Vaksinasiyadan sonra da tələblərə əməl etməliyik

 

“Koronavirusa qarşı peyvənddən sonra insanlarda spesifik immunitet əmələ gəlir. İnsan bədəninin peyvəndə zəif reaksiya verməsinin səbəbi autoimmun və onkoloji xəstəliklərdə təyin olunan dərman müalicəsi ilə əlaqəli ola bilər”. Bu fikirləri Rusiyanın tanınmış immunoloqu Nikolay Kryuçkov vaksinin orqanizmdə yaratdığı reaksiya ilə bağlı fikir bildirərkən deyib. Alim yaranan dəyişikliklərin səbəblərini açıqlayarkən bildirib: “Məsələn, immuniteti zəiflədən dərmanlar qəbul edən xəstədə immun çatışmazlığı yaranır. Bu, daxili orqanların transplantasiyasından sonra, eyni zamanda, onkoloji, otoimmun xəstəliklərdə də mümkündür. COVID – 19 peyvəndindən sonra spesifik immunitetin əmələ gəlməsi daha yavaş baş verə bilər”.

Mütəxəssisin fikrincə, immunitetin əmələ gəlməsinə ciddi fiziki fəaliyyət və güclü stress də təsir edə bilər. Kryuç­kov allergiyası olan insanların çoxunun koronavirusa qarşı vaksinasiyaya icazə verilə biləcəyini və xəstələrin qəbul etdiyi standart anti - allergik dərmanların immunitetin formalaşma­sına təsir göstərmədiyini söyləyib. Eyni zamanda, immunoloq bəzən allergi­yanın müalicəsi üçün də təyin olunan hormonal dərmanların əks göstərişlərə səbəb ola biləcəyini vurğulayıb. Mütəxəssis bu vəziyyətdə həkimlərlə məsləhətləşməyin vacibliyini qeyd edib. Həkimin sözlərinə görə, peyvənd vurulmuş hər kəsdə koronavirus üçün spesifik immunitet inkişaf edir. Ancaq in­sanlarda antikorların səviyyəsi fərqli ola bilər. Eyni vəziyyət virusu keçirənlərdə də olur. Bəzilərində, ümumiyyətlə, antikor olmaya bilər. Mütəxəssisin sözlərinə görə, antikorların yaranma­ma səbəbini öyrənmək, demək olar ki, mümkün deyil: “Bu, yalnız bədənin və ya hansısa xəstəliyin xüsusiyyəti ola bilər. Peyvəndə çox zəif reaksiya verən bir qrup insan var. Orqanizmin fərdi müdafiə qabiliyyətindən asılı olaraq, bəzi xəstələrdə antikorlar altı ay və ya bir il qalır, bəzilərində üç aydan sonra yox olur”.

İmmunoloq insanın immun siste­minin reaktivliyinin zaman keçdikcə, yaşla bağlı azaldığını bildirib. Belə ki, yaşlı insanlarda spesifik immunitetin formalaşması prosesi daha yavaş olur. Həkim, eyni zamanda, bildirib ki, immu­nitet səviyyəsini yalnız testlə aşkarlanan antikor sayına görə qiymətləndirmək lazım deyil. Çünki bütün test sistemləri koronavirusun müxtəlif antigenlərinə reaksiya verir, buna görə göstəricilər testdən asılı olaraq dəyişəcək.

Türkiyəli professor Bünyamin Sertoğulları koronavirus yoluxmala­rının fevral ayından etibarən yenidən artacağını iddia edib. Professor bunu karantin tədbirlərinin yumşaldılması ilə əlaqələndirib. O deyib: “Son günlərdə insanlar tədbirlərə əməl etmir, küçələrə çıxır, qohumlarını ziyarət edir. Bu, qorx­duğumuz mənzərədir. Virus yenidən aramızda dolaşmağa başlayıb. Xəstə sayının və süni nəfəs aparatına bağla­nan insanların azalması sizi aldatma­sın. Əgər əhali tədbirlərə riayət etməsə, vəziyyət kritik həddə çatacaq. Daha çox gənc nəsil çıxıb gəzməyə üstünlük verir. Xəstəlik riski az olduğundan çoxu ko­ronavirusu asimptomatik keçirir. Bu da aşağı düşən xəstə sayının çoxalmasına səbəb olur. Virusun yayılacağını nəzərə alsaq, xəstəlik fevral ayının ortalarında pik həddə çatacaq. Xüsusilə, mağa­zalarda sıxlığın olması bizi narahat edir. Əhalinin müəyyən qrupu peyvənd olunsa da, karantin qaydalarına əməl etməyə davam etməlidir. Peyvəndin təsirinin görünməsi üçün bir ay ərzində 2 doza tətbiq olunmalıdır. Kütləvi immu­nitetin yaranması üçün əhalinin ən az 60 faizinin peyvənd olunması lazımdır”.

Böyük Britaniyanın milli statistika idarəsinin araşdırmasına görə, koro­navirusun yeni mutasiyasına yoluxan xəstələr daha çox boğaz ağrısı, əzələ ağrısı, yorğunluq, sonra öskürək kimi əlamətlər hiss edirlər. Bu ştamma yolu­xan insanların 40 faizində öskürək olub. Xəstələrdə müşahidə edilən ağır halsız­lıq isə ikinci yerdə gəlir. Maraqlı odur ki, yeni mutasiyada dad və qoxubilmənin itməsi qeydə alınmayıb.

Rusiyada tibb elmləri namizədləri Natalya Eysmont və professor Vasili Vlasov pandemiyanın üçüncü dalğa­sının nə vaxt olacağı barədə əhaliyə xəbərdarlıq məqsədi ilə məlumat veriblər. Həmin mütəxəssislərin fikrincə, növbəti dalğa yaza doğru, martın so­nunda qığılcımlana bilər. Əgər vaksina­siya sürətlənsə, bu üçüncü dalğa yox, mövsümi aktivləşmə hesab edilə bilər. Onlar, həmçinin qeyd ediblər ki, kollek­tiv immunitet formalaşdıqca, dalğalar azalacaq.

Əgər vaksinasiya kütləvi olmasa, yaz dalğası üçüncü dalğa olacaq. Həkimlərin fikrincə, virusun mutasiyaya uğraması da üçüncü dalğanın bir qədər güclü olacağını təxmin edir. Vaksin az çatdırılan regionlarda vəziyyət çətin ola bilər. Hazırda aparılan peyvəndləmə prosesini dənizdə bir damla kimi düşünmək olar. Avropa alimləri üçüncü dalğanı payıza doğru gözləsələr də, rusiyalı həkimlər bunun daha tez olaca­ğını deyirlər.

Amma onu da nəzərə almalıyıq ki, pandemiyanın yayıldığı bütün ölkələrdə virusa yoluxma hadisəsi sıfırlanmasa, tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil. Ayrı – ayrı ölkələrin məhdudiyyət tədbirlərinə ciddi nəzarəti nəticəsində müəyyən aylarda, həftələrdə yoluxma sayı azalsa, hətta, tamamilə aşkarlanmasa belə, yenə pan­demiyanı bitmiş hesab etmək olmaz. Çünki, virusun yenidən yayılma ehtimalı böyükdür. Hazırda Azərbaycanda da vəziyyət stabilləşib və yumşalmalara gedilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu barədə məlumat verərkən bildirib ki, unutmaq lazım deyil ki, nə dünyada, nə də Azərbaycanda pandemiya hələ bitməyib: “Yolux­ma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərinin tətbiqinin nəticəsidir. Məhdudiyyətlər götürüldü­yü zaman istər - istəməz yoluxanların sayı yenidən artacaq. Pandemiyanın dinamikası belədir. Belə ki, qapanma­lara gediləndən sonra yoluxma sayları azalır, yumşaldılmaların tətbiqindən sonra isə artım qeydə alınır. Bir də yeni ştamm buraya gələrsə, yoluxma sayla­rında daha sürətli artım ola bilər. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Bu zaman vəziyyəti olduğu kimi saxlaya bilərik”.

Dünyada 50 – dən çox ölkədə müxtəlif vaksinlərdən istifadə olunaraq COVID – 19 əleyhinə peyvəndləmənin aparıldığını vurğulyan H.Harmancı həmin prosesə dekabrda başlanıldı­ğını və bu günə qədər təxminən bir ay yarım vaxt keçdiyini bildirib: “Az müddət keçdiyinə görə peyvəndin təsiri ilə bağlı dəqiq məlumat yoxdur. Buna baxmayaraq, yan təsirlərlə bağlı məlumatlar var. Çünki bütün ölkələr peyvənddən sonrakı yan təsirləri çox ciddi bir şəkildə izləyirlər, mütəxəssislər isə nəticələri analiz edirlər. Sevindirici hal odur ki, hazırkı dövrədək aparılan vaksinləmə prosesi zamanı ciddi yan təsirlər aşkarlanmayıb. Bəzi faktlar oldu, onlar araşdırıldı və peyvəndlə bağlılığı aşkarlanmadı. Peyvəndin uzunmüddətli təsirinin öyrənilməsi üçün müəyyən qədər vaxta ehtiyac var. Yan təsir kimi daha çox vaksin vurulan yerdə yüngül ağrı, həssaslıq hiss edilə, bir - iki gün sonra qızdırma müşahidə edilə bilər. Bu, bütün peyvəndlərdə qeydə alınır və ciddi yan təsir hesab olunmur”.

H.Harmancı bildirib ki, peyvəndlər haqqında indiyədək məlum olan faktlar onların ölüm və ağır xəstələnmə hallarını azaltmasıdır. Bu səbəbdən vaksinlərin ilk olaraq səhiyyə işçiləri və yaşlı vətəndaşlara tətbiqi tövsiyə edilib. Peyvəndlərin yoluxmanı azalt­masına dair tam məlumat yoxdur. Bu məlumatlar qarşıdakı dövrdə əldə olu­nacaq. Pandemiyanı sadəcə peyvəndlə nəzarətdə saxlamağa dair də kəskin sü­but yoxdur. Koronavirus pandemiyasını nəzarət altında saxlamaq üçün mövcud olan bütün silahlarımızı istifadə etməyə ehtiyac var. Peyvəndlə ölüm hallarının qarşısını almaq və səhiyyə sisteminin üzərinə düşən yükü azaltmağa çalışırıq. Bir müddətdən sonra peyvəndin pande­miyanın dinamikası üzərində təsirini çox yaxşı anlayacağıq.

Azərbaycana fərqli peyvəndlərin gətirilməsi də gündəlik müzakirə mövzusudur. Hazırda Azərbaycanda Sinovac peyvəndi tətbiq olunur. Verilən məlumatlara görə səhiyyə işçilərinin 70 faizi artıq peyvəndin ilk dozasını alıblar. Fevralın 5 – dən sonra isə yaşı 65 – i ötən insanlar peyvəndləməyə cəlb olunacaqlar. Azərbaycan da digər ölkələr kimi mümkün olduğu qədər çox peyvəndi qısa vaxtda ölkəyə gətirib tətbiq etmək istəyir. Bunun üçün işlər davam edir. TƏBİB – dən bildiriblər ki, Azərbaycan müəyyən miqdarda Pfizer/BioNTech peyvəndi də alacaq. Təbii ki, həmin peyvəndlərin keyfiyyətli olmasına nəzarətət var . ÜST – nın nümayəndəsi Pfizer/BioNTech peyvəndlərinin istifadəsində hər hansı ciddi yan təsiri olmadığını desə də, bir çox ölkələrdə, o cümlədən İsraildə onun fəsadları ilə bağlı məlumatlar yayılıb. Qeyd edək ki, Pfizer/BioNTech peyvəndlərini isteh­sal edən şirkət dünyada çox nüfuzlu, güvənilən şirkətdir. Bu baxımdan bütün dünyada bu şirkətin hazırladığı vaksinə şüuraltı da güvən var. İmmunoloqlar isə bildirirlər ki, hansı vaksinin daha yaxşı olduğunu demək üçün ən azı altı ay gözləməliyik. Həmin müddətdə, onların nə dərəcədə effektli, hansı yan təsirlərə malik olacağı gələcəkdə ortaya çıxacaq.

Ölkədə vaksinasiya aparılsa da, ar­xayınlaşmaq olmaz. Koronavirusla bağlı bütün tədbirlərə ciddi şəkildə əməl etmək lazımdır. Çünki virusun mutasiyaya uğra­mış yeni ştammı İngiltərədən başlayaraq çox sayda ölkələrdə sürətlə yayılmağa davam edir. Mütəxəssislərin fikrincə, bu ştammın ölkəmizdə də yayılması ehtimalı var, çünki virus sərhəd tanımır. Həkimlər bu səbəbdən hər zaman qeyd edirlər ki, tətbiq olunan vaksinlərin viru­sun yeni ştammına qarşı nə dərəcədə təsirli ola biləcəyi barədə dəqiq fikir söyləmək mümkün deyil. Çünki virusun ortaya çıxan yeni variantı haqqında çox az məlumat var. Məlum olduğu kimi, istehsal olunan vaksinlər virusun əvvəlki ştammı üçün nəzərdə tutulub. Hər halda, virusun bu variantları arasında ümu­mi oxşarlıq olduğundan, tətbiq edilən peyvəndlərin yeni ştammlar üçün də təsirli ola biləcəyi ehtimal olunur.

 

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti  2021.- 6 fevral.- S.10.