiyə səfirliyinin birinci katibi Oktar
Sirit ASALA terrorçusu tərəfindən qətlə
yetirilir (16 fevral 1976), yenə orada Türkiyə səfirliyi
raketlərlə atəşə tutulur (28 oktyabr 1978).
...Madriddə
avtomatla silahlanmış üç erməni terrorçusu,
türk səfiri Zəki Küneralpın
maşınını atəşə tutur. Bunun
nəticəsində səfirin həyat yoldaşı Neqla
Küneralp, maşında olan keçmiş səfir Bəşir
Balsoğlu həlak olur, milliyətcə ispan olan
sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada
keçinir (2 iyun 1978).
...Haaqada
Türkiyənin bu ölkədəki səfiri Özdəmir
Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz
maşınında qətlə yetirilir, bu qətlə
qörə məsuliyyəti ASALA və ESƏD öz üzərinə
götürür ( 12 oktyabr 1979).
...Romada
Fransa və ABŞ aviaşirkətlərinin ofislərinin
qarşısında üç partlayış baş verir, nəticədə
küçədən keçən bir çox adam yaralanır (23 dekabr 1979).
... Tehranda bir qrup erməni terrorçusu Tehrandakı
Türkiyə səfirliyinə hücum edir, nəticədə
iki təhlükəsizlik xidməti əməkdaşı
öldürülür. Terrorçulardan iki nəfər
İran polisi tərəfindən həbs olunur və edam edilir (12 mart 1981).
... Erməni terrorçuları Ankara Beynəlxalq Hava
Limanına hücum təşkil edir, tapanca və əl
qumrabaraları ilə silahlanmış terrorçular gözləmə
zalında olan insanlara atəş açır. Bir terrorçu hava limanının restoranında 20 nəfəri
girov götürür, digəri isə polis tərəfindən
yaxalanır. Girovları öldürəcəyi
ilə hədələyən terrorçu ilə
atışma zamanı 9 nəfər həlak olur (biri ABŞ,
digəri Almaniya vətəndaşı). Terror
aktı zamanı 82 nəfər yaralanır. Terrorçu Levon Əkməkcyan hadisə yerindəcə
qətlə yetirilir. Həbs olunmuş digər
terrorçu Levon Ekmekcan isə məhkəmənin
hökmü ilə edam cəzasına məhkum
olunur. Silva Kaputikyan terrorçu Əkməkcyana
"Yağış yağır, oğlum" şerini həsr
edir (7 avqust 1982).
Bir sözlə, Avropanın müxtəlif şəhərlərində yüzlərlə belə qanlı aksiyalar baş verib və erməni yazarları terrorçuları tərənnüm edib, Ermənistan isə dövlət səviyyəsində dəstəkləyib. Elə İrəvanda sovet marşalı Hovannes Baqramyanın abidəsindən də yaxşı yerdə faşist Qaragin Njdeyə əzəmətli heykəl ucaldılması buna sübutdur. Son günlərin təxribat xarakterli bir yoxlanılmamış xəbərinə görə isə ermənilər Xocavənddə də həmin faşistə heykəl qoyublar. Bəzi mənbələrdə indi artıq Xocalı qatili Robert Koçaryanın qarşıdakı parlament seçkilərinə qatılmaq niyyəti açıqlanır. Serj Sarkisyan altdan-altdan çevriliş tiyanını qaynadır. Yəqin ki, Robertin və Serjikin öz xalqını yenidən geriyə, faşizm girdabına sürükləmək qəsdləri var.
Ermənistanın faşist xislətli,
təcavüzkar və terrorçu dövlət olduğunu
göstərən daha bir fakt budur ki, Nikol Paşinyan hərbi əməliyyatların
dayandırılması ilə bağlı birgə bəyanata
qol çəkdikdən 17 gün sonra Azərbaycan ərazisinə
62 nəfərlik diversant qrupu göndərildi. Dərhal tutulub tərksilah olunan həmin dəstə
haqqında beynəlxalq qanunlar əsasında
terrorçu-diversant fəaliyyəti ilə bağlı cinayət
işi açıldı. Erməni tərəfi isə
onların hərbi əsirlər kimi qələmə verilməsi
və dərhal azad edilməsi barədə mənasız
hay-küy qaldırmaqdadır.
Bundan
başqa, Ağdamda Türkiyə – Rusiya Birgə Monitorinq Mərkəzinin
açılışından iki gün sonra düşmən
ordusunun Qazax rayonunun Aşağı Əskipara kəndi səmtində
sərhəddə törətdiyi təxribat da aşkar təcavüz
aktıdır. Qeyd edək ki, bu addım həm Türkiyənin
monitorinqə cəlbindən, həm də Qazaxın
işğal altında olan 7 kəndinin
qaytarılmasının gündəmdə olmasından məxsusi
qıcıqlanma təzahürüdür. Amma reallıq budur
ki, Ermənistanın hansı təxribata əl atmasından
asılı olmayaraq, Türkiyə–Rusiya Birgə Monitorinq Mərkəzi
də səmərəli fəaliyyət göstərəcək
və Qazaxın 7 kəndi də azad ediləcək. Bu,
qaçılmazdır.
Nə qədər ki, terrorizmi həyat tərzinə çevirən, irqçilik və nifrətə abidələr ucaldan Ermənistanın ağlı başına gəlməyib, hazırkı zəlil durumda qalacaq və məhvə doğru gedəcək. İbrət olmasa, xilas da olmayacaq.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti 2021.- 6 fevral.- S.8.