Azərbaycan Cənubi
Qafqazda yeni geosiyasi reallıqlar yaratdı
İndi bölgədə nəqliyyat-kommunikasiya
sahəsində böyük layihələr
müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu,
ondan sonra Zəngilan-Naxçıvan
dəmir yolu, Naxçıvan-Türkiyə
dəmir yolu layihələri prioritet təşkil edir və
digər layihələr də, həmçinin. Çünki hesab edirəm
ki, müharibədən sonra
yaranmış vəziyyət bölgə ölkələri üçün yeni
imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa
hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim
tərəfimdən göstəriş verildi
ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi
başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin.
Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə
də daim liderliyi öz əlində saxlaya bilsin.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçıdan təmizləndi, bununla bərabər Ermənistan silahlı qüvvələrinin texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Müzəffər ordumuz daha sonra Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi əsl sahibinə qaytarmaqla, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
Beləliklə, Vətən
müharibəsində məğlubiyyətə uğrayan Ermənistan ötən il noyabrın 10-da imzalanan
üçtərəfli bəyanata əsasən üzərinə
götürdüyü kapitulyasiyanın tələblərinin
ödənilməsi barədə razılığa gəldi,
şərtlərə uyğun olaraq, bir güllə belə
atılmadan, heç bir itki verilmədən işğal edilən ərazimizin qalan hissəsi– əvvəlcə Ağdam şəhəri və rayonun işğal
altında qalan kəndləri, növbəti
mərhələdə isə ölkəmizin əzəli və
əbədi torpaqları olan Kəlbəcər
və Laçın rayonları rəşadətli Azərbaycan
Ordusunun tam nəzarətinə
keçdi.
Noyabrın 20-də xalqa
müraciətində dövlət başçımız qeyd etdi ki,
əgər silahlı qüvvələrimiz Ermənistan ordusunu döyüş
meydanında məğlub etməsəydi,
işğalçı öz xoşu ilə torpaqlarımızdan
çıxmayacaqdı: “Bunu deməyə
əsas verən bir çox
amillər var. İlk
növbədə, o bölgələrdə
– işğal edilmiş
torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma
yenə də səhv etdilər. Bizim gücümüzü düzgün
hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün
Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı
nəyə qadirdir. Bilmirdilər ki, bizi o
qələbəyə aparan həm gücümüzdür, texniki
təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki,
Azərbaycan xalqı bütün bu illər ərzində bir
arzu ilə yaşayır ki,
öz dədə-baba torpağına
qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.
Üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının reallaşdırılması baxımından əhəmiyyətlidir. Üçtərəfli bəyanatdan keçən müddət ərzində mürəkkəb və strateji məsələ–Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası artıq icra olunmaqdadır. Yeri gəlmişkən, yanvar ayının sonunda Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə ilk dəfə olaraq üçtərəfli formatda Moskvada görüş keçirildi.
Üçtərəfli işçi qrupun
iclası zamanı Azərbaycan və Rusiya
prezidentlərinin, Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının
9-cu bəndinin icrasından irəli gələn əsas işin istiqamətlərinə, habelə 11 yanvar 2021-ci il tarixli bəyanatın 2, 3, 4-cü bəndlərinə
baxıldı. Fevralın 2-dək
kommunikasiyaların və yolların açılması ilə
bağlı müvafiq istiqamətlər
üzrə ekspert qrupların (alt komitələr) yaradılması qərara
alındı. Bu ayın 5-də isə Moskvada növbəti, lakin
daha geniş tərkibdə
və konkret təkliflərlə proses davam etdirilib.
Bütövlükdə martın 1-i üçün
baş nazirlərin müavinləri səviyyəsində
yaradılan birgə qurum tərəfindən
ortaq hərəkət planı – “Yol xəritəsi” dövlət
başçılarına təqdim olunmalıdır. Başqa sözlə, həmin tarixə qədər
konkret plan liderlərin
masası üzərinə qoyulmalıdır.
Yeri gəlmişkən, bu il yanvarın 11-də Moskvada
reallaşan üçtərəfli görüş, əslində, postmüharibə
dövründə əldə edilən nəticələrin bir növ hesabatı və
bundan sonrakı fəaliyyət istiqamətlərinin
dəqiqləşdirilməsi mahiyyəti
daşıyırdı. Başqa sözlə,
üç ölkə rəhbərinin görüşü həm
noyabrın 10-da imzalanan 9 maddədən
ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm
də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik
məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində
atılan növbəti addım idi.
Bəyanatda vurğulanan yolnəqliyyat infrastrukturunun bərpası bu gün prioritet istiqamət kimi xüsusi diqqət çəkir. Bu, təsadüfi deyil. Çünki Cənubi Qafqaz regionunun nəqliyyat və iqtisadi əlaqələrinin yüksək səviyyədə qurulması, bu yöndə siyasi, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün başlıca amillərdən biridir. Bu yol-nəqliyyat infrastrukturu layihəsinin icrası regional inteqrasiya və iqtisadi inkişafın yeni mərhələyə daxil olmasını şərtləndirir. Ona görə də bəyanatda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması, onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi qarşıdakı mərhələdə regionun nəqliyyatkommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir.
Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən Dağlıq Qarabağ münaqişəsinin sona çatdığını, bu problemin artıq tarixin bir hissəsinə çevrildiyini, hazırda isə diqqətin, ilk növbədə, ərazilərin yenidən qurulmasına, bərpasına yönəldildiyini vurğulayıb. Dövlətimizin başçısı çıxışında, eyni zamanda, bütün region ölkələrinin inkişafı üçün faydalı olacaq layihələrin həyata keçirilməsinə start verildiyini də xatırladıb: “Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var”.
Göründüyü kimi, ölkə Prezidentinin mühüm önəm verdiyi məsələ– Azərbaycanın işğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması respublikamızın beynəlxalq nəqliyyat-kommunikasiya, habelə dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu, həmçinin Xəzər, Qara dəniz hövzəsinin, habelə Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi Azərbaycanın iqtisadi-siyasi nüfuzunu daha da artıracaq. Hazırda bu fikrin təsdiqi olaraq, bir sıra Qərb ekspertləri tərəfindən Azərbaycanın Qərbə və Şərqə çıxışın qovşağında yerləşən, əzəli torpağı olan Qarabağı düşməndən təmizləməklə qonşu ölkələr sırasında özünün geosiyasi və geoiqtisadi kursunu daha çox dəqiqləşdirmək imkanı əldə etdiyi bildirilir.
Başqa sözlə, Vətən müharibəsində parlaq qələbə nəticəsində ərazi
bütövlüyümüzün bərpası
respublikamızın regional, daha çox da beynəlxalq səviyyədə iqtisadi, siyasi, sosial-mədəni
üstünlüklər qazanmasını şərtləndirir.
Bununla bərabər,
Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin
qovşağında yerləşməsi Azərbaycanın
qarşısına həm XəzərQara dəniz hövzəsində,
həm Cənubi Qafqazda, həm də Orta Asiya və Yaxın
Şərqdə məqsədyönlü geoiqtisadi
fəaliyyətinə səmərəli şərait
yaradır.
Bu gün Qarabağ kimi geoiqtisadi dəyərlərə malik olan ərazinin regional və beynəlxalq perspektivliyini yüksəldən, xarici ölkələrlə əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərən amillər daha çox regionun təbii-mineral ehtiyatları, Şimalla Cənub, Qərblə Şərq arasında mövcud nəqliyyatkommunikasiya və tranzit imkanları ilə bağlıdır. Hazırda işğaldan azad edilən Qarabağ regionunun iqtisadi potensialına və milli təbii resurslarına yenidən sahib olan Azərbaycan Cənubi Qafqazın çox güclü ölkəsinə çevrilib.
Respublikamızın Cənubi Qafqazın insan resurslarının 60 faizinə, yanacaq-enerji, dağ-mədən, təbii-mineral
və münbit torpaq
resurslarının 90 faizinə, iqtisadi
potensialın isə 80 faizinə malik
olması bu fikrin təsdiqidir.
Sözügedən nəqliyyat-kommunikasiya infrastrukturunun
bərpası ilə bağlı bir məqama
da toxunmaq istərdik.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başladı. Bir sıra müxalifət qüvvələri tərəfindən hökumət başçısı vəzifəsinə “Vətənin Xilası Hərəkatının” lideri Vazgen Manukyan irəli sürüldü. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif etdi.
Hazırda Ermənistanı
qarışdırmağa çalışan və qonşu ölkələrlə dinc-yanaşı
yaşamağa mane olan da eyni
radikal çevrələr, revanşistlərdir.
Ən qəribəsi odur ki,
revanşist qüvvələr erməni
xalqına alternativ heç
nə təqdim edə bilmirlər. Yalnız quru pafos, əsassız siyasi iddialar və əlçatmaz
hədəflər barədə mülahizələr bildirirlər.
Onlar hələ də anlamaq
istəmirlər ki, iki
və çoxtərəfli əməkdaşlığın
qurulması bölgənin yeganə böhran
içində olan ölkəsinə – Ermənistana
hamıdan çox gərəkdir.
Bu gün
də Ermənistanda siyasi ab-hava
ağır vəziyyətdədir. Düşmən ölkənin
istər müxalifəti, istərsə də iqtidarı heç bir normal gələcək mövzusunu
gündəmə gətirə bilmir. Bunun səbəbini erməni cəmiyyəti də
yaxşı bilir: Otuz
illik işğal siyasəti
onların gələcək perspektivlərini tamamilə altüst edib. Artıq Ermənistan cəmiyyəti bunu
dərk etməyə başlayıb: ötən illər ərzində
keçmiş iqtidar
Ermənistanda işğal, təcavüz,
talançılıq siyasəti reallaşdırılıb,
respublikanın bütün var-dövləti
talanıb, ölkə regional əməkdaşlıqdan,
mümkün iqtisadi
imkanlardan tamamilə məhrum edilib. Bu isə xalqın sosialiqtisadi durumunu son dərəcə
ağırlaşdırıb.
Bununla belə Ermənistanda hazırda bu məsələlərə dürüst qiymət vermək istəyən qüvvələrə az da olsa, rast gəlinir. Məsələn, “RİA Novosti”yə müsahibəsində Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan ölkəsinin Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini, bunun Ermənistan üçün mühüm önəm daşıdığını diqqətə çatdırıb. Erməni nazir müsahibəsində, eyni zamanda, nəqliyyat dəhlizinin təhlükəsizliyini Ermənistan ordusunun deyil, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təmin edəcəyini də bildirib.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2021.- 25 fevral.- S.1.