Xocalı soyqırımı – Ermənistanın Azərbaycan xalqına qarşı beynəlxalq cinayətinin tərkib hissəsi

 

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biribudur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905–1906-cı, 1918–1920-ci, 1948–1953-cü və nəhayət, 1988–1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Əsassız ərazi iddiaları və hərbi təcavüz

 

Məlum olduğu kimi, bütün dövrlərdə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdır. Hələ ermənilərin ərazi iddiaları başlamazdan əvvəl Zori Balayanın Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış, YerevandaSovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.

1985-ci ilin martında Mixail Qorbaçovun Sov.İKP MK Baş katibi seçilməsindən sonra sovet ittifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər yaranmış vəziyyətdən istifadə edərək özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev vəzifəsindən azad edildikdən bir neçə gün sonra Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdəki “Interkontinental” otelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olacağını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18-də “L’Humanite” qəzetində dərc olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.

1988-ci il fevralın 8-də erməni millətçiləri Xankəndidə DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar və dörd gündən sonra DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunkun təşkilatçılığı ilə ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər. 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini bildirməsi vəziyyəti daha da gərginləşdirdi.

Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də keçmiş DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılaraq Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdilər. DQMV Xalq Deputatları Sovetinin tərkibində 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlı idi. Azərbaycanlılar bu iclasa buraxılmamışdılar. Keçmiş DQMV Xalq Deputatları Sovetinin qərarı tamamilə qanunazidd idi.

Eyni zamanda, 1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in QafanMehri rayonlarından qovulmuş və didərgin salınmış yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəldi. 1988-ci ilin sonunda Ermənistanda genişmiqyaslı etnik təmizləmə – azərbaycanlılardan təmizləmə aksiyası həyata keçirildi.

Belə ki, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 300 minədək azərbaycanlı əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 217 azərbaycanlı, o cümlədən, 57 qadın, körpə və 18 uşaq qətlə yetirilmişdir. Bununla yanaşı, bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.

Nəticədə 1988-1991-ci illərdə Ermənistan Azərbaycan ərazilərinin işğalını daha da genişləndirdi. 1991-ci il oktyabrın sonundanoyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən, Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və bu kimi digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqustsentyabr aylarında Şuşa–Cəmilli, Ağdam–Xocavənd və Ağdam–Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. Ümumilikdə, qeyd olunan illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən 514 nəfər azərbaycanlı qətlə yetirilmiş, 1318 nəfər yaralanmışdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 10–11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu, əhali etnik təmizləmə və soyqırımına məruz qaldı. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi.

Soyqırımı:

səbəb və nəticələr

Qədim Xocalı ərazisi e.ə. IV-VII əsrlərə (son tuncilk dəmir dövrü) aid Xocalı–Gədəbəy mədəniyyəti arxeoloji abidələri ilə tanınmışdır. Xocalı şəhəri XVI – XVII əsrlərdə Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibində olmuşdur. Xocalı yaxınlığındakı Əsgəran qalası 1749-cu ildə Qarabağ xanlığının banisi Pənahəli xanın dövründə inşa edilmişdir. Xocalı rayonu şimalda və şimal-şərqdə Ağdam rayonu, şimal-qərbdə Kəlbəcər və qərbdə Laçın rayonları, cənubda Şuşa, cənub-qərbdə isə Xocavənd rayonu ilə həmsərhəddir.

Qeyd etmək lazımdır ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 kilometr şimal-şərqdə, AğdamŞuşa və Əsgəran–Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının, məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran–Xankəndi yoluna nəzarət etmək və Xocalıdakı aeroportu ələ keçirmək idi.

Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 926 kvadratkilometr) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi.

29 il bundan əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilmiş bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 155 nəfərin taleyi indiyə kimi naməlumdur.

Həmin silahlı birləşmələr Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş sakinləri təqib edərək 16-sını Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə öldürülmüş, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər. Meyitlərin müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.

Xocalı soyqırımı ilə bağlı yaradılmış istintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın keçmiş müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişdir.

Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi.

Bununla yanaşı, 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Beynəlxalq

aləmdə əks-səda

Sovet dövründə Dağlıq Qarabağda yerləşdirilmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalaraq Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuş Vladimir Savelyevin məxfi arayışı xüsusi maraq kəsb edir. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyuldekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə “Məxfi arayış”ını təqdim edib. O, son arayışlarını “Zabit Puqaçov” imzası ilə göndərmişdir.

Arayışda bildirilir ki, ASALA 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdi. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış ASALA erməni terrorçu təşkilatının bir qrup üzvü– 26 nəfərlik dəstə, mayor Aşin Simonyanın başçılığı ilə Xankəndiyə gəlmişdi. Onlar başlı-başına buraxılmış 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını yaratmışdılar. Polkovnik Yevgeni Zarviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etmişdilər.

Polkovnik V.Savelyev tarixi arayışında daha sonra yazır: “Əslində, millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Arayışda qeyd edilir ki, polkovnik Zarviqarovbaşqa vəzifəli şəxslər isə ermənilərə cavab atəşini açan döyüş nöqtələrinin susdurulması barədə ordu və dairə komandanlığının rəsmi icazəsi ilə 366-cı alayın Xocalı istiqamətində gedən əməliyyatlarında ermənilərlə birləşdi. Nəticədə, bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələnmişdi. Qərargah rəisi, podpolkovnik Sergey Kraulenin verdiyi tapşırığa əsasən, birinci motoatıcı batalyonun komandiri polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri Seyran Ohanyan və digər zabitlər Xankəndinin atəşə tutulmasında, 58 dinc azərbaycanlının öldürülməsində iştirak etmişdilər.

Bundan əlavə, İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin olması haqqında yazırdı: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapmışdır. Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunanValer aktuel” jurnalı 14 mart 1992-ci il tarixli sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bumuxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən, vertolyotlara malikdirlər. ASALA-nın LivandaSuriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”.

Bundan əlavə, Fransanın “Le Mond” qəzetinin 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”. Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”.

Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya genişmiqyaslı hücum etməsi, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır.

Bütün bunlarla yanaşı, Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer alıb. Belə ki, “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapıb: “Mayor Leonid Kravets: “Mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaqqoca meyiti görünürdü”.

Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında qeyd edilir ki, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən, 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür”. “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır.

Xocalıda törədilmiş beynəlxalq cinayətlər

Qeyd etmək lazımdır ki, Xocalı soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməlidir. Xocalıda öldürülən 613 dinc sakindən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirilmiş, 56 nəfər diri-diri yandırılmışdır.

Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır. Belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını ratifikasiya etmişdir. Ancaq buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququninsan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir. Qeyd etmək lazımdır ki, Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir və bu soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməli, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir.

Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Bütün dünyanın gözü qarşısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü nəticəsində 2020-ci il sentyabrın 27-dən keçən 44 gün ərzində mülki insanlardan 90 nəfərdən çoxu həlak olub, onlardan 30 nəfərdən çoxu uşaqlar və qadınlardır, 400 nəfərdən çox, o cümlədən 100-dən artıq qadın və 30-dan çox uşaq yaralanıb.

Soyqırımının

dünyaya çatdırılması və daha geniş tanınması

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.

Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.

Bununla yanaşı, 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə Heydər Əliyev Forumunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilmiş və 2009-cu ilin fevralından bu kampaniyaya start verilmişdir.

Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər ciddi nəticələr verməkdədir. Belə ki, ABŞ-ın 25-dən çox ştatının,

15 ölkənin qanunverici orqanı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən sənədlərdə Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb və bu proses davam edir.

“Yenilməzlik”

mifinin sonu

Qeyd etmək vacibdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Xalq bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inamruh yüksəkliyi yaratdı.

Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifini 44 gün ərzində darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi.

Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrilərək xalqımıza böyük sevinc yaşatdı.

Azərbaycan Prezidenti bildirmişdir ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər.

Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidirQarabağ Azərbaycandır!

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

Xalq qəzeti  2021.-25 fevral.- S.1;3.