Azərbaycanda turizm böyük potensiala malikdir

 

Ötən il pandemiyaya görə turizm sənayesi böyük çətinliklərlə üzləşsə də, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun tarixi qələbə qazanılması, torpaqlarımızı işğaldan azad etməsi bu sahənin inkişafına böyük ümidlər yaradır.

Prezident İlham Əliyev son çıxışlarında azad olunmuş tor­paqlarda əsas fəaliyyət meydanı kimi kənd təsərrüfatı və turizm sahələrini qeyd edib. Dövlət baş­çımızın bildirdiyi kimi, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Bu potensial imkan verir ki, Qarabağ Azərbaycanın əsas turizm zonalarından birinə çevrilsin

Turizmin həm postpandemi­ya, həm də müharibədən sonrakı dövrdə iqtisadiyyatın qeyri-neft sektorunun vacib sahəsi olacağı şübhəsizdir. Hazırda “Turizm haq­qında” qanun hazırlanmaqdadır.

Ümid edirik ki, vaksinləşmənin qlobal olaraq həyata keçirilməsi ilə sərhədlər tezliklə açılacaq. 2021-ci ildə əsas diqqət daxili turizm və Qarabağın turizm potensialının inkişaf etdirilməsinə yönəldiləcək. Mərhələli şəkildə beynəlxalq səyahətlər yenidən başlayacaq. Ona görə də Azərbaycanın beynəlxalq aləmdə turizm potensi­alının təbliği istiqamətində işlər sürətləndiriləcək.

Hazırda Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərlə bağlı turizmin inkişafı dövlət strategiyası hazırla­nır. Mütəxəssislərin fikrinə görə, Qarabağda turizm məhsullarının, turizm infrastrukturunun inkişaf etdirilməsindən öncə bir neçə komponent təmin edilməlidir. Belə ki, ilk növbədə təhlükəslizlik təmin olunmalıdır. Eyni zaman­da, əhalinin geriyə qayıdışı və yaşayışı, bu yerlərdə infrastruktur bərpa edilməlidir. Söz yox ki, bunlarla paralel olaraq turizm məhsullarının istehsalı artırılacaq. Bunun üçün investisiyaların cəlb edilməsi də vacibdir.

Dövlət Turizm Agentliyindən bildiriblər ki, bir neçə yeni turizm marşrut istiqamətləri müəyyənləşdirilməlidir. Nəzərdə tutulan birinci istiqamət Füzuli, Xocavənd, Şuşa, Laçındır. İkinci Cəbrayıl, Füzuli Zəngilan, üçüncü Zəngilan, Qubadlı, dördüncü Kəlbəcər, Laçın, beşinci isə Bərdə, Ağdam istiqamətidir. Regionların ayrı-ayrılıqda turizm potensialına baxdıqda, məsələn, təbiəti, mədəni-tarixi abidələri ilə Qarabağın incisi olan Şuşada müxtəlif tədbirlər, festivallar keçiriləcək. Laçın, Kəlbəcər istiqamətində mədəniyyət, təbiət, qış və sağlamlıq turizm imkanları var. Qubadlı, Zəngilan rayonlarında mədəniyyət və təbiət istiqaməti, Füzuli, Ağ­dam, Cəbrayıl rayonlarında mədəniyyətlə yanaşı, erməni işğalının acı nəticələrini əyani şəkildə göstərmək imkanları möv­cuddur. Bu yerlərdə açıq muzeylər olacaq, orada işğalın nəticələrini göstərmək üçün bəzi tikililəri dağıdılmış halda saxlayacaq ki, daxilixarici auditoriya üçün erməni vəhşilikləri, vandalizmi nümayiş olunsun.

Qurum rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə yeni kommunikasiya imkanları açı­lır. Bir imkan cənub istiqamətindən İran turistlərinin cəlbidir. Digər kommunikasiya imkanı isə Naxçıvan üzərindən Türkiyədən turistlərin gəlməsidir. Həm də Azərbaycanla Türkiyə arasında bağlanan ikitərəfli sazişə əsasən, artıq sərhədi keçmək sadələşib. Bu isə ölkəyə daha çox turistin gəlməsinə şərait yaradacaq.

Bu da aydındır ki, işğaldan azad edilmiş ərazilərdə inf­rastruktur bərpa olunduqdan sonra ilk növbədə Azərbaycan vətəndaşlarının həmin ərazilərə səfərləri gözlənilir. Çünki illərlə həsrətində qaldığımız yerləri gəzmək, görmək istəyəcəyik. İkinci böyük auditoriya potensi­alı xaricdə yaşayan Azərbaycan diasporu nümayəndələridir. 10 milyondan çox azərbaycanlı, elə bizim hamımız üçün mədəni mərkəzə çevrilmiş Şuşanı görməkdə maraqlı olacaq. Qara­bağ ərazisi on illərdir qapalı qalıb. Təbiətinə, mədəniyyətinə, tarixinə görə bu yerləri gəzmək hər kəs üçün maraqlı olacaq.

Pandemiyadan öncə xarici ölkələrdən turist cəlb etdiyimiz kimi, postpandemiya dövründə də, xüsusilə Qarabağa turistləri cəlb etməyə davam edəcəyik. Bundan əlavə, artıq işğaldan azad edilmiş ərazilərlə bağlı xarici tərəfdaşlarla kommunikasiyaya bağlanı­lıb, təqdimatlar edilir. Maraq böyükdür. Qarabağ üzrə ilk qrup bələdçilərin hazırlığına başlanılıb. Həmçinin, tanıtım çarxları daxili auditoriyaya təqdim edilir.

2021-ci il Azərbaycan turizmində yeni bir mərhələnin başlanğıcı olacaq. Bu, turizmin inkişafında həm gəlmə, həm də getmə turizmində böyük bir canlanmanın yaşanmasına imkan verəcək. İlk növbədə azad olunmuş Qarabağımızda turizmin böyük sürətlə inkişafına inanırıq.

 

M.MÜKƏRRƏMOĞLU

Xalq qəzeti 2021.- 6 fevral.- S.10.