Qarşıda işğaldan azad olunmuş torpaqlarımızın bərpası
və böyük quruculuq
işləri durur
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən
müharibəsində torpaqlarımızın erməni
işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindən
biridir. Hazırda qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası,
quruculuq işlərinin həyata
keçirilməsidir. Möhtərəm Prezidentimiz
müharibədən sonra azad
olunmuş ərazilərə səfərlər
edir, qarşıda duran
vəzifələrlə bağlı öz
mesajlarını verir. Fevralın 14-də
dövlət başçısının birinci
xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva ilə birgə
Füzuli, Zəngilan, Laçın və
Cəbrayıl rayonlarına səfəri də bu baxımdan böyük
önəm kəsb edir”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsi sədrinin müavini,
YAP-ın Beynəlxalq
əlaqələr şöbəsinin müdiri
Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Prezident İlham Əliyev hər zaman prinsipiallıq, yenilməz iradə göstərərək, Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Vətən müharibəsinin gedişində, ümumiyyətlə, danışıqlar prosesinin müxtəlif mərhələlərində cənab İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, məqsədyönlü, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbəni şərtləndirən amillərdəndir. Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə yeni reallıq yaradır. Güclü və böyük iqtisadi potensiala malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq. Bu bölgələrin ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcəyi, orada yaşayan əhalinin rifahı üçün bütün addımlar atılacaq və bunlar həmin regionda yaşayan insanlar üçün yeni perspektivlər açacaq.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz–Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsini yaradacaq. Xatırladım ki, noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var idi.
S.Fətəliyeva qeyd edib ki, imzalanmış bəyanat ardıcıl şəkildə icra edilir: “Naxçıvana quru nəqliyyat dəhlizinin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılır, eyni zamanda, yeni nəqliyyat xətti yaradılır. Azərbaycan həm Naxçıvanla, həm də Türkiyə ilə birləşir. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək”.
S.Fətəliyeva sonda bildirib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar: “Amma bütün bunlar əbəsdir. Prezident İlham Əliyev Laçın rayonunda olarkən bir daha bəyan etdi: “Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Ona görə də, erməni tərəfi başına gələnlərdən ibrət dərsi götürməlidir. Onlar anlamalıdırlar ki, təxribatçı əməllərlə, bəyanatlarla heç nəyə nail ola bilmzlər. Çünki Azərbaycanın gücünü gördülər. Ermənistanın gələcəyi öz qonşuları ilə normal əməkdaşlıqdan asılıdır”.
Söhbəti qələmə aldı:
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2021.- 20 fevral.- S.2.