Ankarada İqtisadi
Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə
Hökumətlərarası Komissiyanın iclası keçirilib
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun
və Türkiyə Respublikasının vitse-prezidenti
Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə
Azərbaycan-Türkiyə Hökumətlərarası
Komissiyanın iclası keçirilib. Baş nazir Əli Əsədov
və Vitse-prezident Fuat
Oktay iclasda
çıxış ediblər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, təhsil naziri Emin Əmrullayevin, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin, xarici işlər nazirinin müavini Xələf Xələfovun, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədovun və digər rəsmi şəxslərin qatıldığı iclasda qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay Hökumətlərarası Komissiyanın Protokolunu imzalayıblar.
Sonra mətbuat konfransı olub.
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay mətbuat konfransında çıxış edərək İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasında imzalanan 138 maddədən ibarət Protokolun ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib. Vitse-prezident deyib ki, iclasda əməkdaşlığımızın yol xəritəsini təkmilləşdirdik. COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, ikitərəfli ticarət əlaqələrimiz 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq, 4,6 milyard dollara çatıb. Hədəfimiz 2023-cü ildə 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqdır.
“2019-cu ilin sentyabrında Bakıda keçirdiyimiz toplantıda iqtisadi və ticari əlaqələrimizi inkişaf etdirmək üçün önəmli qərarlar qəbul etmişdik. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu qərarların 62 faizi bir il ərzində icra edildi. Bugünkü iclasımızda isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanlarımızı müzakirə etdik və bir sıra önəmli qərarlar qəbul olundu. Xüsusi vurğulamaq istərdim ki, razılığa gəldiyimiz fəaliyyət istiqamətləri arasında Ermənistanın işğalından azad edilən bölgələrin inkişafı və yenidən dirçəldilməsi məsələsi prioritet sahələrdəndir”, – deyə Fuat Oktay vurğulayıb.
Vitse-prezident qeyd edib ki, Qarabağda “ağıllı şəhər” modeli ilə dövrümüzün tələblərinə uyğun infrastrukturun yaradılması, kommunikasiya və enerji xətlərinin yenilənməsi, “Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsi, kənd təsərrüfatının dirçəldilməsi, mədəni abidələrin bərpası üçün azərbaycanlı qardaşlarımıza hər cür dəstək verəcəyik.
Fuat Oktay bildirib ki, bu gün qəbul edilən qərarlar iqtisadi əməkdaşlığımızı konkret addımlarla ticarətdən enerjiyə, nəqliyyatdan təhsilə, kənd təsərrüfatından səhiyyəyə qədər bir çox sahələrdə daha yüksək səviyyəyə çatdırmaqda qətiyyətli olduğumuzun göstəricisidir.
* * *
Mətbuat konfransında çıxış edən Baş nazir Əli Əsədov səfərin çox uğurlu keçdiyini, iki gün ərzində məhsuldar görüşlərin olduğunu və bir sıra mühüm sənədlərin imzalandığını bildirib. Qeyd edib ki, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bugünkü iclası Azərbaycan ilə Türkiyənin fikirlərinin bütün məsələlərdə üst-üstə düşdüyünü bir daha göstərdi. Baş nazir dedi: “Bir çox məsələləri müzakirə etdik. Gündəlik kifayət qədər geniş idi və heç bir məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Niyyətimiz, amalımız birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və ölkələrimiz daha da güclü olsun”.
İclasda bir sıra önəmli qərarların qəbul edildiyini, tədbirlər planının təsdiqləndiyini vurğulayan Baş nazir diqqətə çatdırıb ki, qardaş ölkələrimizin siyasi əlaqələri barədə də geniş fikir mübadiləsi aparıldı. Bir daha əmin olduq ki, bu əlaqələr strateji xarakter daşıyır və iki qardaş xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik və bir-birimizi hər zaman dəstəkləyirik. Təbii ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsinə də toxunduq. Fürsətdən istifadə edərək hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Azərbaycanın haqq işinə dəstək verdiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə, bütün qardaş türk xalqına bir daha dərin təşəkkürümüzü bildiririk. Bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Bu dəstək bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə beynəlxalq miqyasda daim Türkiyəni dəstəkləyir.
İqtisadi əlaqələrə dair geniş müzakirələrin aparıldığını söyləyən Əli Əsədov deyib: “İqtisadi tərəfdaşlığımız, böyük inkişaf potensialımız var. Mövcud potensialın dəyərləndirilməsi və xalqlarımızın rifahı naminə yüksəldilməsi istiqamətində bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik. Biz iqtisadi-ticari sahədə münasibətlərimizi genişləndirmək niyyətindəyik. Həm dünən keçirdiyimiz görüşlərdə, həm bugünkü iclas zamanı hər iki tərəf bunda maraqlı olduğunu bir daha təsdiqlədi. Ötən il Bakıda keçirilmiş Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında imzalanan və artıq hər iki ölkə tərəfindən təsdiqlənən Preferensial Ticarət Sazişinin rolunu da bu baxımdan yüksək qiymətləndiririk. Qarşılıqlı sərmayələrin həcmindən məmnunluğumuzu bildirdik və qarşılıqlı sərmayə qoyuluşu bundan sonra da davam etdiriləcək. Çünki bu yatırımlar xalqlarımızın rifah halını yaxşılaşdırır. Azərbaycan və Türkiyə vətəndaşlarının təkcə şəxsiyyət vəsiqəsi ilə ölkələlərimizə sərbəst şəkildə səfər etməsi barədə sənəd təsdiqlənib. Bu addım ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrinin inkişafına yeni nəfəs verəcək, ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist axınının artmasına müsbət təsir göstərəcək”.
Nəqliyyat sahəsində əməkdaşlıq barədə fikir mübadiləsinin aparıldığını qeyd edən Baş nazir bildirib ki, pandemiyaya baxmayaraq, ötən il nəqliyyat sahəsində əməkdaşlığımız uğurlu olub. Belə ki, əksər ölkələr öz aralarında tranzit-nəqliyyat əlaqələrini dayandırdı, Azərbaycan və Türkiyə isə bu istiqamətdə əməkdaşlığını davam etdirdi və biz bu sahədə artıma nail olduq. Bundan əlavə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıq barədə də fikir mübadiləsi apardıq. Bu reallıq iki qardaş ölkə arasında münasibətlərə yeni nəfəs verəcək, iqtisadiyyatımızın və ticarətimizin artımına xidmət edəcək.
“Bildiyiniz kimi, artıq işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, bizim şirkətlərlə bərabər, türk qardaşlarımız da layihələrdə yer alıblar. Türk şirkətləri artıq önəmli infrastruktur layihələrinin icra edilməsinə başlayıblar”, – deyə Əli Əsədov vurğulayıb.
Baş nazir deyib ki, Prezident İlham Əliyev bölgədə yeni əməkdaşlıq platforması yaratmaq barədə təşəbbüslə çıxış edib. Bu çoxtərəfli platforma böyük perspektivlər vəd edir və bütün bölgə ölkələri üçün faydalı olacaq. Əminəm ki, iclasın nəticələri ikitərəfli münasibətlərimizin genişlənməsinə təkan verəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaq.
Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xalq qəzeti 2021.- 20 fevral.- S.4.