Təsviri sənətimizdə Xocalı mövzusu

Xocalı faciəsi Azərbaycan incəsənətinin əksər sahələrində öz emosional bədii ifadəsini tapmışdır. Ölkəmizin müxtəlif bölgələrində Azərbaycan xalqının məruz qaldığı faciələri əks etdirən xatirə-memarlıq kompleksləri inşa edilmiş, monumental heykəllər ucaldılmış, bu mövzuda kinofilmlər çəkilmiş, tamaşalar səhnəyə qoyulmuş, musiqi və ədəbi əsərlər yazılmışdır

29 ildir bu xalqın Xocalı yarası sağalmır. Bu qanlı faciə rəssamlarımızın yaradıcılığında da ağrılı mövzulardan birinə çevrilib. Xocalılıların fəryadı, ürək parçalayan səhnələr bir çox rəsm əsərlərinin mövzusdur. Azərbaycan rəssamlarının bu mövzudakı əsərləri dünyanın bir çox məşhur muzeylərinin eksponatına çevrilib.

Xalq rəssamı Mais Ağabəyovun “Xocalı faciəsi”, Əməkdar rəssamlar Bəyim Hacızadənin “Xocalı”, “Ömrün axırıncı dəqiqəsi”, Fərman Qulamovun “Azadlığa doğru”, “Xeyir və Şər”, Rafael Muradovun “Qaçqınlar”, Həmzə Abdullayevin “Yandırılmış Vətən. Qaçqınlar”, “Xocalı. Güllələnmiş insanlar”, Rza Avşarovun “Xocalı faciəsi”, Sirus Mirzəzadənin “Xocalı”, Məmməd Orucovun “Xocalı qaçqınları”, Eldar Babazadənin “Axırıncı döyüşçü”, “Ana fəryadı”, Arif Hüseynovun “Xocalı” və başqa əsərləri müəlliflərin istedad və peşəkarlıqları ilə yanaşı, vətəndaşlıq duyğularının gücü ilə ərsəyə gəliblər. Buna görə də Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan bu sənət nümunələri yüksək bədii əhəmiyyəti ilə yanaşı, dərin humanizmi, sarsıdıcı kədər, hüzn, iztirabdramatik əhvali-ruhiyyə ilə tamaşaçılara təsir göstərir. Onlara baxdıqca XX əsrin dəhşətli Xocalı soyqırımının qurbanlarının faciəsini hiss etməmək və onların ağrılarını duymamaq mümkünsüzdür.

Bədii təsir gücü ilə tamaşaçılarda şəhidlərə mərhəmət, faciəni törədənlərə sonsuz nifrət aşılayan əsərlərdən biribu yaxınlarda dünyasını dəyişmiş istedadlı rəssam Vaqif Ucatayın “Xocalı” plakatıdır. Sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu əsərə həyəcansız tamaşa etmək mümkün deyil.

Rəssam Nazim Məmmədovun “Xocalı harayı” silsiləsi bu şəhərin sakinlərinin dəhşətləriniəks etdirir. Rəssamın çoxsaylı rəngkarlıq və qrafika əsərlərində sadəcə erməni təcavüzünün ağrılı görüntüləri yoxdur, həm də bu faciəyə münasibəti, ürək yanğısı əbədiləşib. Nazim Məmmədovun ustalıqla yaratdığı “25 fevral gecəsi”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Ailə əsirlikdə”, “Əlif Hacıyevin son döyüşü”, “Xocalı od içində”, “Erməni əsirliyində”, “Köməksiz Xocalı”, “Ata, oğul, ər! Bizi xilas edin!” və s. lövhələri erməni vəhşiliyini ifşa edən nümunələrdir.

Xocalı qətliamında işğalçıların yerlə-yeksan etdikləri şəhərin tarixi əhəmiyyətli abidələri də Azərbaycan rəssamlarının yaradıcılığınd öz əksini tapıb. Rəssamlarımız bir həqiqəti də dolğunluğu ilə tamaşaçıya çatdırmağa müvəffəq olublar: bu terrorda Azərbaycanın təkcə övladları qurban getmədi. Dünyanın ilk yaşayış məskənlərindən olan Dağlıq Qarabağın Xocalı şəhərinin ərazisindəki qədim tarixi mədəniyyət abidələri də erməni vəhşilıyinin qurbanı oldu. Ermənistan silahlı qüvvələri bu şəhəri yağmalayarkən həmin abidələrin əksəriyyətini məhv etdilər. Bununla təkcə Azərbaycanın yox, bütövlükdə bəşəriyyətin tarixinə ağır zərbə vurdular.

Azərbaycan rəssamlarının Xocalı soyqırımına həsr olunmuş əsərlərin əksəriyyətində sadəcə təsvir yoxdur. Fırça ustalarımız erməni işğalçılarının simasında bütün işğallara, müharibələrə, terrora nifrətlərini bildiriblər. Eyni zamanda, xalqımızın düşmən qarşısında əyilməzliyini, məğrurluğunu real şəkildə tamaşaçılara çatdırmağa müvəffəq olublar. Onların içərisində ən parlaq simalardan biri tanınmış rəssam Əşrəf Heybətovdur. Soyqırımı mövzusu onun üçünTürk süitası” obrazlarının davamına çevrilmişdir.

Xocalı mövzusu Türkiyədə yaşayan azərbaycanlı rəssam Məhəmməd Əliyevin yaradıcılığında böyük yer tutur. “Türkiyənin Pikassosukimi tanınan rəssam Məmməd Əliyev Xocalı faciəsini insanlıq tarixində dəhşətli faciələrdən biri sayaraq qəlb ağrısı ilə “Xocalı vəhşiliyi” tablosunu yaratmışdır. Anaların ahı, fəryadı duyulan bu əsərdə gecə, soyuq havada silahsız sakinləri işgəncə verib öldürən ermənilər vəhşi heyvan şəklində təsvir edilmişdir. Əsərdə diqqətçəkən bir detal da əlində sülhü, əmin-amanlığı simvolizə edən göyərçin tutmuş uşaqdır.

Bu mövzuda yaradılmış, əsərlərdən biri də rəssam Məmməd Əliyevin əsir düşmüş Azərbaycan oğullarını simvolizə edən əsərlərdən biri də rəssam Məmməd Əliyevin “Əsir əsgər” tablosudur. Kompozisiyada daha çox obrazın psixoloji yaşantıları qabardılıb.

Xocalı faciəsi təkcə azərbaycanlı rəssamların deyil, bir insan kimi bu dəhşəti kənardan biganəliklə seyr edə bilməyən xarici rəssamların yaradıcılığında da yer alıb. Fransız rəssamı Reno Baltzinger bu mövzuya fonda qırmızı və qara rənglərlə işlənmiş bir neçə əsər həsr etmişdir.

Ümumiyyətlə, Xocalı soyqırımı, Qarabağ müharibəsi mövzusu müasir Azərbaycan qrafikasında mühüm yer tutur. Maraqlıdır ki, bu mövzu bəzən bütöv bir qrafik əsərlər seriyasının yaradılmasının əsasını təşkil edir. Vüqar Quliyev Xocalı mövzusuna gənc yaşlarından müraciət edir. Onun əsərləri sırasında “Xocalı qaçqını” (2012), “Qaçqın qadın” (2013), “Təcavüz” (2014), “Soyqırımı” (2014) qravüraları, həmçinin “Faciə” triptixi (2015) xüsusilə qeyd edilməlidir. 1992-ci il fevral faciəsinə həsr olunmuş növbəti sərgidə gənc rəssam “Sönmüş ocaq” (2011) rəsminə görə mükafata layiq görülüb.

Xocalı mövzusu Azərbaycanın Xalq rəssamı, istedadlı heykəltəraş Natiq Əliyevin də yaradıcılığında öz dolğun təcəssümünü tapmışdır. O, Mexikoda (2012), Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda (2012) və Ankara şəhərində (2014) Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış monumental abidələrin müəllifidir. Bu heykəllər maraqlı kompozisiya həlli, plastik formaların mütənasib quruluşu, dramatik məzmunu ilə seçilir.

Rəssam Rza Avşar bu mövzuda bütün incəsənət adamlarının daim düşünməli olduğunun vacibliyini önə çəkir: "Bu dəhşətli hadisəni eşidəndə uzun müddət şokda qaldım. Ümumiyyətlə, Xocalı mövzusu rəssamlıqda ifadəsini tapsa da, hər halda, ortada olan nümunələr məni tam qane etmir. Hesab edirəm ki, rəssamlarımız bundan sonra bu mövzuda daha ciddi düşünməlidirlər". Hər halda rəssamın gördüyünü çəkməsi daha təsirli alınır. Amma rəssam bütün faciələrin, hadisələrin birbaşa şahidi olmur. Əsas məsələ sənətkarın buya digər mövzunu nə dərəcədə özünəməxsus ümumiləşdirməsidir. Xocalı dəhşətini heç zaman unutmaq olmaz: "Ümumiyyətlə, belə bir faciə barədə adi, danışmaq olmur. Gərək daim bu faciə barədə uşaqlara və gənclərlə söhbət edək, faciəyə tuş gəldiyimizi beyinlərə və ürəklərə yeridək. Elə ki, bu mövzuda danışmaq kampaniya xarakteri alır, o zaman edilən cəhdlərin səmərəsi azalır".

Təsviri sənətdə Xocalı faciəsi təkcə rənglər yox, həm də daş, plastik obrazlar vasitəsilə öz bədii təcəssümünü tapır. Ən böyük abidə Bakıdakı Xocalı prospektində – “Xətai” metro stansiyasının yaxınlığında ucaldılıb. Abidənin müəllifləri – heykəltəraş Teymur Rüstəmov, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovdur. Abidənin açılış mərasimi 2008-ci ildə olub. Ondan öncə isə həmin yerdə 1993-cü ildə ucaldılmış başqa bir monument dayanırdı. Həmin abidə tələsik hazırlanmışdı. Buna görə də onu dəyişmək barədə qərar qəbul edildi. Yeni abidə ölçüsünə görə də əvvəlkindən fərqlənir. Əgər köhnə abidənin hündürlüyü 4 metr idisə, indi abidə postamenti ilə birlikdə 9 metrdir. Yeni layihənin müəllifləri abidənin əsas kompozisiyasını saxlayıb. Abidədə gənc qadın qucağında öldürülmüş uşaqla təsvir olunub.

Azərbaycan rəssam və heykəltaraşlarının Xocalı soyqırımına həsr olunmuş hər bir əsərində erməni işğalçılarının simasında bütün işğalçılara, müharibələrə, terrora nifrətlərini bildiriblər. Eyni zamanda, xalqımızın düşmən qarşısında əyilməzliyini, məğrurluğunu real şəkildə tamaşaçılara çatdırmağa müvəffəq olublar.

 

M.MÜKƏRRƏMOĞLU

Xalq qəzeti  2021.- 20 fevral.- S.6.