Otuz yaşında şəhidliyə
ucalmış baş leytenantın döyüş yolu
Vətən müharibəsinin iştirakçısı olmuş döyüşçülərdən birinin əvvəllər “Facebook” sosial şəbəkəsinə yerləşdirdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə videotəbriki qarşıma çıxdı: “Hər birinizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Arzum budur ki, azərbaycanlılar hər zaman sülh və müstəqillik şəraitində yaşasınlar”.
Hər bir vətənsevər
azərbaycanlı gəncin ürəyindən keçən birlik, bərabərlik və həmrəylik
istəklərini əks etdirən arzular idi. Bu gəncin gözlərindəki məsumluq, təvazökarlıq
və sadəliyin arxasında isə həm də cəsurluq,
mərdlik və vətən sevdası uğrunda
son anacan
döyüşmək əzmini çoxu
44 günlük Vətən müharibəsi
zamanı biləcəkdi. Bu gənc baş leytenant Vüsal Kazımov idi. Bu il 30 yaşı tamam olacaq nur
üzlü şəhidimiz….
Vüsal Kazımov 1990-cı ilin
dekabrın 17-də ölkəmizin dilbər guşələrindən
biri olan Lənkəranın
Yuxarı Nüvədi kəndində dünyaya
göz açmışdı. Doğulduğu kənddə orta
təhsil alandan sonra Lənkəran
Dövlət Universitetində (2007-2011) “Fiziki
tərbiyə və gənclərin
çağırışaqədərki
hazırlığı” ixtisasını bitirmişdi.
Ailənin yeganə oğlu həqiqi hərbi xidmətdən sonra bir neçə il Azərbaycan Silahlı Qüvvələrində
xidmətinə davam edib.
2016-cı ilədək Silahlı Qüvvələrin Hərbi
Polis idarəsinin “N” saylı hərbi hissəsində
bölük komandirinin
şəxsi heyətlə iş üzrə
müavini vəzifəsində həqiqi
hərbi xidmət keçən Vüsal daha sonra Lənkəran
şəhər Uşaq Poliklinikasında
fəaliyyətə başlayıb və burada
müalicə, bədən tərbiyəsi üzrə təlimatçı
kimi çalışıb. Onun işə
sevgisinin, məsuliyyətinin nəticəsi
idi ki, harada
çalışsa, kollektivin sevgi və hörmətini qazanardı. Elə buna görə də Lənkəran Şəhər
Gənclər və İdman İdarəsinin
nəzdində direktor işlədiyi
Uşaq-Gənclər İdman Mərkəzinin
kollektivinin əməkdaşları da bu gün
Vüsal Kazımovun yoxluğuna
inana bilmirlər.
İstər dostları, istərsə
də ailə üzvləri onun ön cəbhədən qaynar
döyüşlərdən sonra
yoldaşlarının çəkdiyi fotolardakı
sarışın, ağbəniz gəncin gülümsər
çöhrəsinə baxıb, onunla olan söhbətlərini, cəbhədən telefon danışıqlarını kinolenti kimi kövrələrək
xatırlayırlar…
Bölük komandirinin müavini kimi baş leytenant
Vüsal Kazımovun döyüş
yolu Cəbrayıl, Füzuli,
Xocavənd, Şuşa istiqamətlərindən
keçib. Füzuli rayonun azad olunmasında
şücaət göstərmiş Vüsal
düşmənin bir sıra mövqelərinə
sarsıdıcı zərbələr vurub.
Hələ
düşmənin Tovuz istiqamətində təxribatları
zamanı ehtiyatda olan zabit kimi səfərbərlik
üçün müraciət edən Vüsal Kazımov
döyüş meydanında hər an mübarizə
üçün hazır olduğunu bəyan etmişdi.
O, 44 günlük müharibədə Qələbəyə gedən yolda döyüş dostları ilə birgə son nəfəsinədək mübarizə apardı. Vüsal yaxşı dərk edirdi ki, iştirakçısı olduğu bu savaş 30 illik işğala son qoyacaq, vətənin ağrı-acılarını birdəfəlik saracaqdı. Odur ki, yalnız “İrəli” – getmək lazım idi və baş leytenant elə də etdi.
Atası Kamran Kazımov gözünün ağı-qarası bir oğlunu cəbhəyə
yola salanda onu öncə Allaha, sonra Vətənə əmanət etmişdi…
Vətən uğrunda döyüşən Vüsal amansız vuruşda yaralanmış yoldaşlarını, şəhid olmuş döyüş dostlarının nəşini çiynində dağ cığırları ilə aparıb. Onları döyüş meydanından çıxarıb. Təki döyüş dostları düşmən əlinə keçməsinlər. Sonra isə yenidən döyüşə atılmışdı…. Okyabrın 26-sı ailəsi ilə əlaqə saxlayan Vüsal Kazımovun səsini əzizləri sonuncu dəfə həmin gün eşitmişdi...
Ölüm-qalım
döyüşlərinin getdiyi günlərdə
Gülər ananın əlləri oğlu
Vüsal və cəbhədə
döyüşən bütün aslan igidlərimiz üçün
Tanrının dərgahına açılıb və televiziyada cəbhədən verilən hər
xəbər onu ana
kimi nigaran qoyub: “Oğlum Vüsal vətənsevər idi.
Vətənin ən çətin anında da
o, yurdunu hər kəsdən---valideynlərindən,
ailəsindən, övladlarından üstün
tutdu. Vətən uğrunda
döyüşüb qəhrəmancasına
şəhid oldu…”.
2020-ci il oktyabrın 27-si.
Ağır döyüşlərdə düşmən ordumuzun mövqelərini top
atəşinə tuturdu. Düşmənə
layiqli cavab verən baş leytenant və əsgərləri
bir an belə
dayanmır, var gücləri ilə
düşmənin həmlələrini dəf edirdi.
Lakin artilleriya atəşi
nəticəsində amansız döyüşdə Vətən
sevdalı bir ürək əbədi olaraq susdu…
...Susan təkcə döyüş meydanında düşmənə qarşı mübarizə aparan bir oğulun ürəyi olmur. Həm də onun atasına bağışladığı qol saatı olur. Atası Kamran Kazımovun müharibə boyu tez-tez baxıb əzizlədiyi bu saatın susması ilə sanki Kazımovlar ailəsində zaman sadəcə Vüsallı günlərdə qalıb. Atası Kamran müəllim “Oğlumla son olaraq, vidalaşandan, onun həyətdən çıxarılmasından sonra saat dayandı, daha işləmədi…”—deyərək, kövrəlir. Ancaq qürurludur, başı ucadır, çünki torpaqlarımızın azad edilməsində oğlu Vüsalın da rolu danılmazdır.
Prezident İlham Əliyevin sərəncamı
ilə Kazımov Vüsal Kamran
oğlunun ölümündən sonra təltif edildiyi “Vətən
uğrunda “ , “Fizuli rayonunun azad
olunması”,”Xocavənd rayonunun azad olunması” uğrunda
medalları bu gün
Vətəni qorumağa könüllü
yollanmış və onun uğrunda
da canını fəda etmiş vətənsevər oğulun
şücaət rəmzi olaraq, onun ailəsi üçün
həm qürur, həm də təsəlli
yeridir.
Bu gün
həyat yoldaşı Aysel
Kazımovanın tək təsəllisi bu
xoşbəxt ailənin yadigarı iki gül övladları – 6 yaşlı Nuray və on aylıq Aynurdur. Aysel xanım deyir ki, mən təkcə
Vüsalı yox, onun
simasında həm də dostumu,
sirdaşımı, arxa-dayağımı itirdim:
“Fiziki olaraq,
yanımda olmasa da, Vüsal mənən yanımızdadır. Onun adını yaşatmalıyam. Vüsal vətən uğrunda
döyüşüb, şəhid olub..”
2020-ci il dekabrın 17-si
Vüsalın 30 yaşı tamam oldu. Həmişə əzizlərini süfrə
başına toplayan Vüsalın
görüşünə bu dəfə
valideynləri, ailəsi, iş
yoldaşları, dostları, bir sözlə,
Yuxarı Nüvədi kəndinin camaatı başqa
bir ünvana--onun məzarı başına
toplaşdılar.
Yarım qalan ömründə baş leytenant Vüsal Kazımov ən vacib missiyasını –Vətəni qorumaq missiyasını şərəflə yerinə yetirdi və öz qısa ömür yolu ilə gələcək nəslə miras qoydu…
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti 2021.- 6 fevral.- S.10.