Şəhid ailələrinə və qazilərə qayğı əsas prioritetlərdəndir

Azərbaycan Ermənistana qarşı 44 günlük Vətən müharibəsini tarixi qələbə ilə başa vurdu. Bu müharibədə Prezi­dent İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu böyük şücaət göstərdi, tarixə görk olacaq döyüş taktika və strategiyası yaratdı. Xüsusən Şuşa uğrunda aparılmış döyüşlər bütün dünyada geniş əks-səda doğurdu.

Şuşa döyüşləri haqqında danışarkən Azərbaycanın dövlət başçısı bildirmişdi ki, bu şəhərin işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh sayəsində mümkün oldu. Azərbaycanın qəhrəman oğulları dağlardan, meşələrdən, dərələrdən keçərək, on­larca kilometr məsafəni qət edərək, yol boyunca kəndləri, qəsəbələri, xüsusən Daşaltı kəndini düşməndən təmizləyib, Şuşa şəhərinə yaxınlaşıb və onu işğalçı­lardan azad edib.

Prezident İlham Əliyev bu barədə deyib: “Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günü­dür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir”.

Prezident haqlı olaraq qeyd etdi ki, Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Bu, hər günü zəfərlə yoğrulmuş bir müharibədir. Ordumuz bu müharibədə hər gün qabağa gedib, geri addım atmayıb. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək, 300-dən çox yaşayış məntəqəmizi və Şuşanı azad etmişik. Düşməni məcbur etmişik ki, cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarsın.

Bu müharibə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir səhifə kimi düşəcək. Qələbəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Ona görə də müharibədə şəhid olanlar, yarala­nanlar Azərbaycan dövləti tərəfindən müqəddəs tutulur, şəhid ailələrinə, qazilərə daim diqqət göstərilir. Bu gün, demək olar ki, bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə bu ildən başlayaraq dövlət tərəfindən mənzillər, evlər verilir. Prezident bu barədə müvafiq qurumlara göstərişlər verib. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 mana­ta qaldırılıb. Yaralı hərbçilərimiz də dövlətin diqqət mərkəzindədir. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapıb. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi ordenmedallarla təltif edilib. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə həmin rayonların adlarını daşıyan medallar verilib.

Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirildiyini, onlara yönələn so­sial ödənişlərin dəfələrlə artırıldığını deyib. O, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin avtomobillərlə təminatının bu il də yüksək səviyyədə davam etdirilməklə, sosial proqramların xeyli genişləndiyini vurğulayıb. Onun sözlərinə görə, bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda – 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 1300-dən çoxu indiyədək verilib. Doqquz minədək mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib. Bu vaxta qədər isə nazirlik müharibə əlillərini 7050-dən çox minik avtomobili ilə təmin edib.

Bütövlükdə, şəhid və ailələri və müharibə əlilləri dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqətindədir. 44 günlük Vətən müharibəsindən sonra isə bu insanlara qayğı daha da artıb. “Azərbaycan 2030: sosial-iqtisadi inki­şafa dair Milli Prioritetlər”də də bu, əsas hədəftlərdən biri kimi qeyd olunub.

 

Üzeyir ŞƏFİYEV,

BDU-nun Sosial kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru

Xalq qəzeti 2021.- 6 fevral.- S.10.