Qeyri-neft sənayesinin inkişafı diqqət mərkəzində saxlanılır

 

Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Son illər ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi önəm verilib. Bütün bunlarla bərabər, sahibkarların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, hazırda respublikada qeyri-neft sektorunun şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişafı, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir.

İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələrin uğurla gerçəkləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Azərbaycanı qarşıda olduqca böyük işlər gözləyir. Bu işlərin əsasını, ilk növbədə, iqtisadiyyatımızın əvvəlki sürətli inkişaf templərinin bərpa edilməsinə, onun qeyri-neft sektorunun üstün sürətlə inkişafının təmin edilməsinə yönələn səylərin reallaşdırılması təşkil edir.

Ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafının təmin olunması istiqamətində hökumətin düşünülmüş plan əsasında apardığı işlər, hətta pandemiya dönəmində bu sektorun ayrı-ayrı sahələrində yetərli pozitiv nəticələr əldə etməyə imkan verdi.

Dünya iqtisadiyyatında ciddi geriləmələrin nəzərə çarpdığı və bu səbəbdən Azərbaycan iqtisadiyyatının da müəyyən çətinliklər yaşadığı bir dönəmdə qeyri-neft sənayesində 11 faizdən çox artımın qeydə alınması Prezident İlham Əliyevin vurğuladığı kimi, hökumətin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı düzgün siyasətin məntiqi nəticəsidir.

Sənayenin qeyri neft-qaz sektorunda artım qeydə alınması təsadüfi deyil. Bu, neft sənayesində əldə edilən artımın mərhələli şəkildə qeyri-neft sektoruna transfer olması deməkdir. Belə bir vəziyyət, həm də ondan xəbər verir ki, qeyri-neft sektoru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan daha yüksəkdir.

Bu gün dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi diqqət mərkəzində saxlanılır.

Sənaye parklarında yüksək nəticələrə nail olmaq üçün rezidentlərin səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb, vergigömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılıb, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir. Belə ki, “Doing Business 2020” hesabatına düzəlişdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlməsi, Azərbaycanın reytinq cədvəlində 6 pillə irəliləməsi, dünyanın 10 islahatçı ölkəsı sırasında qərar tutması bunun bariz ifadəsidir.

Dünya Bankının daxili auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticəsinə əsasən, Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşıb və ölkəmiz bir daha dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil olub.

Ötən il pandemiya və müharibə şəraitində Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə olunub: qeyri-neft-qaz sənayesi 11,3 faiz, neft-qaz sektoru üzrə əsas kapitala investisiyaların həcmi 8,6 faiz, xarici mənbələr üzrə əsas kapitala investisiyaların həcmi isə 21,8 faiz artıb, kənd təsərrüfatında 2 faiz artım qeydə alınıb.

Bu ilin yanvar ayında isə ölkənin qeyri neft-qaz sektorunda 0,1 faiz, məhsul istehsalında 12,8 faiz artım qeydə alınıb.

Qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayacaq bir məqamı da qeyd etmək istərdik. Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Bu məqsədlə ölkədəki bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb. Prezident İlham Əliyev bununla bağlı 22 yanvar 2021-ci il tarixli sərəncam imzalayıb.

Sərəncama əsasən, Neftçala Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Masallı Sənaye Məhəlləsi, Pirallahı Sənaye Parkı, Hacıqabul və Sabirabad sənaye məhəllələri İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.

Sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli, yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və yerlərinin yaradılması prosesini sürətləndirəcək. Bununla bərabər 4-cü sənaye inqilabının texnologiyalarının ölkəyə transfer edilməsini də şərtləndirəcək.

Bu dəstək güzəştlərinin nəticəsidir ki, indiyədək respublikamızda fəaliyyət göstərən sənaye parklarına 3,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb, 3,3 milyard manatlıq satış həyata keçirilib və 25 faiz məhsul ixrac olunub.

Xalq qəzeti  2021.- 20 fevral.- S.2.