Azərbaycan –
ICESCO əməkdaşlığı İslam
dünyasında nümunə kimi qəbul
edilir
Müharibə başlayandan bir neçə gün sonra – oktyabrın əvvəlində ICESCO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi... Azərbaycan İslam həmrəyliyi ilə bağlı məsələləri həmişə güclü təşviq etmişdir və ICESCO Azərbaycanda çoxsaylı tədbirlər keçirmişdir. Ümidvaram ki, bu, belə də davam edəcək. Biz həmişə müsəlman ölkələri arasında birliyə çağırış etmişik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizin xarici
siyasətində mühüm istiqamətlərdən
biri də İslam həmrəyliyi
və müsəlman ölkələri ilə əməkdaşlığın
genişləndirilməsidir. İslam Təhsil,
Elm və Mədəniyyət Təşkilatı
(ICESCO) ilə əməkdaşlığımızın
yüksək səviyyədə olması da məhz bu istiqamətə
verdiyimiz önəmin göstəricisidir.
Azərbaycan 1991-ci ildən ICESCO-nun üzvüdür. Respublikamızın birinci xanımı Mehriban
Əliyevanın 2006-cı il noyabrın
24-də ICESCO-nun xoşməramlı səfiri
adına layiq görülməsi ilə
münasibətlərimiz uğurlu inkişaf mərhələsinə qədəm
qoymuşdur.
ICESCO-nun rəhbərliyi daim ölkəmizlə əməkdaşlığın
səviyyəsindən razılığını və
genişləndirilməsinə marağını ifadə etmişdir. Qurumun rəsmiləri
2006-cı ildən etibarən respublikamızda keçirilmiş
bir sıra beynəlxalq əhəmiyyətli
tədbirlərdə fəal iştirak
etmişlər. Bakıda keçirilmiş
“Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfrans
(1-2 noyabr 2007-ci il),
Heydər Əliyev Fondunun təşəbbüsü,
UNESCO və ICESCO-nun dəstəyi ilə keçirilmiş “Mədəniyyətlərarası
dialoqda qadınların rolu”
mövzusunda forum
(10-11 iyun 2008-ci il), İslam ölkələri elm
və təhsil nazirlərinin VI konfransı (6-7 oktyabr 2008-ci il), “Bakı –
İslam mədəniyyətinin
paytaxtı” mədəniyyət ilinin
açılış mərasimi (18 fevral
2009-cu il), İslam
Ölkələri Mədəniyyət nazirlərinin VI
konfransı (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı sammiti
(26-27 aprel 2010) və Ümumdünya mədəniyyətlərarası dialoq forumu (7-9 aprel 2011-ci il) xüsusilə
qeyd edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
bu il yanvarın 13-də
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən
rəsmi Bakının bu təşkilatla əməkdaşlıqdan
məmnun olduğunu söyləmişdir.
44 günlük müharibə zamanı bu qurumun ölkəmizə
mükəmməl dəstək verdiyini
xatırladan Prezident Azərbaycana
davamlı dəstək göstərdiyinə görə ICESCO-ya minnətdarlığını bildirmişdir: “Xüsusilə müharibə
zamanı qəbul edilmiş qərarlara
görə təşəkkürümü bildirmək istəyirəm.
Müharibə başlayandan bir neçə gün sonra – oktyabrın əvvəlində ICESCO Azərbaycanın
ədalətli mövqeyinə çox dəstəkləyici
bir bəyanat verdi və
qərarlar qəbul etdi. Həmçinin bizim şanlı zəfərimizdən sonra sizin mənə qələbə
münasibətilə göndərdiyiniz təbrik məktubunuza
görə də minnətdarlığımı bildirmək
istəyirəm”.
Burada bir məqamı xüsusilə vurğulamaq lazım gəlir. Belə ki, ICESCO Azərbaycanla əməkdaşlığa yüksək qiymət verərək, ölkəmizdə regional mərkəz yaratmaq təşəbbüsü ilə çıxış etmişdir. Dövlət başçımız cənab Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən həmin məsələni müazakirələrin əsas istiqamətlərindən biri kimi qabartmışdır: “Mənim sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri də ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir. Bilirsiniz ki, bu məsələ son 3-4 il idi müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək”. Həmin görüşdən sonra ekspertlər yazırdılar ki, Azərbaycan – ICESCO əməkdaşlığı islam dünyasında nümunə kimi qəbul edilir.
Ancaq xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, Azərbaycan – ICESCO əməkdaşlığının indiki yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur. Birinci vitse-prezidentin fevralın 11-də ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxışı da həm Azərbaycan – ICESCO əməkdaşlığının genişləndirilməsinə verilən töhfə idi, həm də Azərbaycan həqiqətlərinin növbəti dəfə dünya ictimaiyyətinə çatdırmaq cəhdi.
Xatırladaq ki,
Azərbaycan Prezidenti və ulu öndər Heydər Əliyevin
adını daşıyan fond daim İslam mədəni irsinin qorunması və müsəlman
dünyasında təhsil və elmin təşviqi
ilə bağlı İslam Dünyası
Təhsil, Elm və Mədəniyyət Təşkilatının
nəcib missiyasını təqdir edir
və Azərbaycanla ICESCO arasında məhsuldar əməkdaşlığın
genişləndirilməsinə çalışır. Elə BMT Baş
Assambleyasının 11 fevral tarixini “Qadınlar və qızlar elmdə”
Beynəlxalq Günü elan
edən qətnamə Azərbaycanda da
yüksək qiymətləndirilib və dəstəklənir.
Çünki bizim
dövlət siyasətimizin əsas istiqamətlərindən biri də gender bərabərliyinin
təmin olunmasıdır.
Mehriban xanım
xatırlatdı ki, qlobal
çağırışlara cavab vermək
üçün elm, texnologiya və innovasiya zərurətə
çevrilib. Məhz həmin zərurətə
görə elm və gender
bərabərliyi “Davamlı İnkişaf
üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf
məqsədlərinə nail olunması üçün mühüm
əhəmiyyətə malikdir.
Mətbuatdan məlum olduğu
kimi, ICESCO 2021-ci ili
“Qadınlar ili” elan edib. Mehriban
Əliyevanın fikrincə, bu, yalnız təşkilat
tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü
deyil: “ Bu, həmçinin
onların daha firavan və
təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Biz bu gün
COVID-19 ilə mübarizənin ön cəbhəsində
dayanan qadın alim, həkim
və səhiyyə işçilərinə
ehtiramımızı ifadə etməliyik. Biz
test üsullarının təkmilləşdirilməsindən
tutmuş vaksinlərin hazırlanmasına
qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində
həlledici rol oynayan
tədqiqatçı qadınlarımızla fərəhlənə
bilərik”.
Yuxarıda qeyd etdik ki, Mehriban Əliyevanın ICESCO tədbirində növbəti çıxışı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün növbəti imkan idi. Birinci vitse-prezident həmin həqiqətləri dünya ictimaiyyətinə belə çatdırdı: “Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, – bir əsrdən öncə, – sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır”.
Ancaq birinci
xanımın beynəlxalq aləmdəki dostlarımıza və
bədxahlarımıza xatırlatmaq istədiyi başqa məqamlar da var idi. O, məmnuniyyət
və iftixarla söylədi ki, bu gün
Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə
yaxındır: “ Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51
faizini, elmlər doktoru
dərəcəsinə malik olanların
46 faizini və elmi tədqiqatçıların
56 faizini təşkil edir.
Azərbaycan Milli Elmlər
Akademiyasının ümumi kollektivinin 59 faizi
qadınlardan ibarətdir”.
Budur müasir Azərbaycan həqiqətləri və biz məmnunuq ki, dövlətimiz və Heydər Əliyev Fondu həmin həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yollarını tapır. Məhz bu yolların tapılmasının və qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin nəticəsidir ki, biz qələbəni qələbə ardınca qazanırıq.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti 2021.- 13 fevral.- S.3.