Qarabağ savaşı dünya mətbuatında: gerçəklər və ikili standartlar

 

Ötən il sentyabrın 27-də təcavüzkar Ermənistanın Qarabağ cəbhəsində törətdiyi irimiqyaslı hərbi təxribata cavab olaraq, Azərbaycan Ordusunun 44 gün uğurla davam etdirdiyi əks-hücum əməliyyatları düşmənin darma­dağın edilməsi ilə yanaşı, bir sıra parametrlər üzrə dünya hərb tarixində yeniliklərlə də nəticələndi. Bütün dünya Vətən müharibəsi adlandırdığımız bu qalibiyyətli savaşda Azərbaycan Prezidenti, müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin sərkərdəlik məharətinin və siyasətçi qətiyyətinin, xalqımızın sarsılmaz birliyinin və ordumuzun yenilməz gücünün şahidi oldu.

Savaşın şiddətli dövründə, Azərbaycan Ordusunun bütün cəbhə boyu irəllilədiyi günlərdə ermənipərəst xarici media vasitələrinin Azərbaycan Preziden­ti İlham Əiyevə verdiyi Türkiyənin müharibəyə müdaxiləsi, hətta Qarabağa suriyalı muzdluların göndərilməsi barədə təxribatçı suallar verənlər jurnalistdən çox ittihamçı kimi görünürdülər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Almani­yanın ARD televiziya kanalının müxbirinin suallarını çox haqlı olaraq belə dəyərləndirmişdi: “Alman dövləti və alman xalqı, elə bilirik, rəsmən faşizmdən imtina edib – bu yaxşıdır, təqdirə, alqışa layiqdir; lakin kim deyə bilər ki, ARD əməkdaşının ruhuna faşizm çökməyib? O suallar ki, ARD əməkdaşı tərəfindən verilmişdi, bu, erməni faişminə ortaq olmaq­dır”.

“Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yox­dur. Erməniləri günahlandırmaq asandır, lakin Siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz üçün əsgərlərinizin indi cəbhə xəttində öldüyünə görə şəxsən öz üzərinizə məsuliyyəti götürür­sünüzmü?”. Baxın, “Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur” şəklində qoyulan qınayıcı sual, əslində, beynəlxalq təşkilatlara, ATƏT-ə, Avropa Şu­rasına, ya da hec olmasa ATƏT-in Minsk qrupunun üzvlərinə ünvan­lansa idi daha məqsədəuyğun olmazdımı? Üstəlik, bu qrupun fəaliyyət mandatı Azərbaycan Prezidentinin 2003-cü ildən baş­layan prezidentlik zamanından da çoxdur – 1992-ci ildən başlayır.

Dövlət başçımızın çevik və təmkinli cavabı müxbiri mövzu­nu dəyişməyə məcbur etmişdi: “Bizim əsgərlərimiz öz torpağı­mız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan so­ruşmalısınız onun əsgəri orada nə edir? Qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onlar bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur”.

Prezident İlham Əliyev “Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün ca­vabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. Üstəlik, son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların for­matına da sadiqik”– deməklə jurnalistin əsassız hücumunun qarşısını kəsərək, onu tərk-silah etmişdi. Müsahibənin davamında Azərbaycan rəhbəri bildirmişdi ki, “Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz, aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleya­sının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır”. Təbii ki, bunlar müharibəni Ermənistan üçün sürpiriz kimi qarşılayanların tutarlı cavabıdır.

Müharibə başlayanda işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına kölgə salmaq, cəmiyyətdə çaşqın­lıq, xaos, şübhə yaratmaq məqsədilə yalan məlumatların qarşısının alınması üçün bəzi məhdudiyyətlər tətbiq edildi. Bu barədə “Xalq qəzeti” ya­zırdı: “Bunu cəmiyyətdə infor­masiya blokadası, məlumat tələbatının qarşısının alınması kimi qiymətləndirmək olmaz. Dövlətin strateji informasiya müharibəsində əsas məqsədi düşmənin dezinformasiyalarından müdafiə, təhlükəsizliyin təmin olunmasıdır”. Bu barədə Yapo­niyanın “Nikkei” qəzetinin sual­larını cavablandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi:

“– Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var.

– Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qoruma­lıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi, bütün bu məhdudiyyətlər aradan qaldırıla­caqdır. Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yal­nız müvəqqəti xarakter daşıyır”.

Qarabağla bağlı həqiqətlərin ar­dıcıl olaraq ölkənin birinci şəxsinin dilindən səsləndirilməsinin nə qədər vacib olduğunu əsaslandırmağa ehtiyac yoxdur. Ali Baş Komanda­nın savaş günlərində müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə səsləndirilən həqiqətlər Azərbaycanın düşmən üzərində diplomatik və təbliğati üstünlüyünü təmin etdi, öz yalan­ları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu. Bununla da Ali Baş Komandan və Prezident İlham Əliyev informasiya müharibəsindəki mühüm missiyanı da öhdəsinə götürdü, beynəlxalq media orqanla­rına səlis məntiq və arqumentlərlə əsaslandırılmış müsahibələr verməklə beynəlxalq auditoriyanın düzgün məlumatlandırılmasına nail oldu.

Bu yığcam xülasədən sonra, sanki unudulmaqda olan bir tarixi faktı yada salmaq istərdik. 1991-ci ilin sonunda dağılaraq tarixə qovuşan şər imperiyası SSRİ-nin çökməsinin ümdə səbəblərindən biri haqqında danışan Rusiya­nın tanınmış siyasət və dövlət xadimlərindən biri olan Ruslan Xasbulatov “Politiki seqodnya” (“Siyasilər bu gün”–red.) nəşrinə şərhində deyirdi: “Sovet İttifa­qının karkasına ən ağır zərbə Qafqazdan gəldi, erməni separa­tizmi SSRİ-ni dağıtdı”. Bu fikirləri oxuyanlar heç də anlamasınlar ki, 30 il əvvəl dağılan SSRİ-nin həsrətində, yaxud onun yenidən bərpası arzusundayıq. Amma tarixin dərslərini unutmaq və ya unutdurmaq dünyada yeni və daha böyük fəlakətlərə yol açır.

Zamanında dünyanın ən böyük ölkəsini, dünyanın 6-da biri qədər əraziyə sahib olan SSRİ-ni dağıdan erməni separatizminin mahiyyəti bu gün təkcə Qafqazda yox, dünyanın hər yerində çoxları­na məlumdur. Bu barədə təkcə on­ların havadarları yox, güman edirik ki, ictimai fikrə təsir gücündə olan KİV-lər də düşünməlidir. Həm də Qafqazda Azərbaycan Ordusunun şanlı qələbəsi ilə kapitulyasiyaya məcbur olan Ermənistan hələ də “zərrə qədər də dəyişməyən xəstə təfəkkürün” caynağındadır.

Unutmayaq ki, 100 il əvvəl də Azərbaycan bu tarixi yaşamışdı. Qaniçən, daşnakxislət bolşevik S.Şaumyanın tabeliyində olan bədnam Bakı Sovetinin qoşunla­rı “vətəndaş müharibəsi” adı ilə vəhşi qırğınlar törədəndə Üzeyir Hacıbəyli bu qırğını “vətəndaş müharibəsi” adlandıranlara cavab olaraq yazırdı: “Bunun böyük yalan olduğunu isbat edən minlərcə müsəlman füqareyi-kasibəsinin meyitləridir ki, bolşevik qoşunu tərəfindən ”müsəlman olduğuna görə” çox rəhmsiz bir surətdə öldürülmüşdülər”. Ermənilərin o zaman Bakı, Qa­rabağ, Quba və digər bölgələrdə törətdikləri dəhşətli qırğınlarını bizə unutduran sovet təbliğat sistemi sonralar da Azərbaycan xalqını Xocalı soyqırımı, Bağanıs Ayrım kimi onlarca faciələrə məruz qalmasına qapını açıq qoymuşdu.

Amma unutmaq olmaz ki, Qarabağ münaqişəsinin ilhamve­ricisi rus şovinizmindən güc alan sovet sistemi olsa da, icraçısı xəstə erməni təfəkküründən qay­naqlanan vəhşilik idi. Azərbaycan Prezidentinin dönə-dönə dünya­ya bəyan etdiyi kimi: “Bunların kökündə isə Ermənistanın dövlət siyasətinin xəstə və millətçi ruhu dayanmışdır. Həqiqət budur ki, erməni cəmiyyəti XXI əsr faşiz­minin ruporu oldu. Almaniya və İtaliyanın Hitler və Mussolinidən sonra imtina etdiyi faşizm XX əsrin sonları – XXI əsrin əvvəllərində Ermənistanda yenidən dirçəldildi. Təəssüf ki, nə bu ölkənin ziyalıları, nə də erməni cəmiyyəti bunu dərk etmədi. İndi də bu eyforiya davam edir”.

Azərbaycan xalqının, eləcə də Türk dünyasının ədalət və böyüklüyündən qaynaqlanan bir həqiqəti də söyləmək yerinə düşərdi. Bu barədə Prezident İlham Əliyev ən yüksək tribu­nalardan dəfələrlə danışıb. Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində də dövlət başçı­mız bir daha vurğuladı: “Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. On­ların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanları­nın hüquqları kimi tam təmin olunacaq. Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları ola­raq onların təhlükəsizliyi təmin ediləcək”.

Azərbaycan rəhbəri daha sonra Fransanın “Figaro” qəzetinə müsahibəsində bu məsələni bir daha geniş açıqladı: “Avropada Fransa və Almaniya arasında neçə dəfə müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya 40 milyon ada­mın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi var idi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu, belə olmalıdır. Problem onda­dır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüs­tanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurdu­ğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır”.

Gec də olsa bu reallıqları dəyərləndirən sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan xarici işlər naziri­nin müavini, tarixçi və hazırda ABŞ-ın Miçiqan Universitetində erməni araşdırmaları proqramı­nın direktoru Jirayr Libaridyan Dağlıq Qarabağda silahlı qarşı­durmaya son qoyan razılaşmanın nəticələrini ingilisdilli mediaya şərh edərkən deyib: “İndi yaxın­lıqdakı xalqlarla və yaxınlıqdakı ölkələrlə danışıqlar aparırsınız. Bunları dərk etməlisən. Nəyə niyə “yox” dediklərini anlamalısan və nəyi istədiyini dürüst şəkildə izah etməlisən. Belə yanaşma nəticə verməyə də bilər, amma, ən azı, əminlik var ki, düşmənlə yox, qon­şunla münasibət qurursan və onun problemini başa düşürsən. Buna əvvəlki düşüncə ilə yanaşsaq biz məhkumuq, heç bir şey qalmaya­caq, uduzmağa davam edəcəyik”.

Sabiq müşavir müsahibəsinin davamında bildirib: “İndi Ermənistan cəmiyyəti Nikol Pa­şinyanın getməsini istəyir. Lakin məsələ odur ki, sabiq prezident Levon Ter-Petrosyandan başqa, baş nazirin istefasını tələb edən siyasi qüvvələrin Azərbaycana dair danışıqlar strategiyası hakim par­tiyanın mövqeyindən fərqlənmir. Ter-Pertosyanın partiyasından başqa qalan hamının strategiyası Paşinyanın strategiyasına uyğun idi”. Libaridyanın sözlərinə görə: “Ermənistanda üçtərəfli razılaş­madan imtina etməyə çağıran­lar anlamalıdır ki, belə addım nəticəsində ölkə əlində olanları da itirəcək. Onlar dərk etməlidirlər ki, “müharibə çağırışı” ilə sülhə nail olmaq mümkün deyil. Əmin-amanlıq içində yaşamaq üçün qonşuluğun qaçılmaz olduğunu və biri-birinin istəklərini yaxşı dərk etmək lazımdır”.

Şübhəsiz, Azərbaycan xal­qı da Njdelərlə, Androniklərlə, Şaumyanlarla və onlara heykəl qoyanlarla yox, Libaridyan kimi düşünənlərlə qonşu olmağa davam edəcək. Bunun üçün isə Ermənistan cəmiyyəti xəstə təfəkkürdən qurtarmalı, heç olmasa, libaridyanlara qulaq asmalıdırlar və əslində, bu, Azərbaycandan çox, Ermənistanın xeyrinə olardı. Sonda xatırladaq ki, erməni politoloq yuxarıdakı sözləri Türkiyənin ingilisdilli “Ahval” saytınının aparıcısı Yavuz Baydara müsahibəsində açıqlayıb. Görəsən, hər mühitdə bir rəngə düşən erməni xalqının təmsilçisi bu həqiqəti ingilis, alman və ya fransız nəşrinə müsahibəsində də deyə bilərdimi?!

 

Namiq ƏHMƏDOV

Xalq qəzeti  2021.- 13 fevral.- S.8.