“Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir”

 

Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraq­lar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Son 17 ildə “Əsrin müqaviləsi” sayəsində ölkəmizin imkanları ardıcıl şəkildə genişlənib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz kontraktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu–Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb. Bütün bunlarla bərabər, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. 2011-ci ildə isə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb.

Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regi­onundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regi­onun enerji xəritəsini dəyişdirir. Bu baxımdan, adı çəkilən Dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir.

Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir.

Prezident İlham Əliyev bütün bunlar barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında çıxış edərkən ətraflı danışıb. Dövlətimizin başçı­sı Məşvərət Şurasının ilk iclasın­dan ötən müddətdə birgə fəaliyyət nəticəsində mühüm nailiyyətlər qazanıldığını, həmçinin iclasda iştirak edən ölkələrin sayının əvvəlki dövrlə müqayisədə artdığını, hazır­da burada 18 dövlət, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatının təmsil olunduğunu diqqətə çatdıraraq, belə bir amilin uğuru şərtləndirdiyini vurğulayıb.

Ölkə rəhbəri çıxışında ötən ilin sonuncu gününün əlamətdar tarixi hadisə kimi xatırlandığını – Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdığını bildirərək, birgə fəaliyyətin bun­dan sonra da yeni plan və ideya­lar əsasında davam etdiriləcəyini əminliklə diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra bu nəhəng layihənin inşasında iştirak edən bütün tərəfdaşlara–Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya hökumətlərinə, Avropa Komis­siyasına, aparıcı beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnves­tisiya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankına minnətdarlığını çatdırıb: “Tərəfdaşlarımız olan hər iki ölkənin hökuməti bizim bütün təşəbbüslərimizi hər zaman dəstəkləmiş, Azərbaycan və onun qonşuları və tərəfdaşları ilə birlikdə əvvəllər də uğurla həyata keçirdiyi müxtəlif nəhəng layihələrin icrası za­manı bizə çox güclü dəstək vermişdir.

Əlbəttə, şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsə idi, onun reallaşması mümkünsüz olardı. Burada həqiqətən də bu nəhəng enerji layihəsinin həyata keçirilməsi ilə bağlı vahid ideya ətrafında top­laşmış şirkətlərdən ibarət böyük bir qrup mövcuddur. Bu mənada mən Azərbaycan və BP arasında strateji tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. BP bizim strateji tərəfdaşımızdır, 27 ildir ki, Azərbaycanda fəaliyyət göstərən şirkətdir və qarşıda hələ neçə onilliklər ərzində əməkdaşlığımız var. Buraya Azərbaycanda neft və qaz sahəsi, o cümlədən, resursların nəqli ilə bağlı bütün əhəmiyyətli layihələr daxildir”.

İclasda bir çox parametrlər üzrə çox nadir layihə kimi təsdiqini ta­pan Cənub Qaz Dəhlizinin 7 ölkəni birləşdirdiyi vurğulanıb. Eyni zaman­da, boru xəttinin çox mürəkkəb coğ­rafi məkanlardan–hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçdiyi və bu mürəkkəb şəraitə baxmayaraq, onun ən yüksək ekoloji standartlara cavab verdi­yi qeyd edilib. Belə bir uğurun isə layihənin tərəfdaş ölkələr arasındakı mövcud sıx əməkdaşlıqdan qaynaq­landığı xatırladılıb.

Layihənin dəyəri barədə məlumat verən dövlətimizin başçısı deyib: “İlkin olaraq dəyər 44,6 milyard dollar məbləğində hesablanmışdı. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri 33 milyard dollara enmişdir. Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə, artır. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi vermişdir və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində – “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik. Bunların hamısı bizim komanda şəklində işləməyimizin təzahürüdür”.

“Əsrin müqaviləsi”ndən başlanan yol...

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizinin reallaşmasında10 il əvvəl Bakıda Avropa Komissiya­sının o zamankı prezidenti cənab Barrozu ilə birlikdə imzaladığı Birgə Bəyanatın əhəmiyyətini vurğulamaqla bərabər, uğurlu neft strategiyasının şərtləndirdiyi irəliləyişin də böyük rol oynadığını xatırladıb: “O zaman – 1994-cü ildə Azərbaycan fəal şəkildə dünyanın aparıcı enerji şirkətləri ilə işləməyə başlamış və “Əsrin müqaviləsi” imzalamışdır. Bu, bizim enerji strategiyamızın reallaşdırılması istiqamətində atılmış vacib addım idi”.

Bəli, bu, bir həqiqətdir ki, ümum­milli lider Heydər Əliyev tərəfindən təməli formalaşdırılan enerji siyasəti “Əsrin müqavilə”si ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarında birba­şa iştirakçıya çevirib. Xatırladaq ki, müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi. Dün­yanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək kon­sorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” ya­tağının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında saziş imzaladılar. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-cu ildə başlanıldı. Əvvəlcə 4 platformadan gündəlik 674 min barrel neft ixrac edildi ki, bunun da 131 min barreli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil olunurdu. Yeni əsrdən etibarən isə Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon barreldən çox artıra bildi.

“Əsrin müqaviləsi” sonradan 19 ölkənin 41 neft şirkəti ilə 30-dək sa­zişin imzalanması ilə davam etdirildi. Bu müqavilə həm karbohidrogen ehti­yatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir.

İmzalanan neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulan 64 milyard ABŞ dolları investisiya qoyulu­şunun 57,6 milyar dolları dəniz yataqlarının mənimsənilməsinə və perspektivli struktur­larda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdi. Nəhayət, 1999-cu ilin dekab­rında Azərbaycanın “mənfəət nefti” ilə doldu­rulan ilk tankeri dünya bazarlarına çıxarıldı. Nəticədə enerji resursları ölkəmiz üçün təkcə dövlət gəlirlərinin artması mənbəyi deyil, həm də ciddi geosiyasi alətə çevrildi.

“Şahdəniz” yatağı–Cənub Qaz Dəhlizinin yeganə təbii ehtiyat mənbəyi

Bu gün haqqında geniş danışılan Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri (TANAP) layihəsi isə təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev iclasdakı çıxışında “Şahdəniz” yatağı haqqında danışarkən deyib: “1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium “Şahdəniz” yatağı ilə bağlı müqavilə imzalamışdır. Hazırda həmin yataq Cənub Qaz Dəhlizinin yeganə təbii ehtiyat mənbəyidir, ancaq əminəm ki, digər yataqlardan da əlavə qaz həcmləri olacaqdır...”.

Dövlətimizin başçısı nitqində sonrakı illərdə Azərbaycanın neft-qaz sənayesindəki uğurları­nı da diqqətə çatdırıb:

–1997-ci ildə xarici şirkətlər tərəfindən Xəzərdə ilk neftin hasil edilməsi reallığa çevrilib;

–Azərbaycan Xəzər dənizində fəaliyyət göstərmək üçün xarici neft şirkətlərini dəvət edən ilk ölkə olub;

–1999-cu ildə Bakıdan Gürcüstanın Supsa liman şəhərinədək uzanan boru kəməri istifadəyə verilib;

–2006-cı ildə işə salınan Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri ilə bağlı işlərin – Xəzər dənizinin Aralıq dənizi ilə birləşdirilməsinin planlaşdırılmasına baş­lanıb. Bununla da təchizat marşrutlarının şaxələndirilməsi reallaşıb.

–2007-ci ildə Azərbaycandan Gürcüsta­na, oradan isə Türkiyəyə uzanan qaz boru kəmərinin inşası başa çatdırılıb. Beləliklə, tarixdə bir ilk– Azərbaycan qonşu ölkələri təbii qaz ilə təmin etməyə başlayıb;

–Nəhayət, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzalanıb.

TANAP və TAP-ın istifadəyə verilməsi ölkəmizin böyük neft vəqaz potensialından xəbər verir

Prezident İlham Əliyevin vurğuladığı kimi, adı çəkilən müqavilənin imzalanması Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi baxımından çox mühüm hadisə idi. Yeri gəlmişkən, 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırıldı.

Xatırladaq ki, iki qardaş ölkənin–Türkiyə vǝ Azərbaycanın enerji sektorunda indiyədək davam edən uğurlu ǝmǝkdaşlığının mühüm nümunələrindən biri olan TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP-la birgǝ Cǝnub Qaz Dəhlizinin ən vacib halqasını təşkil edib.

Layihə Azərbaycan, Türkiyə və Avro­pa İttifaqını bir-birinə daha da yaxınlaşdırır və təqdim etdiyi potensial ilǝ qlobal ener­ji geosiyasətini yenidən formalaşdırır. Bu xüsusiyyəti ilə TANAP gələcəkdə planlaşdırıl­ması nəzərdə tutulan enerji layihələri üçün dǝ baza rolunu oynayır.

TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsinə verdiyi töhfə ilə Azǝrbaycanı Türkiyənin ikinci, Avropa İttifaqı­nın isə yeni qaz tədarükçüsünǝ çevirir.

Giriş nöqtəsi Gürcüstan-Türkiyə sərhədi (Ardahan-Posof), Avropaya çı­xış nöqtǝsi Türkiyə-Yunanıstan sərhədi (Ədirnǝ-İpsala) olan TANAP Türkiyədǝn 20 şǝhǝrin sǝrhǝdindǝn keçməklə Yunanıstan sərhədində, Avropa ölkələrinə tǝbii qazı ötürən TAP kəmərinə qoşulur. Layihə çǝrçivǝsindǝ Türkiyə sərhədləri daxilindǝ biri Əskişǝhǝrdə, digəri Trakyada olmaqla milli təbii qaz ötürmə şəbəkəsinə qoşulmaq üçün iki çıxış nöqtəsi var. TANAP sistemi 2x17,5 kilometri Mǝrmǝrǝ dənizi keçidi olmaqla cəmi 1850 kilometr uzunluğundakı boru kəməri, bir sıra yerüstü qurğulardan ibarətdir.

Kommersiya fǝaliyyǝtinǝ başladığı 2018-ci il iyunun 30-dan 2020-ci ilin dekabr ayının sonuna qǝdǝr TANAP vasitǝsilǝ Türkiyəyə çatdırılan təbii qazın ümumi hǝcmi 8,4 milyard kubmetrə çatıb. Hazırkı 3-cü nəqletmə ilindǝn başlayaraq istismar dövrünün sonuna qǝdǝr Türkiyəyə hər il 6 milyard kubmetr tǝbii qazın çatdırılması nǝzǝrdǝ tutulub. Ötən il dekabrın 31-də Avropaya qaz nəqlinin başladığı layihə üzrə ilk gün üçün TAP vasitǝsilǝ Avropaya 10,9 milyon kubmetr qaz ötürülüb.

Azərbaycan bundan sonra da enerji resurslarını inkişaf etdirəcək

Hazırda Azərbaycanın kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivləri var. Bu baxımdan, 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağı diqqət çəkir. “Abşeron” qaz-kondensat yatağının isə 350 milyard kubmetr ehtiyatı var və orada hasilatın gələn il başlaya­cağı nəzərdə tutulur. Digəri isə “Ümid” yatağı­dır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənən ehtiyata malik yataqlardır.

Kəşfiyyat mərhələsində olan digər layihələr də var və Azərbaycan növbəti illərdə yeni kəşflərin olacağına ümid edir. Beləliklə, şaxələndirilmiş bu neft-qaz kəmərləri şəbəkəmizin hasilat gücünün artırılmasına xidmət edəcəkdir.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII icla­sında çıxış edərkən, bu barədə daha sonra deyib: “Birgə planlarımıza gəldikdə, əminəm ki, bu gün siz İonik-Adriatik boru kəmərinə dair məsələləri müzakirə edəcəksiniz. Əlbəttə, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandum­larını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq.

Şaxələndirmə haqqında danışarkən qeyd etməliyik ki, bizim layihə yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən ibarətdir. Bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar”.

Dövlətimizin başçısı çıxışında Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağına dair anlaşma memorandumunun imzalanması barədə də məlumat verib: “Bu yataq azərbaycanlı geoloq və neftçilər tərəfindən so­vet dövründə kəşf edilmişdir. Yəni, kəşf edilmiş yataqdır. Bu yatağın işlənilməsinə dair baza prinsiplərinin hazırlanması üçün çox vaxt tələb edildi və biz onu “Dostluq” adlandırdıq. Bu, Xəzər hövzəsində çox əlamətdar hadisədir. Bu ilin yanvar ayında həmin memorandum imza­landı və əminəm ki, tezliklə biz bütün şərtləri razılaşdıraraq yekun müqaviləni imzalayaca­ğıq. Bu, Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün də çox faydalı olacaqdır”.

Xatırladaq ki, bu il yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında “Xəzər dənizində “Dostluq” yatağının karbohidro­gen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə bağ­lı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə çıxış edən dövlətimizin başçısı imzalanan memorandumu tarixi sənəd adlandıraraq, bununla iki ölkənin ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başladığını, “Dostluq” yatağındakı istehsal proseslərinin Azərbaycan və Türkmənistanı daha da ya­xınlaşdıracağını, xalqlarına xeyir gətirəcəyini vurğulayıb.

Yeri gəlmişkən, adı çəkilən yatağın karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsinə dair me­morandumun imzalanması Azərbaycanın neft sənayesində əldə etdiyi əsas tarixi nailiyyətlərdən biridir.

İndiyədək Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb və istismar olunmayıb. Başqa sözlə, “Dostluq” 1990-ci illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti kimi qalıb. Lakin uzun illərin danışıqlarının nəticəsində ortaq məxrəcə gəlinib və yanvarın 21-də anlaşma memorandumu imzalanıb.

 

Vaqif BAYRAMOV

Xalq qəzeti  2021.- 13 fevral.- S.1;3.