Bir qrup media nümayəndəsi Vətən
müharibəsindəki fəaliyyətinə görə “Zəfər
Media Mükafatı” ilə təltif olunub
Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndəsi Vətən müharibəsinin informasiya cəbhəsində göstərdiyi səmərəli fəaliyyətə görə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təsis etdiyi “Zəfər Media Mükafatı” ilə təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri
xəbər verir ki, bu münasibətlə Ağdam
rayonunun Quzanlı qəsəbəsində
pandemiya şəraitinin tələblərinə
uyğun olaraq tədbir
keçirilib. Tədbir
iştirakçıları əvvəlcə Ağdam
rayonunun girişindəki Şəhidlər
Abidə Kompleksini, Quzanlı qəsəbəsindəki
Şəhidlər xiyabanını və ulu
öndər Heydər Əliyevin abidəsini ziyarət edərək,
önünə tər çiçəklər qoyublar.
Ağdam Dövlət Dram Teatrında keçirilən tədbirdə
əvvəlcə respublikamızın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda canından keçənlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra media
nümayəndələrinin Vətən müharibəsi
dövründəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş
olunub.
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək, 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazanaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etməsindən danışıblar. Bildirilib ki, Vətən müharibəsində xalqımız bir yumruq kimi birləşdi, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər oldu. Azərbaycan həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi. Vətən müharibəsində media nümayəndələri də çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Televiziyaların, elektron media orqanlarının nümayəndələri birbaşa hadisə yerindən informasiyalar foto və videolar yayımladılar, xalqımızı, dünyanı məlumatla təmin etdilər.
Media nümayəndələri
tədbirin təşkilatçılarına minnətdarlıqlarını
bildirib, Qarabağ
bölgəsindəki fəaliyyətlərindən söz açıblar. Bildirilib ki,
Qarabağ üzrə bölgə
müxbirləri təkcə 44 günlük
Vətən müharibəsi dövründə deyil, atəşkəs dövründə də
informasiya müharibəsinin cəbhəsində
gərgin çalışıb, ermənilərin təxribatları,
yaşayış məntəqələrimizin atəşə
tutulması, regionun sosial-iqtisadi
həyatı, Qarabağın tarixi, mədəniyyəti
ilə bağlı informasiyalar, reportajlar hazırlayıblar. Bundan
sonra isə xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif
istiqamətli informasiyalar, o
cümlədən həyata keçirilən inkişaf,
bərpa-quruculuqla bağlı məlumatlandıracaqlar.
Sonra Vətən müharibəsinin
informasiya cəbhəsində göstərdiyi
səmərəli fəaliyyətinə görə KİV
nümayəndələrinə “Zəfər Media
Mükafatı” təqdim edilib.
Mükafatlandırılanlar arasında AZƏRTAC-ın əməkdaşları
Tahir Ağaməmmədov və Aydın
Yavərzadə də var.
Xalq qəzeti 2021.- 13 fevral.- S.9.